Əlini hər şeydən üzmüş və qollarını qoynunda düyünləmiş insanlara
Pələng ilini də yola verdik. İrəliyə boylansaq uzun bir ilin astanasında dayandığımızı hiss edərik. Bu dovşan ilini də yaşamaq lazımdı, bu ildə də gülmək, dolanmaq, sevmək lazım gələcək, qarşıda ölümlər də, itkilər də, sevinclər də, uğurlar da olacaq. Kimisi bu yolu cüt, kimisi isə həmişəki kimi tək keçəcək. Bəlkə kimsə yarısını tapacaq, kimsə soyuq yatağını arzu və xəyallarla qızdırmalı olacaq. Sevgi axtarışı belə bir işdir ki, bəzən ən ağıllı, ən gözəl, ən özünə inanan insanlar bu yolda səhvlər edir və yanlış fikirlərə uyurlar. Nədənsə düşünürlər ki, İnternetdə tanış olmaq yaxşı deyil. Yəni ki, abırlı adamlar burda tanış olmaz. Elə bil ki, ingilis etiketindəki kimi üçüncü şəxs sizi tanış etməyibsə ilk addımı atmaq yaxşı deyil. Tənha adamlar düşünür ki, qisməti harda tutarsa odur, yəni ki özünün nəsə bir addım atmasına ehtiyac yoxdu. Əlbəttə, tanışlıq saytlarında cəmiyyətin tör-töküntüləri dolaşır. Amma İnternet təncə manyaklar, arvadbazlar və yalançıların yığıncağı deyil. Dünya şəbəkəsinin imkanları özü qədər böyükdür. O qədər yeniliklər öyrənmək olar ki…Tənha adamların buraxdığı ikinci səhv: Mən o qədər ağıllı, incə və ali hisslərlə yaşayan insanam ki, məni yalnız seçilmiş insanlar anlaya bilər. Dünya görmüş adamlar cavabında deyər ki , hər kəslə dil tapmaq mümkündü, amma bir şərtlə, onu olduğu kimi qəbul etməli olacaqsan. Seçdiyin adama yuxarıdan baxmasan, onun əməllərində mənfi fikir axtarmasan, onun da düşüncələrinə hörmətlə yanaşsan aranızdakı simpatiya nəsə uzun çəkən münasibətlərə keçə bilər. Onsuz da çoxları, hətta ailə içində saç ağartmış adamlar da düşünür ki, qadın və kişi elə bil ki, başqa-başqa planetlərdən gəliblər və bir-birini anlaya bilməzlər. Əslində kişi və qadının bir-birini anlamaması insanın yaratdığı ən uzunömürlü bir mifdir. Bütün adamlar sonsuzluq qədər müxtəlifdi və hərənin başında bir ovuc tarakan qaçışır və bunun cinslərə heç bir dəxli yoxdu.
Dünyanı bağrına basanda
Məni heç kim saymır. Məni heç kim düşünmür. Hərə öz işiylə məşğuldu. Hamı eqoistdir və özünü başqalarından artıq sevir… Bu cümlələr adətən tənha adamların ağlına gəlir. Yazının bu yerində əsil, patoloji tənhalar yazının sonunu gözləmədən onu bir qırağa ata, ya da əlini masaya əlbəttə ki, klaviaturadan yan keçmək şərtilə çırpıb, çığıra da bilər: «Bu mənəviyyatsızlıqdı! Təkcə özünü sevirsənsə sənə heç kim lazım deyil! Adam da özünü sevər?» deyəcək. Amma sevməyə özündən başlayırlar. Bütün düynanı bağrına basmamışdan əvvəl bir balaca özünü də sev. Sən özünü sevməsən səni kim sevər axı. Tənha adamların əksəriyyəti düşünür ki, sevgini axtarmazlar, qismətdisə o özü səni tapacaq. Gələcək və gönorta çağı gün kimi, ya da zülmət gecədə şimşək kimi çaxacaq və bütün ömrünü işıqlandıracaq. Deyirlər ki, bu əslində bizim yaşadığımız zamanın problemidi. Yəni ki, insanlar dinləyir, müşahidə edir, informasiya yığır,amma sonra yığdıqları məlumatlardan yararlanmırlır, onu həyata keçirmirlər. Ona görə bütün arzular insan qəlblərində dustaq olub qalır.
Həyat sakit çay kimi yanından keçir
Yaşamaq qorxusu insanın uydurduğu ən qəddar qorxulardan biridir. Bu qorxusunu və yanlışlığını ödəməkçün bəzən sevilmək kimi ləzzətdən əl çəkənlər də tapılır. İrəlidə yalnz pis şeylər gözləyən insan necə sevə bilər ki? Həyat qorxulu olsaydı qərinələr boyu insanlar nə sevər, nə də bu qorxusundan yaşaya bilərdi. Bu mövzuda da əntiqə bir lətifə var:
Gecə…, meşə…, canavar oturub. Görür ki, kimsə qışqıra-qışqıra mahnı oxuyur. Baxır və görür ki, Qırmızıpapaq səsini başına atıb oxuya-oxuya gəlir.
- Ey, Qırmızıpapaq, başına hava gəlib? Gecədi, görmürsən? Bəyəm qorxmursan?
- Nədən qorxacam? Yolu tanayıram, seksi sevirəm…
Tənha insanların daha bir səhvi odur ki, həyatın böyük bir imtahan olduğunu düşünür və burda əziyyət və əzabların rolunu şişirdirlər. Onlar düşünür ki, ruhun kamilliyində əziyyətlərin rolu xüsusidir və insan əzabları onu cilalayır. Bu fikirlərin ucbatından taleyinə baş əyərək qarşısındakı bütün əziyyətlərə sinə gərib həyatın axarından kənarda qalırlar. Həyat isə sakit çay kimi onların yanından ötüb keçir. Əziyyətlərin labüdlüyünü qəbul edənlər adətən ailə daxilində tək və tənha adamlar kimi yaşayaraq heç nəyi dəyişmək istəmirlər.
Ləzzət paylananda qadınlar harda idi?
Özünə tay tapmamış qadınların əksəriyyəti düşünür ki, kişilərə seksdən başqa bir şey lazım deyil. Qadın onlar üçün yalnız buna yarayır. Amma həyat göstərir ki, bu belə deyil. Hətta passiv qadın özündən ikiqat passiv kişiyə rast gələ bilər. Onda onun tamam başqa problemləri olar: necə edim ki, o məni də görsün, qadın kimi maraqlansın, ona necə yoldan çıxarım, heç olmasa bir anlıq gözünü televizordan, ya da monitordan çəksin!? Sadalanan problemlər əslində seksual manyakın əlindən qurtulmaqdan daha müşkül və çətin problemlərdi.
Məşhur lətifədəki kimi:
- Bu andıra qalmış İnternetdən gözünü çəksənə! Nə qədər gic-gic lətifə oxumaq olar axı! Gedək sənin başını daha maraqlı işlə qatım.
-Yaxşı-yaxşı, əzizim. Sən get, mən indi gəlirəm. Mənsiz başla yaxınlaşıram indi.
Qadınların mütamadi başağrıları barədə də mif reallıqda elə deyil. Sadəcə tarixin gedişatı həmişə qadının ləzzət payından kəsib.
Məhəbbət gəmisinin qəzası
Tənha qadınlar düşünür ki, kişiyə evin iş-gücünü görən xadimə lazımdı ki, yusun, yığışdırsın, səliqə və rahatlıq yaratsın və arada bir kişinin başını sığallasın. Tənha kişilərsə düşünür ki, qadına evinin məişət qayğılarını həll edəcək birisi lazımdı. Onlar şəxsiyyətə, parlaq individuallığa qiymət verə bilmirlər. El arasında buna «məhəbbət gəmisi məişət qəzasına uğrayıb batdı» deyirlər. Kim deyir ki, kişi ovçudur və qadını saxlamalıdı? Əvvəla təbiətcə ovçu olmayanlar nə etməlidi ki, yaxınlarının gözündən düşməsin. Bir də ki, heç kim, heç kimə borclu deyil. Nə qadın kişiyə, nə də kişi qadına. Onların münasibəti müştərək razılıq və tərəflərə eyni dərəcədə lazım olan bir izdivacdı. Başqasının qanını içmək də günahdı axı. Tənha adamlar düşünür ki, sevdiyim, ya da seçdiyim adama nə qədər diqqət və qayğı ayrıramsa əvəzində o qədər də görməliyəm. Belə olmasa heç olmasa minnətdar olmalıdır. Elə bil ki, banka pul qoyub faiz gözləyirsiz, ya da dükandan nəsə alırsız. Bəndədən heç nəyin əvəzini gözləməyə dəyməz. Minilliklərdi ki, bu belədi.
***
Tənha olmayın.
Sevilməyi də bacarın.
Amma əvvəl sevməyi öyrənin…
MÜƏLLİF: Gülnarə Rəfiq