суббота, 30 января 2010 г.

Ağrı

Qadın ağrı çəkirdi...

Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu. Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı...
- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh...aaaayyyyy...ayallaaaaaahhh...
- Suyu səhərdən gedib, -deyirdi mamaça.,
- 10 saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.
- Yox, həkim lazım deyil...-dedi o.
- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı
Daha bir sancı dalğası gəldi.

Qadın bütün vücudunu sarmış bu dəhşətli ağrıdan başqa yer üzündə heç nəyi və heç kimi hiss eləmirdi... Yalnız bu ağrı vardı dünyada, bir də qadının özü. Daha heç kim və heç nə.
Saçlarından tutmuş ayaq dırnaqlarınadək ağrayırdı və bu ağrı onun canından zərrə-zərrə qoparaq kainatın hər bir nöqtəsinə yayılırdı. Aramsız qışqırırdı və bu qışqırığın əks-sədası kainatın hər bir nöqtəsində eşidilirdi.
Saçları balışın üzərinə səpələnmişdi, alnında, boynunda tər damcıları parıldayırdı.
O, qeyri – ixtiyari əlləriylə saçlarını arxaya daradı, bir neçə anlıq qulaqlarını sıxıb gözlərini yumdu, alnında, boynunda parıldayan tər damcılarını əllərinin içi ilə sildi, halsızlaşdığını, gücünün və səbrinin tükəndiyini, bu yeri-göyü sarmış ağrıya tab gətirməyərək bu alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasından, bu pilləkənləri sidik qoxuyan köhnə və rütubətli binadan uzağa, mümkün qədər uzağa qaçmaq istədiyini hiss elədi.
Amma hara?
Ağrı hər yerdəydi.
Başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan yaşadığımız, ağrıdığımız dünyaya daha bir insan gəlirdi.
Ağrısı özündən əvvəl doğulmuşdu yer üzünə...
O, bu uşağı illər idi ki, gözləyirdi. Bu ağrını nə qədər arzulamışdı. Bu ağrını çəkən qadınlara həsəd aparıb ağrısızlığa məhkum olduğundan utanıb yerə girmişdi hər dəfə. Sızıldamışdı, yanıb-yaxılmışdı ağrıdan məhrum olduğuna görə. Ağrımışdı ağrısızlığından...Gecələr boyu dualar oxumuşdu , gündüzlər boyu ziyarətgahlara ayaq döymüşdü, saysız-hesabsız cinsi əlaqələrdən əri də bezikmişdi, bitməz-tükənməz müalicələrdən öz canı da yorulmuşdu..Amma bütün bunlar hər 28-ci gün tamam olub Ay bədirləndimi, bir ovuc qana dönüb ümidlərini məhv edirdi.
Bəndələr aciz idi.
Allahsa susurdu.
Dəqiq əmin idi ki, Allahın bircə dəfə üzünü ona çevirib dilucu “OL!” deməsi kifayət edər ağrısızlıqdan qurtulmasına.
Dünya, Kainat bu bircə sözdən yaranmadımı?
Bəs onun bətnində niyə bu nəhayətsiz həyatdan bircə zərrə belə cücərib doğula bilmirdi, niyə?
Axı o da duymaq istəyirdi ağrını.
Bu dadı hiss etmədənmi köçəcəkdi yer üzündən?
Bəs Allah?
Bəs “OL!” kəlməsi?
Öncə SÖZ vardı axı?!
Sonra Dünya yaranmışdı.
İndi burda – bu alaqaranlıq, hisli otağın yoxsulluqla dolu havasında öncə ağrı var.
Sonra insan doğulacaq.
Doğulub öləcək bəlkə.
Doğulub öldürəcək bəlkə.
Doğularkən onu doğanı öldürənlər az olubmu?

-Gəlir..başını görürəm..Caann, qanla doğulur uşaq, susuz, zülümlə..caan, can bala..bir az da..aay sağ ol..ay sağ ol..dayan, hə, güc vermə..mən deyəndə ancaq, eşidirsən? Ancaq mən deyəndə..hə...dayan..indi ver..gəlir..bax, gəlir uşaq...- mamaçanın səsi son anlarını yaşayan ağrını ovutmağa çalışırdı...

Qaynanası yenə də otağın küncündəki kətilə pərçim olmuşdu, qucağındakı oğlan uşağına əmzikli şüşədən süd içirirdi.

Öncə balaca başının təpəsi, sonra alnı, daha sonra üzü göründü...
İlahi!
Bu balaca üzdə nə qədər əzab vardı!
Doğulan onu doğandan daha çox ağrıyırmış sən demə...

O, başının hərləndiyini, gözlərinin qaraldığını, qulaqlarının küyə düşdüyünü hiss elədi..
Bax bu halda, insanın “özündən getməsi” halında, onun ruhunun bədəniylə əlaqəsinin qəfildən kəsilib yenidən qayıtması məqamında ağrı hiss olunmur, unudulur, bəlkə də yoxa çıxır...
Bəs kliniki ölüm məqamı?
İnsanlar ruhlarının bədənlərindən qoparaq onu kənardan seyr etdiklərini danışırlar sonradan...
Qaranlıq və uzun tunel, qatar səslərini xatırladan “tak-tarak, tak-tarak” ritminin içinə düşmək, o tunelin sonuna doğru hərəkət, o tunelin sonundakı işıq..sonra isə yenə də ağrı...
Həyat – ağrı deməkdir.
Ölüm isə daha bir qaranlıq bətn, daha bir ana ürəyinin çırpıntıları ritminin içinə düşmək, daha bir doğuş prosesi və daha bir işıqlı dünyaya çıxmaq şansıdır...
Yenə ağrımaq şansı...
Yenə ağrıtmaq şansı...

- Şükür Allaha!- mamaça çağanın göbəyini burub kəsdi və onu indicə qoyub gəldiyi başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan ayırdı, - göyçək bir qızın oldu, maşallah! Göbək ciyəsi də dümdüzdü, bundan sonra mütləq oğlan olacaq...
- Mən elə qız istəyirdim...- dedi o.
- Atası gəlsin, muştuluq alım, -mamaça sevinirdi.
- Atası gec gələcək, çay kənarından daş daşımağa gedib. Ancaq yatmağa gəlir, bəlkə də səhərə gələ, - qaynana otağın küncündəki kətildən nəhayət ki qalxıb qucağındakı oğlan uşağını yaxına gətirdi, -bacıya baax, əl çal bacıyçün, əl çaal...
Oğlan uşağı mamaçanın büküb-bələdiyi çağaya baxdı, gözləri lampanın zəif işığında parıldadı və o, balaca, totuq əllərini bir-birinə vurub güldü. Çağa sanki buna bəndmiş kimi əvvəl tənbəl-tənbəl bir gözünü açdı, sonra balaca ağzını instinktiv olaraq sağa-sola əyərək yeməyini axtardı, tapmayıb ağladı.
Oğlan uşağının balaca , totuq əlləri havada qaldı, gözlərindəki parıltılı sevinc heyrətə, sonra qorxuya çevrildi və o, çağaya qoşulub ağlamağa başladı...

Qadın üstündə uzandığı yemək stolunun qıraqlarını əlləriylə sıxmış, gözlərini möhkəmcə qapamışdı. Nə bu körpə ağlaşmalarını, nə də indicə deyiləcək sözləri eşitmək istəmirdi.

Mamaça son tapşırıqlarını verirdi:
- Bax, soyuqdan qorun. Bilirəm qonşulara-filan ev-eşik təmizləyirsən, pal-paltar yuyursan, amma hələ bir-iki ay eləmə bunu. Onsuz da çox zəifsən. Yadında saxla, doğan arvadın qəbri düz qırx gün, qırx gecə açıq olar deyiblər. ..bir şey olsa, mənə zəng eləyin, gəlib dəyərəm, - ona sarı dönüb əlavə elədi, - məni yola salın gedim.

O, mamaçanın paltosunun cibinə pul basdı, qapını bağlayıb hələ də stolun üstündə uzanmış qadına yaxınlaşdı:
- Əslində ...mamaça mənlik deyildi, bilirsən. Amma biz danışdığımız vaxtdan sonra qiymətlər bahalaşıb, həm də sənin vəziyyətini də nəzərə aldım. Ona yüz dollar verdim, bu min dolları isə qoyuram sənin balışının altına..
- Çox sağ ol, -qadın zorla pıçıldadı.
Baxışları alaqaranlıq və hisli otağın tavanında donub qalmışdı.
- Sən də sağ ol, - o da demək olar ki pıçıldadı və qalın adyala bükülmüş çağanı divanın üstündən qucağına götürdü.
- Ona baxım..-qadının baxışları tavandan qopub qalın adyalın qırmızı güllərinə qondu.
- Yox, ona baxmağını istəmirəm, toxunmağını da. Səninlə şərtimiz vardı. ..Mən bu ayın axırınadək paytaxta köçürəm, bir də heç vaxt səni görmək istəmirəm, yadında saxla, nə vaxtsa bu uşağı axtarmağı, ona kim olduğunu deməyi də ağlına gətirməyəsən..bu, sənin deyil, eşidirsən? Sənnənəm...-az qala yalvararaq sızıldadı...
- Hə...-qadının baxışları qalın adyalın qırmızı güllərindən qopa bilmirdi.
- Allaha əmanət olun, - o, qapıya tərəf getdi, otağın küncündəki kətildən durmaq fikri olmayan qadına baxdı, - zəhmət olmasa qapını açın. Arvad tənbəl-tənbəl qalxıb qapını açdı, qalın adyalın qırmızı güllərini çölə ötürüb qadının yanına qayıtdı. Oğlan uşağını yenidən qucağına alıb küncdəki kətilə sarı getdi:
- Puldan özünə saxla, qalanını da verərsən, ərin sənəd-sünədini düzəldib gedər Moskvaya-zada. Kişi olub kişilərə qarışacaq barı...On beş manat da mənə verərsən, unun pulundan dükana borclu qalmışam, onu verməliyəm...yatmısan?
- Yox..- qadın zorla eşidiləcək səslə deyə bildi.
Əlləri, üstündə uzandığı yemək stolunun qıraqlarını sıxmaqdan yorulmuşdu, gözləri yenə də tavana dikiliydi..baxışları isə qalın adyalın qırmızı güllərinə ilişib getmişdi...

Müəllif: CAVİDAN

воскресенье, 24 января 2010 г.

Depressiya...

Hərdən gecələrin soyuğuna,
Bürünüb də düşünürəm,
Görəsən,
Sən...
Qadını necə sevirsən?…


***


Yalan deyirdi.
Gözlərinin içinə qədər yalan danışırdı...
Gözlərinin içinə baxa-baxa aldadırdı onu.
Ağzında çeynədiyi, əlində qopartdığı, süfrədə üzünə baxan çörəyə də yalandan and içdi.



***


- O, mənə zəng eləmir , - dedi.
Onun başqa qadını olması fikrindən çox yalan danışması yandırırdı qadını. Axı bu yalanın mənası nəydi? Yalnız əlində olanları itirmək qorxusumu vadar edir insanı yalan danışmağa? Yox? Bəs nə? Nə?..
- Sənin menstruasiyan bitmədi?- pencəyini geyinə- geyinə soruşdu.
- Yox, -hələ var…-qadının canından keçən üşütmə qaşlarının arasında düyünlənib qaldı. İndi o, yalan danışırdı. Menstruasiyası dünən qurtarmışdı. Amma bir gün, iki gün onunla təmasda olmamaq xətrinə dedi bu yalanı. Razıydı ki, il boyu, hər gün xəstə olsun, təki onunla yaxınlıq etməsin. Razıydı ki, zöhrəvi xəstəliklərdən birinə yoluxsun, və kişisi də bunu bilsin, təki ona dəyməsin. Amma zöhrəvi xəstəlik də elə-belə havadan gəlib adama yapışmır ki? Bununçün də kiminləsə yatmaq lazımdı. Ən azı zöhrəvi xəstəliyi olan birisiylə bölüşmək lazımdı cinsi istəkləri.
Cinsi istəklərmi?
Hardan gəldi bu söz ağlına?
Məgər onun nə vaxtsa cinsi istəkləri oldumu?
Hər şey maraqdan başladı. Onunçün çox maraqlıydı yataqda bir qadının hiss edəcəkləri. İlk təmas, ilk yaxınlıq, sonra bal ayı, hamiləlik, doğuş…sonra yenə yaxınlıq, yenə hamiləlik, yenə doğuş…yenə yaxınlıq…nəsə itmişdi…nəsə yoxa çıxmışdı…amma nə? Çox düşünürdü bunu.Əslində ilk baxışdan baxanda heç nə dəyişməmişdi.Nə yaxınlıqlarının sayı azalmışdı, nə də ərinin çılğınlığı…Sadəcə nəsə itmişdi…amma nə axı?… Bir dəfə ərinin xorultusunu eşidəndə anladı hər şeyi. İtən, yoxa çıxan onların münasibətlərindəki ritm, harmoniya idi. Hələ heç vaxt biri digərinin yatmasını görməmişdi.Eyni anda yuxuya gedər, eyni anda oyanardılar. İndi isə yad, uzaq, tanış olmayan birisi hər gecə yatağına soxulub onunla ehtirasını söndürür, sonra bütün dünyaya səs salaraq xoruldayırdı…
Axı bu, hər zaman belə olub, lənət şeytana! Hər bir qadının həyatında baş verir bu. Öncə sən onun şahzadəsi olursan, sonra…elə ki, onu öz şahzadən saydın, hər şey dəyişir…sənə şəxsi gəlinciyi, sonra kənizi, lap axırda isə qulluqçusu kimi baxmağa başlayır…Əgər azacıq da olsa ağlın və daxili özünəhörmətin varsa, nəbadə onunla bir evdə bütöv bir ömrü yaşamağa qərar verəsən…Nəbadə! Bir gün hər şey sınır. Hər şey çilik-çilik olub ayaqlarının altına səpilir və sən qalan ömrünü gəncliyinin, gözəlliyinin, sevginin qırıntıları üzərində addımlayaraq , çox vaxt isə, haldan düşdün deyə dizin-dizin sürünərək yaşamalı olursan…
Budur, sən ona gözəl bir şam yeməyi hazırlayırsan, o isə artıq hansısa bir başqa qadının evində süfrəyə oturub…sən bunu ilk vaxtlar hiss etməyəcəksən. Yenə paltarlarının təmizliyinə, saçlarının səliqəsinə min-bir həvəslə baxıb evdən yola salacaq, yenə hər şeyi onunçün, məhz onunçün edəcəksən. Saçlarının düzümü də, əyninin paltarı da, bişirdiyin yeməklər də məhz onun istəyinə köklənəcək…Bir günsə fikir verəcəksən ki, işə gedərkən səni öpərək sağollaşmadı, sonra bir gün heç vaxt geyinmədiyi, hətta sevmədiyi bir tərzdə geyinməyə başlayacaq, sonra sənə indiyədək aldığı ətir belə dəyişəcək…və bir gecə qollarının arasında sevildiyini zənn edərkən qəfildən anlayacaqsan ki, sevilən, əzizlənən əslində sən deyilsən…kimsə başqasıdır onun xəyalında…sənə sarılsa belə fikrində özgə birisi var…və indi, bu yataqda baş verənlərin hamısı məhz o özgə birisi üçündür əslində…bunu hiss etməyə nə var axı…hər bir qadın duyur bu anı…hər bir qadın sınır bir gecə…
Və belə gecələr davam etdikcə hər şey soyumağa, hətta donmağa başlayır…Əvvəlcə xırda incikliklər, sonra bir-birini qıcıqlandırmalar, sonra sarkazm…aqressiya…və hər gün daha bir az souyqluq, hər gecə daha bir az sınmaq…Son sevişmələrində ərinin onu nə üçün boğmaq istədiyini heç cür anlaya bilmirdi. Əvvəl onun hərəkətinə təəccüblənmişdi, sonra isə özünün də bunu istəməyinə. Boğazını sıxan əlləri açıb özündən uzaqlaşdırmaq əvəzinə sadəcə gözlərini ona dikib qalmışdı. Bu, son idi…ölüm idi…onların münasibətlərinin sonu, onların birgə yaşaya bilmək ümidinin ölümü… Gicgahları boyunca süzülən göz yaşlarından başqa heç nə hiss eləmirdi. Nə zamansa sevdiyi, həyatını bağışladığı, indisə onu boğub öldürmək istəyən əllər bu sakit məğlubiyyətə dözməyib boşalmışdı. Və o, eyvana çıxıb siqareti siqaretə calayan ərinin dalınca qaçmışdı.
- Bilirəm başqa qadının var…Məni rahat buraxa bilərsən , -demişdi.
- Nə danışırsan sən?-əri dönüb küt nəzərlərlə ona baxmış və siqaretini çeynəməyə başlamışdı.
- Səncə biz üçümüz bir yataqda ola bilərik?
- Nə?
- Hə…üçümüz…mən, sən, bir də o…sənin yatdığın qadın…- təngnəfəs halda demişdi.
- Dəlisən sən! Ağlını çaşmısan lap!-əri çeynədiyi siqareti həyətə tullamışdı.
- Bəs bizim ikimizi necə, bir yataqda görmək istərdin? İki qadının seksini izləmək istərdin? Cavab ver…
- Nə danışırsan sən?
- Sənin bizimlə ayrı-ayrılığda yatmağınla bizim üçümüzün də birlikdə yatmağımızın heç bir fərqi yoxdur! Mən səndən iyrənirəm! Sənə qarşı bundan pis heç nə duya bilməzdim…
Ərinin ilk şapalağını da elə bu sözlərdən sonra qəbul etməli oldu.
- Sən gör neylədin! Məni nəyə məcbur elədin! Sən günahkarsan! Hər şey sənin axmaq istəklərin ucbatından məhv oldu.Axı sənə kim demişdi uşaq doğasan, kim?
Yerindəcə donub qalmışdı. Kişinin bağırtılarından oyanıb ağlaşan körpələrinin yanına belə tələsməmişdi. Uşaqlarını yer üzündə hər şeydən və hər kəsdən daha çox sevən bir kişinin indicə dediyi sözlərin dumanında itmişdi…
Nə olmuşdu?
Nə vaxt, hansı anda itirmişdi kişisini?
Hamilə vaxtlarındamı?
Uşaq əmizdirdiyi aylardamı?
Axı əri onun tərəfindən heç vaxt diqqətsiz, qayğısız qalmamışdı?! Hərdən zarafatla qarnını çırtmalayıb: “ey, balaca, sənə görə prostatit olub gedəcəyəm” deyərdi. Gülərdilər. Amma sən demə bu zarafatın arxasında doğrudan da onun cinsi tələbat problemləri və gedə bilmək həqiqəti gizlənibmiş. Doğrudanmı kimsə, hansısa bir başqa qadın onun qədər, hətta bəlkə ondan daha çox sevdirə bilmişdi özünü bu kişiyə? Axı əri həmişə deyərdi ki, “ səndən sonra kimisə sevmək mümkün ola bilməz. Sən bir kişinin bir dünya qadında axtardığı bütün cəhətləri özündə yığmısan. Sən hətta ölünü də dirildə bilərsən, xəbərin varmı?”
Xəbəri yox idi. Hər şeyin qaydasında olduğunu düşünürdü. Zatən bir qadının bir kişini xoşbəxt edə bilməsi üçün gərək olan hər şeyi bilirdi. Onunçün seks rəqs idi. Təbiətin bütün qüvvələrini duyub içindən keçmək idi. Millimetrinədək, saniyəsinədək dəqiq və simmetrik bir harmoniya idi…Əslində özünü bədəni, ruhu, hissləri, sevgisiylə bir TAM olaraq təslim etmək istərdi . Bu isə mümkün deyildi. Kişilərə bədən gərəkdi. Bəziləri sevgini də dəyərləndirir, hətta elələri də var ki, ruhi bir həzz duymaq istər bundan. Lakin əfsus…Hələ bu dünyada TAM bir qadın istəyən kişi olmayıb, olmayacaq da. Onlar TAM olmanın nə olduğunu belə anlamazlar. Elə buna görə də qadınları daim tapdaq altında görmək istərlər. Yuxarıdan aşağı bir baxış, bir həmlə və bir yırtıcı ehtiras daha asan və əlverişlidir. Öz xəyanətində belə başqasına dəyişdiyi qadını təqsirləndirmək qədər miskin bir düşüncə tərzi kişilərdən başqa kimə məxsus ola bilər ki?..
Süfrəni yığışdırıb qabları yudu. Bu dəfə qablarını əzizləmədi, krandan axan suyu sevmədi, radiodan gələn musiqini eşitmədi…Hər şey sönmüşdü.
Bilirdi bu nə deməkdi.
Depressiya…
Onun tənha rəfiqəsi təşrif buyurmuşdu.
İndicə çay süzüb birlikdə oturacaq, evdə olan bütün şirniyyatları masanın üstünə səpib partlayana qədər yeyəcək, üstündən acı və qara çay içəcəklər. Həyatın acılıqlarını şirniyyatla ört-basdır edib üstündən acı və qara çay içmək də qadın uydurmasıdır. Özünü aldatmaqdan gözəl nə var ki?..
Sonra rəfiqəsi Depressiya təklif edəcək ki, naharı başından eləsin. Elə-belə, tez və asan başa gələn bir yemək hazırlasın ki, əri evə gələndə qabağına qoya bilsin.
Sonra yuyulacaq paltarları birlikdə maşına soxuşdurub düyməsini basacaqlar.
Həə…indi əsas əyləncə başlanacaq. Cumacaqlar yataq otağına. Uşaqların başı yan otaqda televizordakı cizgi filminə qarışmışkən burda doyunca əylənmək olar. Sadəcə saçlarındakı sancaqları açıb kənara tullayacaq və çarpayının üstünə sərələnəcəklər. Depressiya və o…Tavana dikəcəklər gözlərini. Depressiyanın gözəl nitq qabiliyyəti var.O, hər dəfə çox maraqlı bir mövzu tapıb danışmağa başlayır və onun gözəl səsi titrək bir nəfəs kimi ruh oxşayır…Məsələn, o, Amerikanın İraqdakı siyasətindən elə şeylər danışıb adamın başını xarab edər ki, bu söhbətdən sonra hər dəfə televiziya xəbərlərini izləyib daha neçə partlayışın baş verməsini, nə qədər insanın məhv olmasını, neçə uşağın parçalandığını görməyə tələsər, özünü o qədər itirər ki, xəbərlər başlarkən evin hansı tərəfində olsa belə televizora can atar, nəyə ilişdiyinin, ayaqlarında, qollarında neçə göy ləkənin tapılmasının belə fərqində olmaz…Və bu hal Depressiyanın növbəti gəlişinə qədər davam edəcək…Ya da elə son gəlişində danışdıqları…Ərinin telefonundakı qadın şəklindən, o qadının nə üçün məhz uzanmış və döşlərini bu şəkli çəkənin gözünə soxmaq istəyirmiş kimi qabardıb vulqar bir təbəssümlə gülümsəməsindən yorulmaq bilmədən danışdı. O isə dəli olmuşdu bu söhbətdən sonra. Öz gözləriylə görmüşdü bu şəkli, öz barmaqlarıyla düymələrə basıb ərinin telefonuna gələn sevgi mesajlarını oxumuşdu. Və dəqiq bilirdi ki, bu şəkli əri çəkib, bu gülümsəyən qadın da döşlərini məhz onun əriyçin qabardıb…Bu şəkil onların seksindən əvvəlmi çəkilmişdi, sonramı…nə fərqi vardı ki…Bir ay, düz bir ay boyunca Depressiyanın təsirindən qurtula bilmədi…ağladı, yuxusu qaçdı, ərindən iyrənib dəfələrlə rədd elədi…
Bu günsə…çox qəribə və sakit bir mövzu seçmişdi Depressiya…
Neçə illər bundan əvvəl, ilin bu günündə baş verənlərdən danışırdı…
- Yadına gəlirmi? Neçə il əvvəl, ilin elə bu günündə, elə bu saatında o, sənə baxırdı. O gözləri unutdunmu? Sən onun indi harda olduğunu bilirsənmi? İstəyirsən tapım səninçin?..
- Yoox…istəmirəm…Bəlkə heç sağ deyil?!.Onda daha pis olaram…
- Ah! Onun gözləri…səsi…səni necə də sevirdi…Əlindən tutduğu yadına gəlirmi?
- Hə…yadımdadır…barmaqlarım hələ də yanır..hər yadıma düşəndə…
- Sən daha heç kimi sevə bilmədin…
- Yox! Sevdim…-təlaşla söylədi.
- Yalan deyirsən.Mən səni sənin özündən daha yaxşı tanıyıram. Sən daha heç kimi sevə bilmədin, heç kimi…Ağla…sənin göz yaşların mənə güc verir. Mən sənin kədərindən gözəlləşirəm…Sənin tənhalığın məni o qədər xoşbəxt edir ki…
Ağlayırdı…
Bütün ruhuyla, bədəniylə, sevgisiylə təslim olurdu kədərə. Təbiətin bütün qüvvələrini duyub içindən keçirdi. Millimetrinədək, saniyəsinədək dəqiq və simmetrik bir harmoniyanın içində qıvrılırdı…Bu, bir rəqs idi…Saçları çarpayının üstünə səpələnmişdi, gözləri yumuluydu, əlləriylə çarpayının örtüyünü dartışdırır, ətrafında hər şeyi dağıtmaq, məhv etmək istəyirdi.
- Sən indi daha gözəlsən, -Depressiya pıçıldayırdı, səni belə sevirəm…belə görmək istəyirəm səni…ah…mən ölürəm xoşbəxtlikdən! Sən necə də gözəl ağlayırsan, sənin kədərin o qədər şirindir ki…Ağla, gözlərini açma…Sən indi Meduza Qorqonna kimisən…Saşların ilan kimi qıvrılır, gözlərinə baxsam, daşa dönərəm…ölərəm…Açma gözlərini…Açma…Ah…Mən səni heç vaxt tərk etməyəcəyəm…Sən mənim ən etibarlı rəfiqəmsən…Səni kimsəni sevməyəcək qədər sevirəm…
Telefon zəngi Depressiyanın sözlərini ağzında qoydu. Hər dəfəki dəli ümidlə qaçdı telefona. Heç vaxt gəlməyəcək, amma hər an gözlədiyi bir telefon zənginə ehtiyacı vardı. Kim edəcəkdi o zəngi, niyə edəcəkdi, bilmirdi. Amma gözləyirdi…
- Allo…
- Yemək hazırdı? – kişisi soruşdu.
- Sən gələnə hazır olar.
- Nəsə lazımdı?
- Çörək alasan…
Dəstəyi yerinə qoydu. Sonra yenidən götürüb qulağıyla çiyninin arasında sıxdı. Barmaqları düymələrin üzərində gəzdi. Hər hansı bir nömrəni yığmaq, hər hansı bir səs eşitmək, hər hansı bir insanla bölüşmək bu tənhalığı…Amma onun zəngi bu dünyada heç kəsə gərək deyildi. Tanıdığı və tanımadığı adamların heç birinə…
Cizgi filmi bitmişdi deyə uşaqların səs-küyü evi almışdı əlinə. Depressiya yox idi. Uşaqları sevmədiyindən həmişəki kimi yenə də sakitcə çıxıb getmişdi.
Körpələrini bir-bir qucaqlayıb öpdü. Sonra yedirtdi, içirtdi onları. Daha sonra bir yerdə nağılvari situasiyalar uydurub “ hərə öz fikrini bildirsin” oyununa başladılar. Qızı heç cür inanmaq istəmirdi ki, Qırmızıpapaqın adını dəyişib Sarıpapaq, ya da Yaşılpapaq qoymaq olmaz. Oğlu isə Hörümçək adam olmaq üçün onun sehrli meyvə çirəsi hazırlamasını istəyirdi.
Daha sonra kişisi gəldi. Yeməyini yeyib yatdı.
Uşaqların başı atalarının alıb gətirdiyi təzə oyuncaqlara qarışdı.
Çöldə yağış başlamışdı. Eyvanın pəncərələrini bağladı. Şüşənin arxasından qaranlıq və yağış boylanırdı. Sonra Depressiyanın solğun sifəti göründü. Pəncərəni tıqqıldatdı:
- Burax gəlim…
- Get…mən tək qalmaq istəyirəm.
- Axı islanmışam, sən necə rəfiqəsən? Görmürsən xəstələnə bilərəm?
- Dedim axı, mən tək qalmaq istəyirəm.
- Mən səni ağladardım, ürəyin rahatlanardı…
- İstəmirəm… Get…
Yağış Depressiyanın gözlərindən sel kimi axırdı. Onu bu halda içəri buraxmaq intiharla bitə bilərdi. O isə intihar etmək istəmirdi. Uşaqlarını başqa qadınların ümidinə qoymağı ağlına belə gətirmirdi. Heç anasına da etibar etməmişdi onları, nəinki uşaq bağçasına, ya bir rəfiqəyə. İllah da Depressiya kimi rəfiqə ola…
Uşaqların hərəsi bir yanda yorulub yatmışdı. Onları soyundurub yataqlarına apardı.
Öz yuxusu da gözlərindən tökülürdü.
Soyunub yatağının içində oturdu.
Körpələrinin nəfəsi ruhunu sakitləşdirirdi.
Gecə dualarını pıçıldadı:
- Tanrım…Bizi ağır heç nə ilə sınama…bilirsən zəifik…bizi bağışla…bütün günahlarımız üçün əhv istəyirəm səndən…və bizə etibar etdiyin bu mələkləri qoru…
- Ey! Yatmısan?- kişisi yan otaqdan səsləndi.
- Hə, -dedi.
- Çox yatacaqsan uşaqların otağında?
- . . .
- Gəlmirsən bura?
- Yox…
- Mən gəlim?..
- Yox.
- Niyə?
- Dedim axı xəstəyəm…
- Həə…
Daha heç biri heç nə demədi.
Bir azdan kişisinin xorultusu aləmi götürdü başına. O isə qaçmış yuxusunu axtarmaq üçün durub dəli kimi otaqları gəzməyə başladı. Yağış hələ də kəsməmişdi. Eyvanın pəncərəsinə yaxınlaşdı. Əllərinin içiylə, dodaqlarıyla pəncərə şüşəsinin soyuğuna sığındı. Həyətdə qaranlıq və yağış vardı. Özgə heç nə. Depressiyanı çağırdı:
- Hardasan? Gəl…gəl bura. Səni istəyirəm. Sənə o qədər ehtiyacım var ki…
Depressiya yox idi. Yəqin çox möhkəm incimişdi ondan.
- Gəl…gəl ondan danış…onun gözlərindən….Sən heç vaxt ondan danışmazdın, bu gün sənə nə olmuşdu, neçə il əvvələ aparmışdın məni…
Pıçıltıları şüşəni dəlib keçə bilmirdi:
- Mən ağlayırdım…sən sevirsən mənim ağlamağımı. Gəl…Səninçin o qədər ağlayaram ki…Məni tək qoyma. De ki, mən sənə lazımam. De ki, mənsiz qala bilmirsən…Mən heç nə demərəm…söz verirəm…and içirəm ki, yalnız sənə qısılıb ağlayaram…özgə heç nə…
Yox, hər şey mənasız idi. Onun ən yaxın, ən vəfalı rəfiqəsi də küsüb getmişdi. Yalvarışlar da gərəksiz idi.:
- Mən bir də səninlə mübahisə etməyəcəyəm . Sən hər şeydə haqlısan…sən düz deyirdin…mən ondan sonra heç kimi sevə bilmədim…heç kimi…Bax, görürsən, ağlayıram…hər şey gözəldir…bu kədər, bu tənhalıq…Gəl…
- Gəl! – kişisi onun çiyinlərindən yapışıb otağa itələdi.
- Yoox…- dəhşətlə pıçıldadı, - mən xəstəyəm…
- Kəs səsini! – kişisi bağırdı və o, şapalağın zərbəsinə tab gətirməyib döşəməyə düşdü…


Müəllif: CAVİDAN

четверг, 14 января 2010 г.

Merfi qanunları

Merfi qanununa görə buterbrod həmişə yağlı üzü ilə yerə düşür

Hamının başına gələn işdi, görürsən ki, gözləmədiyin halda bir iş çıxıb bütün planlarını alt-üst eləyir. Ya müdirin vaxtından qabaq gəlib çıxır, ya hava pozulur, ya da qaynana gözlənilmədən qapının zəngini basır. Tərslik qanunu kəşf edilmiş ən yəqim qanunlardan biridir. Amma kəşfin tarixi və müəllifi bizə məlum deyil. Bir neçə versiya var, amma onlar o qədər cəfəng səslənir ki, kimsə onları dilinə gətirməyə ürək eləmir. Bəziləri deyir ki, bu qanunu Nyutonun başına alma tullayan alim kəşf edib. O, rəqibini aradan götürmək arzusuyla gördüyü iş nəticəsində Nyutona dünya şöhrəti gətirib. Tədqiqatçılarn əkəsəriyyəti inanır ki, bu qanun Axillesin zamanından insanlara məlumdur. Axı onu təkcə dabanındakı balaca bir yerdən vurub öldürmək olardı və tərslik qanuna görə bu da baş verdi.

Komik ciddilik

Hamı bu qanunu Merfi qanunu kimi tanıyır. Klassik şəkildə o, belə səslənir: «Əgər pis bir şey ola bilərsə, o mütləq olacaq». Hər şey 1949-cu ildə başladı. ABŞ-ın hava qüvvələri kapitanı A. Merfi yeni yaratdığı qurğunun təcrübə sınaqlarını keçirməli idi. İlk nəticədə nəinki qurğu, hətta təyyarə də sıradan çıxdı. Merfi cihazı yoxlayanda məlum oldu ki, texnik nəyisə düzgün qoşmayıb. Bu vaxt o, ilk dəfə onu məşhurlaşdıracaq qanunu dilinə gətirdi: «Bir şey düzəldərkən iki yol varsa və onlardan biri qəzaya aparırsa kimsə mütləq bu yolu seçəcək». Həmkarları bu sözləri «Merfi qanunu» adlandırdı. Sonra mətbuat konfransların birində məruzə edən polkovnik dedi ki, hava qüvvələri üzrə əldə edilmiş bütün nəticələr «Merfi qanununun» aradan qaldırılması sayəsində qazanılmışdır. Bu ifadə beləliklə mətbuata düşdü, ordan da bizim həyatımıza. 1877-ci ildə Los-Ancelesdə «Merfi qanunları» adlı nazik bir kitabça çap edildi. Müəllifi Artur Blox komik ciddiliklə baş verən hadisələri şərh edərək «Gülümsəyin,.. sabah daha da pis ola bilər» deyib Merfi fəlsəfəsini həyata gətirdi. Kitab böyük uğurla yayıldı və əsrin istiotlu aforizmləri ürəklərə xoş gəldi. Qanun gözlənilmədən, təbii fəlakət kimi işə düşür. Məlumdur ki, qanun uşaqlara qarşı pis işləyir. Bu böyüklərin öz problemlərinə qarşı lazım olduğundan daha ciddi yanaşması ilə bağlıdır. Böyüklər problemlərə baş vurarkən aşağı emosional əhvalda olurlar və tərslik qanunu üçün meydan açırlar. Amma məlumdur ki, özünə inam yüksək olanda tərslik qanunu yaxşı işləmir. Böyüklərin isə ən çatışmayan cəhəti də elə bundadır. Maraqlıdır ki, insan psixikaısında anadangəlmə bir keyfiyyət var ki, bütün uğursuzluqları hansısa üçüncü gözəgörünməz qüvvələrin boynuna yıxıb özünü təmizə çıxarmağı bacarır. Bəlkə də bu səbəbdən «tərslik qanunu», «uğursuzluq qanunu» kimi adlandırılan qanunlar toplusu kəşf edilib. Bu qanun arzu və uğursuz nəticə arasında münasibələri aşkarlayır. İnsan nəyisə çox istədiyi, arzuladığı və xüsusilə də arzusuna az qala çatdığı zaman işə düşüb hər şeyi alt-üst edir.

Təbiət tərbiyəçi rolunda

Bütün bunlar maraqlıdır, amma soruşa bilərsiz ki, insana öz arzularına çatmağa mane olan təbii qüvvələr nəyə lazımdı ki? Ətraf mühitdə, təbiətdə olan harmoniyanı seyr edəndən sonra adam inana bilmir ki, sənin arzuların və onun reallaşmasının üst-üstə düşməsini istəməyən hansısa qüvvə ola bilsin. Həyatda və təbiətdə elə bir hadisə baş vermir ki, onu təbiət qanunları ilə izah etmək mümkün olmasın. Necə ki, biz uşaqlarımıza çətin məsələlər verir və onları baş işlətməyə məcbur edirik, təbiət də bizi həmən üsulla sınayır. Əlbəttə, belə çalışmalardan sonra uşaq böyüklər kimi olmağı öyrənir və həyat təcrübəsi qazanır. Amma görəsən təbiət bu kimi «böyüklər üçün oyunlar» düzəltməklə bizi nəyə öyrətməyə çalışır? Bəlkə təbiət bizdə yeni-yeni arzulara can ataraq maneələri dəf etmək arzusunu məşq elətdirir? Çünki normal insanda hər uğursuz cəhd yenisini doğurur və onun reallaşması üçün başımızı işlətməyə məcbur edir. Yəqin ki, biz böyüyüb əsil arzuları ürəyimizdən keçirməyi, sonra arzuya çatandan sonra ondan həqiqi ləzzət almağı öyrənməyənədək təcrübələr davam edəcək. Hazırda alimlərin əksəriyyəti bir fikrlə razıdır ki, bəşəriyyət hansısa keyfiyyət dəyişikliyi astanasındadır və təkamül prosesində iri addım atmaq ərəfəsindədir. Biz hamımız anlayırıq ki, təbiət öz sirrlərini boş-boşuna bizə verməz. Yəqin biz bir qədər böyümüşük və gecə saatlarında filmlərə baxmaq hüququ qazandığımız kimi tam olmasa da bəzi sirli məqamlardan agah olmağa artıq «yaşımız çatır». Biz artıq anlayırıq ki, təbiətin qanunları necə işləyir və bizim arzularımızla təmasa necəsə reaksiya verir.

Merfilogiya, ya da ki, buterbrod qanunu

Nəsə olmalıydı! Hər şey elə bu fikirdən başlayır. Elə bil ki, nəsə olmalıydı öncəgörməliyi rahat buraxmır. Sonra də beynimizdən real həyata köçür. Buterbrod həmişə yağlı üzü ilə yerə düşür. Hamı da düşünür ki, bu qanun inkaredilməzdir. Qanunların qısa xülasəsi ilə tanış olun. Amma onların sayı artmaqdadır:

- İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə sənə öyrənmədiyin suallar olan bilet düşəcək. Axtardığın bileti yanında oturan tələbədə görəcəksən. Bütün düzgün cavablar imtahandan sonrakı gün yuxudan ayılan kimi beyninə gəlir.

- Əgər siz nəhayət ki, müştəri ilə sövdələşmisizsə sabahdan etibarən sizə zəng edib daha sərfəli təkliflər edəcəklər.

- Hər bir iş nəzərdə tutulduğundan artıq vaxt tələb edir.

- Qarajda təmir edərkən əlinizə solidol yağı vuran kimi ayaqyoluna istəyəcəksiz.

- Əgər siz işə gecikəndə müdirinizə desəz ki, təkər partlamışdı sabahısı gün təkər həqiqətən də yolda partlayacaq.

- Əgər siz növbədə durarkən daha tez irəliləyən sıranı seçsəz, tərk etdiyiniz sıra daha tez irəliləməyə başlayacaq.

- Vannada suya girmiş bədən qonşu otaqda telefon zəngini törədir.

- Siz kiməsə avadanlığın işləmədiyini sübuta yetirərkən o, həmən dəqiqə işləməyə başlayır.

- Qaşınmanın dərəcəsi qaşınan hissənin əlçatmazlığından asılıdır.

- Kinoteatrda orta yerlərdə oturanlar həmişə işıq sönəndən sonra gəlirlər.

- Yerə düşən yağlı buterbrodun üzüqoyulu düşmə şansı xalçanın qiymətindən asılıdır.

- Uzun müddət saxladığınız əşyanı tullamaq olar, amma bilin ki, onu tullayan kimi lazım olacaq.

- İtirdyini sonuncu arxa cibindən tapacaqsan.

- Əgər sevgi məktubu göndərməyə ürəklənmisizsə məktub o qədər uzun vaxta gedib çıxacaq ki, həmən müddətdə siz özünüzü tam biabır eləməyə macal tapacaqsız.

- Nikahın uzunluğu toya çəkilən xərcə tərs mütənasibdir.

- Gizlətmək istədiyiniz münasibətlərdə küçəyə çıxan kimi bütün tanışlarınız qarşınıza çıxacaq.

- Üzdə sızaqlar görüşdən bir saat əvvəl çıxmağı sevir.

- Yumurtalar içində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə qatacaqsız.

- Paltaryuyan maşınlar yalnız iş zamanı xarab olurlar.

- Çirkli döşəməyə heç uşaq da heç nə tökmür.

- İki maraqlı veriliş həmişə bir vaxtda göstərilir.

- Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.

- Maşını yumaqla yağışı çağırmaq olmaz. Amma maşın yuyulan kimi yağış başlayacaq.

- Kiməsə nəsə göstərmək istəsən bu səndə yazşı alınmayacaq. Baxmayaraq ki, təklikdə həmişə əla alınırdı.

İstirahət günü miqreni

Yəqin çoxlarının başına gəlib, bizim ailədə isə bu illər uzunu müşahidə edilir, bütün həftəni işləyib həftə sonun gözləyirsən ki, bağa, ya da çimərliyə gedəsən. Amma tərs kimi şənbə günü yağış, külək göz açmağa imkan vermir. İki günü evdə deyinə-deyinə keçirirsən və bazar ertəsi gün çıxıb ətrafı qızdıranda hər şeyi yenə də tərslik qanununun, ya da bəxtinin ayağına yazırsan. Amma alimlər də hesablayıb ki, pis havaların 70 faizi şənbə və bazar günlərinə düşür. Bunu belə izah edirlər ki, həftə boyu vətəndaşlarda yorğunluq, əsəb, gərginliklər toplaşıb atmosferi korlayır. İstirahət günləri adamlar bir qədər yorğunluqlarını çıxarır və ona görə hava da düzəlir. Təcili yardım işçiləri də bilir ki, ürək tutmaları, hipertonik krizlər, radikulit tutmaları, diş ağrıları şənbə-bazar günləri normadan artıq olur. Nevropotoloqların belə bir termini var – «istirahət günü miqreni». Bunu mədə xorası üzrə, ürək xəstəlikləri üzrə mütəxəssislər, elə cə də travmatoloqlar təsdiq edər. Beşgünlük iş həftəsi nə qədər gərgin olarsa istirahət günləri o qədər stresli keçəcək. Elə insult və infarktlar da cümə günündən şənbəyə keçən gecələr daha çox olur.

Pissimizmdən alınan ləzzət

Merfidən sonra geniş vüçətlə yayılan qanunlar seriyası yarandı. Bir alim ağzından bir kəlmə çıxarmağa bəndmiş onu merfilogiya cərəyanına aid edib öz sıralarına yazdılar. Bəzən qanunları oxumaq özü də çox məzəli ola bilir:
Merfi qanunu (tərslik qanunu) Əgər pis bir şey ola bilərsə o, mütləq baş verəcək. Özü də mümkün olan ziyandan ən böyüyü reallaşacaq.
Menken qanunu – Kim bacarırsa edir. Kim bacarmırsa öyrədir. Öyrətməyi bacarmayan idarə edir. İdarə edə bilməyə nəzarət edir.
Çizxolmın 1-ci qanunu – Siz fikrinizi son dərəcə aydın izah eləmisizsə həmişə onu düzgün anlamayan bir nəfər tapılacaq.
Qrexemin qanunu – Boş məsələlər tez həll olur. Vacib problemlərsə heç vaxt həll edilmir.
Veynberqin qanunu - Əsil mütəxəssis o adama deyirlər ki, kiçik maneələri uğurla aşaraq böyük yanlışlığa tərəf irəliləyir.
Potterin qanunu – Reklam kampaniyasının səs-küyü satılan malın keyfiyyəti ilə tərs mütənasibdir.
Koulun aksioması – Ölkədə ağıl və dərrakənin ümumi çəkisi daimidir, amma nədənsə mütəxəssislərin sayı artır.
Meskimeninin qanunu - İşi əməlli görməyə vaxt həmişə çatışmır, amma onu yenidən dəyişdirməyə nədənsə vaxt tapılır.
Çizxolmun ikinci qanunu – İşlər yaxşıya doğru gedirsə deməli yaxın gələcəkdə nəsə baş verəcək.
Fineyqlin birinci qanunu – Eksperiment alınıbsa deməli nəsə yerində deyil.
Stakmayerin teoremi – İş ilk baxışdan asan görünürsə onu eləmək çox çətin olacaq. İlk baxışdan çətin görünən işi isə həll etmək demək olar ki, mümkün deyil.
Entoni qanunu - Həmişə ən lazımlı detal düşüb itir. Düşüb dəzgahın altına diyirlənməkdən əvvəl o, ayaq barmağınızı da əzməyə macal tapır.
Finqeylin iiknci qanunu – Komandada işləmək çox vacibdir, bu günahı başqasının boynuna atmağa imkan verir.
Xətkeşin öz qanunu – düz xəttlər olmur.
Yanqın qanunu – Bütün dahi kəşflər təsadüfən edilir.
Parkinsonun 6-cı qanunu – Elmin tərəqqisi nəşr edilən jurnalların sayı ilə tərs mütənasibdir.
Consonun 3-cü qanunu – Sizin oxumaq istədiyiniz məqalə itirdiyiniz jurnalda olacaq. Bütün dostlarınız bu nömrəni ya itirəcək, ya da tullayacaq.
Berkin qaydası – Heç vaxt cavabını bilmədiyiniz məsələni həll etməyə başlamayın.
Matsın aforizmi – Oxumağa yorulduğunuz yerdə dayanıb mətndən nəticə çıxara bilərsiz.
Xleydin qanunu- Məsələnin həllini ən təmbəl işçiyə tapşırın, o, ən asan yolu özü tapacaq.
Seqalın qanunu – Qolunda bir saatı olan bilir ki, saat neçədir. Çoxlu saatı olan heç nədə əmin deyil.
Fullerin jurnalistika qanunları – Hadisə, qəza sizdən nə qədər uzaqda baş veribsə ondan qəzet reportajı yazmaq üçün bir o qədər çoxlu ölən və yaranananlar tələb olunur. Fakt sizə nə qədər yaxındısa burda səhv getmə şansı bir o qədər çoxdu. Fakt uzaqlaşdıqca ona inanmaq şansı da artır.
Evans və Byornun qanunu – Ən pis şəraitdə belə kimsə tapılacaq ki, hər şeyin belə olacağını qabaqcadan bildiyini desin.
Uistlerin qanunu – Hes vaxt kimin haqlı olduğu bilinmir. Amma kimin cünahkar olduğu həmişə məlumdur.
Lumsin qanunu – Həmişə axıra qalan bir malı almaq istəyən bir neçə nəfər tapılır.
Şirlinin qanunu – İnsanlar bir-birinə layiqdirlər.

Müəllif: Gülnarə RƏFİQ

четверг, 7 января 2010 г.

Kəşflər

Hamı bilir ki, Arximed dahiyənə kəşfini edəndə vannadaydı və sevincindən çığırıb göyə atılmışdı. Onu da bilirik ki, Nyutonun başına alma düşüb, Leonardo da Vinçi hər şeyi qabaqcadan bilirdi, Enşteyn isə həmişə dilini bayıra çıxarırdı. Daha doğrusu özünü savadlı saymaq istəyən hər kəs bunları bilməyi özünə borc bilir. Bir növ «intellekt zəmbili» adlandırıla biləcək biliklər toplusunundan hər kəsin xəbəri olmalıdı ki, 3 dost, 5 düşmən arasında üzü qara olmasın. Lətifələşmiş bu əhvalatlarda həqiqətin nə qədər olduğunu isə dəqiq bilən yoxdu. Daha doğrusu kimsəni maraqlandırmır ki, burada həqiqət nə dərəcədədir. Axı biz mifləri sevənik…

Freyd psixoanalizin banisidir?

Freyd özünü Kopernik və Darvinlə müqayisə etməyi sevərdi. O, deyirdi ki, Kopernik Yer kürəsini Kainatın mərkəzi olmaqdan, Darvin isə insanı heyvanat aləminin şahı vəzifəsindən azad edib. Freyd özü isə əqlin psixikada rolunu ön plana çıxarıb. Freydin nəzəriyyələrindən şübhələnmiş və tədqiqat apararaq «Freydin səhvləri və fırıldaqları» adlı kitabı yazmış Yudjin Mallouv təkid edir ki, psixoanalizin banisi faktları saxtalaşdırıb. O, cəmi 6 pasientin üzərində təcrübə apararaq öz nəzəriyyəsini qurub. Kəllə sümüyünə görə adamların cinayətə meylliyini müəyyənləşdirmə prinsipini kəşf etmiş italyan psixiatrı Lombrozoya iş əsnasında yüzlərlə insanla təmasda olmaq lazım gəlmişdi. Amma Freydin «xəstə»ləri Vyananın pullu və hörmətli ailələrindən çıxmış cavan və psixi cəhətdən səbatsız qadınlar idi. Ona görə də indi Freyd nəzəriyyəsi ilə dərindən maraqlananlar düşünür ki, bəlkə qoca doktor «kişi şovunisti» olaraq bilərəkdən cavan adınlarda seksual pozuntular «aşkar edirdi» və sonra onların müalicəsi ilə şəxsən məşğul olurdu. Həm də ki, niyə kasıb adamlar psixoanalizə uyğun gəlməsin? Hətta danışırlar ki, Freyd illər keçdikcə öz nəzəriyyəsinin çat verdiyini anlayırdı. O, inanırdı ki, hipnoz altında səbəbi ortaya çıxarıla bilsə və sonradan həkimlə bu müzakirə edilsə əsəb xəstəlikləri yoxa çıxar. Amma tərs kimi pasientlər keçmişlərini hipnoz altında xatırlasalar da transdan çıxan kimi hamısını yenidən unudurdular. Onda hələ Freyd də bilmirdi ki, insan psixikası uydurulmuş ideyaları həqiqət kimi qələmə verməyə qadirdir. Onun kəşf etdiyi simvol və alleqoriya oyunu (yəni bir predmeti görəndə ilk ağla gələn fikri demək) özünün zəhləsini o qədər tökmüşdü ki, «Bəzən siqara sadəcə siqara deməkdir!» cümləsini dilinə gətirmişdi.

Nyutonun başına alma düşüb?

Tarixçilər bu faktı şübhə altına alır. Düzdü, Nyutonun dostu Stukeleyanın dediyinə inansaq Nyuton guya bunu öz diliylə demişdi. Ona görə də Nyutonun başına alma tullayıb onu Yerin cazibə qanununu kəşf etməyə məcbur etmiş alma ağacı alimin həyətində yüz il ərzində muzey eksponatına çevrilmişdi. Əfsanəyə görə bu 1666-cı ildə baş verib. Amma Nyuton bu qanunu çox sonralar kəşf edib. Əgər qanun mütləq başa alma düşməsi nəticəsində kəşf edilsəydi yəqin ki, alma alimin başına 1726-cı ildə, yəni ölümündən bir il əvvəl düşməli idi. Öz əsərlərində Nyuton tamam fərqli əhvalat nəql eləyir. Başa düşmüş alma haqqında əhvalatı o, sevimli bacısı qızı Katerina Kouduit üçün uydurub ki, onu məşhur etmiş qanunun tarixcəsini anlata bilsin. Deyilənə görə bu balaca qız Nyutonun yaxınlıq elədiyi və sevdiyi yeganə qadın olub.

Leonardo da Vinçi maşınlar quraşdırırdı?

«Universal adam»ın fantastik bacarıqlığını fransız fiziki Nikolo Vitkovski və tarixçi, riyaziyyatçı Çarlz Trusdell ilk dəfə şübhə altına alıb. Onun qeyd dəftərçələrini dərindən tədqiq edəndən sonra onlar belə nəticəyə gəliblər ki, dahi rəssamın çox yaxşı intuisiyası vardı, amma elmi kəşflər onun özününkü deyildi. O, müasirlərinin kəşfləriylə tanış olaraq mənimsəyib, bəzən isə onları təkmilləşdirmişdi. Tarixçi Bertran Jil «İntibah dövrünün mühəndisləri» kitabında yazır ki, «Son dərəcə nadan olub və fantaziyalara qapılmaq lazımdı ki, Leonardo da Vinçidən ixtiraçı yaradasan».

Nobel rəqibinin acığını bütün riyaziyyatçılardan çıxır?

Bu gün Nobel mükafatını fiziklər, kimyaçılar, bioloqlar, iqtisadçılır, hətta ədəbiyyatçılar da gözləyə bilər. Amma bircə riyaziyyatçılara bu mükafat heç vaxt düşməyəcək. Onlar Fils adına medalla qənaətlənməli olacaqlar. Deyirlər ki, mükafatçıların siyahısı müzakirə edilər zamana riyaziyyat üzrə mükafata layiq görülə biləcək adam isveç riyaziyaatsçısı Mittaq Leffler guya madam Nobelin məşuqi imiş. Bunun qisasını Nobel bütün dünyanın rayaziyyatçılarından alıb. Amma heç kim demir ki, Nobel heç vaxt evli olmayıb və adamayovuşmaq həyat tərzi yaşayıb. Onun həyatındakı qadınları barmaqla saymaq olar. Adı çəkilən riyaziyyatçı isə ondan 15 yaş kiçik idi və belə bir əhvalat həqiqətən olsaydı o, mütləq bunu öz xeyrinə reklam kimi işlədərdi. Hamı bilir ki, vəsiyyətnaməsini tərtib edəndə Nobel bütün bəşəriyyətin taleyini düşünürdü və şəxsi maraqları bu ali duyğuların üstələyə bilməzdi. Sadəcə o, mühəndis olduğundan nəzəriyyələrlə yox, real eksperimentlərlə maraqlanırdı. Enşteyn də Nobel mükafatını nisbilik nəzəriyyəsinə görə yox, fotoeffekt nəzəriyyəsinə görə alıb. Riyaziyyatçılarsa təfəkkürün abstraklığına görə kənarda qalıblar.

Enşteyn məktəbdə 2 alırdı?

Artıq bir neçə nəsil uşaqlar bu miflə böyüyür, guya Nobel mükaftçısı, dahi fizik məktəbdə pis oxuyurmuş. Bəzən zəif uşuqların valideynləri də bu fikirlə özlərinə toxdaqlıq verirlər. Əslində Enşteyn məktəbdə yaxşı oxuyurdu. Xüsusilə də təibət elmləri və riyaziyyatdan onun dahi imkanları gözə çarpırdı. Dahi fizikin zamanından bəri Almaniyada qiymətlər cəbvəli dəyişdirilib. Ona görə də Enşteynin «dörd»ləri müasir sistemə görə «iki» kimi qəbul edilib.

Napoleon balacaboy idi?

Balacaboy və ambisiyalı adamın davranışını Napoleon kompleksi adlandırırlar. Nədənsə balacaboy kişilərin Fransa imperatoru ilə belə müqayisə edilmələri çox xoşuna gəlir. Əksəriyyəti əmindir ki, Napoleonun balaca boyuna görə natamamlıq kompleksi vardı. Əslində Napoleonun boyu 170 sm idi və 18-19-cu əsrlərdə bu orta fransız boyundan hətta 1-2 sm artıq sayılırdı. Onun balacabyoluluğu təsadüfən, səhv tərcümə nəticəsində elan edilib. Napoleonu «balaca kapral» adlandırırdılar. Hərbi karyerasının əvvəlində əsgərlər Napoleonu aşağı hərbi rütbəsinə görə lağa qoyurdular. Napoleon Fransanın hakimi olanda da bu ləqəb unudulmamışdı. Bir səbəb də var ki, fransız əsgərlərinin əksəriyyəti seçmə olduğundan 180 sm-dən hündür olurdu. Onların yanında Napoleon balaca görünə bilərdi.

Tomas Edison lampanı kəşf edib?

Edison bir çox gözəl və lazımlı şeyləri kəşf edib. Hətta bütün zamanların ən dahi iztiraçısı da sayıla bilər. O, 1093 kəşfə patent almaqla dünya rekordu qoyub. Amma lampanın kəşfinə dəxli yoxdur. Məktəblərdə öyrədirlər ki, kinofilm, elektrik və bir çox vacib şeyləri Edisson kəşf edib. Edissona qədər çox alimlər lampa kəşf etməyə cəhd ediblər. Xemfri Devi, Delaryu, Henrix Qebel kimi alimlər bu istiqamətdə vacib kəşflər ediblər. Bu kəşflərin nəticəsində alınan lampa çox baha idi və qısa zamanda sıradan çıxırdı. Edissonun nailiyyəti onda oldu ki, 12 saatdan artıq işığı saxlaya biləcək düzgün maddəni tapa bildi. Bununla da lampanın qiymətini aşağı saldı.

Mariya Antuanetta dedi ki, «Qoy pirojna yesinlər»?

Böyük Fransız İnqilabının əsas bəhanəsi sayılan bu cümləni guya ki, kraliçə Mariya Antuanetta deyib. Danışırlar ki, «Xalqın yeməyə çörəyi yoxdur» deyib ona müraciət edəndə kraliçə «Onda pirojna yesinlər» demişdi. Bu sözdən hiddətlənən xalq inqilab eləmişdi. Amma bundan hələ çox-çox əvvəl Russo bu əhvalatı əsərində təsvir eləmişdi. O zaman Mariya Antuanettanın 11 yaşı vardı. İnqilab hələ 23 il sonra olacaqdı. Fransız inqilabçıları bu əhvalatdan istifadə edərək kralların nə qədər laqeyd olduğunu göstərməyə calışmışdılar.

Müxtəlif kürələrdə su müxtəlif istiqamətdə burulur?

Vannada, ya da su kranında tıxacı açandan sonra suyun burulğan əmələ gətirərək dəliyə tökülməsinə baxmağı hamı sevir. Xüsusilə uşaqlar gözünü bu prosesdən ayıra bilmir. Nədənsə böyüklərin əksəriyyəti əmindir ki, o biri yarımkürədə, məsələn Amerikada su saat istəqamətinin əksinə burularaq axıb gedir. Amma bu belə deyil. Yerin öz oxu ətrafında fırlanma sürəti hətta ən balaca qabda suyun istiqamətini dəyişdirməyə kifayət etməz. Bu qabın relyefindən asılıdır, qlobal səbəblərdən yox.

İnsanlar meymundan əmələ gəlib?

Darvinin nəzəriyyəsi bunu təsdiq etmir. Alim sübut etməyə çalışırdı ki, məməlilər dəstəsinin uzaq keçmişdə ümumi əcdadı olub.

Siçanlar pendir sevir?

Bütün mültfilmlərdə siçanlar pendir görcək az qala bayılırlar. Onlar «Havayı pendir yalnız tələdə olar» məsəlini heç vecinə də almır. Amma alimlər bilir ki, siçanlar şirin ərzaqları daha çox sevir və araxis yağı, dənli bitkilərdən olan yeməkləri ləzzətlə yeyirlər.

Saçlar qırxılanda daha tez artır?

Keçən əsrin 20-ci illərindən bəri aparılan tədqiqatlar sübut edlir ki, bu tamamilə səhv fikirdir. Amma kişilərin əksəriyyəti və hər yay uşaqların başını keçəl qırxdıran analar əmindir ki, qırxılandan, ya da kəsiləndən sonra tük daha tez çıxır. Kəsilmiş tükün ucları küt olduğuna görə belə görünür və buna optik yanlışlıq da demək olar. Sonda saçlar əvvəlki tempində və həmişəki keyfiyyətində olur.

Kosmosda cazibə yoxdur?

Bu da yanlışlıqdır. Cazibə hər yerdə var. Cazibənin dərəcəsi kosmosda nisbətən azdır. Ona görə də kosmonavtlar yüngül görünürlər. Amma bu o demək deyil ki, cazibə tamamilə yoxdur. Yerdən uzaqlaşdıqca cazibə qüvvəsi də zəifləyir, amma itmir. İri, kosmik miqyasda cazibə bütün planetləri öz orbitində saxlayır və günəş ətrafında fırlanmağa məcbur edir. Bir sözlə, cazibə bütün Günəş sisteminini planetlərini «ovcunda» saxlayır.

İnsanlar beyninin 10 faizini işlədir?

Hələ 19-cu əsrdən bəri alimlər bu mövzuda mübahisə edir. Onda alim Uilyam Ceyms belə nəticəyə gəldi ki, insanlar əqli imkanlarının yalnız 5-10 faiz imkanlarından istifadə edir. Bu mif belə yarandı. Həqiqətən də çətin olmayan məsələlərin həllində insan beyninin çox az hissəsini işə salır, çünki bundan artığını işlətməyə lüzum yoxdu. Bu mifi çox vaxt psixiatrlar öz xeyirlərinə istifadə edirlər. Onlar intelektual güc nümayiş etdirərək adi insandan fərqli olduqlarını iddia edir.

Kişilər hər 7 saniyədən bir seks barədə düşünür?

Bu fikir çox geniş yayılıb. Amma onu sübuta yetirəcək elmi əsas yoxdur. Bu mifin müəllifi Alfred Kinzi sayıla bilər. O, müasir seksologiyanın banisidir. Hətta o da bu fikri bu dərəcədə qəti təsdiqləmirdi. Öz əsərlərindən birində Kinzi yazırdı ki, kişilərin 97 faizi seks haqqında gündə bir neçə dəfə düşünür. Əlbəttə, bu mövzuda sonsuzluğa qədər sübahisə etmək olar. Kişilər, yoxsa qadınlar bu barədə çox düşünür sualının başına milad yolkası kimi fırlanmaq da olar. Amma hər 7 saniyədən bir seks barədə düşünən kişini tapsaz mənə də göstərin. Onu paradokslar muzeyinə eksponat kimi qoyarıq və dəlisov ritmli həyatımızda, yem dalıyca qaçhaqaçda bu barədə intensiv düşünən bəxtəvərə həsədlə tamaşa edərik.
Müəllif: Gülnarə RƏFİQ

воскресенье, 3 января 2010 г.

Xəyanət

Belə bir statistika var: məhəbbətlə məşğul olarkən dünyasını dəyişmiş kişilərin 85 faizi bu vaxt arvadına xəyanət edirmiş. Hamı bilir ki, seks gözəl şeydi, insanlar bununla hər gün 120 milyon dəfə məşğul olur. Amma hamı da bilir ki, ailə konfliktlərin əsas səbəbi də seksdir. İndi anlaya bilmirəm ki, insanlar sekslə rahatcana, yəni pasportunda möhür, kəbin kağızı və sair atributlarla məşğul olmaqcün evlənir, yoxsa xəyanət eləməkçün. Maraqlıdır?


Alimlər deyir ki, məhəbbət zamanı insanın aldığı kimyəvi effekt valium narkotikinin təsirindən 20 dəfə çoxdur. Təbiətdə, məsələn erkək şir üçün heç bir məhdudiyyət yoxdu. Onun nə kəbin kağızı, nə də ailə qarşısında öhdəçiliyi var. O, gün ərzində 50 dəfə erkəkliyini sübut eləyə bilər. Amma yalnız müəyyən zamanda, yəni hormonları onu nigah rəqsini oynamağa vadar edən dövrdə və mütləq müxtəlif dişilərlə. Bəs niyə görəsən insanlar evlənməyə can atır. Üzük, xonça, cehiz, gəlinlik paltarı, toy, yengə…
Üstəlik bununçün elə maraqlı, qəribə, qeyri-adi üsullar fikirləşib tapırlar ki, gərək son dərəcə axmaq olasan ki, «yox» cavabını dilinə gətirəsən. Zaman keçdikcə insanlar deyəsən mazaxistcəsinə özlərinə zülm verməkdən ləzzət alaraq evlənmə mərasimini incəsənət növünə çeviriblər.
İranda qəbul edilib ki, evlənən gün bəyin bədənində bir dənə də tük olmamalıdı. Ona görə də toyqabağı qaçhaqaç zamanı daha bir problem olur. Bədənin epilyasiyası çox vaxt aparır, fikriniz üz qırxmağa getməsin. Hələ ağrını, zülmü demirəm.
Yava adasında taleyini birləşdirməyə can atan cavanlar adi, formal məsələlərdən savayı yerli administrasiyaya 25 siçovul quyruğu təqdim eləməlidirlər. Bir növ vergi kimi. Boşananların işi lap çətindi, onlar 40 siçovul quyruğu tapmasalar, azadlığı bir də qulaqlarının ardını görəndə dada bilərlər. Afrikada Makua nəslindən olan kişilər çox romantikdi. Onlar sevib-seçdiyi qızlara ağzında rəngli daşlar gətirirlər. Əgər qız daşı götürərsə, deməli onun nişanlısı olmağa razıdır.
Yeni Qvineyalı adaxlı nişanlısına 20 balıqqulağı, 20 cənnət quşunun dərisi, 20 donuz verməsə onu yaxına buraxan olmaz. Bu tərəflərdə donuz müqəddəs heyvan sayıldığından gəlinin başına fata əvəzinə donuzun mədəsinin tərzinə çevrilmiş dərisi salınır. (Qadın olmaq, hələ bir ərə getmək hər yerdə çətin imiş). Bədəvilərin toy yeməyi lap qəribə və xüsusilə çətindi. Qızardılmış dəvənin içində qızarmış qoyun olur. Qoyunun içi bişmiş quşlarla doldurulur. Quşların içinə balıq, balığın içində isə yumurtalar qoyulur. Bundan hansınınsa birinə gücün çatmasa evliliyi yuxularında görə bilərsən.
Yaponlar isə belə məsələlərdə də uzaqgörənlik və ağıl nümayiş edirlər. Təzə evlənənlərə içində iki xərçəng oturmuş bir zəmbil-bağlama bağışlanır. Bu xərçənglər vəfalılıq və sədaqət rəmzi hesab olunur. Çünki həmin zəmbilin içinə xərçənglər balaca ikən sürünüb girir və böyüdükdən sonra ömürlük olaraq orda qalırlar. Bir növ əl-ayağının ömürlük bağlanması kimi.
Nigeriyanın cənub-şərqindən olan adaxlılar nişanlısını götürməyə gələndə qızın qohumlarının arasından keçməlidir. Qohumlar isə əllərində dəyənəklə bəyin harasına gəldi kötəkləyirlər. Bu da bir növ dərsdi, ömürlük yadda qalması üçündü.
Hindistanın əyalətlərinin birində ikimərtəbəli rəqslər toy mərasiminin bir hissəsidir. 12 kişi bir birinin çiyninə dırmaşaraq 6 cütlük əmələ gətirir. Hər iki «mərtəbə» bir birindən yapışaraq səhərəcək yallı getməlidirlər. Yəqin bu da kimisə ömrü boyu dalında daşımağın simvoludur.
İsveçrədə isə əgər oğlan qızı rəqsdən sonra evə yola salandan sonra sevgisini izhar elçəyirsə qızın evində gecələyə bilər. Buna «elçilik gecəsi», yaxud «yoldaşlıq çarpayısı» deyirlər. Buralarda hər şey nə qədər sadəymiş.
Amma Albaniyada zifaf gecəsi cavanlara intim yaxınlıq qismət olmur. Çünki gəlin pis ruhların, kabusların başını aldadaraq çaşdırmaq üçün 3 cün, 3 gecə artıq «möhürlü» ərinə müqavimət göstərməlidir. Necə deyərlər abırlı qız statusunu da qorumalıdır.
Orta əsrlərdə ingilis kilsələrində adətən ağır bir sandıq dayanardı. Bu gənc qadınlar üçün çınaq olardı. Nişanlı qız statusuna namizəd olan sandığı bir əliylə qaldırmalıydı. Bu sınaqdan keçməyən qız evdar xanım olmağa layiq bilinmirdi. Çünki ev işlərinin öhdəsindən gəlməyə bilərdi. Bu səhnəni müşahidə eləmiş oğlan nigah müqaviləsini yerindəcə poza bilərdi.
Bax, belə zülmləri keçəndən sonra evlənmiş adam sonra ilk xəyanətini nə vaxt eləyir, niyə eləyir sualları Hamletin «olum, ya ölüm» dilemmasından betər məsələdi. Yeri gəlmiş, Honkonqda qadının xəyanətkar ərini öldürmək hüququ var, amma yalın əllərlə…


Müəllif: Gülnarə RƏFİQ