воскресенье, 14 марта 2010 г.

Azərbaycanda kütləvi zorlanmalar...

Son illər Azərbaycanda yaşanan anormal olaylardan biri də zorlanma hallarının artması, 9 milyonluq əhalisi olan ölkə üçün hətta kütləviləşən prosesə çevrilməsidir. Çox maraqlıdır, zorlanma faktı istənilən təbəqədə baş verir və silsilə halına düşür. Diqqət yetirin, gün ərzində ölkədə baş verən cinayət faktlarının sayı 20-30 rəqəmi ilə göstərilirsə, bunun ən azından 2-3-ü zorlanma ilə bağlı olur. Adi cəmiyyətdə bu rəqəm artıq həyəcan siqnalıdır. Araşdırmamıza görə, eyni proseslər ölkənin məhbəsxanalarında da baş verir. Ən nəhayət, bu cür dəhşətli fakt artıq Azərbaycanın ordu sistemində də müşahidə olunur. Gəlin, məsələyə ardıcıllıqla baxaq.

ŞƏHVƏTİN AÇIQ HÖKM SÜRDÜYÜ CƏMİYYƏTDƏ NİYƏ ZORLANMA?

Fakt budur ki, hazırda cəmiyyətdə ciddi əxlaq problemi yaşanır və demək olar, baş verənlər bu prosesi ilbəil daha da sürətləndirir. Sovetlər birliyi zamanında şəhvət hisslərinin oyanmasına səbəb olan məclislərdən tutmuş, ətraf mühitin təsirinə qədər bütün məqamlar gizli yaşanırdısa, bugünkü Azərbaycan cəmiyyətində hər şey, o cümlədən intim dünya da çılpaqlığı ilə ortadadır və belə nəticə çıxarmaq olar ki, əslində kompleksdən yarana biləcək zorlanma faktları azalmalıydı. Başqa cür desək, ətraf mühitin özü şəhvət psixologiyasından ibarətdirsə, intim ünsiyyətlər üçün daha əlverişli şərait yaranır və deməli, bununla da zor, xoşluq prinsipi ilə əvəzlənməlidir. Statistik rəqəmlər də göstərir ki, son 20 ildə baş verənlərin nəticəsində gənclərin intim həyatı, artıq 20-22 yaşından yox, hətta 15-16 yaşından etibarən başlayır. Bunun özü də ciddi faktdır ki, anormal zorlanma prosesi kütləviləşməsin.

Başqa bir psixoloji məqama da diqqət yetirək. Bu gün Azərbaycan əhalisində üstünlük qadınlar tərəfdədir. Sözsüz ki, say etibarı ilə. Bu fakt da mövzu ilə bağlı ciddi faktdır və məhz bu fakt da zorlanma tendensiyasını əslində zəiflətməlidir. Amma bunun əksini görürük. Səbəb? Səbəbi indi diqqətinizə çatdıracağıq. Amma növbəti bir təbəqəyə diqqət yetirəndən sonra...

ORDUDA ZORLANMA HALLARI NİYƏ YAŞANIR?

Son illərin acı gerçəkliklərindən biri də budur ki, bu hal artıq ordu sistemində də tez-tez müşahidə edilməkdədir. Deyə bilmərəm, dövri mətbuatda bu fakt təhrif olunaraq bu şəkildə ortaya çıxarılır, ya yox... Amma reallıq budur ki, son bir ildə orduda baş verən istənilən cinayət xarakterli olayın sonluğu məhz zorlanma faktına gəlib çıxır. Hətta Daşkəsəndəki hərbi hissədə baş verən son olayın da müəyyən epizodlarında zorlanma faktının olduğu bildirildi. Orduda belə hadisələrin tez-tez təkrarlanması isə ilk baxışdan nizam-intizamın olmaması, zabit heyətinin buna imkan yaratması ilə əlaqələndirilir. Amma əsl səbəbi bilmək daha maraqlı olar. Bu haqda da bir azdan...

MƏHBƏS HƏYATININ SƏRTLİYİ?

Son illər belə olaylar həm də Azərbaycanın həbsxanalarında tez-tez təkrarlanır. Əslində Sovetlər birliyi zamanında da həbsxanalarda belə olayların baş verdiyi bildirilirdi. Amma bu, məhbusların şəhvət hisslərini təmin etmələrinə görə yox, daha çox bir cəza növü olaraq - “oğru qanunlarına” görə baş verirdi. Başqa cür desək, məhbəsdə o adam zorlanırdı ki, özü zorlanma maddəsi ilə həbsə düşsün. Bu tamam başqa mövzudur və bunun kütləvi hal alması mümkünsüz idi. Bu gün isə deyəsən, çox şeylər dəyişib. İndi də gəlin, bütövlükdə bu olayın baş vermə səbəblərinə diqqət ayıraq.

ZORLANMA HALLARININ BAŞ VERMƏ SƏBƏBLƏRİNDƏ:

1-Cİ MƏQAM

Cəmiyyətdə şizofreniya xəstəliyinin total yayılması. Psixoloq Ziqmund Freyd bildirirdi ki, anadan doğulan istənilən insanda şizofreniya xəstəliyinin elementləri, ilkin mərhələləri olur. Və düşdüyü mühitə uyğun olaraq o bəzən inkişaf edir, bəzənsə közərən ocaqlar kimi sönür. Bəli... bu gün Azərbaycanda kütləvi psixoz vəziyyət yaranıb və nəticədə şizofreniyanın məntiqi nəticələrindən biri olan zorlama faktı kütləviləşir. Diqqət yetirin, baş verən zorlanma hadisələrinin özündə belə intim tələbatı ödəməkdən daha çox manyaklıq detalları görünür. Nəyə görə? Gəlin, zorlanma faktlarında iştirakçı tərəflərə baxaq. Sadəcə intim tələbat üçün baş verən zorlanma olaylarında 1) Yetkinlik yaşına çatmış gəncin digərini məcburən zorlanmaya məruz qoyması (adətən, hər iki tərəf bir-birini öncələr tanıyır və tərəflərdən biri digərini qəbul etmir); 2) Nisbətən yaşlı kişinin yetkinlik yaşına çatmış gənc xanımı zorlaması; 3) Bir-birini tanımayan orta yaşlı tərəflərin münasibəti (bu əslində daha xarakterik haldır və bu olayın kökündə natamamlıq kompleksi dayanır) ortaya çıxır. Bütün bunlar isə hardasa manyak yanaşmasından fərqli elementlərdir. Amma... Azərbaycanda son illər kütləvi hal alan zorlanmalarda tərəflərə diqqət yetirmək daha maraqlı olar. Diqqət yetirin, zorlanma prosesində əsasən ata övladına, qayınata gəlininə, müəllim şagirdinə, oğlanlar yetkinlik yaşına çatmayan oğlan və qız uşaqlarına, nəhayət, kişilər kişilərə təcavüz edirlər. Bu isə istənilən mərhələdə şəhvət marağından irəli gəlmir, sırf psixoloji pozuntunun ən yüksək həddi ilə bağlıdır. Deməli, problem fərdlərdə yox, yaranmış mühitdə və ətraf mühitin təsirindədir. Bu məqamın ciddiliyini nəzərə alıb bir sıra hadisələrin iştirakçıları ilə də söhbət apardıq. Və məlum oldu ki, əslində yaranmış sosial-iqtisadi problemlər səbəbindən kişilərin intim həvəsində ciddi geriləmələr var və bu öz növbəsində əhali artımına da ciddi təsir göstərir. Digər tərəfdən, səhiyyə işçiləri təsdiqləyirlər ki, bir tərəfdən doğum sayları azalıb, digər tərəfdən isə doğulan yeni körpələrin 80 faizində beyindaxili təzyiq olur. Bu isə valideynlərin səhhəti, psixoloji durumu ilə bilavasitə bağlıdır. Amma belə bir fikir də səslənir ki, məsələnin kökündə əsasən maddi çətinliklər durur. Əslində burda həqiqət var. Maddi geriləmələr, yaşayış səviyyəsinin aşağı düşməsi insan psixologiyasına ciddi təsir göstərir. Amma maddi çətinlik manyak baxışlarının formalaşmasına yox fahişəliyin artmasına, oğurluq hallarının çoxalmasına və intihar olaylarının kütləviləşməsinə təsir edir. Əgər maddi çətinliklər səbəbindən zorlanma halları artırsa, onda gərək Türkmənistan başda olmaqla əksər Orta Asiya ölkələrində zorlanma ən yüksək həddə çataydı. Çünki bu bölgədə cavan oğlan ailə qurmaq üçün tələb olunan pulu əldə edənədək illərlə işləməlidir. Buna görə yaranan psixoz durumu bununla da əlaqələndirmək olmaz. Belə olan təqdirdə əksər Avropa psixoloqlarının və Şərq filosoflarının yanaşmasına müraciət etmək daha uğurlu olar.

AZƏRBAYCANDA GENETİK SIRADAN ÇIXMA PROSESİ

Qərb psixoloqları hesab edirlər ki, formalaşan cəmiyyət insan resurslarının istifadəsini əngəlləyirsə, insan olaraq mənəvi və maddi tələbatını təmin edə bilmirsə və ümumiyyətlə, düşünmə əngəllərini yaşamaq zorunda qalırsa, son nəticədə bu zəncirvari şəkildə toplumun genetik kodlarında geriləmə yaradır. Nəticədə millət olaraq formalaşan toplum ibtidai mərhələyə keçid edir. Bu isə o deməkdir ki, həmin cəmiyyət sadəcə olaraq vərdişlərdən asılı duruma düşür. Vərdişlərin hökm etdiyi cəmiyyət isə anormal düşüncə sisteminə sahib olur. Məhz bu tip cəmiyyətlərdə manyaklıq hissləri təbii şəkildə üstünlük təşkil edir. Cəmiyyət daha çox zövq yox, intiqam hissinə bağlanır. Çox maraqlı haldır ki, bugünkü Azərbaycan cəmiyyətində olduğu kimi, manyak hissləri daha çox qorxaq cəmiyyətlərdə inkişaf edir. Misal olaraq orta əsrlər zamanındakı Şərqi Avropa ölkələrini yada salaq. Məhz Şərqi Avropa bu mərhələdə manyaklığın, insan əti ilə qidalanmanın mərkəzinə çevrilmişdi. Çünki bu regionun sakinləri, indi Azərbaycanda olduğu kimi, həmin dövrlərdə kütləvi halda psixoz halına gəlmişdi. Gördüyünüz kimi, Azərbaycanda bu gün eyni ssenari yaşanır. Və hesab etmək olar ki, sistemlər arasında anormal yol axtarışına çıxan cəmiyyət daha ağır proseslərlə üz-üzə qalacaq.

DƏYƏRLƏRİN LAXLAMASI...

Qərb filosoflarından fərqli olaraq Şərq psixoloqları bütün bunların səbəbini imansızlıqla, inamsızlıqda axtarırlar. Hətta “Quran” kitabına əsaslanaraq bildirirlər ki, inam və iman itən halda insanda vəhşi hisslər daha çox qabarır və bu tayfalar, ölkələr halında belə kütləviləşə bilir. Buna misal olaraq Lut tayfasının yaşadıqları göstərilir. Həqiqətən də bu gün Azərbaycanda tək zorlanmanın kütləvi hal alması yox, digər pis vərdişlərin sürətlə yayılması da faktdır. Bu da faktdır ki, hazırkı cəmiyyətimizdə insanların bir-birinə inamsızlığı, imansızlığı ciddi problemə çevrilib ki, bu da son nəticədə yalnız yaşamaq vərdişindən başqa digər hisslərin inkişafına maneçilik törədir. Psixoloqlar bəyan edirlər ki, ən qəddar manyak da heç vaxt ətrafına və iradəsizlik halına gələndə özünə belə inanmır. Bildirilir ki, manyak tək olduğunu düşünəndə ətrafa nifrəti daha çox artır və ən yaxşı halda özünün seçilmişlərdən olduğunu düşünür. Digər tərəfdən tək maddi problemlərə görə yox, psixoz duruma görə intihar edənləri də yaddan çıxarmaq olmaz. Hətta müxtəlif ölkələrdə sektalarda təmsil olunan gənclərin kütləvi intihar aktları həyata keçirdiklərinin də şahidi olmuşuq. Çünki onlar psixoloji baxımdan tək bir şeyə inanırlar. Onlar seçilmişlərdi... Yəqin ki, bu sətirləri oxuyan insanların bir çoxu ətraf mühitə inanmadığını özlüyündə təsdiqləyəcək, bir az düşünəndən sonra isə artıq özünə də şübhə ilə yanaşdığının şahidi olacaq. Çünki bizlər onlardan fərqlənmirik və eyni cəmiyyətdə yaşayırıq. Bax, indi problemin əsl səbəbini axtarmağa dəyər. Amma kənarda yox, elə özümüzdə...


MÜƏLLİF: Eldəniz ELGÜN

Комментариев нет:

Отправить комментарий