среда, 31 марта 2010 г.
Qadınların alçaldılmasında iş yerinin rolu
суббота, 20 марта 2010 г.
Erkən nikahların fəsadları
воскресенье, 14 марта 2010 г.
Azərbaycanda kütləvi zorlanmalar...
ŞƏHVƏTİN AÇIQ HÖKM SÜRDÜYÜ CƏMİYYƏTDƏ NİYƏ ZORLANMA?
Fakt budur ki, hazırda cəmiyyətdə ciddi əxlaq problemi yaşanır və demək olar, baş verənlər bu prosesi ilbəil daha da sürətləndirir. Sovetlər birliyi zamanında şəhvət hisslərinin oyanmasına səbəb olan məclislərdən tutmuş, ətraf mühitin təsirinə qədər bütün məqamlar gizli yaşanırdısa, bugünkü Azərbaycan cəmiyyətində hər şey, o cümlədən intim dünya da çılpaqlığı ilə ortadadır və belə nəticə çıxarmaq olar ki, əslində kompleksdən yarana biləcək zorlanma faktları azalmalıydı. Başqa cür desək, ətraf mühitin özü şəhvət psixologiyasından ibarətdirsə, intim ünsiyyətlər üçün daha əlverişli şərait yaranır və deməli, bununla da zor, xoşluq prinsipi ilə əvəzlənməlidir. Statistik rəqəmlər də göstərir ki, son 20 ildə baş verənlərin nəticəsində gənclərin intim həyatı, artıq 20-22 yaşından yox, hətta 15-16 yaşından etibarən başlayır. Bunun özü də ciddi faktdır ki, anormal zorlanma prosesi kütləviləşməsin.
Başqa bir psixoloji məqama da diqqət yetirək. Bu gün Azərbaycan əhalisində üstünlük qadınlar tərəfdədir. Sözsüz ki, say etibarı ilə. Bu fakt da mövzu ilə bağlı ciddi faktdır və məhz bu fakt da zorlanma tendensiyasını əslində zəiflətməlidir. Amma bunun əksini görürük. Səbəb? Səbəbi indi diqqətinizə çatdıracağıq. Amma növbəti bir təbəqəyə diqqət yetirəndən sonra...
ORDUDA ZORLANMA HALLARI NİYƏ YAŞANIR?
Son illərin acı gerçəkliklərindən biri də budur ki, bu hal artıq ordu sistemində də tez-tez müşahidə edilməkdədir. Deyə bilmərəm, dövri mətbuatda bu fakt təhrif olunaraq bu şəkildə ortaya çıxarılır, ya yox... Amma reallıq budur ki, son bir ildə orduda baş verən istənilən cinayət xarakterli olayın sonluğu məhz zorlanma faktına gəlib çıxır. Hətta Daşkəsəndəki hərbi hissədə baş verən son olayın da müəyyən epizodlarında zorlanma faktının olduğu bildirildi. Orduda belə hadisələrin tez-tez təkrarlanması isə ilk baxışdan nizam-intizamın olmaması, zabit heyətinin buna imkan yaratması ilə əlaqələndirilir. Amma əsl səbəbi bilmək daha maraqlı olar. Bu haqda da bir azdan...
MƏHBƏS HƏYATININ SƏRTLİYİ?
Son illər belə olaylar həm də Azərbaycanın həbsxanalarında tez-tez təkrarlanır. Əslində Sovetlər birliyi zamanında da həbsxanalarda belə olayların baş verdiyi bildirilirdi. Amma bu, məhbusların şəhvət hisslərini təmin etmələrinə görə yox, daha çox bir cəza növü olaraq - “oğru qanunlarına” görə baş verirdi. Başqa cür desək, məhbəsdə o adam zorlanırdı ki, özü zorlanma maddəsi ilə həbsə düşsün. Bu tamam başqa mövzudur və bunun kütləvi hal alması mümkünsüz idi. Bu gün isə deyəsən, çox şeylər dəyişib. İndi də gəlin, bütövlükdə bu olayın baş vermə səbəblərinə diqqət ayıraq.
ZORLANMA HALLARININ BAŞ VERMƏ SƏBƏBLƏRİNDƏ:
1-Cİ MƏQAM
Cəmiyyətdə şizofreniya xəstəliyinin total yayılması. Psixoloq Ziqmund Freyd bildirirdi ki, anadan doğulan istənilən insanda şizofreniya xəstəliyinin elementləri, ilkin mərhələləri olur. Və düşdüyü mühitə uyğun olaraq o bəzən inkişaf edir, bəzənsə közərən ocaqlar kimi sönür. Bəli... bu gün Azərbaycanda kütləvi psixoz vəziyyət yaranıb və nəticədə şizofreniyanın məntiqi nəticələrindən biri olan zorlama faktı kütləviləşir. Diqqət yetirin, baş verən zorlanma hadisələrinin özündə belə intim tələbatı ödəməkdən daha çox manyaklıq detalları görünür. Nəyə görə? Gəlin, zorlanma faktlarında iştirakçı tərəflərə baxaq. Sadəcə intim tələbat üçün baş verən zorlanma olaylarında 1) Yetkinlik yaşına çatmış gəncin digərini məcburən zorlanmaya məruz qoyması (adətən, hər iki tərəf bir-birini öncələr tanıyır və tərəflərdən biri digərini qəbul etmir); 2) Nisbətən yaşlı kişinin yetkinlik yaşına çatmış gənc xanımı zorlaması; 3) Bir-birini tanımayan orta yaşlı tərəflərin münasibəti (bu əslində daha xarakterik haldır və bu olayın kökündə natamamlıq kompleksi dayanır) ortaya çıxır. Bütün bunlar isə hardasa manyak yanaşmasından fərqli elementlərdir. Amma... Azərbaycanda son illər kütləvi hal alan zorlanmalarda tərəflərə diqqət yetirmək daha maraqlı olar. Diqqət yetirin, zorlanma prosesində əsasən ata övladına, qayınata gəlininə, müəllim şagirdinə, oğlanlar yetkinlik yaşına çatmayan oğlan və qız uşaqlarına, nəhayət, kişilər kişilərə təcavüz edirlər. Bu isə istənilən mərhələdə şəhvət marağından irəli gəlmir, sırf psixoloji pozuntunun ən yüksək həddi ilə bağlıdır. Deməli, problem fərdlərdə yox, yaranmış mühitdə və ətraf mühitin təsirindədir. Bu məqamın ciddiliyini nəzərə alıb bir sıra hadisələrin iştirakçıları ilə də söhbət apardıq. Və məlum oldu ki, əslində yaranmış sosial-iqtisadi problemlər səbəbindən kişilərin intim həvəsində ciddi geriləmələr var və bu öz növbəsində əhali artımına da ciddi təsir göstərir. Digər tərəfdən, səhiyyə işçiləri təsdiqləyirlər ki, bir tərəfdən doğum sayları azalıb, digər tərəfdən isə doğulan yeni körpələrin 80 faizində beyindaxili təzyiq olur. Bu isə valideynlərin səhhəti, psixoloji durumu ilə bilavasitə bağlıdır. Amma belə bir fikir də səslənir ki, məsələnin kökündə əsasən maddi çətinliklər durur. Əslində burda həqiqət var. Maddi geriləmələr, yaşayış səviyyəsinin aşağı düşməsi insan psixologiyasına ciddi təsir göstərir. Amma maddi çətinlik manyak baxışlarının formalaşmasına yox fahişəliyin artmasına, oğurluq hallarının çoxalmasına və intihar olaylarının kütləviləşməsinə təsir edir. Əgər maddi çətinliklər səbəbindən zorlanma halları artırsa, onda gərək Türkmənistan başda olmaqla əksər Orta Asiya ölkələrində zorlanma ən yüksək həddə çataydı. Çünki bu bölgədə cavan oğlan ailə qurmaq üçün tələb olunan pulu əldə edənədək illərlə işləməlidir. Buna görə yaranan psixoz durumu bununla da əlaqələndirmək olmaz. Belə olan təqdirdə əksər Avropa psixoloqlarının və Şərq filosoflarının yanaşmasına müraciət etmək daha uğurlu olar.
AZƏRBAYCANDA GENETİK SIRADAN ÇIXMA PROSESİ
Qərb psixoloqları hesab edirlər ki, formalaşan cəmiyyət insan resurslarının istifadəsini əngəlləyirsə, insan olaraq mənəvi və maddi tələbatını təmin edə bilmirsə və ümumiyyətlə, düşünmə əngəllərini yaşamaq zorunda qalırsa, son nəticədə bu zəncirvari şəkildə toplumun genetik kodlarında geriləmə yaradır. Nəticədə millət olaraq formalaşan toplum ibtidai mərhələyə keçid edir. Bu isə o deməkdir ki, həmin cəmiyyət sadəcə olaraq vərdişlərdən asılı duruma düşür. Vərdişlərin hökm etdiyi cəmiyyət isə anormal düşüncə sisteminə sahib olur. Məhz bu tip cəmiyyətlərdə manyaklıq hissləri təbii şəkildə üstünlük təşkil edir. Cəmiyyət daha çox zövq yox, intiqam hissinə bağlanır. Çox maraqlı haldır ki, bugünkü Azərbaycan cəmiyyətində olduğu kimi, manyak hissləri daha çox qorxaq cəmiyyətlərdə inkişaf edir. Misal olaraq orta əsrlər zamanındakı Şərqi Avropa ölkələrini yada salaq. Məhz Şərqi Avropa bu mərhələdə manyaklığın, insan əti ilə qidalanmanın mərkəzinə çevrilmişdi. Çünki bu regionun sakinləri, indi Azərbaycanda olduğu kimi, həmin dövrlərdə kütləvi halda psixoz halına gəlmişdi. Gördüyünüz kimi, Azərbaycanda bu gün eyni ssenari yaşanır. Və hesab etmək olar ki, sistemlər arasında anormal yol axtarışına çıxan cəmiyyət daha ağır proseslərlə üz-üzə qalacaq.
DƏYƏRLƏRİN LAXLAMASI...
Qərb filosoflarından fərqli olaraq Şərq psixoloqları bütün bunların səbəbini imansızlıqla, inamsızlıqda axtarırlar. Hətta “Quran” kitabına əsaslanaraq bildirirlər ki, inam və iman itən halda insanda vəhşi hisslər daha çox qabarır və bu tayfalar, ölkələr halında belə kütləviləşə bilir. Buna misal olaraq Lut tayfasının yaşadıqları göstərilir. Həqiqətən də bu gün Azərbaycanda tək zorlanmanın kütləvi hal alması yox, digər pis vərdişlərin sürətlə yayılması da faktdır. Bu da faktdır ki, hazırkı cəmiyyətimizdə insanların bir-birinə inamsızlığı, imansızlığı ciddi problemə çevrilib ki, bu da son nəticədə yalnız yaşamaq vərdişindən başqa digər hisslərin inkişafına maneçilik törədir. Psixoloqlar bəyan edirlər ki, ən qəddar manyak da heç vaxt ətrafına və iradəsizlik halına gələndə özünə belə inanmır. Bildirilir ki, manyak tək olduğunu düşünəndə ətrafa nifrəti daha çox artır və ən yaxşı halda özünün seçilmişlərdən olduğunu düşünür. Digər tərəfdən tək maddi problemlərə görə yox, psixoz duruma görə intihar edənləri də yaddan çıxarmaq olmaz. Hətta müxtəlif ölkələrdə sektalarda təmsil olunan gənclərin kütləvi intihar aktları həyata keçirdiklərinin də şahidi olmuşuq. Çünki onlar psixoloji baxımdan tək bir şeyə inanırlar. Onlar seçilmişlərdi... Yəqin ki, bu sətirləri oxuyan insanların bir çoxu ətraf mühitə inanmadığını özlüyündə təsdiqləyəcək, bir az düşünəndən sonra isə artıq özünə də şübhə ilə yanaşdığının şahidi olacaq. Çünki bizlər onlardan fərqlənmirik və eyni cəmiyyətdə yaşayırıq. Bax, indi problemin əsl səbəbini axtarmağa dəyər. Amma kənarda yox, elə özümüzdə...
MÜƏLLİF: Eldəniz ELGÜN
воскресенье, 7 марта 2010 г.
Çiçəklərin dili
Akasiya (Çəhrayı və ya qırmızı): Səni bəyənirəm
Akasiya (Ağ): Bizimki yoldaşlığı qorumaqla təmiz bir sevgidir
Akasiya (Sarı): Platonik eşq
Ananas: Sən qüsursuzsan
Ardıç: Səni qoruyacağam
Günəbaxan: Sənə tapınıram
Açelya (Hind): Gerçək budur ki, bu gün hər şey bitdi!
Badam: Eşqimizin uzun sürməsinə ümid edirəm.
Zəngçiçəyi: Eşqimizə sədaqətlə bağlıyam.
Çin gülü: Zərif və çox gözəlsən.
Novruzgülü: Fəsilin gözəlisən.
Alma: Etiraf etməliyəm ki, səni görüncə şeytana aldanmağım gəlir, bəs sənin?
Ərik: Sözümə sadiq qalacağam.
Fındıq: Barışmaq istəyirəm.
Fulya: Sevgilim geri dön.
Qardeniya: Gerçək eşqimsən.
Glayör (Beyaz): Dostluq.
Glayör (Qırmızı): İstək.
Glayör (Sarı): Qısqanclıq.
Gül (Ağ): Günahsızlıq.
Gül (Çəhrayı): Yoldaşımsan.
Gül (Qırmızı qızılgül): Səni sevirəm.
Gül qönçəsi (Qırmızı): Gənc və gözəlsən.
Bənövşə (Mavi): Sənə sadiq qalacağam.
Bənövşə (Bənövşəyi): Düşüncələrimi zəbt etdin.
İspaniya yasəməni: Məncə sən çox seksual, şəhvətlisən.
Kaktus: Eşqimiz üçün çətinliklərə dözməliyik.
Kamelya: Qüsursuz bir aşiqsən.
Qərənfil (tünd qırmızı): Ürəyimi qırdın.
Qərənfil (çəhrayı): Səni unutmayacağam.
Qərənfil (Sarı): Məni xəyal qırıqlığına uğratdın.
Xrizantema (Ağ): Mənə gerçəyi söylə.
Lalə (Qırmızı): Eşqimi etiraf etmək istəyirəm.
Lalə (Xallı): Gözlərin çox gözəl.
Yasəmən (Bənövşəyi): Sənə ilk baxışda aşiq oldum.
Mimoza: Çox küsəyənsən.
Nanə: Sənə qarşı içimdə isti hisslər bəsləyirəm.
Çobanyastığı: Məni sevirsən?
Portağal: Mən də səni sevirəm.
Sarmaşıq (Liana): Eşqimə sadiqəm.
Sidr yarpağı: Sənin üçün yaşayıram.
Süsən çiçəyi: Sənə bir xəbərim var.
Şaftalı: Səninəm.
Yasəmən: Cazibədarsan
Nərgiz: Seksualsan.
Zanbaq: Həmişə mehriban ol.
Zeytun: Barışaq?
вторник, 2 марта 2010 г.
Səfəvi və Osmanlı dövlətində mason izi
İSLAM DÜNYASI SARSIDILDI, XRİSTİANLIQ İSƏ MASON DÜNYASINA TABE ETDİRİLDİ…
2-Cİ YAZI
Ötən yazıda sizi Masonluğun strukturu və fəaliyyət forması ilə az da olsa tanış etdik. İndi isə Masonluğun Azərbaycandakı izlərinə diqqət yetirmək daha maraqlı olardı. Və daha dolğun təsəvvür yaratmaq üçün hətta 14-cü əsrdən bu yana baş verənlərə, o cümlədən Səfəvi dövlətinin formalaşması zamanına diqqət ayırmaq vacibdir. Düzdür, müasir dövrdə Azərbaycan-Mason münasibətlərinə də aydınlıq gətirəcəyik. Amma öncə Masonluğun bu regionda maraqlarının formalaşması mərhələsinə diqqət yetirək. Şərq Masonluq üçün itirilmiş və geri qaytarılması səbirsizliklə gözlənilən bir ərazidir. Masonluğun özü üçün en böyük qüsuru, yaranışı ilə Mason düşüncələrini Şərqdən Qərbə aparmasıdır. Çünki formalaşma tarixinin ikinci mərhələsini Qərbə yönəldən Masonlar bununla Şərqdə yenidən güc yığan toplumu nəzarətdən kənarda saxladığını düşünüb. Məhz buna görə Masonçuluğun Şərqə ikinci yürüşü konkret hədəf müəyyənləşdirməklə baş verdi. Masonluq üçün Şərqdə artıq İslamdan da qat-qat ciddi problem türk dövlətlərinin formalaşması idi. Artıq Masonlar Şərqdə Osmanlı imperiyası ilə Səfəvi dövlətini görmək zorunda qalmışdı. Əslində Səfəvilərdən öncə də Masonlar türk dövlətləri ilə ciddi maraqlanmaqda və bir sıra əlaqələr qurmaqda idilər. Çünki xristian dünyasının Qərb hökmranlığını çökdürməyə başladığı ərəfədə İslama sahiblənən türk dövlətlərinin də Qərbə marağı masonluğun planlarını alt-üst edirdi.
MASON-XRİSTİAN İTTİFAQININ İLK MƏQAMI...
Artıq Avropa Osmanlı və Səfəvi dövlətlərinin hər an xristian dünyasına son qoyacağı günü gözləməkdə idi. Osmanlı imperiyası Avropanın tək sahibi olmaq iddiasını bir an da olsa gizlətmirdi, Səfəvi dövləti isə ərazilərində gücünü bərpa etməklə yanaşı, yeni istilalar haqqında planlar cızmaqda idi. Məhz bu dövrdə Vyana beyin mərkəzinə çevrilməyə başlamışdı. Mason hərəkatı artıq Vatikanı fakt qarşısında saxlamışdı. Çünki Vatikan Masonluğu lənətləmişdi və Avropanın bədbəxtliyinin səbəbini, xristianlığın əhatə dairəsini genişləndirə bilməməsi səbəbini Masonlarda görürdü. Çox maraqlı idi ki, həmin dövrdə Avropada işıqlı insanların əksəriyyətində Masonluğa bir həvəs vardı ki, bu da gizli təşkilatın inkişafına şərait yaradırdı. Və belə bir ərəfədə türklər qapının ağzını kəsmişdilər və İslam bayrağını Vatikana sancmağa hər an hazır idilər. Daha ciddi problemlər yaşayacağını görən Vyana şəraitdən bəhrələnmək fürsətini əldən buraxmadı. Əslində Vyana xristian-mason ittifaqını Vatikansız formalaşdıran bir mərkəz idi və indi bunu reallaşdırmaq niyyətində idi. Vatikan düşdüyü vəziyyətdə başqa yol tapa bilməzdi və bir neçə şərtlə Masonla əməkdaşlığa rəvac verdi. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrlərdə Vatikan ümumilikdə hadisələrə təsir etmək imkanlarının böyük bir hissəsini itirmişdi. Həmin dövrlərdə təşəbbüs Portuqaliya- Fransa və Vyana arasında bölüşdürülmüşdü. Məhz bu zamanlarda Masonların ən böyük istəklərindən biri də xristianlığın mərkəzi kimi Fransanı görmək istəkləri idi. Çünki Fransa kralları Masonların inkişafını zərərli saymamışdılar və Fransa kral saraylarının demək olar kı, əksər zamanlarda xəzinədarlıq işləri Masonların nəzarətində olub. Hətta Fransa krallarının maddi baxımdan Masonlardan asılı durumda olduqları faktlarla sübut olunub. Bütün bunlar isə istənilən halda Vatikan üçün arzuolunmaz şəraitin yaranması demək idi. Yuxarıda da göstərdiyimiz kimi bunları nəzərə alan Vatikan Masonlarla təxmini bilgilərə görə aşağıdakı şərtlərlə iş birliyinə getdi:
1. Masonlar Vatikan ərazisində fəaliyyət göstərməyəcəklər (Halbuki, gizli şəkildə də olsa, artıq bir neçə mason hətta kardinal rütbəsi ilə Vatikanda nüfuz sahibinə çüvrilmişdi).
2. Qərbdə xristianlığın inkişafına əngəl törətməyəcəklər.
3. Qərbdə siyasi və ticari fəaliyyətlə məşğul olsalar da, dini missionerliklə məşğul olmayacaqlar.
4. Xristianlığın Şərqə yenidən yürüş etməsinə nəinki əngəl törətməyəcəklər, hətta maddi dəstək də verəcəklər.
Məhz bu razılaşmalardan sonra Vyana mərkəz olaraq Şərq planının həyata keçirilməsi və yaranmış iki türk dövlətinə, Səfəvi və Osmanlı dövlətlərinin Qərbə yürüşünü durdurmağa başladılar.
MASONLUĞUN TƏHLÜKƏ HESAB ETDİYİ SƏFƏVİ VƏ OSMANLI DÖVLƏTLƏRİNDƏKİ BOŞLUQLAR...
QANUN ŞAHDI...
Osmanlı imperiyasına daxil olmaq Masonlar üçün çətin olmadı. Çünki hakimiyyətdə olan Sültan Səlim qanunlarla idarəetmənin tərəfdarı idi və Masonlar bundan istifadə etməklə sarayda təsiretmə imkanlarını genişləndirirdilər. Digər tərəfdən, Sultan Səlimdə Qərb mədəniyyətinə maraqlı bir yanaşma vardi ki, bundan da istifadə olundu. Amma bütün bunlar Sultan Səlimin Qərbin hökmdarı olmaq istəyinə əngəl yaratmırdı. Çox maraqlı idi ki, bütövlükdə Qərb dünyası Sultan Səlim təhlükəsindən günlərini sayırdısa, bir qrup Sulat Səlimin Qərbi işğal etməsinə hətta hərbi sursatla da kömək göstərirdi. Bu proses o zamana qədər davam etmişdi ki, türk qoşunları artıq Vyananın darvazaları ağzında idi. Amma bu müddətə qədər Osmanlı sarayındakı mason tərəfdarları Sultan Səlimin diqqətini həm də Şərqə yönəldə bilmişdilər. Amma bu haqda sonra...
RUHİ HÖKMDARLIQ - SƏFƏVİLİK...
Səfəvilik Mason dünyası tərəfindən qəbul olunmayan bir dövlət idi və bir sıra mənbələr bunun tam əksini göstərərək, əslində Səfəvilərin Masonlarla ciddi əlaqədə olduğunu bildirirlər. Amma əsl həqiqətdə Masonlar Səfəvi dövlətini, Qızılbaşlıq ideyasını Masonluğun alternativi kimi görürdülər. Məhz buna görə də Şah İsmayıl Xətaiyə yanaşmada iki prinsipdən istifadə olunurdu:
1. Səfəvi dövlətinin idarə olunmayacaq həddə qədər böyüməsi və Şərq dövlətləri üçün təhlükəyə çevrilməsinə nail olmaq.
2. Qızılbaşlıq ideologiyasının məhv edilməsini təmin etməklə dairəni qapatmaq.
Bunun üçün Mason birliyi Səfəvi dövləti ilə sıx münasibətlərə start verdilər. Ən maraqlısı isə bu idi ki, Səfəvi dövləti gücləndikcə Osmanlı sarayında Xətai əleyhdarlarının sayı artırdı.
SƏFƏVİLİKDƏ MASON İZLƏRİ...
Səfəvi dövləti ilə Osmanlı imperiyasının üz-üzə gəlməsinə artıq şübhə yox idi. Elə buna görə də bir tərəfdən Osmanlı imperiyası Qərb elçiləri ilə dolur, digər tərəfdən Səfəvilərin həm daxildən ruhən sarsıldılması, həm də Osmanlı düşmənçiliyini yaratmaq üçün hərbi dəstək vermə təklifləri artırdı. Əslində Masonlar üçün Qızılbaşlıq ideologiyası çox zərərli bir ideologiya hesab olunurdu və bu prinsipin sıradan çıxarılması üçün ciddi işlər də görülürdü.
İLK YANLIŞLIQ
Səfəvi nəzəriyyəsi isə artıq dövlətçilik prinsipini gücləndirmək üçün ilk yanlış addımını atmışdı. Dünənə qədər qızılbaşlıq ozan-dərviş sirri ilə zəngin Şeyx sistemi ilə pərçimlənmişdisə, dövlət sərhədlərinin genişlənməsi üçün artıq Qızılbaşlıq təriqətçiliyə çevrilirdi. Məhz şiəliyin dövlət ideologiyası olaraq hətta qızılbaşlığın özündən irəli çıxması Mason dünyasının türk dünyasında ilk uğuru oldu. Səfəviliyin ilk anlarında qızılbaşlıq, Tanrıçılığa söykənəkli İslamdan öncə də mövcud olan bir sistem kimi qəbul olunurdusa, növbəti mərhələlərdə qızılbaşlıq şiə bayrağı ilə əvəzləndi. Ozan-dərviş dünyası öz sirlərini içində qorumaqla , praktik təriqətçiliklə əvəzləndi. Çox maraqlıdır ki, qızılbaşlıq fəlsəfəsi bu gün də Masonların maraq dairəsində olan fəlsəfədir və bu qapalı dairədən hələ də içəri daxil ola bilmirlər.
İKİNCİ YANLIŞLIQ
Əslində Masonların ikinci uğuru Səfəvi dövlətində yaşayan bir toplumu ələ keçirmələri oldu. Səfəvilər Qızılbaşlığı ruhən şiəliklə əvəzləməklə türk toplumunun parçalanmasına imkan yaratdılar. Osmanlı imperiyası bu yanlışlığın hikkəsindən növbəti yanlış addım atdı və Qızılbaşlığı kafir əməli saydı. Beləcə, bir yanlışlıq növbəti yanlışlığa imkan tanıdı.
Bir sözlə, masonlar yaranmış fürsətdən bəhrələnə bildilər. Səfəvi dövlətində farsların imkanlarından yararlanan Masonlar hakimiyyətin sosial bazası olaraq farslara imkan tanıdılar. Beləcə, fars təfəkküründən daima kənarda olan Qızılbaşlıq fəlsəfəsi ilk mərhələdə şiəliklə əvəzləndi, ikinci mərhələdə isə saraydan qovulan fars toplumu Qızılbaşlıq bayrağının daşıyıcılarına çevrilməyə başladılar. Bununla da bir tərəfdən Qızılbaşlıq fəlsəfəsinin özü zədələndi, ikinci tərəfdən bu sistemdə fars təsiri yenidən yaranmağa başladı. Nəticədə Osmanlı sarayındakı mason əyanlarla Səfəvi hökmdarlığındakı fars toplumu masonluğun silahına çevrildi.
MASONLUĞUN ŞAH ƏSƏRİ...
Beləliklə, əslində Mason bayrağının altına salınan Şah İsmayıl Xətai və Sultan Səlim bilmədən Mason dünyasının ən ciddi planlarını həyata keçirdilər. Çaldıran döyüşü isə bu planın ana xəttinə çevrildi. Amma məsələ bununla tamamlanmadı. Şah İsmayıl Xətaidən sonra hakimiyyətə gələn Təhmasib şahla Sultan Səlim yenə bu savaşın davamçılarına çevrildilər. Çox maraqlıdır ki, hər iki hökmdar yenə də Qərbə baxa-baxa bir-birinin ərazisinə yürüş təşkil etdilər. Acınacaqlı hal isə budur ki, Səfəvi dövləti Osmanlı İmperiyasını diz çökdürmək üçün Vyanadan, Osmanlı İmperiyası isə Fransadan hərbi ləvazimat almağa başlamışdı. Beləcə, gücləndirilən türk dövlətləri bir-birinin üzərinə saldırılmaqla acı bir tarix yazmağa məcbur edildilər.
SON
Məhz iki türk dövlətinin üz-üzə gəlməsi və Qərbin rahat nəfəs alması mason təşkilatının ən böyük uğuru sayıldı və bununla da Qərb dünyası və xristianlıq Masonluğun əsarətinə düşdü. Həmin zamanlar Vyana kardinalı yazırdı: “İslamı sarsıtmaq üçün hər kəslə əməkdaşlıq etməyə dəyərdi. Və bunu bilməliyik ki, İslamın bayrağı türklərin əlindən çıxarsa, xristianlıq üçün heç bir təhlükə qalmayacaq”. Bu elə belə də oldu. Türk dünyası diz çökdürüldü, xristianlıq hegemon din olaraq Avropada nüfuz sahibinə çevrildi. Amma bu üzdə görünənlər oldu. Alt qatda isə İslam dini küncə sıxışdırılsa da, xristianlıqda yüz illər ərzində Mason təşkilatı tərəfindən aparılan siyasət nəticəsində əsl mahiyyətindən kənarlaşdırıldı. Bu isə Mason birliyinə dünyanı yenidən bölüşdürməyə imkan yaratdı. Belə bir bölgü Mason təşkilatı tərəfindən bir də 1918-ci illərdə həyata keçirildi. Bu savaşda da Masonlar qalib oldu. Həm də 1918-ci ildən etibarən Masonlar Azərbaycanla bağlı planlarını daha da təkmilləşdirdilər...
MÜƏLLİF: Eldəniz ELGÜN