вторник, 28 сентября 2010 г.

Xeyanətə aparan yol

Əgər sənə xəyanət ediblərsə, buna görə özünü 9-cu mərtəbədən atmaq istəyirsənsə, xatırla ki, sənin qanadların yox, buynuzların var.
Xəyanət - qəribə həyat hadisəsidir. Bir tərəfdən ətrafımızda o qədər xəyanətlər görürük ki, bəzən o, adiləşir, hətta gündəlik ailə işinə çevrilir. Başqa bir tərəfdən isə şəxsən öz həyatında yaxın insanın xəyanətini yaşamalı olursansa, bütün dünya alt-üst olur. Elə bil ki, bundan sonra heç nəyi bərpa eləmək, heç nəyi yerinə qaytarmaq mümkün olmayacaq. Etiraf eləməliyik ki, bu gün böyük şəhərdə yaşayan insan üçün həyat yoldaşından başqa 2-3 partnyor taparaq yaşamaq bir nəfərlə ömrü boyu yaşamaqdan daha rahatdı. Bütün sevgilərin sonu ütülənməmiş köynəyə və təmirə ehtiyacı olan su kranına dirənir. İkilikdə tənhalıq bundan sonra başlayır. İnsanlar xəyanətlərlə nə qədər mübarizə eləsələr də bu, indiyəcən bəşəriyyətin ən sevimli gunahı olaraq qalır. Şəhərlərdə kişi xəyanətlərin faizi bəzən 70-i adlayır. Qadınlarda bu rəqəm 40 faiz ətrafındadır.
Kişini xəyanətə təhrik eləməkçün ona ərə getmək kifayətdir. (Yoji Vittlin)
Kişi, yaxud qadın xəyanəti olsun, fərq eləməz, bu baş verərsə ruhi sarsıntılarına baxmayaraq hər kəs tez-tələsik situasiyadan baş açmağa çalışacaq ki, ardını necə yaşayacağını dəqiqləşdirə bilsin. Amma psixoloqlar bunu məsləhət bilmir. Sakitləşib xəyanəti doğuran səbəbləri tapmaq lazımdır. Səbəblər isə çoxdur. Məsələn: Xəyanət sönmüş hisslərin nəticəsidir. Ola bilər ki, yoldaşınızın bunu etiraf eləməyə cəsarəti çatmayıb. Xəyanət münasibətlərdəki problemlərdən xəbər verir. Ola bilər ki, yoldaşınız ayrılmaq yox, əksinə sevgisini qaytarıb yaranan soyuqluğu aradan götürməkçün cəhdlər eləyir. Bunun klassik nümunəsi – ər hiss eləyir ki, qadını ondan soyuyub. Onda öz katibəsinə qarşı qəfil hisslər oyanır. Yəni ki, arvadına irad tutmaq əvəzinə problemi bu yolla həll etmək istəyir. Ona görə də psixoloqlar deyir ki, bəzən xəyanət ailədə münasibətləri tənzimləyən yaxşı vasitə də ola bilir. Ola bilər ki, sonralar bu ailə ərin ayağının sürüşməsini yaxşıca dərs kimi yada salıb güləcək də. Bəzən insan xəyanəti vasitəsiylə özünün inamsızlığını ört-basdır edir. Özünə süper kişi, ya da super qadın olduğunu, qəlblərin «hakimi» ola biləcəyini hər dəfə xəyanət etməklə təsdiqləməli olur. Amma bu yolla özündə əminlik yaratmaq, özünə zülm verməkdi. Cəmiyyətdə belə bir deyim var ki, əsil kişinin guya ki, arvadından başqa heç olmasa bir məşuqəsi olmalıdır. Bu steriotipi adlaya bilməyənlər xəyanət toruna düşürlər. Xəyanətlə üzbə-üz qalanda hamı bilir ki, bu bir nəfərin problemi deyil. Xəyanət dünyanın axırı, hətta münasibətlərin sonu da deyil. Bu, sadəcə siqnaldır.
«Mən kişiyəm, mənə olar!»
Kişi xəyanəti barədə o qədər deyilib və o qədər yazılıb ki, bunun həcmini yalnız tənhalıqda göz yaşları içində keçirən qadınların sayı ilə ifadə eləmək olar. Xəyanətlə üzləşəndə ən birinci beyninə gələn sual bu olur: Axı nəyə görə? Bəziləri təkid eləyir ki, kişi xəyanətini anlamaqçün kişi olmalısan. Kişilərin poliqamiyaya və fasiləsiz nəsil vermə instinktinə arxalanmaq ən çox yayılmış fikirlərdən və izah etməyin ən rahat yollardan biridir. Statistika dəhşətli rəqəmlər deyir: 70 faiz. Kim qarantiya verə bilər ki, sən ayağı sürüşməyən fantastik ərə malik olar 30 faizin içindəsən? Öz aramızdı, kişilərin içində xəyanəti izah eləməyə çalışmaqçün beynini işlətməyə təmbəllik eləyən tiplər də az deyil. «Cəmi bir dəfə olub e…» - deyib canını qurtarmaq istəyənləri nəzərdə tuturam. Belə ekzemplyarlar davranışında kriminal görmür və xanımının həyəcanını, eləcə də göz yaşlarını axmaqlıq kimi qiymətləndirir. Söhbət uzansa deyəcək ki, «Mən kişiyəm, mənə olar!»
Mənim arvadım deyir ki, məzuniyyətdə olarkən nə etdiyimin fərqində deyil. Amma bir şərtlə, əgər bu mənə xüsusi ləzzət vermirsə. (Li Trevino)
Ağlasığan dərəcədə azadlıq hər kəsin hüqüqüdür. Bunsuz ailədə hec cür mümkün deyil. Təzəcə tanış olduğumuz mərhələdə yoldaşımızı olduğu kimi qəbul edirik. Amma sonra istilaçılıq instinklərimiz baş qaldırır deyən sevimli insanın nəinki ürəyinə, hətta udduğu havaya da iddialar irəli sürürük. Bu məqamda əsil məhəbbət haqqında ən absurd xülyalar yaranır ki, onların heç biri əsil həyatın qarşısında davam gətirmir. Pasportda möhür insanın bədəninə tam hüquq vermir. Elə bil ki, bu möhürdən qaçmaq mümkün deyil və o ömrü boyu səni sevməyə «borcludur». Qadın xəyanətin üstünü açmaqçün ərinə bir dəfə baxsa kifayətdi. Neçə minilliklərdi ki, qadın kişidən maddi asılılıqdadır. Ona görə də qadınlar kişinin ürəyinə aparan bütün yolları və cığırları da yaxşıca öyrəniblər. Ocağının və uşaqlarının hüqüqünü müdafiə edən bir insan kimi kişini evdən qırağa buraxan qadın maddi stabilliyini itirir. Ailə planlaşdırma mərkəzlərinin psixoloqları təsdiqləyər, xəyanət olmasaydı, ailələr bir-iki ilin içində dağılardı. Bəziləri üçün xəyanət tualetə növbəti dəfə səfər eləmək kimi bir şeydir. Belələri üçün deyilir ki, ailəyə yaramır. Onların üstündən bir xətt çəkdik. Psixoloqlar deyir ki, ailədə üç dəfə böhran keçirilir və məhz bu dövrlərdə evlilərin ayağı sürüşür. Birinci dəfə 2 il keçmiş sevgi bitəndə, ikinci dəfə 7 il ərəfəsində ürəkləri şübhələr yeyəndə və sonuncu dəfə qocalığın ilk əlamətləri gözə girəndə. Bu kişilərin 50 yaş ərəfəsində çox müşahidə edliir. Uşaqlar böyüyüb, şəxsi həyat əvvəlki kimi yoxdur…
AIDS və Hepatit C bir flakonda
Təbiətdə daimi mühərrik olmadığını qəbul etdiyimiz kimi əbədi məhəbbətin olmadığını da anlamalıyıq. Eksperiment elə, ona de ki, «Sən azadsan! Əgər mənsiz daha yaxşıdırsa get». Adətən kişilər bu azadlığın özündən o qədər hürkür ki, zülmlə əldə elədiyi məşuqəsini o saat ataraq evə qaçırlar. Çünki stabilliyini itrmək istəmirlər. Görürsən ki, kişinin qıraqda məşuqəsi var, onlar bir il, bəlkə də artıq 10 ildir ki, görüşür. Amma kişi arvadını atmaq barədə heç düşünmür. Mahiyyət etibariylə kişilər çox konservativdir. Onlar stabilliyi itirməkdən, əl altında olanı dəyişdirməkdən çəkinir. O hətta bu barədə düşünməkdən qorxur. Xəyanət yaşanıbsa, ruhdan düşmək də lazım deyil. Kənardan kişi evə topladığı maraqlı seksual təcrübə gətirə bilər. Əlbəttə bunun üstündə zöhrəvi xəstəliklək çələngi olmasa. Laroşfuko deyir ki, «İnsanlar bir birini sevməyəndə ayrılmaq üçün bəhanə tapa bilmirlər».
Sənə xəyanət ediblərsə, bunun neçənci dəfə olduğunu soruşma, yoxsa həqiqətən heyrətlənə bilərsən
Soruşa bilərsiz: Xəyanət artıq baş verib, bəs neynəyək? Bu ən çətin və həlledilməz suallardan biridir. Səhnənin əsəb, qışqırıq, ürəkkeçmə, dava, savaş və sair bu tipli labüd hissələrin buraxaq və soyuq başla düşünək. Əlbəttə ailə yuvasındı atmosfer sənin sevimli bir dənəciyinin bu yuvaya qayıtmaq arzusundan çox asılıdır. Özü də vaxtı-vaxtında! Bu yuvada davalar tez-tez olarsa kim oraya qayıtmaq istəyər? Heç olmasa yuvadakı sabitlik naminə arabir «yaxşı qız» rolunu oynamaq da olar. Yoxsa qaçacaq, vallah qaçacaq. Ətrafda o qədər gözəl yuvalar var ki…
Sən elə bilirsən ki, o, bir balaca kökəlib qarın bağlayıbsa, saçı tökülübsə səndən başqa heç kimə lazım olmayacaq? Kişinin poliqamiyaya meyli onun istilaçı instinkti ilə əlaqədardır. Birisini fəth eləyəndən sonra başqa «zirvə»lərə can atır. Elə bilirsən ki, «retro» üslubunda enli ev şalvarı, yorğun üzü və yuxulu gözləri olan «zirvə»yə dırmaşmağı o, ömrü boyu arzulayacaq? Nəhayət, «bikini» deyilən sehrli çubuq kimi işləyən bir vasitə də var, unutma! Kişilərimiz subaylıqdan əl çəksələr də, sultanlıqdan ən çəkmirlər. Bir yerdə qalmaq istəyirsizsə, mütləq onu bağışlamalı olacaqsız. Ürəkdən bütün kin-küdurti silərək, heç nə olmamış kimi davranaraq, az keçmiş başına qaxmadan bağışlamalı və unutmalı. Belə situasiyalarda qadın özünü nə qədər təmkinli aparsa, bir o qədər də udur. Axı qarşıda onu tanımadığı qadınla rəqabət gözləyir. Saç düzümünü dəyişmək, geyimdə inqilab, arıqlamaq, tanışlıq dairəsini artırmaq kimi güclü silahları var. Belə məqamlarda güllü önlüyün çiçəkləri, hətta pəncərədəki dibçək gülləri də kara gəlmir, nə qədər gözəl olsalar da. Kişidən gül çələnci gözləməkdənsə, çiçəkləri döşəkağıya köçürün. Tərs kimi kişilər də gözləriylə sevir.
Qadın o qədər qəribə məxluqdur ki, sənə xəyanət eləməmişdən bir neçə gün əvvəl artıq sənə yazığı gəlir (Kornel Makuşinski)
Artan xəyanətlər arasında qadın xəyanətləri də xüsusi sürətlə irəliləyir. Kesmişdə bu barədə nəinki yazsaydıq, hətta danışsaydıq bizi milli mentaliteti təhqir etməkdə suçlayardılar. Amma inanmıram ki, «qadınlar da xəyanət edir» ittihamının qarşısında kimsə mübahisəyə girişər. Qadın və kişi seksuallığı bir-birindən çox fərqlidir. Kişilər obyekti sevdi ya yox, fərq etməz, onu istəyə bilir. Yəni jurnalın üz qabığındakı çılpaq qadın şəklinə baxan kişi onu arzulayar. Amma qadınlara sevgi və hisslər daha çox lazımdı, seks isə bunu tamamlayan bir nüansdır. Ona görə də qadınlar üçün «Pleyboy» jurnalı elə də aktual olmadı. Kişiylə yaxınlıqdan əvvəl qadın onu tanımaq istəyir. Ailədən qıraqda da qadın sevgi axtarır. Belə situasiya daha mürəkkəbdir. Qadın xəyanəti mövzusunda sensasiya 5-6 il əvvəl kütləvi genetik tədqiqatlar yayılandan başlayıb. Robin Beyker adlı alim elektronika ilə silahlanmış qrupu ilə 30-40 yaş arası ingilis xanımlarını tədqiq edərkən ortaya sıxarıb ki, onlardan 11 faizi (9 uşaqdan biri) qanuni atasının övladı deyil. Maraqlıdır ki, qadınlardan əksəriyyəti bundan xəbərsiz idi. Bu qadınlardan bəziləri hipnoz altına salınmağa icazə verdi və məlum oldu ki, uşağın atası tanımadığı, hətta adını xatırlamadığı bir təsadüfi şəxsdir. Alim əmindir ki, qadınlarda vəfasızlıq geni adlandırılmış bir gen var. Bu gen qadının uşaq doğmağa hazır olduğu dövrlərdə aktivləşir və onu «yoldan çıxarır». Kişilərin qulağına pıçıldayım ki, xoşbəxtlikdən belə günlər çox az olur və nəzarətdə saxlana bilər. Tədqiqatın nəticələrinin açıqlanması 200 boşanmaya səbəb oldu. Minlərlə ingilis və amerikalı öz uşağını genetik müaniyə apardı. Elə bilməyin ki, bütün dünya durub qadın xəyanətinə sakitcəsinə tamaşa eləyir. Döyülənlərin, öldürülənlərin, itkin düşənlərin sayının artması da deyilənlərə sübutdur. 1750-ci ildə tarixə girmiş Babilistan çarının imzaladığı sənədə görə xəyanətkar qadın məşuqu ilə birgə öldürülməlidir. Şimali Birmada qız uşaqlarına körpəliyindən boynuna halqalar keçirilir. Bu halqalar boynu uzatdığından başı müstəqil saxlamaq olmur. Xəyanət ortaya çıxan kimi qadının halqalarını çıxarırlar. O da boynunun sınığından ölür, ya da şikəst qalır. Yeni Qvineyada aldadılmış ər arvadının məşuqunu öldürməmişdən əvvəl ona arvadının kəsilmiş barmağını yedizdirərmiş. Sonra sivilizasiya artdıqca insanlar da maraqsızlaşdı. İndi xəyanətkar cərimə, ya da az müddətə həbslə canını qurtara bilər. Xəyanətə görə Cənubi Kopeyada, İndoneziyada, Amerikanın Minnesot ştatında türməyə indi də düşmək olar. İngiltərədə isə aldadılmış ər arvadından iri məbləğdə pul qopara bilər. Belə qayda Bolqariyada da var. İsveçrədə isə xəyanətkarlardan pul almasalar da onun 3 il ərzində evlənməsinə qadağa qoya bilərlər. Xəyanətə görə cinayət məcəlləsini rəsmi olaraq 1964-cü ildə Haaqada Cinayət hüququnun Beynəlxalq konqresində ləğv ediblər.
Virtual xəyanətlər
Müasir texnikanın inkişafı və kompüterlərin evlərimizi zəbtindən sonra xəyanətin daha bir növü də meydana çıxıb. Deyirlər ki, indi evli kişi və qadınların əksəriyyəti virtual xəyanətlə məşğuldur. Müxtəlif çatlar və intim əyləncələrə meyl göstərirlər. Adətən internetdə gəzişməyi sevənlər bunu xəyanət saymır. Amma onların həyat yoldaşları xəbər tutanda hətta kontakt olmayıbsa belə özlərini aldadılmış hiss edir. Kiberseksin inkişafından sonra artıq cizli görüşlərə, çirkli ucuz otellərdə otaq tutub görüşməyə ehtiyac olmur. Hətta ər, yaxud arvadınla bir otaqda olanda da virtual xəyanət etmək imkanı olur. Bir azdan internet ən böyük xəyanətlər meydanı olacaq.
Xəyanətdə qadın yaxşısını, kişi yenisini axtarır (Morin Merfi)
Bizdə tənhalıq qorxusu bəlkə də milli fəlakətlərdən biridir. Vaxtı keçib deyən kimə gəldi ərə getmək istəyi də bəlkə də burdan yaranır. Hərdən mənə elə gəlir ki, evdə qalmış qızlarımız gələcəkdə olacaq, hələ yaşanmamaış xəyanətləri gözlərinin qarşısına gətirib ərə getməkdən çəkinirlər. Axı bütün cəmiyyət onları ittiham edəcək ki, yaxşı olsaydın kişi gəzməzdi. Yaşlı qadınlarsa yol göstərmək əvəzinə «kişidir, ona olar» deyəcək. Qızlarımız da tənha gecələrini, göz yaşları və uşağını tək böyütmək qorxusunu gözünün qarşısına gətirib ərə getmək fikrindən daşınır.
Qadın ailə siyasətinin diplomatıdır. Yaxşı olarsa, sakitlik, əmin-amanlıq hökm sürər. Ailə cəbhə deyil ki, burda sizinkilər və bizimkilər olsun. Burda heç nəyi və heç kimi qurban vermək olmaz.
Sevirsənsə burax...
İstəyirsə qayıdacaq…
Sevirsə yanında olacaq…
Tək yaşamaq da qorxulu deyil…
Aforizmlər:
Başında buynuz gəzdirən kişi məyuz qadınlardan daha çoxdur – Jak Deval
Sevmək müqayəsə eləməkdən əl çəkmək deməkdir – Bernar Qrasse
Əgər xanımın sənə xəyanət edibsə sevin ki, o, heç olmasa vətənini satmayıb – A.P. Çexov
Qadın aidə zülmkardır. Ailə yatağı münasibətləri aydınlaşdıran əbədi teatrdır, burda rahatlıq olmur. Bəs qadın ərini nə vaxt lap çox incidir? Onu aldatmaq, ya da xəyanətini gizlətmək istəyəndə.
Müəllif: Gülnarə RƏFİQ

понедельник, 27 сентября 2010 г.

Dünyanın açılmamış sirri

Dünya insanların zəkası, zəhməti ilə durmadan dəyişir. Bir vaxtlar əfsanə hesab olunanlar, nağıltək arzulananlar XXI əsrin müasirləri üçün artıq gerçəkliyə çevrilmişdir. Hər cür texniki avadanlıqlarla təchiz olunmuş evlər, bizi istədiyimiz ünvanlara – işə, səyahətə, qohumlarımız və dostlarımızla görüşə aparan maşınlar, təyyarələr…

Artıq heç birimiz həyatımızı bunlarsız təsəvvür edə bilmirik. Yaradandan bəxş olunan zəkasının imkanlarını daha yaxşı anlayan, ondan yetərincə istifadə etməyi bacaran insan böyük işlər görə bilir. Elə tarixə yeni elmi kəşflər kimi yazılanların müəllifləri də belələri olur. Elm tərəqqi edir, təbiətin bir vaxtlar açılmaz sayılan çox sirrinə vaqif oluruq. Ancaq dünya bizi öz sirlərinə tamamilə sirdaş etmir, yenə bilmədiklərimiz qalır. Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb. Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla - heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır.

Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub. Amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib. Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar. Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı: «Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır». Bir başqa alim - italyan alimi P.S.Bekkone XVII əsrdə ingilis alimi V.Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ.Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin - dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. «Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması» tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: «Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır». Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P.J.Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi.

Mütəxəssislər 1761-1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M.V.Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: «Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər». XIX əsrdə neftin mənşəyi haqqında əsasən M.V.Lomonosovun fikirləri qəbul olundu. Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.

1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü. D.Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.

Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.

Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur. Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.

Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar. Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır.

Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub. 1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.

Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq. Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək. Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.

Bu gün də sini üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur. Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır…

MÜƏLLİF: Zöhrə FƏRƏCOVA

пятница, 24 сентября 2010 г.

Məhəbbət üçbucağı

Soruşursan, məhəbbət üçbucağı nədi? Bax, «Sən o yanda, mən bu yanda» olanda, «Ceyran tək boynun buranda» tərəflərdən birinin səbri çatmır, ayağı sola sürüşür və üçüncü bucaq yaranır. Sonra xoşuna gəlir, daha sonra isə adətkarlığa çevrilir və s. Yəni ki maili müstəviylə sürüşə-sürüşə gedir…

Günlərinin bir günü milli adətlərlə yaşamış bir insan başa düşür ki, vağzalıdan da başqa çıxış yolları varmış. Adam boyda qoçun buynuzuna qırmızı lent bağlayıb qızın qapısına gətirməsəydi də tək qalmazdı. Çeşid-çeşid qızılları nişanlısının boyun qulağına doldurmasaydı da, top tüfənglə cəh-cəlallı toy eləməsəydi də. «Adımız, sanımız var» deyb bütöv bir nəsli 20-30 il ərzində cehiz toplamağa məhkum eləməsəydi də uşaqları doğulacaqdı və hətta böyüyəcəkdi. Amma bunu anlamaq üçün əvvəl bütün sadalanan sınaqlardan keçməlisən. Hətta deyərdim ki, Anna Karenina, Tolstoyun özünü qatarın altına atmış məşhur qəhrəmanı dünyada olan nikah formalarından xəbərdar olsaydı bəlkə də «Bıy, başıma xeyir. Qatar altına nöş atılım ki?!» deyib özünə qımazdı. Həyatının ardını sevgilisi və əriylə bərabər şad-xürrəm yaşayardı. Düzdü, bununçün o biri bucaqlara da bəzi şeyləri anlatmaq lazım gələrdi. Çinlilərin isə ikinci arvadı çox vaxt fahişələdən seçirdi. Bu qadının evində uşaq əlindən tərpənməyə yer olmasa da, ataları onlarla qan qohumluğunda əmin olmasa da bu evin yolunu unutmazdı və vaxtaşırı buralara gələrdi. Bəzən isə çinlilərin ikinci arvadları onun validenləriylə bir evdə yaşayardı. Qadın üstündə müharibələr çox olub. Amma didişmələr qadını ələ alanadək davam edir. Sonra hamısının nənəm demiş «pısı yatır» və sonrakı həyatını təlatümlərsiz yaşayırdılar. Sezarın müşahidələrinə inansaq qədim keltlərdə qəhrəman-ananın uşaqlarının, (özü də bütün uşaqlarının) atası qapıdan isçəri girmiş birinci kişi sayılırdı. Sezardan soruşardıq, görəsən bu qapıdan neçə dəfə içəri girmək olardı?
Orta əsrlərdə həddi buluğa çatmış qızı hələ balaca oğlan uşağıyla adaxlaya bilərdilər. Oğlan böyüyənədək gəlin uşağın qohumlarının mülkiyyəti saylırdı. Çox vaxt qaynata öz hüquqlarının icrasıyla məşğul olurdu. Amma qaynatadan doğulan uşaqlar hələ boyüyəcək oğlanın uşaqları sayılırdı. Hindistanda isə əksinə, kişi azyaşlı qızla nişanlana bilərdi. Qız böyüyənədək kişi kimlə istəsə yaşaya bilərdi. Bəzən kişilər dul arvad alaraq hüququ arvadının böyüməsini gözləyirdi. Sonra qız ərinin yanındakı qanuni yerini tutanda bu qadın evin qulluqçusu olardı. Belədi də, təzə ay doğanda köhnəsini ulduz kimi doğrayıb göyə səpirlər. İndi ərəblərin qadınlara qarşı münasibətini görəndə, onların nə vaxtsa matriarxat dövründə yaşadıqlarına inanmaq çətin olur. Qədim ərəblərdə qadının 10 nəfərə qədər kişiyə sahib olmaq icazəsi vardı. Uşaqların atası isə ümumi iclasda «evin kraliçəsi» tərəfindən seçilir və elan edilirdi. Bəlkə ərəblər hələ də keçmiş hörmətsizliklərin acığını bütün dünyanın qadınlarından çıxırlar? Çukçaların arvadı hələ əri sağ olarkən onun qardaşı, ya da yaxın qohumu ilə yaşaya bilərdi. Bəzən evə çox hörmətli qonaq gələndə çükçalar yemək-içməklə bərabər yatağı və üstündə arvadını da əziz qonağa təklif edirlər. Nubiya qassaniyye ərəb qəbilələrindən olan qadın ərindən həftədə 3 gün azad olduğu günlərin danışıq yoluyla icazəsini ala bilərdi. Həmin bu 3 gündə kimlə istəsə, harda istəsə, hətta nə etsə də kişinin razılığını almış kimi sayılırdı. Qədimlərdə bəzən qadınlar kefinə düşsə qapıya xüsusi bayraq sancmaqla kişilərə him-cim edirmişlr. Kim istəsə qapıdan nəinki içəri keçər, hətta ürəyi istəyənədək, daha doğrusu ev sahibəsinin ürəyi istəyənədək orda qala bilərdi. Amma uşaq məsələsinə gələndə demokratiyaya son qoyulurdu. «Hər kişiyə öz uşağı» şüarı burda keçmirdi. Uşaqların atasını qəbilənin ağsaqqalı müəyyən edirdi. Amma kişilərin «öz xoşbəxtliklərindən» imtina etmək hüququ da vardı.
Dünya tarixini vərəqlədikcə düşünürsən ki, bu mənada Tibetin qadınlar ən xoşbəxti olublar. İndi yox, qədim poliandriya zamanında, yəni çox ərlilik dövranında. O vaxtlar kişilərin də işi pis deyildi. Onlarn əsas vəzifəsi qadını uşaqla təmin etmək idi. Bu səadətin əvəzində onlar bütün təsərrüfatı öz çiyinlərin alır və fiziki işlə, yəni elə bacardıqlarıyla məşğul idilər. Evin yeməyini kim bişirir, qabını kim yuyur sualına dəqiq cavab verən yoxdu. Yəqin bu yerində perqament cırılıbmış. Tibetdə o qədər yaxşı vəziyyət idi ki, bura qaçıb gəlmiş qərbli qadınlar geri qaytmaq istəmirmiş. İndi isə Qərb monoqam olub və demokratiyadan danışır. Biz də onlara üz tuturuq.

MÜƏLLİF: Gülnarə RƏFİQ

понедельник, 20 сентября 2010 г.

Hanı mənim gəncliyim, ana...

Mən ayaqqabısından tutmuş, saçına qədər hər yerinə «brelok» taxan qızlarımızın ərə getmək həvəsinin, ərə getmək yanğısının kökündə evlilik yatağını ipək cehiz yataq dəsti, yumşaq tüklü oyuncaqlarla bəzəməkdən bir azca ciddi bir şey görmədim. Onlar üçün Nikahın, evliliyin, ailənin simvolu görməmişcəsinə sarı ayı balaları, çəhrayı dovşanlar, ağ-qara itlər, ürək-böyrək şəkilli yastıqlarla təchiz edilmiş bu yataqdır. Hətta evlənəndən bir həftə sonra ər naməlum bir müddətə Rusiyaya qazanc arxasınca getsə belə...

Məni bu düşük həvəsdən kitablar-filan deyil, evimizdə xoşbəxt olmasa da, şən, deyə-gülə bir evlilik keçirən valideynlərimin heç vaxt evlilik yatağının olmaması xilas elədi. Böyüyə-böyüyə anladım ki, qadın və kişi bir-birilərini başqa-başqa yataqlarda yuxuya getdikləri halda belə sevə, qısqana, istəyə və ən başlıcası, ailə ola bilərlər. Bu, onlardan öyrəndiyim yeganə, məişət miqyasında bir həyat dərsiydi. Həyatsa mənə öyrətdi ki, qalan şeylər – toy, ailə, övlad-filansız da keçinmək və bütün bunlarsız rahat, hətta xoşbəxt yaşamaq mümkündür.

Mənim çox, çox qısa uşaqlığım olmuşdu. O qədər qısa ki olmuşdu ki, o uşaqlıq yadıma gəlmir. Bəlkə də həyatdan bu qısa, daha doğrusu, yaşamadığım uşaqlığın heyfini çıxmaq üçün mən çox, çox uzun bir gənclik yaşamaq istədim. O çox, çox uzun gəncliyi yaşamaq yuxarıda sadaladıqlarımla birlikdə mümkün deyildi. Mən çox, çox uzun, azad gəncliyi seçdim. Və mübarək otuz yaşa çatmağa bir cüt il qalanda mənə elə gəldi ki, özümü aldadıram: elə bir şey var ki, bunsuz qadın özünü qadın kimi təsdiq olunmuş saymır: Nikah.

Nikah qadına təkcə pasportdakı möhür üçün lazım deyil.
Nikah qadına təkcə barmağına evlilik üzüyü taxmaq üçün lazım deyil.
Nikah qadına təkcə «ərli qadın» statusu almaq üçün lazım deyil.
Nikah qadına təkcə dünyaya qanuni uşaqlar gətirmək üçün lazım deyil.

Bütün bu hüquqi, simvolik, sosial, demoqrafik izahlardan başqa, daha məsum, daha səmimi bir izahı var Nikahın. Və bu səmimi izah hətta qanun qarşısında sevimli kişinin qadını elan olunmaq da deyil. Bu ehtiyacın çox, çox daha qadınca bir izahı var: Nikah qadına gecələr kürəyini sevgili kimi qoyduğu yataqdan səhərlər həmin kürəyi məşuqə kimi qaldırmamaq üçün lazımdır...Gecə sevgi ilə yumduğu gözləri səhər zəhərlə açmamaq, gecə doğma olan kişiyə səhər ögeyləşməmək üçün. Xoşbəxtcə yuxuya gedə bildiyi kimi xoşbəxtcə də oyanmaq üçün...

NİKAH GECƏLƏR ÜÇÜN DEYİL, SƏHƏRLƏR ÜÇÜNDÜ!

Bəs əslində?
Əslində isə Nikah qadının mənasız qələbəsi imiş. O qədər mənasız ki, bu qələbədən sonra yorğunluqdan daha pis, daha ağrılı bir şey – məyusluq qalır. İtirilmiş qısa sevincləri, uzun gəncliyi isə geri qaytarmaq mümkün deyil...

MÜƏLLİF: Günel MÖVLUD

вторник, 7 сентября 2010 г.

Uşaq intiharı: dəhşətin miqyası, səbəbləri, çıxış yolları

Anadangəlmə psixi travma, kinolarda ölüm səhnələri, qəhrəmanın intiharı, məktəbdə, ailədə zorakılıq...

Azərbaycanda uşaq intiharlarının sayı artıb. Son vaxtlar elə həftə olmur ki, hansısa azyaşlı uşağın intihar etməsi ilə bağlı fakt eşitməyək. Məsələn, avqustun 30-da Kürdəmir şəhər 2 saylı orta məktəbinin 6-cı sinif şagirdi olan Elşən Mehbalıyev, Şəmkir rayonunda 9 yaşlı məktəbli özünə qəsd edib. Hər ikisi özünü asıb.
Nə baş verir? Sosial-iqtisadi, mənəvi-psixoloji problemlərlə daha çox yüklənən böyüklərin belə bir addımını haradasa izah etmək mümkündür, bəs azyaşlı uşağın ağlına intihar etmək fikri necə gələ bilər?
Lent.az bununla bağlı hüquqşünaslara, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, psixoloqlara, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib.

“Şablonçuluqdan çıxmaq lazımdır”

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, ümumiyyətlə, son 7-8 ildə intihar MDB məkanında, o cümlədən Azərbaycanda geniş yayılıb və durmadan artır. Onun sözlərinə görə, intihar faktı baş verərkən hadisə yerinə ilkin olaraq polis gedir. Polis müəyyən sənədlər hazırlayır və onu prokurorluğa verir. Polisin apardığı ilkin sənədləşmədən sonra intihar faktları ilə əlaqədar bütün materiallar prokurorluq orqanlarına təqdim olunur.
Mahmud Hacıyev bildirdi ki, Azərbaycanda əksər hallarda prokurorluq orqanları cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edir: “Təhqiqatı aparan zaman ehtiyatlı olmaq lazımdır. Azərbaycanda deyirlər ki, azyaşlıdır, yəqin ki, psixikasında müəyyən pozğunluq olub. Azyaşlıdırsa, onun ailə dolandırmaq problemi yoxdur. Məsələn, qız uşağıdırsa, bəlkə intihara məcbur edən amil olub? Bu, incə və çox diqqətlə yanaşma tələb edən məsələdir. Çünki diqqətlə yanaşanda bir də görürsən ki, bu, özünü öldürmə dərəcəsinə çatdırmadır. Yəni həmin şəxsi özünü öldürmə dərəcəsinə çatdıran bir amil olub və həmin amildə kimsə günahkardır. O halda bu, intihar deyil, hər hansı bir insanı özünü öldürmə dərəcəsinə çatdırmaqdır. Deməli, Azərbaycanda bir şablonçuluq var və prokurorluq orqanları bu şablonçuluqdan kənara çıxmalıdırlar”.

Sabiq polis rəisi qeyd etdi ki, sivli, demokratik ölkələrdə mövcud olan qaydaya görə, 6 ay, 1 il, yaxud 2 il ərzində baş verən belə faktlar toplanır, bu intiharların hansı yaş kateqoriyasındakı insanlar arasında, ölkənin hansı ərazilərində tez-tez və hansı səbəbdən baş verməsi araşdırılır. Prokurorluq orqanları təhqiqat aparan zaman qərarın təsviri hissəsində intiharın səbəbi əsaslandırılır. Həmin faktlar üzrə də hüquqşünaslar və sosioloqlar ümumilikdə təhlil aparırlar, bir rəyə gəlinir: “Təəssüf ki, Azərbaycanda bunu etmirlər. Əslində qeyd etdiyim prosedur həyata keçirilməli, bu problemin aradan qaldırılması yönündə hüquq-mühafizə orqanları, sosioloqlar, qeyri-hökumət təşkilatları tərəfindən hökumətə, Nazirlər Kabinetinə tədbirlər planı təqdim olunmalı, müəyyən metodik, proflaktik tədbirlər həyata keçirilməlidir”.

Mahmud Hacıyevə görə, Azərbaycan şəraitində psixikasında problem olan, ona qarşı gizli şəraitdə törədilən zorakılıq hadisəsi uşağı ölümə məcbur edə bilər. Ailə başçısı sərxoşluğa, narkomaniyaya qoşulubsa, bu da azyaşlıya təsir edə və onu intihara sövq edə bilər.

“İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamasından da irəli gəlir”

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, uşaqların intihar etməsi onlara qarşı törədilən zorakılıqdan irəli gəlir. Zorakılıq ailədə, məktəbdə baş verə bilər: “Uşaqlar isə zəif təbəqədir, onların mənliyi mənliyi çox zəif olur, hər şeyi qəbul etmirlər. Ola bilər ki, böyüklər hər sözü qəbul edə bilərlər, uşaqlar qəbul etmirlər”.

Yusif Bəkirov xatırlatdı ki, BMT tərəfindən Uşaq Konvensiyası qəbul olunub. Konvensiyanın mahiyyətində uşaqların da bir vətəndaş kimi qəbul olunmaları durur: “İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamasından irəli gəlir. Uşaqlara yanaşma incə, mülayim olmalıdır. Məsələn, bir dəfə Mərdəkanda internatda uşaq intihar etmişdi. İnternat rəhbərliyi uşağı otağa salıb, qapını bağlayaraq anasıyla görüşməyə icazə vermədiyi üçün uşaq özünü asmışdı”. Yusif Bəkirov uşaq intiharları ilə bağlı Azərbaycanda böyük tədqiqat aparılmadığını da vurğuladı. Onun sözlərinə görə, nə beynəlxalq təşkilatlar, nə də Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən tədqiqatlar aparmayıblar və uşaq intiharlarının səbəbləri dəqiq aşkarlanmayıb: “Ola bilər ki, uşaq intiharlarının başqa səbəbləri də var. Tədqiqat aparılmadığı üçün həmin səbəblər aşkara çıxarılmayıb. Biz də uşaq intiharlarından mətbuat yazan zaman xəbər tuturuq. Mətbuat yazmasa, biz uşaq intiharları barədə məlumatları toplaya bilmirik. Bu məlumatların hamısı prokurorluq orqanları tərəfindən gizli saxlanılır və heç kəsə verilmir”.

Uşaq Hüquqlarını Müdafiə Liqası bu sahədə araşdırma aparmağa cəhd göstəribmi?

Yusif Bəkirov bildirdi ki, Uşaq Hüquqlarını Müdafiə Liqası 2004-cü ildə ilk dəfə uşaq intiharı məsələsini BMT-nin Uşaq Komitəsi qarşısında qaldırıb. Həmin vaxt təşkilat Azərbaycan dövlətinin uşaq hüquqları ilə bağlı hazırladığı hesabata alternativ hesabat hazırlayıb və BMT-nin Uşaq Komitəsinə təqdim edib: “BMT-nin Uşaq Komitəsi uşaq intiharlarının araşdırılması və onun qarşısının alınması barədə Azərbaycana 2006-cı ildə tövsiyələr verdi. Təəssüflər olsun ki, bu tövsiyələr kağız üzərində qaldı”. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri onu da dedi ki, 2006-cı ildə 37-38 nəfər uşaq intihar edib, ancaq o zaman da uşaqların nədən intihar etdiyini araşdırmaq qeyri-mümkün olub: “Bunun üçün monitorinq aparılmalıdır. Monitorinqin aparılması üçün də maliyyə lazımdır. Bizim təşkilatın da elə maliyyəsi yoxdur. Beynəlxalq təşkilatların, Azərbaycan dövlətinin də bu istiqamətdə maliyyə buraxmaq fikri yoxdur. Uşaq intiharları ilə bağlı məlumatlar, statistika tam açıqlanmasa da, müşahidələrimizə görə, təxminən il ərzində 40-45 uşaq intihar edir. İlbəil uşaq intiharlarının sayında artım var”.

Xırda bir təkan...

“Təmiz Dünya” İctimai Birliyinin psixoloqu Samir Əhmədov uşaqların hansısa bir süjetdən təsirlənərək, hansısa bir idealı yamsılayaraq intihar etdiklərini söyləyir. Məsələn, uşaq kinoya baxır və görür ki, kim kimisə sevir və sevgisi cavabsız qaldığı üçün özünü haradansa ataraq, asaraq, yaxud zəhərləyərək, intihar edir. Bu, onun üçün pis bir nümunə ola bilər. Əgər uşaqlarda anadangəlmə psixi travma varsa, bu da intiharda rol oynayır. Yəni xırda bir təkan belə uşaqların intiharına yol açır: “14 yaşına qədərki dövrdə uşaqlar hələ yetkinlik yaşına çatmamış olurlar. Bu dövrdə uşaqlarda inkişaf daha güclü gedir və orqanizmlərində tam şəkildə dəyişiklik əmələ gəlir. Bu dəyişiklik zamanı orqanizmdə hər şey dəyişir. Onların xasiyyətləri, davranışları, yeməkləri dəyişir, çox vaxt stressləri də olur. Ona görə də valideynlərə tövsiyə olunur ki, bu yaş dövründə olan oğlan və qızlarla münasibətdə çox həssas olsunlar. Valideynlərin həssaslığından uşaqlarının gələcəyi asılıdır”.

Psixoloq xəbərdarlıq edir ki, bu yaş dövründə uşağa bir travma yetirilsə, bu travma ömrünün axırına qədər davam edəcək. Bu travma da intihara səbəb ola bilər.
Samir Əhmədov hazırda telekanallarda nümayiş olunan qorxulu filmlərdə, teleseriallarda və əyləncəli verilişlərdə maarifləndirici bir şeyin olmadığını qeyd etdi. Hazırkı teleseriallarda, filmlərdə döyüb-öldürmə səhnələri çoxdur: “Yuxarıda da dediyim kimi, olub ki, kinoların hansındasa qəhrəman intihar edib, bu da digərinin intiharının səbəbi olub. Çünki o uşaqlar əvvəlcədən intihar yönümlü olurlar və intihara hər hansı səbəb lazım olur. Bu səbəblərdən biri də bu kinolar ola bilər. Hazırda telekanallardan senzuranı yığışdırıblar. Ancaq televiziya insanlara kütləvi təsir vasitəsidir və incə məqamlar hansısa formada nəzərə alınmalıdır. Bir faktı qeyd etmək istəyirəm. Uşaqdır, hələ baxçadadır. Gəlir evdə hansısa döyüş filminə baxır, səhəri gün baxçada stulu öz yoldaşının başına keçirir. Çünki uşaq fikirləşir ki, kinoda qəhrəman belə edirsə, mən də qəhrəmanam, niyə etməyim”. Bəs dövlət qurumları artan uşaq intiharı faktları fonunda nə düşünür, bu vaxta kimi nə ediblər?

“Məktəb psixoloqlarının işinin gücləndirilməsiylə əlaqədar Təhsil Nazirliyinə tövsiyə veriləcək”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Sənubər Əlizadə deyir ki, Dövlət Komitəsi bu sahədə profilaktiki tədbirlər həyata keçirir: “Tədbirlərimiz maarifləndirici xarakter daşıyır. Xüsusən yetkinlik yaşına çatmayanlar arasında, yəni risk qrupunda uşaq hüquqları, reproduktiv sağlamlıq, uşaqların bacarıqlarının üzə çıxarılması, asudə vaxtın təşkili kimi tədbirlər həyata keçirmişik ki, bu kimi hallar baş verməsin”.

Sənubər Əlizadə son vaxtlar uşaq intiharı hallarının artması ilə əlaqədar Dövlət Komitəsinin bu istiqamətdə işini gücləndirmək qərarına gəldiyini nəzərə çatdırdı: “Təhsil Nazirliyinə tövsiyə edəcəyik ki, məktəb psixoloqlarının işi gücləndirilsin. Bu sahədə məktəb psixoloqlarının rolu və işi daha effektiv ola bilər. Digər tərəfdən, Dövlət Komitəsinin 2 Ailəyə Dəstək Mərkəzi var. Bu mərkəzlər Şüvəlanda və Goranboyda yerləşir. Bu mərkəzlərin yerləşdiyi rayonlarda daha effektiv işləyə bilirik”.

Şöbə müdiri onu da bildirdi ki, Dövlət Komitəsi “Gənc Liderlər” Uşaq Təşkilatı ilə birgə proqram həyata keçirir. Bu layihənin məqsədi hər bir məktəbdə yuxarı siniflərdə oxuyan uşaqlardan ibarət təlimatçı hazırlamaqdır: “Hər bir məktəb üçün 3-4 təlimatçı hazırlanacaq. Belədə hər bir məktəbləri əhatə etmək və bütün uşaqlarla işləmək çətindir. Ancaq məktəblərdə oxuyan uşaqlar arasında təlimatçıların hazırlanması ilə bütün məktəbləri əhatə etmək mümkün olacaq”. Sənubər Əlizadə Dövlət Komitəsinin Uşaq Hüquqları Klinikası pilot layihəsi həyata keçirdiyini də qeyd etdi: “Bu ilin sentyabrında Uşaq Hüquqları Klinikasının fəaliyyətinin 2 ili tamam olacaq. Hesabatı dinləyəcək və müvafiq tövsiyələr verəcəyik. Tövsiyələrimizdə son vaxtlar artan uşaq intiharı hallarına diqqətin artırılması istəniləcək”.

Qeyd edək ki, uşaq intiharları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun apardığı təhlillər, statistik məlumatlar yaxın günlərdə Lent.az-da dərc olunacaq.

MÜƏLLİF: Ramiz MİKAYILOĞLU

среда, 1 сентября 2010 г.

Ana qısqanclığı sindromu

«Heç ailə qurmağımızın bir həftəsi tamam deyildi. Axşam yatmaq vaxtı gələndə bir də gördüm ki, arvad mənim yerimi özü yatdığı otaqdan salıb. Səbəbini soruşdum, heç nə demədi».

Boşanmalarda anaların da rolu az deyil

Son illər Azərbaycanda boşanmaların sayının artması müxtəlif təbəqələrdə geniş müzakirə olunur. Hər dəfə ayrı-ayrı səbəblər gətirilsə də, fakt odur ki, cəmiyyətimiz sözügedən problemdən bu gün də əziyyət çəkir. Adətən, ailələrdə boşanmalar maddi problemlərdən, xarakterlərin toqquşmasından yaranır. Amma bunlarla yanaşı, problemin ən klassik səbəbini - ailədə qayınana amilini də yaddan çıxarmaq olmaz. Qəhrəmanım Leyla (ad şərtidir-red.) bir qayınananın 3 gəlinindən biridir. Danışdıqları bir qədər nağılvari görünsə də, gerçəkdir. Dediyinə görə, ailə həyatı qurandan bir həftə keçməmiş qayınanası Müşkü arvadla aralarında münasibətlər kəskin şəkildə soyumağa başlayıb. Səbəb isə: «Heç ailə qurmağımızın bir həftəsi tamam deyildi. Axşam yatmaq vaxtı gələndə bir də gördüm ki, arvad mənim yerimi özü yatdığı otaqdan salıb. Səbəbini soruşdum, heç nə demədi».

Leylanın sözlərinə görə, günlər keçdikcə oğlunu gəlininə qısqanan qayınana daha yeni üsullara əl atırmış. Hətta Müşkü arvad onların yatağına girib, aralarında yatırmış: «Bəlkə də, dediklərimə heç kim inanmayacaq. Amma inanın ki, neçə vaxt ərim başqa otaqda, mən isə qayınanamla ayrı otaqda yatmışıq. Bir gün də gördüm ki, o, öz yerini bizim aramızda salıb. Nə baş verdiyini anlamırdım. Sonradan evin məndən böyük olan gəlinlərinə bu barədə danışanda onlar güldülər. Sən demə, qayınanam onların da aralarında yatırmış».

«Yalan danışmağa məcbur idim»

Uzun müddət bu haqda heç kimə bir kəlmə də deməyə cürət etməyən Leyla, nəhayət ki, dözə bilməyərək valideynlərinin yanına üz tutmağa məcbur olur. Valideynləri ondan küsülü gəlməyinin səbəbini soruşanda əsl səbəbi deməyə utanır və hər dəfə yeni yalanlar uydurmağa çalışır: «Ona görə yalan danışmağa məcbur idim ki, ərimdən zərrə qədər də narazı deyildim. Əgər desəydim ki, həyat yoldaşım məni incidir, bu, inandırıcı olmazdı. Çünki hamı onun məni necə istədiyini bilirdi. Açığı, son vaxtlar hiss edirdim ki, anasının hərəkətlərinə görə o da məndən utanır. Qayınanama bu haqda bir şey demək də olmurdu. Səsini çıxaran kimi bütün qonşulara deyirdi ki, gəlin məni incidir, yemək vermir, qulluq eləmir. Halbuki, evdə bütün səlahiyyətlər onun əlində idi. O, elə məndən əvvəlki gəlinlərə də belə olmuşdu. Hələ onların dediyinə görə, mənimlə bir qədər yaxşı rəftar eləyirmiş». Nə qədər qəribə görünsə də, belə hallar Azərbaycanda bir ailədə baş vermir. Hətta hərdən qayınana-gəlin münasibətlərilə bağlı elə əhvalatlar eşidirsən ki, Müşkü arvada 100 il ömür arzulayırsan.

«Qayınanam yaxşı adam olsa da…»

«Sağlam Toplum» İctimai Birliyinin sədri Lalə Mehralı isə deyir ki, gənc ailə ayrı yaşamalıdır: «Hərə öz həyatını yaşamalıdır. Çünki baxışlar ayrılır, üst-üstə düşməyən ayrı şeylər də var. Hesab edirəm ki, arada olan yaş fərqinə görə yaşlılarla gənclər həyatlarını uyğunlaşdıra bilmirlər. Çünki nə yaşlı insan gəncin etdiyini, nə də gənc yaşlının hərəkətlərini təkrarlaya bilməz».

«Ayrı olanda münasibətlər daha da şirin olur», - deyən L. Mehralının fikrincə, hər bir xanım həyat yoldaşının valideynlərinə hörmətlə yanaşmağa borclu olsa da, ayrı yaşamaq daha məqsədəuyğundur. Öz həyatından misal gətirən müsahibimiz deyir ki, artıq 5 ildir ailə qurub və bu müddətin təxminən 1 ilini qayınanası ilə bir yerdə yaşayıb: «Ailə qurandan bir ildən də az qayınanamla bir yerdə qalmışam. Artıq 4 ildir ki, tək yaşayıram. Qayınanamın yaxşı adam olmasına baxmayaraq, mən bu 4 ili həyat sayıram, həmin 1 ili yox. Çünki nə qədər yaxşı qayınana olsa da, insan narahat olur. Evini özününkü hesab etmir və rahat uzana bilmirsənsə, bu, həyatdan deyil».

Ana qısqanclığı

Psixoloq Dəyanət Rzayev isə belə məsələlərdə mentalitet amilinin daha böyük rol oynadığını deyir: «Düzdür, boşanmalarda qayınana amilinin də böyük rolu var. Hətta mən Rusiya və bəzi Avropa ölkələrində belə faktların olduğunu bilirəm. Hesab edirəm ki, bu ananın övladını gəlinə qısqanmasından irəli gəlir. Amma sevgi olanda belə şeylər ikinci plana keçir. Məsələn, dünən mənə bir oğlan müraciət edib ki, yaxın günlərdə toyumdur, hətta artıq qız toyunun olmasına bir neçə gün qalıb. Amma mən qızı sevmirəm. İstəyirəm ki, evlənəndən bir-iki ay keçsin, onu rayonda qoyub özüm Bakıya gəlim. Soruşdum ki, sevmirsənsə, bəs niyə evlənirsən? Deyir fikirləşirəm ki, əgər nişanı qayıtsa, sonra heç kim onunla evlənməz. Amma bu adam başa düşmür ki, boşanandan sonra həmin qıza heç yaxın da duran olmayacaq».

«Ana övladını istəyirsə…»

Psixoloq Azad İsazadə də hesab edir ki, bəzən ailələrin dağılmasında ananın oğlunu gəlininə qısqanması böyük rol oynayır: «Adətən analar fikirləşirlər ki, görəsən, gəlin oğluma yaxşı baxacaqmı? Bu, yaxşı hissiyyat kimi də qiymətləndirilə bilər. Amma reallıqda bir çox hallarda mənfi rol oynayır. Ona görə də, valideyn övladını istəyirsə, ona sərbəstlik verməlidir. Lətifəsi böyüklərdən uzaq olsun. Bu, «pişik balasını çox istədiyindən yeyir» misalına da bənzəyir. Yəni, ana övladını çox istədiyindən, bəzən onun bədbəxtçiliyinə də səbəb olur». Psixoloqun qənaətinə görə, qayınanaların boşanmalarda rolunun bir səbəbi də onların «oğluma daha yaxşı qız taparam» fikrini üstün tutmalarıdır: «Heç bir ana istəməz ki, ya qızı, ya da oğlu boşansın. Bizim cəmiyyətdə oğlanların boşanmasına neytral baxırlar ki, eybi yoxdur. Ana da oğluna deyir ki, sənə bundan da yaxşısını taparam. Belə olan halda həmin fikirlər oğlana da təsir göstərir və artıq inanmağa başlayır. Hesab edirəm ki, hansısa istisna hallara, ikinci evliliyə hazır olan insan çətin xoşbəxt olur. Bir şeyi də yaddan çıxarmaq olmaz ki, ailələr heç də hər zaman sevgi üzərində qurulmur. Bəzən sevgi ailə qurandan sonra yaranırsa, elə hallar da olur ki, belə məsələlərə görə tərəflər arasında sevgi ölür. Bu isə yekun nəticədə ailənin dağılmasına gətirib çıxarır».

İSTİNAD: «Mərkəz» qəzeti»