понедельник, 20 сентября 2010 г.

Hanı mənim gəncliyim, ana...

Mən ayaqqabısından tutmuş, saçına qədər hər yerinə «brelok» taxan qızlarımızın ərə getmək həvəsinin, ərə getmək yanğısının kökündə evlilik yatağını ipək cehiz yataq dəsti, yumşaq tüklü oyuncaqlarla bəzəməkdən bir azca ciddi bir şey görmədim. Onlar üçün Nikahın, evliliyin, ailənin simvolu görməmişcəsinə sarı ayı balaları, çəhrayı dovşanlar, ağ-qara itlər, ürək-böyrək şəkilli yastıqlarla təchiz edilmiş bu yataqdır. Hətta evlənəndən bir həftə sonra ər naməlum bir müddətə Rusiyaya qazanc arxasınca getsə belə...

Məni bu düşük həvəsdən kitablar-filan deyil, evimizdə xoşbəxt olmasa da, şən, deyə-gülə bir evlilik keçirən valideynlərimin heç vaxt evlilik yatağının olmaması xilas elədi. Böyüyə-böyüyə anladım ki, qadın və kişi bir-birilərini başqa-başqa yataqlarda yuxuya getdikləri halda belə sevə, qısqana, istəyə və ən başlıcası, ailə ola bilərlər. Bu, onlardan öyrəndiyim yeganə, məişət miqyasında bir həyat dərsiydi. Həyatsa mənə öyrətdi ki, qalan şeylər – toy, ailə, övlad-filansız da keçinmək və bütün bunlarsız rahat, hətta xoşbəxt yaşamaq mümkündür.

Mənim çox, çox qısa uşaqlığım olmuşdu. O qədər qısa ki olmuşdu ki, o uşaqlıq yadıma gəlmir. Bəlkə də həyatdan bu qısa, daha doğrusu, yaşamadığım uşaqlığın heyfini çıxmaq üçün mən çox, çox uzun bir gənclik yaşamaq istədim. O çox, çox uzun gəncliyi yaşamaq yuxarıda sadaladıqlarımla birlikdə mümkün deyildi. Mən çox, çox uzun, azad gəncliyi seçdim. Və mübarək otuz yaşa çatmağa bir cüt il qalanda mənə elə gəldi ki, özümü aldadıram: elə bir şey var ki, bunsuz qadın özünü qadın kimi təsdiq olunmuş saymır: Nikah.

Nikah qadına təkcə pasportdakı möhür üçün lazım deyil.
Nikah qadına təkcə barmağına evlilik üzüyü taxmaq üçün lazım deyil.
Nikah qadına təkcə «ərli qadın» statusu almaq üçün lazım deyil.
Nikah qadına təkcə dünyaya qanuni uşaqlar gətirmək üçün lazım deyil.

Bütün bu hüquqi, simvolik, sosial, demoqrafik izahlardan başqa, daha məsum, daha səmimi bir izahı var Nikahın. Və bu səmimi izah hətta qanun qarşısında sevimli kişinin qadını elan olunmaq da deyil. Bu ehtiyacın çox, çox daha qadınca bir izahı var: Nikah qadına gecələr kürəyini sevgili kimi qoyduğu yataqdan səhərlər həmin kürəyi məşuqə kimi qaldırmamaq üçün lazımdır...Gecə sevgi ilə yumduğu gözləri səhər zəhərlə açmamaq, gecə doğma olan kişiyə səhər ögeyləşməmək üçün. Xoşbəxtcə yuxuya gedə bildiyi kimi xoşbəxtcə də oyanmaq üçün...

NİKAH GECƏLƏR ÜÇÜN DEYİL, SƏHƏRLƏR ÜÇÜNDÜ!

Bəs əslində?
Əslində isə Nikah qadının mənasız qələbəsi imiş. O qədər mənasız ki, bu qələbədən sonra yorğunluqdan daha pis, daha ağrılı bir şey – məyusluq qalır. İtirilmiş qısa sevincləri, uzun gəncliyi isə geri qaytarmaq mümkün deyil...

MÜƏLLİF: Günel MÖVLUD

Комментариев нет:

Отправить комментарий