воскресенье, 26 декабря 2010 г.

İtgin Atlantida


Atlantida - bu qədim əfsanəvi ölkə harada yerləşib? Bu barədə üç fərziyyə var. Onlardan ən tanınmışı qədim yunan filosofu Platona məxsusdur.

O deyirdi ki, Altandida Cəbəllütariq körfəzindədir. Geniş yayılmış digər fərziyyəyə görə, Atlantida Santorin adasında vulkan püskürməsi nəticəsində məhv olmuş qədim Krit mədəniyyətilə əlaqəlidir. İndi isə əfsanə və əsatirlərə istinad edərək məlum olub ki, Atlantida Mərmərə dənizi sahillərində yerləşib. Bir çox əsrlərdir ki, Atlantidanın axtarışı tarixçilər, arxeoloqlar və digər mütəxəsislər tərəfindən davam edir. Onlar arxeoloji məlumatları, əfsanələri toplayırlar, heyif ki, əldə edilmiş nəticələr Atlantidanın doğrudan da mövcud olduğunu göstərən əsas sənədə ziddir. Bu sənəd qədim yunan alimi Platonun "Dialoqlar" əsəridir. Sənəddə Atlantidaya aid üç meyar göstərilir: Atlantida adadır, onun ölçüləri Liviya və Asiyadan böyükdür və o, 10-12 min il əvvəl su altında qalıb. Atlantik okeanında geoloqlar su altında qalmış belə nəhəng sahəni aşkar etməyiblər. Onların fikrincə, vulkanın törətdiyi fəlakət 10-12 min il əvvələ deyil, e.ə. II minilliyə aiddir. Atlantidanın Mərmərə dənizi sahillərində olması da həqiqətlə uzlaşmır, oradakı sahə ada deyil və ölçüsü çox kiçikdir. Yer kürəsində elə nəhəng ada var ki, "Dialoqlarda" göstərilmiş bütün meyarlara uyğundur. Bu yerin cənubunda yerləşən buz qitə - Antarktidadır. Orada həyatın olmasını sübut etmək üçün əvvəlcə şimala - Şimal buzlu okeanına yollanaq. Buralarda Atlantların yaşadığı dövrdə Ari adlanan əfsanəvi xalq yaşayırdı. Onlar bütün Avropa xalqlarının əcdadı hesab olunur. Şimal arilərinin yaratdığı əfsanələr Hindistan sakinləri tərəfindən qorunub saxlanılır. Vedi və digər qədim hind ədəbiyyatında arilərin vətənindən çox danışılır. Bu ölkənin səmasında Yerin Şimal oxunun tuşlandığı bir ulduz parlayırmış. Qütb gecələri aylarla davam edirdi, bəzən zülmət şimal işıqları ilə işıqlanırdı. O zamanlar qütb zonası isti idi, mədəniyyətin inkişafı üçün yaxşı şərait vardı. Alimlərin fikrincə, e.ə. XIII minillikdə iqlimin istiləşməsi sürətləndi, subarktik meşələr qütb sahələrindən 300 km şimala çəkildi. Sonra bütün Yer kürəsi üçün dəhşətli bir fəlakət baş verdi: şimal sahələrin iqlimi kəskin dəyişdi. Sibir və Yakutiya kimi ərazilərdə hələ də mamontların cəsədləri tapılır. Radiokarbon təhlili göstərir ki, onlar 11-12 min il əvvəl məhv olublar. Bu fəlakət Atlantidanın su altinda batması ilə eyni vaxta düşür. Beləliklə, 10-12 min il əvvəl şimal qütbündə iqlim isti idi, həyat vardi, amma böyük quru ərazi yoxdu. Belə ərazi yerin əks tərəfində - Cənub qütbündə, Antarktidada vardı. Alimlərin fikrinə görə, materikin buzlaşması 8-12 min il əvvəl baş verib. Əvvəllər buralar müxtəlif heyvanlarla dolu meşəlik imiş, indi isə qitə bir km-lik buz qatıyla örtülüb. Atlantidanı tapmaq üçün qədim xəritələrə diqqət yetirmək lazımdır. Onlardan biri türk admiralı və alimi Piri Rəisin məşhur "Bəhriyyə" kitabında (XVI) verilir. Admiral xəritəni tərtib edərkən, Makedoniyalı İsgəndərin dövrünə aid sənədlərə istinad edib. Xəritələrin birində Cənubi Amerika və Antarktidanın bir hissəsi təsvir edilib. Məlumdur ki, Antarktida 1820-ci ildə F.Bellinshauzen və M.Lazarev tərəfindən kəşf edilib. Qədim xəritədə Antarktidada yerləşən dağlar, çaylar, göllər göstərilir.



Bir xəritə də var. Onu naməlum bir xalq tərtib edib. Fransız riyaziyyatçı və coğrafiyaçısı Oronsi Finey 1531-ci ildə həmin xəritəni nəşr etdirib. Xəritədə buzlardan azad Antarktida göstərilir, qitənin konturları müasir xəritələrdəki təsvirlərə uyğundur, seysmik təhlillər müəyyən edib ki, buz qatı altında göllər, çaylar və dağlar var. Deməli, buzlaşmadan əvvəl hansısa əfsanəvi bir xalq Antarktidada yaşayıb və böyük ustalıqla xəritələr cızıb. Bu xalq mahir dənizçi olub, gəmilərlə Aralıq dənizinə gələrək ticarət edib, bəzən də başqa xalqlarla vuruşub. 10-12 min il əvvəl yerdə qəza baş verib, bəlkə nəhəng meteorit düşüb. İqlim kəskin dəyişib, qütbyanı sahələr daha çox zərər çəkib. Şimal ərazilərdə yaşayan arilər isti yerlərə köçüblər, okeanlar Antarktidanın materiklərlə əlaqəsinə mane oldu, dəyişmiş iqlim təbiəti məhv etdi. İnsaZnlar hara gedəydi? Tədricən Antarktidada həyata son qoyuldu, Atlantida haqqında məlumatlar isə Aralıq dənizi xalqlarının əfsanələrində yaşadı, Atlantida sakinlərinin tərtib etdiyi xəritələr isə indi də müasir insanın köməyinə gəlir.

MÜƏLLİF: Emin QULİYEV

Комментариев нет:

Отправить комментарий