четверг, 28 апреля 2011 г.

Fahişəliyin tarixi: Qədim Roma fahişələri

Bu yazı “Qərb Tarixində Fahişələr” (müəllif Nicki Roberts) kitabının "Roma Sirki - İmperatorluqda Seks Ticarəti" fəsili əsasında hazırlanıb. 

Romalı qadınların azadlığı 

Romada yüksək təbəqəyə aid nigahlı qadınlar yunan qadınlardan fərqli olaraq, ev dustağı deyildilər və ictimai həyatdan da sürgün edilməmişdilər. 

Tez-tez çıxıb gəzər, teatrlara gedər, məbədləri, məhkəmələri ziyarət edərdilər. Onlara evlərində xüsusi müəllimlərdən təhsil almaq üçün də icazə verilirdi. Romalı qadınların Yunan qadınlardan daha azad olduqları faktdır. 

Protest üçün fahişəlik 

Bu azadlığı onlara bəxş edən isə Romanın patriarxal quruluşu idi. Yunanıstanda tacir sinifi aristokratlar zümrəsini iqtidardan devirməyi bacarmışdı. Romanın hakim sinfinə isə kimsə meydan oxuya bilməzdi. Aristokrat zümrəsi də bu hökmranlıqlarına əmin olduqlarından, şəhərdə hamının riayət etməli olduğu qaydaları tətbiq etməyə başladılar. 

İlk imperator Avqust yuxarı təbəqədən olan qadınların evlənib uşaq doğmasını məcbur edən qərar verdi. Bu qərara etiraz əlaməti olaraq könüllü olaraq fahişəliyə üz tutan yüksək zümrəli qadınlar oldu. Bu ərəfədə aşağı siniflər də patriarxal ailə quruluşlarına etiraz edərək dədə-babalarının cinsi adətlərini davam etdirməyə qərar verdilər. 

Kölə fahişələr 

Romanın yürütdüyü imperialist siyasət nəticəsində şəhərə çoxlu fahişə axın etdi. Torpaqları əllərindən alınan kəndlilərin də qazanclı bir iş üçün şəhərə gəlmələri də bu axında mühüm rol oynamışdı. Hətta bu "azad" insanların bəzilərinin vəziyyəti kölələrdən də pis idi. Çünki kölələrə heç olmasa acından ölməmək üçün yemək verilirdi. İşsizlik çox geniş yayılmışdı və bu səbəbdən də insanların çoxu fahişəliyə üz tuturu. 

Mülkiyyət toxunulmazdır

Ancaq yenə də, qədim Romadakı fahişələrin əksəriyyəti kölələr idi. Romanı böyük bir imperatorluq halına gətirən də bu köləlik sisteminin mövcudluğu və möhkəmliyi idi. 

“Mülkiyyətin toxunulmazlığı” anlayışını ilk dəfə romalı hüquqçular ortaya atdılar və daha sonra bu anlayış kölələrə də tətbiq edildi. Bununla da kölələri qanuni baxımdan da əşyaya ya da mala çevirdilər.

Qullar üzərində hökmranlıq 

Kölə sahibinin haqları qədimdəki ailə başçısını xatırladırdı. Sahib istədiyini edə bilərdi və ona bu səahiyyət qanunla verilmişdi. Kölələrin qadınlardan daha çox əzilməsinin səbəbi Roma imperiyasının mahiyyətcə quldar dövləti olması idi. 

İmperatorluq ərzində kiçik bir aristokrat zümrəsi iqtidarda qaldı. Özlərini tanrı hesab edən bu güclərini əsasən kölələrdən ibarət olan aşağı sinif üstündə mərhəmətsizcə sınaqdan keçirirdilər. Romanın zalımlığı da aristokratların bütün kaprizlərini kölələr üzərində istədikləri kimi tətbiq edə bilməsində idi. 

Qəddarlığın miqyası 

…Tiberinin xələfi Kaliqula bütün bacılarıyla insest əlaqəyə girmiş və bir ayin əsnasında onlardan birinin bağırsaqlarını deşməsi ilə məşhurlaşmışdı. Arvadı Kaesonianı dostlarına çılpaq nümayiş etdirərək zövq alırdı və fahişə Mnester ilə hamıya məlum olan əlaqəyə girib imperatorluq sarayında fahişəxana da yaratmışdı… 

Fahişəlik yaxşıdır bundan

Sahiblərinin cinsi harınlıqlarına sinə gərənlər kölə və xidmətçilər sinifi idi. Bu bəxtsiz qadın və gənc oğlanlar üçün təcavüz və cinsi istismar gündəlik həyatın ayrılmaz hissəsi idi. Bəlkə də yeganə xilas yolu qaçıb, adsız fahişələr olaraq küçələrdə və ya fahişəxanalarda işləmək idi. Bu zaman heç olmasa cinsi xidmətlərinin qarşılığında pul ala bilərdilər. 

Kübarlar fahişə olmasın

Aristokratların evlənməyə və çoxalmağa həvəssiz olmalarını aradan qaldırmaq məqsədi ilə Avqust, evlilik yaşında olan subay insanlara qarşı cəza tətbiqinə başladı. Sonra bu siyasətini üçdən çox uşaq doğan evli qadınlara verdiyi silsilə mükafatlarla gücləndirdi. Ancaq aristokrat qadınların məcburi evliliyə boyun əyməkdənsə, özlərini fahişə elan etmələri Avqustun planlarını alt-üst etdi. Lakin Avqustdan sonra taxta çıxan Tiberi hakim sinifdən olan qadınların fahişə olmalarını qadağan edərək son nöqtəni qoydu. 

Fahişəxanaya gedənlərə eşq olsun! 

Romalı kişilərin fahişəliyə münasibətləri ilə yunanlıların münasibəti demək olar ki, oxşar idi. Fahişəliyin, cavanları zinadan uzaqlaşdıraraq ailələrini qoruduğuna inanardılar. 

Katon yazırdı: "Şəhvət güc gələndə fahişəxanalara gedənlərə eşq olsun". Bundan başqa tarixdə daha bir mənbə fahişəliyi sağlam evliliyin həm yoldaşı, həm də peyvəndi olaraq görür. Platus belə deyir: "Evli bir qadına, bir dula, bir bakirəyə, bir gəncə ya da azad doğulmuş bir uşağa toxunmayın… Qalanı sizin olsun." 

Rəsmiləşən fahişəlik

Romalılar, yunanlılar kimi rəsmi fahişəxanalar açıb işlətmirdilər. Ancaq fahişələri rəsmi olaraq qeydə alan ilk sistemi onlar qurdular. Bu da fahişələrin iki hissəyə ayrılmasına səbəb oldu: qeydiyyatdan keçən “meretrike”lər və qeydiyyatı olmayan “prostibula”lər. Əslində qanuna görə bütün fahişələrin “aedile” kimi tanınan rəsmi şəxsin yanında qeydiyyatdan keçmələri lazım idi. 

Yuxarı təbəqəni təmsil edən fahişələr qanuni olaraq qeydə alınmırdılar. "Əlavə iş" olaraq cinsi xidmət göstərənlərin çoxu, o cümlədən aktyorlar, rəqqaslar və musiqiçilər də qeydə alınmırdılar. 

“Aedile”lərin qeydiyyata qarşı çıxan fahişələrin zorlayırdılar. Fahişəxanalarda "nizam-intizamı" təmin etmək və qanuni iş qrafikinə uyğun gəlib-gəlmədiklərinə də nəzarət etmək kimi də onların vəzifə borcu idi. Bundan əlavə, buralarda çalışan qadınların qanunların tələbinə uyğun olaraq geyinmələri və lazımı ödənişi almalarına nəzarət etmək də onların öhdəsində idi. Bu, fahişələrə faydalı olan yeganə qanun idi. Qalan bütün qanunlar məhdudlaşdırmalar və zərurətlərdən ibarət idi. Buna görə fahişələrin çoxu qanunları hazırlayan senatorları ələ salıb, öz başlarının çarəsini axtarmağa məcbur idilər. 

Fahişələr arasında diskriminasiya 

Qanunlar, aşağı sinifdən olan fahişələrin "hörmətli" qadınlardan fərqlənmələrini təmin edirdi. Amma yenə də əksəriyyət geyim-geçim məsələsində qadağaları rədd edib qanunlarla açıq-aşkar kəllə-kəlləyə gəlirdilər. Qanunlara görə fahişələr qadın “stola”sı (Stola, Romalı qadınların kişilərin geydiyi “toga”nı xatırladan ənənəvi geyimi. Roma İmperatorluğunda kişilərin geyimi olan “toga”nı geymək heç də yaxşı hal deyildi. Bunu geyən qadınlar fahişəliklə ittiham olunurdular) əvəzinə kişi “toga”sı geyməli idilər. 

O zaman da makiyajlı idilər 

Bundan başqa bənövşəyi geyimlər, ayaqqabılar, bijuteriyalar və romalı evdar qadınların saçlarını yığmaq üçün istifadə etdikləri filələr onlara qadağan idi. Bunun əvəzinə sandal ayaqqabı və çiçəkli paltar geymələri vacib idi. 

Əksər fahişələr geyim məsələsində gözə çarpmağa çalışır, bunun üçün saçlarını sarı və ya qırmızı rəngləyərək, makiyaj edərək, şəffaf ipək ya da tüldən paltarlar geyinirdilər. Beləliklə də, həm evli qadınlardan seçilir, həm də istəklərinə uyğun olaraq gözəçarpan olurdular. 

Fahişə aktrisalar

Teatrların özlərini və qabiliyyətlərini xalqa nümayiş etdirmək üçün ən doğru məkan olduğunu bilən əksər fahişələr aktrisalıq edirdilər. Bu, həm də aşağı sinifdən olan fahişənin hörmətli bir xanıma çevrilməsinə imkan yaradırdı. Fahişələr ümumiyyətlə professional aktrisalar idilər. Bunun əksi də danılmazdır. Roma teatrı cinsəlliyi bütün çılpaqlığı ilə ortaya qoyan kəndli bayramlarından qaynaqlanırdı. Bu səbəblə də teatr ədəbsizlikdən heç uzaqlaşmırdı. 

Komediyada ən yaxşı obrazlar fahişələrlə qadın dəllalları idi. Biseksuallıqla, insest də sevilən mövzular arasında idi. Ən çox bəyənilən ənənələrdən biri də qadın komediyaçıların tamaşanın sonunda az qala çılpaq soyunmaları idi. Bir başqa maraq doğuran məqam da mifologiyan gələn erotik səhnələrin həm pantomim, həm də rəqslə oynanması idi. 

Niyə fahişə olmuşdular ki? 

Yuxarı təbəqədən olan fahişələr ümumiyyətlə təhsilli və yaxşı yetişmiş qadınlar idilər. Əksər tarixçilər bu qadınların niyə fahişə olmalarını açıqlamaqda çətinlik çəkirlər. Sanqer qadınların "şəhvət və acgözlüyünü" səbəb kimi göstərirsə, Henriques pul hərisliyini ortaya qoyur. Ancaq yuxarı təbəqədən olan bir qadının "nəzakətli" fahişə olması üçün ən əsas səbəb təbii ki, iqtisadi baxımdan azad olmaq və heç bir kişidən asılı olmamaq idi. Belə qadınlar müstəqil yaşayar, müxtəlif varlı müştərilərin dəvətlərini qəbul edərdilər. Hərdən gizlində vergitoplayan ərləri də olardı. 

Qədim Yunanıstanda olduğu kimi Romada da fahişələr özlərini qorumaq üçün mükəmməl qurulmuş həmrəyliyə arxalanırdılar. “Nəzakətli" yunan fahişələr kimi, onlar da bənzərsiz və müxtəlif mədəniyyətlər yaratmışdılar. Onlar “hörmətli” romalı qadınların məzlumluğunu qəbul etmir, heç bir kişiyə aid olmamağı üstün tuturdular. Romalı "nəzakətli" fahişələr təhsilləriylə, zəkalarıyla, gözəllikləriylə və müstəqillikləriylə qürur duyurdular. 

Hərbi fahişələr 

Roma İmperatorluğu üçün həyati əhəmiyyət daşıyan və tarix kitablarında barələrində heç bəhs edilməyən başqa bir qrup fahişə sinfi də vardı. Bunlar hərbi düşərgələrdə istismar olunan fahişələr idilər. Onlar uzun sürən səfərlərdə və uzaq sərhəd bolgələrində əsgərlərə "istirahət və əyləncə" təşkil edən məhbus qadınlar idi. Roma uzun illər boyunca iqtisadiyyatını hərbi genişlənmə ilə təmin etmişdi və əsgərlər hara gedərsə getsin, qarnizonun yanında silsilə fahişəxanalar qurulardı. 

Bu fahişəxanaların quruluşu çox sadə idi. Romadakı ucuz evlərdə olduğu kimi, burada da hər qadın üçün cəmi bir otaq var idi. Buralarda yaşayan qadınların yeganə ümidi isə bir zabit tərəfindən satın alınmaq idi. Ancaq “hərbi düşərgələrdə istismar olunan fahişələr”nın böyük əksəriyyəti üçün həyat - heç bir xilası olmadan, maksimum alçaldılma, xəstəlik və əldən düşməkdən ibarətdir.


Tarixçilər hamılıqla qədim Romanın dağılmasının səbəbi kimi nəzarətsiz cinsi əlaqələri göstərirlər. Digər tərəfdən korrupsiya hər zaman quldarlıq quruluşlarının təməl prinsipinə çevrilib. 

Qədim Romada cinsəllik və fahişəlik həyatın qəbul edilmiş həqiqətlərindən biri idi. Bunlar açıqca nümayiş olunur, istismar edilir, müzakirə olunurdu. Roma dövləti də bu ticarətdən pul qazanmaqdan utanmırdı. İmperator Kaliqula, fahişələrə vergi qoyduqdan sonra bu işdən böyük qazanc əldə etmişdi. Hər səviyyədə fahişəlik Roma iqtisadiyyatında özünəməxsus yer etmiş, nə bədənini satanlar, nə də onlara şərait yaradanlar damğalanırdılar (Bu mövzu bir az mübahisəli olsa da, həqiqət kimi görünür). Fahişəlik, "müqəddəs" imperatordan ən aşağıdakı köləyə qədər uzanan ictimai fəaliyyətlərdən biri idi. Hələ sistemdə "günah" anlayışı yaranmamışdı. Ancaq Xristianlıq hakimiyyəti ələ keçirdikdən sonra, iqtidardakı şəxslər fahişəliyin "ayıb", fahişələrin özlərinin isə pis və cəmiyyət üçün yoldan çıxardıcı bir təhdid olduğunu sözdə qəbul etməyə başlayacaqdılar.

MÜƏLLİF: Vüqar QURBANLI

пятница, 15 апреля 2011 г.

Atalar və oğullar

Azərbaycan xalqı kiməsə “əxlaqsız” yarlığı yapışdırmaqda maraqlıdır. Adətən, qocalar bu işə əl atırlar. Neçə min il bundan əvvəl Şumer daş kitabələrində yazılmışdı: «İndiki gənclər yaman əxlaqsızdır, böyük-kiçik yeri bilmirlər».

Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma  bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur. Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar. Amma onların əlində böyük rəhbərin şəklini görəndən sonra nə qədər mübariz olduqları üzə çıxır. Məhz o böyük rəhbər  Azərbaycan xalqını “dözümlü xalq” adlandırmışdı. Azərbaycanlılar çox dözümlüdürlər, ac-yalavac, səfil durumda bulvara çıxıb musiqili fontana baxan adam dözümlü deyil, bəs nədir? Buna dözüm də demirlər, amma  jurnalistin peşə kodeksi imkan vermədiyinə görə yazmıram. Yoxsa yazardım.



Heç bir şey azərbaycanlının vecinə deyil. Bir dəfə Fərhad Əliyev və Əli İnsanov həbs olunanda metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında universitet tələbələrindən məsələyə münasibət öyrənirdilər. Biri eynilə belə dedi: «Necə məsləhətdirsə, elə də ediblər». Yeri gəlmişkən, heç bir fraza azərbaycanlının simasını “necə məsləhətdir“ kimi aça bilməz. Bu, fərdi düşüncədən və fərdi təşəbbüsdən məhrum şəxsi ağzında bitən sözdür. Azərbaycanlının alimi də, siyasətçisi də, şair-yazıçısı da, müəllimi-həkimi də özünə oxşayır. Bir dəfə avtobusda Şirvana gedirdim. Qabağımda bir oğlan oturmuşdu. Hakimiyyətin, daha doğrusu, ayrı-ayrı məmurların talançılığından, rüşvətxorluğundan danışdı. Daha sonra əsgərlik xatirələrinə keçdi. Yeri gəlmişkən, azərbaycanlının əsgərlik xatirələri ancaq yalandan ibarətdir. Hamısı əsgərlikdə uzun saç saxlayıb, üzlərini qırxmayıb, sıra təliminə şəpşəpi ilə çıxıb. Hamısının dərdindən komandirin qızı, ya da arvadı dəli olub. Heç biri «naryad»a çıxmayıb, öz işlərini də başqalarına gördürüblər. Avtobusdakı oğlan da əsgərlikdə anbarda işləyib. Azərbaycanlının bütün davası ailə-məişət üstündədir. Keçən dəfə metroda bir oğlan gördüm. Elə qəzəbli idi ki. Özünü sıxıb oturmuşdu. Yanımda olan dostum Şəhriyardan soruşdum ki, buna nə olub? Yaxşı cavab aldım: “Bilirsən, bu gədə azı 20 adamın namusuna cavabdehdir”. 

MÜƏLLİF:

среда, 6 апреля 2011 г.

Gəzəyən qızlar nəyi uduzur?

Xalqların yoxa çıxması eyni ssenari ilə baş verir: kütləvi fahişəlik - seksual pozğunluq- psixi sapmalar - sağlam uşaq doğa bilməmək. Sizə belə seksual inqilab lazımdır? Seksual inqilab əsrin deyil, minilliyin problemidir. Qədim xəritələrə baxsaq onlarla dövlət adı çəkə bilərik ki, əxlaqsızlığı davranış normasına çevirmişdi. Amma indiki dünyanın xəritəsində əxlaqsızlıqda ad çıxarmış samnitlərin, etrusların, kütləvi orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri artıq yoxdu. Hettlərin, asteklərin əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz səhnələrdə qalıb.

Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı sürüşkən qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq. Qonşumuz Rusiya seks məsələsində artıq Allahın qəzəbinə gəlmiş Sodom və Homorra şəhərlərini xatırladır. Burda hər 4 uşaqdan biri nikahdan kənar doğulur. Analar utanmadan uşağın atasını tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri eybəcərliklə doğulur. Uğurlu ailə qurmuş qadınların 98 faizi nikahdan əvvəl cinsi həyata başlayıb. Hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədi. Moskva və Sankt-Peterburq şəhərlərinin məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda fiziki və psixi xəstəlik yoxdu.


Birinci erkəyin təsiri


Hər şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır. Alimlərin indi ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.


Keçmişin bağışlanmaz səhvləri

Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə aşkar olan kimi insanlardan gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən seksual inqilabların qarşısında çox böyük maneələr yaradırdı. İnsan nəslinə qənim çıxmışlar imkan verə bilməzdi ki, bu məlumat hamıya çatdırılsın. Elmi ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən sonra onun elmi cəhətdən təsdiq olunmadığını yazır. Sovet İttifaqının ərazisində beynəlxalq festivallar keçirildikdən hətta bir neçə illər sonra da rus qadınları sapsarı vanyalardan qaradərili uşaqlar doğmağa başlayanda elm yenə də susurdu. Çünki ayağısürüşkən qızların boynuna günah qoymaq çətin iş deyildi. Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il əvvəl başqa irqin nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox. Yəni ki, uşaq 100 faiz öz ağdərili atasının övladı idi. Qadınına etibar etməyənlərin DNT testi verib uşağın 100 faizlik atası olduğunu müəyyən edəndən sonra teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi qalmadı. Həyat göstərir ki, qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi olub hətta keçmişini unutmaq istəsə də qanuni ərinə sağlam uşaqlar doğa bilmir. Keçmiş fahişələrin uşaqları arasında narkomanlar, homoseksualistlər, toksikomanlar və psixi cəhətdən yarıtmaz adamlar daha çox olur. Çünki həyatı boyu fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin tör-töküntüsünü canına çəkir. Özünü ipdən qırılmış heyvanlar kimi aparan gənc nəsil bəzən bütün taleyini zərbə altına qoyduğunu alına da gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da müsbət yüklü informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş qoruyucular bu tip informasiyanın qarşısını ala bilmir. 

Bakirəlik qanunu

Teleqoniya qanunu deyir ki, qadının ilk kişisi onda ömürlük iz qoyur və hətta sonra doğulacaq uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi partnyoru sonradan bu qadının kimdən və harda doğacağından asılı olmayaraq uşaqlarının genefondunun təməlini qoyur. Bakirəliyi pozmuş kişi sanki qadının bütün nəslinin atasına çevrilir. Bəzən ikl kişinin nəinki gen yaddaşı, hətta görkəmi də sonrakı ona dəxli olmayan uşaqlarda özünü göstərməyə başlayır. 
Teleqonia heyvanlar arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı» oynayıbsa onun doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün, həşəratlarda bir neçə gündən bir neçə aya qədər saxlanma halları məlumdur. Bu yolla qadının cinsiyyət yollarında «ayaq saxlamış» sperma növbəti dəfəki aktda işə düşə bilərdi. 
Kənddə seleksiya ilə məşğul olan baytar həkimləri bu barədə daha yaxşı danışa bilər. Vaxtilə çox geniş tətbiq edilən süni mayalandırma üsulu vaxt keçdikcə iflasa uğradı. Bir öküz 50, uzağı 100 inəyi mayalandırar. Süni yolla bir öküzü 1500 inəyə «evləndirirdilər». Amma nəticədə 30 faiz eybəcərlik doğulurdu. Sonradan bəzi inəklər təbii yolla «ərə getmək» istəmirdi. Sovet zamanının təcrübələri barədə adətən danışmağı sevmirlər. Deyirlər ki, Fransada aparılan təcrübələrin nəticələri maraqlı olub. Süni yolla 3 qadın mayalandırılıb. Doğulan uşaqlar əsil bioloji valideynlərinə oxşamaq əvəzinə hüquqi valideynlərinə bənzəyib.
Porno indrustiyasına bir zərbə
Hazırda teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından dəfələrlə çoxdur. Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi saymaq özünə və arzularına qarşı çıxmaq kimidir. Belə deyənlərin əksəriyyəti porno industriyasının çiçəklənməsində marağı olan adamlardır. Əgər teleqoniya hadisəsi məktəblərdə tədris edilsə hər bir gənc taleyinə ciddi zərbə vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman porno industriyanın daha bir tamaşaçısı azala bilər. Bu kiminsə pul dağarcığına möhkəm zərbə vurmuş olar. 
Vicdanı yanmış qızlara bakirə demək olarmı?
Bakirəliyi itirmək asandı, qaytarmaq mümkün deyil. Gəncliyində bir dəfə səhvi olmuş qadınların sağlam ailə qurmaq şansı bəyəm ömürlük itirildi? Bu sualın cavabını yalnız din verə bilər. Sidq ürəkdən tövbə etmiş adamın duasını eşidən Allah onun ruhundakı dəyişikliyi görüb fiziki qüsurunu aradan götürə bilər. Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən rahat izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa birbaşa təsir edir. Bizdə hamilə qadını kifir adama baxmağa belə qoymurlar. İnam var ki, ananın ürəyinə düşsə, ya da uşaq ilk təkanını verən zaman anasının gördüyü adama oxşaya bilər.


Genetik siyasət


Tarixdə bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə dair çoxdu faktlar var. Bu sadəcə kişi qısqanclığı deyildi. Qədimdən bəri hansısa yaşayış yerini zəbt eləmiş həmlə edən tayfa məğlub qəbilənin varidatından da əvvəl qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin qızda öz gen yaddaşını həkk edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar insanın öz genetik kodunu düşmən tərəfə yeritmək siyasəti idi. Sonra düşmən çıxıb gedəndən sonra bu qızı ya monastra verir, ya da keşişin yanında köməkçiliyə göndərirdilər. Onunla evlənmək istəyən olmurdu ki, yağının nəslini davam etdirməsinlər. Monastra getmiş bu qızın günahı o biri monaxlardan fərqli olaraq bağışlanılan sayılmırdı. 


Gizlədilmiş elm


Yəqin ki, əsil cins atını zebraya «ərə verən» Morqan sonradan başına-dizinə çox döyüb. Teleqoniyadan danışmağı sevməyənlər bu məsələnin rasizm, şovinizm qoxulu. Deyirlər ki, sülh uğrunda mübarizlər, internasionalçılar, kommunistlər, masonlar və s. bu tipli insanlar teleqoniyanın gizli qalmasnda maraqlıdırlar. Ona görə də teleqonianı yalançı yox, gizlədilmiş elm saymaq olar. Əvvəl ilk partnyorun təsirindən danışılırdısa, sonralar bütün partnyorların qoyduğu silinməz izlərdən danışıldı. Özü də təkcə kişilərin qadına deyil, qadınların da kişidə buraxdığı izlər aşkar edildi. Münasibətlər illər uzunu əvvəl olmuşsa məlumat harda və hansı şəkildə qorunub ötürülə bilər? Bunu 1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət məsələlərini öyrənən təcrübələr qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer fatonları DNT yaddaşından informasiyanı köçürürdülər. Bir neçə spektrin şəklini çəkəndən sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən yerinə boş qab qoyur. Amma bu qabdakı informasiya da yazılmağa başladı. Yazılanlar bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin yazılarına çox bənzəyirdi, amma bir qədər zəif idi. Alim düşündü ki, qabda ola bilər ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi. Amma həmin effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir qədər zəif şüalanması qeydə alındı. Alim heyrətini gizlədə bilmirdi: «Qabın boş olmasına baxmayaraq lazer elə bil ki, hansısa görünməz strukturlarla üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə davam edirdi. Əmin olmaq üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla üfürürdük. Əvvəl yoxa çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa edilirdi. Elə bil ki, onları məhv etmək mümkün deyil». Qaryayev bu təcrübəni bir il davam etdirdi. Sonda şübhələr qalmamışdı: DNT silinən kimi hansısa bir fantom qalır ki, o da DNT malekulunun daşıdığı informasiya yüklüdür. Maraqlısı o idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də təmiz idi. Bu təcrübə bizə əsas verir ki, kişinin ünsiyyətdə olduğu qadına «avtoqraf» qoyduğunu düşünək. Bu yazını heç nə poza bilməz. O, bədənə və ruha da təsir etmək iqtidarındadı.


Yarıqadağan mövzularda söhbət


«Nikahdan əvvəl cinsi həyata başlamalı, ya yox?» sualı indi müasir cavanları çox narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi inqilabdan dəm vurur, kimsə xalqın artıq inqilablardan keçmiş başqa millətlərlə müqayisədə geridəqalmış olduğunu deyir. Ona görə də inqilabı inqilaba calayan millətlərin tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan danışan cəmiyyət ən əvvəl seksual azadlığı təcrübədən keçirir. Amma bütün seksual inqilablar primitiv, heyvani səviyyəyə qədər alçalmaya gətirir. Tarixdən məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə gətirir. Bütün dinlər insandan cinsi həyatında səliqə-səhman tələb edir. Bu fikri alimlər də təsdiqləməyə məcburdur: hazırda yavaş işləyən 50-yə qədər virus növü məlumdur ki, eybəcərliklər və qazanılmış xəstəliklər törədərək insan cəmiyyətini tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz, şizofreniya, xərçəkg kimi zəmanə bəlalarının da QİÇS kimi virus xarakterli olduğunu deyənlər də var. Gen səviyyəsində tənəzzül qətllərin, cinayətlərin, intiharların, depressiyanın, avaraçılığın artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün ardıca gen səviyyəsində tənəzzül gəlir.





MÜƏLLİF: Gülnarə RƏFİQ