Azərbaycan xalqı kiməsə “əxlaqsız” yarlığı yapışdırmaqda maraqlıdır. Adətən, qocalar bu işə əl atırlar. Neçə min il bundan əvvəl Şumer daş kitabələrində yazılmışdı: «İndiki gənclər yaman əxlaqsızdır, böyük-kiçik yeri bilmirlər».
Azərbaycanda sovet dövründə bir nəsil yetişib, azdan-çoxdan kitab çap olunub, teatrlar açılıb, operalar, baletlər yazılıb. Amma bütün bunlar xalqın son nəticədə maariflənməyinə gətirib çıxarmayıb. Müstəqillik qazanılan kimi Azərbaycan xalqı illərdir həsrətini çəkdiyi baloğlanəşrəfovlara, namiqqaraçuxurlulara qovuşdu. Amma rus nəfəsi dəymiş və müstəqillik dönəmində meydana çıxmış yeni bir nəsil var ki, bu nəsillə kütlə arasında uçurum var. Bu uçurum dünyanın heç bir ölkəsində yoxdur. Azərbaycanın mövcud hakimiyyəti də məhz Azərbaycan xalqının hakimiyyətidir. Buna heç bir şübhə ola bilməz. Bəzən su gəlməyəndə, qaz kəsiləndə yolu-zadı kəsirlər, etiraz bildirirlər. Adam sevinir ki, nə yaxşı bunlar da qalxdılar. Amma onların əlində böyük rəhbərin şəklini görəndən sonra nə qədər mübariz olduqları üzə çıxır. Məhz o böyük rəhbər Azərbaycan xalqını “dözümlü xalq” adlandırmışdı. Azərbaycanlılar çox dözümlüdürlər, ac-yalavac, səfil durumda bulvara çıxıb musiqili fontana baxan adam dözümlü deyil, bəs nədir? Buna dözüm də demirlər, amma jurnalistin peşə kodeksi imkan vermədiyinə görə yazmıram. Yoxsa yazardım.
Heç bir şey azərbaycanlının vecinə deyil. Bir dəfə Fərhad Əliyev və Əli İnsanov həbs olunanda metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında universitet tələbələrindən məsələyə münasibət öyrənirdilər. Biri eynilə belə dedi: «Necə məsləhətdirsə, elə də ediblər». Yeri gəlmişkən, heç bir fraza azərbaycanlının simasını “necə məsləhətdir“ kimi aça bilməz. Bu, fərdi düşüncədən və fərdi təşəbbüsdən məhrum şəxsi ağzında bitən sözdür. Azərbaycanlının alimi də, siyasətçisi də, şair-yazıçısı da, müəllimi-həkimi də özünə oxşayır. Bir dəfə avtobusda Şirvana gedirdim. Qabağımda bir oğlan oturmuşdu. Hakimiyyətin, daha doğrusu, ayrı-ayrı məmurların talançılığından, rüşvətxorluğundan danışdı. Daha sonra əsgərlik xatirələrinə keçdi. Yeri gəlmişkən, azərbaycanlının əsgərlik xatirələri ancaq yalandan ibarətdir. Hamısı əsgərlikdə uzun saç saxlayıb, üzlərini qırxmayıb, sıra təliminə şəpşəpi ilə çıxıb. Hamısının dərdindən komandirin qızı, ya da arvadı dəli olub. Heç biri «naryad»a çıxmayıb, öz işlərini də başqalarına gördürüblər. Avtobusdakı oğlan da əsgərlikdə anbarda işləyib. Azərbaycanlının bütün davası ailə-məişət üstündədir. Keçən dəfə metroda bir oğlan gördüm. Elə qəzəbli idi ki. Özünü sıxıb oturmuşdu. Yanımda olan dostum Şəhriyardan soruşdum ki, buna nə olub? Yaxşı cavab aldım: “Bilirsən, bu gədə azı 20 adamın namusuna cavabdehdir”.
MÜƏLLİF:
Комментариев нет:
Отправить комментарий