четверг, 16 июня 2011 г.

Əxlaqsız papa haqda əfsanə

İoann ayığını güclə atırdı... keçiddə yerə yıxıldı və hamiləlikdən azad oldu...”

Baxmayaraq ki, feminizm bütün planetdə çox sürətlə yayılır, elə yerlər var ki, hələ də ora gedən yollar qadınlar üçün bağlıdır. Bunlardan biri də Roma Papası vəzifəsidir. Lakin Vatikanın tarixi artıq uzun əsrlərdir ki, yüksək taxt-tac sahibi olmağa cəsarət edən qadın haqqında əfsanəni ciddi-cəhdlə qoruyub saxlayır. 

Onun varlığı barədə məlumatlar şübhəlidir, rəsmi Papalıq salnamələri da bunu qətiyyətlə rədd edir. Başqa cür ola da bilməz, axı bu misli görünməmiş ədəbsizlikdir!

Hesab edilir ki, bu əfsanə Konstantinopolda pravoslav və katolik kilsələri arasında düşmənçilik zəminində yaranıb. Tarixçilərin bir çoxu bunu uydurma sayır. Lakin sizə elə gəlmirmi ki, bu əfsanə yaranıb və uzun əsrlər yaşayıbsa, boş yerə deyil və deməli, doğrudan da tarix qadına bu yüksək mənsəbi tutmağa – xalqların dini rəhbəri olmağa “icazə” verib. 

Sirli monax

Əfsanədə deyilir ki, 855-ci ildə Papa IV Levin ölümündən sonra taxt-tac 2 il, 5 ay və 4 gün salnamələrdə “Papessa İoanna” (Covanna, Janna, Anna) adı ilə qeyd olunan qadının əlində olub. İddia edilir ki, bu ad altında gözəl simalı, dərin zəkalı əsilzadə ingilis qadını gizlənib. Papessa haqqında ilk dəfə 1276-cı ildə geniş şəkildə bəhs olunub. V Adrianın ölümündən sonra yeni Papa xronologiyaya uyğun olaraq XX İoann deyil, XXI İoann adını qəbul edir. Deyilənlərə görə, “itmiş” Papa əleyhdarları tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Başqa bir ehtimala görə isə, o qadın olub və onun mövcudluğu barədə unutmağa çalışıblar. 

Bizim günlərə qədər bu qeyri-adi qadının tərcümeyi-halı barədə çoxlu faktlar gəlib çatıb. Əsl adı Aqnessa olan qadın 822-ci ildə Almaniyanın Mayns şəhəri yaxınlığında İnqelhaym şəhərciyində ingilis missionerinin ailəsində doğulub. Aqnessanın anası dünyasını dəyişəndən sonra o, atası ilə səyahət etmək məcburiyyətində qalır. 

Təhlükələrlə dolu olan missioner həyat tərzi kiçik Aqnessanın həyatında çox böyük izlər buraxır. Tez-tez qarşılaşdıqları çətinliklər onu qeyri-adı bacarıqlara, natiqlik sənətinə yiyələnməyə, kütlənin diqqətini cəlb etmək qabiliyyətini formalaşdırır. Hələ səkkiz yaşında ikən o, həyətlərdə, restoranlarda stolun üstünə çıxaraq moizə oxuyur, nitq söyləyirdi. Onun kütləyə güclü təsiretmə bacarığı vardı və ehtimal olunur ki, elə o vaxtlardan da Aqnessa kişi paltarı geyinməyə başlayıb. 

Atası öldükdən sonra vaizlik Aqnessanın yaşaması üçün yeganə vasitə olur və bu məqsədlə o, bütün dünyanı dolaşmağa başlayır. Görünür, Aqnessa yüksək təhsil almaq niyyəti ilə özünün qadın olduğunu gizlətməyə davam edir, çünki o dövrdə təhsil almaq qadın üçün əlçatmaz arzu idi. Bütün Avropanı gəzən Aqnessa İoann Lanqlua adına monastırda teologiya və fəlsəfədən yüksək təhsil alır. 

Əməksevər və bilikli tələbə bacarığı və ağlı ilə tezliklə ətrafındakı oğlanlardan seçilir. Lakin artıq qızın 16 yaşı tamam olmuşdu və vaxt keçdikcə qadın təbiəti ehtiyatlılığı üstələyirdi. Aqnessa onunla birgə təhsil alan gənc monaxa diqqət yetirir və ona əsl kimliyini etiraf edir. O andan etibarən gənclər ayrılmır. Tezliklə onların dostluğu şübhə doğurmağa başlayır (heç kimin ağlına gəlməzdi ki, İoann kişi deyil). Bir müddət sonra onların gizli münasibətlərinin üstü açılır. 

Cəzadan qorxan cütlük monastırdan qaçaraq əvvəl İngiltərəyə, sonra Afinaya gedir. Sevgilisi olmağına baxmayaraq, gənc qız kişi paltarı geyinməkdən imtina etmir və düşünür ki, ancaq bu görkəmlə uğur qazanacaq və şəxsiyyət kimi özünü təsdiq edəcək. 

“Atalar atası” taxtında qadın 

Aqnessa kütləvi teoloji mübahisələrdə iştirak edir və tədricən hersoqların, abbat və alimlərin diqqətini cəlb edir. Afinada gənclər mütəmadi olaraq ən tanınmış dini və fəlsəfi məktəbləri ziyarət edirlər. Aqnessanın sevgilisi yüksək təhsil alaraq Romaya getməyi və kardinal, hətta Papa olmağı arzulayırdı. Lakin Avropaya növbəti səyahət zamanı gənc oğlan xəstələnir və qızdırmadan ölür. Bundan təsirlənən Aqnessa gəncin məzarı üstündə and içir ki, onun arzusunu yerinə yetirəcək. Və o, Romaya yollanır. 

“Əbədi şəhər”də Aqnessa çox asanlıqla Papa sarayının nümayəndələri ilə münasibətlər yaradır. Oradakı keşişlər o qədər də yüksək təhsilə malik deyildilər və Aqnessanı təkcə geniş dünyagörüşü və möminliyinə görə deyil, həm də yaraşıqlı görünüşünə görə də qəbul edirlər. 

Natiqlik qabiliyyəti, zəngin biliyi və bir çox başqa bacarıqlarına görə tezliklə Aqnessaya yunan məktəbində kafedra verirlər. Çox keçmədən bu yüksək təhsilli monaxın şöhrəti bütün Romaya yayılır. “Covanni Anqliko” adı ilə tanınan Aqnessa Papa IV Levin etimadını qazanaraq, sarayda söz sahibinə çevrilir. O, çox böyük məharətlə təkcə kilsə deyil, həm də dövlət işlərilə məşğul olur. Əsasən Vatikanı əhatə edən hündür divarların tikintisinə rəhbərlik edir. Aqnessa eyni zamanda Papa yanında notarius fəaliyyəti də göstərirdi. Gözəl natiqlik qabiliyyəti, zəngin biliyi, yaltaqlığı və xeyirxah görünüşü ilə kardinal vəzifəsinə yüksələ bilir. 

Qəribəlikləri ilə seçilən Papa IV Lev bir gün özünü müqəddəs Pyotra bənzədərək, suyun üzərində yeriməyə cəhd edir. Təbii ki, bundan yaxşı heç nə alınmır və soyuq suya düşən Papa xəstələnərək tezliklə vəfat edir. Papalıq seçkisi zamanı kardinal kimi namizədliyini irəli sürən Aqnessa fərqli təbliğat kampaniyası aparır. O dövrdə Papa meydana toplaşan insanlar tərəfindən seçilirdi və digər namizəd kardinalların adamları oraya toplaşan insanlara müxtəlif hədiyyələr verir, namizədin üstün cəhətlərindən danışırdılar. Aqnessa isə başqa metodlarla təbliğat aparmağa üstünlük verir. Onun tələbələri meydana toplaşan insanlar qarşısında çıxış edərək, kardinal İoannın əvvəlki Papalardan fərqli olaraq hərəmxana saxlamayacağını, kilsənin gəlirlərinin kasıblar arasında bölünəcəyini elan edirlər. Nəticədə İoanna seçkidə qalib gəlir və Roma, Kainat və Göyün simvolu olan üçlü taca sahib olur. 

Orta əsr salnamələri xəbər verir ki, Papalıq seçkisi bir çox əlamətlərlə yadda qalıb: İtaliyada şəhər və kəndlər zəlzələdən yerlə-yeksan olub, Fransada çəyirtkələr tarlaları məhv edib, İspaniyada müqəddəs Vinçensonun oğurlanan nəşi gecə vaxtı kilsənin kandarında görünərək, onu yenidən əvvəlki yerində dəfn etmək üçün yalvarıb. 

Papessa İoannanın hakimiyyəti uzun sürməsə də firavanlıq və bir çox nailiyyətlər əldə edilməsi ilə müşayiət olunub. Aqnessanın idarəçiliyi humanist, rəhmli və inkvizisiya işgəncələrindən uzaq olub. O, ruhanilərin əxlaqsızlığının qarşısının alınması üçün fərmanlar imzalayıb. 855-ci ilin sonunda Aqnessa alman imperator Lotarın öz günahlarını yuması üçün monax olmağa razı salır. 

Qadın olmaq cinayəti

Beləliklə, İoanna alnına yazılmış yüksək mənsəbə nail olur. Lakin bu yalan uzun sürə bilməzdi. İoanna Vatikanın yüksək rütbəli məmurlarından biri ilə sevgi münasibətləri yaşayır və bir müddət sonra hamilə olduğunu öyrənir. Bununla bağlı məqamlar bir az mübahisəlidir. Çox böyük əziyyət və mübarizələrlə belə bir məqama çatmış və ikili həyat yaşayan qadın necə ola bilər ki, risk etsin? Belə bir ehtimal da var ki, İoannın həqiqi kimliyini öyrənən adam onu bu addımı atmağa məcbur edib. 

Sutananın (katolik ruhanilərinin cübbəsi) geniş qırçınları uzun müddət papessanın korlanan fiqurasını insanlardan gizlətməyə kömək edir. Sevgilisi kömək edərək onu müəyyən bir vaxt vəziyyətdən çıxarır. O, Papanın xəstələndiyini elan edir. Lakin hadisələrin inkişafı arzuolunmaz istiqamətdə davam edir. Hamiləliyin son ayında - insanların qarşısına çıxmağın heç cür mümkün olmadığı bir vaxtda Romada epidemiya yayılır. Xalq tələb edir ki, Papa xaç yürüşü elan etsin. Çarəsiz Aqnessa nə edəcəyin bilmir və ibadət gününü mümkün qədər uzatmağa çalışır. Lakin papessa vəziyyətə tabe olmağa məcbur olur. 

857-ci il noyabr ayının 20-də günəşli bir gündə Roma əhalisi şənlikdə iştirak etmək üçün küçələrə tökülür. Hər tərəfdən kardinallarla əhatə olunmuş İoann ayığını güclə atırdı. Kolizeylə Müqəddəs Kliment kilsəsinin arasındakı keçiddə yerə yıxılan Aqnessa hamiləlikdən azad olur. O və yeni doğulmuş körpəsi qəzəbli kütlə tərəfindən daş-qalaq olunur. Öldürülənlər Müqəddəs Kliment kilsəsində dəfn olunur. Bəzi ehtimallara görə, körpə sağ qalır və monastıra verilir. Böyüdükdən sonra kilsədə fəaliyyətini davam etdirərək Ostiya şəhərinə yepiskop təyin olunur. 

Papa taxt-tacına yiyələnmiş qadının belə bir dəhşətli sonluğu həm də onun cəzasıdırmı? Papessanın öldüyü yerdə uzun müddət kiçik kilsə olub. Lakin onun haqqında hər bir xatirəni unutdurmaq məqsədi ilə kilsə uçurulub, papessanın məzarının yerini bildirən qəbir daşı isə yoxa çıxıb. 

Rəsmi Vatikanın nə deməyindən asılı olmayaraq, Papalıq taxtının qadın tərəfindən ələ keçirilməsi ilə bağlı mövzu uzun əsrlərdir insanların yaddaşından silinmir. Hadisənin inkar edilməsinə rəğmən, onun doğruluğunu bilavasitə təsdiq edən əyani vəsaitlər də mövcuddur. Belə ki, X əsrdən başlayaraq XVI əsrə qədər Vatikanda yeni seçilmiş Papanın cinsini yoxlayan mərasim keçirilib. Bunun üçün ortası iri deşik olan və "Sello Stercoraria" adlanan xüsusi kreslodan (hal-hazırda Roma muzeylərinin birində saxlanır) istifadə olunub. Görünür, Roma kilsəsi bir daha yalana yol verilməsini istəməyib. Deməli, onların qadının Papa tacını geyinmək qorxusunun əsası varmış. Qadının Müqəddəs Pyotr taxtını zəbt etməsi epizodu Vatikanın çox böyük həssaslıqla qoruduğu sirlərdən biridir. 

Hətta Papessa haqqında əfsanə uydurulmuş olsa belə, çox böyük məharətlə tərtib olunub. Və bu əfsanə qadınları daim alçaldan və əsarətdə saxlayan ruhanilərin və feodalların əməllərinə qarşı xalqın etirazı idi. Gənc, gözəl, ağıllı, təhsilli, xeyirxah və humanist Aqnessa ondan əvvəl və sonra Papalıq taxtına oturan qəddar insanlara sübut etdi ki, qadın kişi ilə bərabərhüquqlu ola bilər. Xalqın səsi - Haqqın səsidir. Papessa haqqında xatirələri məhv etməyə çalışsalar da o, hələ uzun illər orta əsrlər həqiqətlərinin insanlarda nifrət oyadan zülmətli fonunda ağ ləkə kimi qalacaq... 

Müəllif: Yaqut Əliyeva

четверг, 9 июня 2011 г.

Bakirəliyə zərbə

Qızla qadın arasında beş dəqiqə fərq var
                                                    
Ölkənin mədəni, siyasi, ictimai həyatı paytaxtla məhdudlaşdığından bu yazını oxuyanların böyük əksəriyyəti yəqin ki Araz kinoteatrını rəsmən tanıyır. Bir vaxtlar şəhərin gur mədəni həyatının ən qaynar nöqtələrindən biri sayılırdı Araz kinoteatrı. Mənim o kinoteatrla bağlı bir neçə  kədərli, işıqlı xatirəm var. İndi xatirə yazmaq ovqatında deyiləm. Sonra yeri düşər paylaşaram. Hal hazırda Araz kinoteatrı daha çox ictimai tualet kimi fəaliyyət göstərir. Giriş iyirmi qəpik. Bir də orda bir kafe yerleşdiriblər. Amma kinoteatrın fəaliyyət göstərdiyini şərtləndirmək üçün afişalar daima yenilənir.


Siz Araz kinoteatrının qarşısındakı afişada qəribə film adları oxuya bilərsiniz. Mənə belə gəlir ki, afişaya yazilmiş bir çox filmlər ümumiyyətlə mövcud deyil. O film adlarını kimsə, çox istedadlı naməlum bir adam özündən uydurur. Əslində, bu yaxşı bir film mövzusudur. Rejissorlarımız bu haqda gərək bir düşünsünlər. Kinoteatr fəaliyyət göstərmir, amma afişalar daima yenilənir. Və bu afişalara qəribə film adları yazılır. O filmlərin adlarını uyduran adamı görmək, onunla söhbət etmək istərdim. Təxminən on gün əvvəl Araz kinoteatrının qarşısındakı afişada belə bir film adı oxudum: Bakirəliyə zərbə. Filmin adı çoxdan yazmaq istədiyim bir yazını yazmağa məni həvəsləndirdi. Bakirəlik institutu bizə xeyli problem yaradan, xeyli qırğınlar salan, qanlar tökən  bir institutdur. Əlbəttə, bu yazını oxuyub yazımı özümə qarşı çevirənlər olacaq. İbtidai suallar veriləcək. Bəs sən özün necə...filan ...filan. Belə sualların əvvəlcədən cavabı verilməlidir ki, məsələ çox qəliz hala gəlməsin. Qısa və konkret, mən özümə rəva bilmədiyim şeyi heç vaxt başqalarına təbliğ etmirəm. İndi keçək mövzuya. Mən heç kimi inqilaba filana səsləmirəm. Ölkənin ən böyük problemlərindən biri odur ki, dəyişiklik istəyən, istədiyini az da olsa, həyatda realizə etməyə cəhd edən, öz çiyninə yük götürmək istəyən adam azdır.

Tələb var deyə bakirəlik institutu bu qədər mətanətlə dayanıb. Heç kimə demək olmaz ki, sən niyə 35 yaşında bakirəsən. Qayıdıb adama deyərlər ki, sənə nə var, get işinlə məşğul ol, mənə belə xoşdur. Amma bununla belə namusu, əxlaqı, tərbiyəni üç-dörd damcı qanla ölçmək də düz söhbət deyil. Özü də ilin günün bu vaxtında. Konkret tibb elminin bu qədər inkişaf etdiyi bir vaxtda. Elə bir vaxtda ki, dörd qarın doğmuş bir qadını 18 yaşlı bir qıza çevirmək mümkündür. Və bir balaca həyatdan başı çıxan adam bilir ki, bakirəliyi fiziki mənada qorumaqla bərabər min hoqqadan, torbadan, toqqadan çıxmaq mümkündür. Məsələn, Səhiyyə Nazirliyi xəbərdar edir ki, oral ve anal sekslə məşğul olmaq fiziki bakirəliyə heç də zərər deyil. Məhz bundan sonra gətirib hər şeyi üç-dörd damcı qanla ölçmək nə qədər doğrudur? Nə qədər adamlar öldürülür, nə qədər ailələr dağılır, nə qədər problemlər yaranır. İşin hələ bir tibb tərəfi də var. Bu haqda doktorlar danişsa, daha yaxşı olar. Qısası, həyatda əlinə bir kişi əli dəyməmiş qızın zifaf gecəsi qansız-qadasız qadın olmaq ehtimalı var. İndi gəl vəziyyəti qapı dalında dayanıb qan gözləyən xəncərli-tüfəngli adamlara başa sal görüm necə başa salırsan...

Əlbəttə, hər şeyin zamana ehtiyacı var. Ötən əsrin əvvəllərində kostyum geyinən adama “intilligent” deyirdilər. Bu sözdə hər cür həqarət vardı. Niyə uzağa gedirik, cəmisi iyirmi il əvvəl qızın ərə getməzdən əvvəl qaşına toxunması dəhşətli dərəcədə ayıb və biabirçılıq sayılırdı. Bu gün kim necə istəyir, qaşın qaydaya salır. Bir tərəfdən də düşünürsən ki, ilin günün bu vaxtı belə bir mövzuda yazı yazılması ayıbdır. Dəhşətdir, biri gedib 40 yaşında qızla evlənir və ondan bakirə olmasını gözləyir. Ən dəhşətlisi isə odur ki, o da bakirə çıxır. Yenə də heç kimi ittiham etmək istəmirəm, amma bir tərəfdən də kifayət qədər iqtisadi azadlıq, səfərə çıxmaq azadlığı, otelde gecələmək azadlığı əldə etmişlərin özünü qorumasını başa düşə bilmirəm. Nəticədə adamlar bir-birinin şəxsi həyatına qoz qoyur, biri başqasının intim həyatına başqa rənglər əlavə etməyə çalışır, total nəzarət hər tərəfə öz əllərini soxur.
Öz seksual tələbatlarını ödəyə bilməyənlər avtobusda, mağazada, sosial şəbəkələrdə aqressiyalarını başqalarının üstünə tökür, onları lənətləyir. Faktiki olaraq, intim həyatı normal vuranlar, intim həyatı normal vurmayanların daima nəzarətindədirlər. Məhəllə basqısı, mentalitetin ağır təzyiqi öz yerində. Qız tapırsan ev tapılmır, ev tapırsan qız. Hər ikisi tapılanda da istəyirsən, sakitcə girəsən evə, bu zaman biri çıxıb deyir ki, lazım deyil.

Yataq otağına açılan pəncərə

Əgər iyirmi il əvvəl bir kinoteatrın afişasına “Bakirəliyə zərbə” adlı bir filmin adı yazılsaydı, vəziyyət başqa cür olardı. Adamlar afişanın önündən sakitcə o tərəfə bu tərəfə keçməzdilər. Çünki indi hər kəsin hər cür filmə baxmaq imkanı var. “Balaca Vera” filminin qaldırdığı səs-küy yaxşı yadımdadır. Filmdə elə bir şey yox idi. İki yeniyetmə bir-iki dəfə bir-birlərinə sürtünmüşdülər. Filmin əsas məzmunu qalmışdı  kənarda. Əslində, dövrünə görə heç də pis film deyildi. Bir film də xüsusən yadımda qalıb. Adı belə idi: “Yataq otağına açılan pəncərə”. Meksikalılar çəkmişdilər. Əgər yaddaşım məni aldatmırsa. Mən o filmə baxmaq üçün xeyli əziyyət çəkdim. Çünki yaşım çatmırdı. O vaxtlar afişada yaş məsələsi qeyd olunanda adamların filmə marağı daha da  artırdı. Birtəhər girdim zala. Filmə baxdım.

Təbii ki, ortada elə bir ciddi şey yox idi. Gördüm ki, boş söhbətdi, yataq otağına pəncərə zad açılmır.

MÜƏLLİF: Seymur BAYCAN

пятница, 3 июня 2011 г.

Fahişənin hazırladığı kokteyl

Mənim müxtəlif yaşlarda sevgiyə münasibətim fərqli olub. On beş yaşda kişiyə münasibətdə surətpərəst, 20 yaşda şöhrətpərəst idim. 


Babat bir beşillik də ziyalılığa, mübarizliyə, intellektuallığa-filana xərcləndi. İndi də sadəcə ədalət prinsipinə əsaslanıram. Məsələn, ilahi ədalət qadından məmuru, harını, oliqarxı deyil, ömrü boyu özünü başqalarına həsr eləmiş gözəl ürəkli kişini sevməyi tələb edirsə, çalışaram o ilahi ədalətə kömək eləyim…İndi mənim kişinin kürəyinə deyil, ürəyinə vurulduğum yaşımdı. Sözüm bunda deyil. 

Bu günlərdə çox sevdiyim bir filmə təkrar baxırdım. Filmə ilk dəfə baxandan bəri oradakı qadınların sadə, zəhmətkeş, səliqəli həyatlarına həsəd aparırdım. Bir məhəllədə fahişə, bərbər, restoran sahibi, sadə fəhlə, yaşlı qadın, yeniyetmə qız – bir sözlə ən müxtəlif işlərlə məşğul olan, müxtəlif yaşlarda qadınlar bir-birini anlayır, bir-birinə dayaq olur. 

Qonşu qadınlar yığışıb ərini xəlvətcə öldürmüş qadına meyiti basdırmaqda, restoran açmaqda kömək eləyirlər. Restoran sahibəsi öz restoranında fahişəyə iş verir – fahişə kokteyl hazırlayıb, onun müştərilərinə satır. 

Yaşlı ana bərbər qızına kömək eləyir, onun müştərilərin saçlarını isladır, tör-töküntünü yığışdırır. Hər şey məişət səviyyəsindədir, hər şey sadədir, amma bütün bu sadəlikdə bir səliqə-səhman, bir rahatlıq, bir həmrəylik var. Demək olar ki, şəhərcik əsl qadın cənnətidir. 

Amma dindarların təriflədiyi bal, süd dolu çaylar axan, subtropik meyvələrlə dolu bağ deyil, hər şeyi qadınların öz əməyi ilə qazandığı solçu cənnət. Və bu cənnətin, bu qadın həmrəyliyinin, səliqəsinin, uğurunun bircə səbəbi var - qadınların heç birinin həyatında kişi yoxdur. 

Yeniyetmə qız, gənc xala, cavan ana, ahıl nənə nə vaxtsa həyatlarında olmuş kişiləri – ərlərini, məşuqlarını, atalarını ağrıyla xatırlayırlar. Kişilər onlara yalnız ağrı, bədbəxtlik, əsəbilik narahatlıq gətiriblər. Qadının dayağı, sirdaşı, cana yananı isə ancaq qadındır.
Filmə bir evi paylaşdığımız rəfiqəmlə baxırdım. Bir az əhli-kef, bir az sərt, üstəlik məişət işlərindən də zəhləsi gedən rəfiqəmə bu filmin necə təsir eləyəcəyi mənə maraqlı idi. Amma heç nə soruşmadım. 
Rəfiqəm filmə baxdı, film bitəndən sonra da sakitcə ayağa qalxıb, mətbəxə keçdi və hərəmizə bir fincan kofe hazırlayıb gətirdi. 


MÜƏLLİF: Günel MÖVLUD