Mənim müxtəlif yaşlarda sevgiyə münasibətim fərqli olub. On beş yaşda kişiyə münasibətdə surətpərəst, 20 yaşda şöhrətpərəst idim.
Babat bir beşillik də ziyalılığa, mübarizliyə, intellektuallığa-filana xərcləndi. İndi də sadəcə ədalət prinsipinə əsaslanıram. Məsələn, ilahi ədalət qadından məmuru, harını, oliqarxı deyil, ömrü boyu özünü başqalarına həsr eləmiş gözəl ürəkli kişini sevməyi tələb edirsə, çalışaram o ilahi ədalətə kömək eləyim…İndi mənim kişinin kürəyinə deyil, ürəyinə vurulduğum yaşımdı. Sözüm bunda deyil.
Bu günlərdə çox sevdiyim bir filmə təkrar baxırdım. Filmə ilk dəfə baxandan bəri oradakı qadınların sadə, zəhmətkeş, səliqəli həyatlarına həsəd aparırdım. Bir məhəllədə fahişə, bərbər, restoran sahibi, sadə fəhlə, yaşlı qadın, yeniyetmə qız – bir sözlə ən müxtəlif işlərlə məşğul olan, müxtəlif yaşlarda qadınlar bir-birini anlayır, bir-birinə dayaq olur.
Qonşu qadınlar yığışıb ərini xəlvətcə öldürmüş qadına meyiti basdırmaqda, restoran açmaqda kömək eləyirlər. Restoran sahibəsi öz restoranında fahişəyə iş verir – fahişə kokteyl hazırlayıb, onun müştərilərinə satır.
Yaşlı ana bərbər qızına kömək eləyir, onun müştərilərin saçlarını isladır, tör-töküntünü yığışdırır. Hər şey məişət səviyyəsindədir, hər şey sadədir, amma bütün bu sadəlikdə bir səliqə-səhman, bir rahatlıq, bir həmrəylik var. Demək olar ki, şəhərcik əsl qadın cənnətidir.
Amma dindarların təriflədiyi bal, süd dolu çaylar axan, subtropik meyvələrlə dolu bağ deyil, hər şeyi qadınların öz əməyi ilə qazandığı solçu cənnət. Və bu cənnətin, bu qadın həmrəyliyinin, səliqəsinin, uğurunun bircə səbəbi var - qadınların heç birinin həyatında kişi yoxdur.
Yeniyetmə qız, gənc xala, cavan ana, ahıl nənə nə vaxtsa həyatlarında olmuş kişiləri – ərlərini, məşuqlarını, atalarını ağrıyla xatırlayırlar. Kişilər onlara yalnız ağrı, bədbəxtlik, əsəbilik narahatlıq gətiriblər. Qadının dayağı, sirdaşı, cana yananı isə ancaq qadındır.
Filmə bir evi paylaşdığımız rəfiqəmlə baxırdım. Bir az əhli-kef, bir az sərt, üstəlik məişət işlərindən də zəhləsi gedən rəfiqəmə bu filmin necə təsir eləyəcəyi mənə maraqlı idi. Amma heç nə soruşmadım.
Rəfiqəm filmə baxdı, film bitəndən sonra da sakitcə ayağa qalxıb, mətbəxə keçdi və hərəmizə bir fincan kofe hazırlayıb gətirdi.
MÜƏLLİF: Günel MÖVLUD
Комментариев нет:
Отправить комментарий