пятница, 30 апреля 2010 г.

Çat xəyanəti

Hadisəni danışan qız deyir: “Allahın salamı və bərəkəti üzərinizə olsun, ey bacı və qardaşlarım! Budur, mənə, həqiqətən, əzab verən, təəssüfləndirən, həyatımı alt-üst edən, ailəmi dağıdan, həyat yoldaşımla yollarımızı ayıran hekayəni sizə danışıram.

Mən mühafizəkar və tanınmış bir ailənin əxlaqlı və İslam tərbiyəsi ilə yetişdirilmiş qızı idim. Heç vaxt düşüncəsiz hərəkət etməmiş, əyləncə axtaran bir qız olmamışdım. Allahı qəzəbləndirəcək bir iş tutduğum da yadıma gəlmir. Mən məni sevən, mənim də onu sevdiyim, mənə həddindən artıq etibar edən çox yaxşı bir insanla evləndim... Onun ərköyün həyat yoldaşıydım. Hətta valideynlərim və bir çox qohum-əqrəbam həyat yoldaşımın məni indiyədək heç bir qızın görmədiyi dərəcədə ərköyünləşdirdiyini deyirdilər. Ərimin ondan nə isə bir şey istədiyim zaman mənə “yox” kəlməsini dediyini xatırlamıram. Ürəyim nə istəsə alıb gətirərdi.

Bir gün ona internetdən istifadə etmək istədiyimi dedim. Ərim əvvəlcə bunun yaxşı fikir olmadığını, mənim üçün münasib hesab etmədiyini dedi. Mən isə hiyləgər hərəkətlərimlə və sözlərimlə məqsədimə çatdım. Ərimə kompüter aldırdım və internetdən pis niyyətlə istifadə etməyəcəyimə söz verdim. Ərim bunu qəbul etdi (kaş, qəbul etməsəydi

İnternetə qoşulduqdan sonra məni əyləndirə biləcək nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim. Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən istifadə edən bir rəfiqəm mənə “çat” proqramından danışdı. “Çat çox əyləncəlidir. İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə keçdiyini hiss eləmirsən”, - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra “çat”a daxil oldum- kaş olmayaydım..

Mən çatda yalnız ötəri söhbətlərlə aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim. Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi omadı. Çatda bir oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik. Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq, saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən “qaçıb” çatda onunla söhbətimə davam edirdim...

Bir dəfə yenə həyat yoldaşımla mübahisə etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə... Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan XƏYANƏTİM başladı

Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir, danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim. Ona: “Səndən boşanmaq istəyirəm”, - dediyim zaman o: “nə üçün?” - deyə soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi xoşlamırdım.

Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya “ağ” eləmədi. O: “Səni sevirəm, ancaq evliliyi davam etdirə bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən”, - dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.

Yeni sevgilim mənə: “Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan”, - deyirdi. Ancaq sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim? Ərimdən boşandıqdan sonra o: “Əgər evlənsəm əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən biriylə əsla!!!”

İndi çaşqınam, nə edəcəyimi bilmirəm. İntihar etməyi belə fikirləşirəm. Bəlkə siz bu sətirləri oxuduğunuz zaman mən artıq həyatda olmayacam. Bəlkə də Allah mənə doğru yolu göstərib qaranlıq yoldan uzaqlaşdıracaqdır. Allaha əmanət olun!”

MÜƏLLİF: "AzeriMuslims"

суббота, 24 апреля 2010 г.

Zabitlər və əsgərlər

Gülməşəkər girişə-zada ehtiyac yoxdu. Ölkədə allah qoymasa, qəzet-kitab açanların hamısının ordumuzdakı murdarlıqdan xəbəri var.

"Yeni Müsavat"ın bir az da şüvən janrında təqdim etdiyi rəzillik hamının dilində-dişindədi. Bu, təzə söhbət deyil. Təkcə bizim ordumuza xas olan bir şey də deyil. Hər orduda var belə şeylər - demokratiya paylayan Amerika ordusundan tutmuş, Zimbabve milli ordusuna qədər. Qadın nəfəsinə həsrət kişi yığnağından bundan artıq nə gözləmək olar? Söhbət onda deyil. Mənim eyzən elədiyimiz kimi, "alın, bu da sizin azərbaycanlılar!" deyib, bizə təqdim olunan bu iyrənc faktlardan mentaliteti, milliliyi, azərbaycanlılığı ittiham üçün istifadə etmək fikrim-zadım yoxdur! Məsələ başqadır. Ey, bizim mentalitet düşkünü, millilik ölüsü, türkçülük keşikçisi, azərilik qarovulçusu, vətənpərvərlik mühafizəçisi, milli-mənəvi dəyərlər "teloxranitel"i olan ziyalılarımız, ictimai xadimlərimiz, "türk oğlu türk", "milli mentalitet" mövzusunda danışanda ağzına çullu dovşan sığışmayan siyasətçilərimiz! Ey tabeçiliyindəki əsgəri zorlayan bu "qeyrətli" zabitləri böyüdüb, boya-başa çatdıran, dinəndə şalvar geyən qızları bəyənməyib, oğluna uzun ətəkli qızı gəlin seçmək istəyən ağbirçək-qarabirçək analar, ağsaqqal-qarasaqqal atalar! Ey bu millətin millətpərəst yazıçısından tutmuş, milli fahişəsinə qədər bütün nümayəndələri! Mənim bir sualıma cavab verin: tabeliyindəki əsgəri zorlamağı, onu süründürüb, telefonuna kontur yüklətməyi, ana-bacısını söyüb, sifətini şillələməyi danışanda ağzının qatığını tökəcək qədər savadsız olan bu zabitlərə kim öyrətdi? Ömürlərində sizin allı-güllü Azərbaycanınızdan kənara çıxmayan, doğma ana dilinizdən başqa dil bilməyən, bağır-badaş həmvətənlərinizdən başqa millət üzü görməyən bu qeyrətli vətən oğulları belə şeyləri hardan öyrəndi? Bəlkə bunların hamısını onlara sizin nifrət elədiyiniz Avropa dəyərləri, Avropa cəmiyyəti, ya da rus mədəniyyəti-zadı öyrətdi? Soruşmaq ayıb olmasın, bu zabitlərdən neçəsi Qərbə meyllidir, Avropaya inteqrasiyanın tərəfkeşidir, "Dalğa"çıdır, postmodernistdir, ya da heç olmasa, rusdillidir?
Sizin ordunuz ki qapalı yerdir, burada özünüzünkülərdən başqa heç kim yoxdur. Bəs niyə bu "türk oğlu türk"lərdən, "qeyrətli Azərbaycan oğullarından" ibarət "kişi cəmiyyəti"ndə rəzil fahişəxanalarda belə rast gəlinməyən murdarlıq var? Bəs hanı keşiyində əlibaltalı, yabalı, dəhrəli dayandığınız, uğrunda baş kəsməyə hazır olduğunuz qiymətli, şərəfli mentalitetiniz?! Hanı?! Bəs niyə o mentalitet burada, sizin fahişə hesab elədiyiniz savadlı qadınların, mavi hesab elədiyiniz Avropa düşüncəli gənclərin olmadığı bir yerdə, allah heç qoymasa, vətənin müdafiəsini həvalə elədiyimiz bir qurumda özünü göstərmir? Niyə bu mentalitet əsgər yoldaşlarının təhqirlərə məruz qaldığını görəndə yığışıb, bu rəzaləti törədən zabitlərin başını it qibləsinə kəsmək qərarını vermir? Hə, bəlkə bu üsul sivil deyil? Axı belə şeyləri qanunvericiliklə, konstitusiya ilə, hüquqi müstəvidə həll eləmək lazımdır… Bə nədi?! Axı sizin mentalitetiniz həmişə rütbəcə özündən yuxarıdan qorxub, iki quruşa satılıb, özündən zəifi əzməyin, iş bərkə dirənəndə hüquqa, qanuna əl atmağın qoçağı olub!
Bilirsiniz nə var? Yüzlərlə Azərbaycan kişisi bir yerə düşür və orada rütbəcə böyük özündən kiçiyi zorlayırsa, döyüb, təhqir edirsə və qalanlar bu mənzərəyə heç nə olmamış kimi baxır, özünə hələ ki dəxli olmayan şeyə burnunu soxmadan il yarımını salamat qurtarıb, evinə dönmək haqqında düşünürsə, tüpürüm sizin mentalitetinizə, milli-mənəvi dəyərlərinizə!
Azərbaycan kişisi! Yox bir, Azərbaycan çaqqalı!

MÜƏLLİF: Günel MÖVLUD

среда, 14 апреля 2010 г.

Günəşdən 500 dəfə böyük yeni bir qara dəlik aşkar edildi!

Kosmosda Günəşdən 500 qat böyük kütləyə sahib yeni qara dəliyin tapıldığı barədə məlumat yayıldı.

Nature jurnalında bu günkü sayında, qara dəliyin Avropa Kosmik Agentliyinin peyki XMM-Newton tərəfindən təsbit edildiyi qeyd edilib.

Araşdırmada, bu yeni tip qara dəliyin "superkütləyə" sahib qara dəliklər şəbəkəsinin "itkin halqasını" təşkil etdiyininbildirildi. Kütləsi bir neçə milyon Günəş kütləsiylə bir neçə milyard Günəş kütləsi arasında dəyişən bu qara dəliklərdən bir çoxu qalaktikanın mərkəzində mövcudluğu da nəşrin işıq üzü görən sayında vurğulanır. Tuluza şəhərində araşdırma aparan Kosmik Şüaları Araşdırmalar Mərkəzində yüksək vəzifəli fransız astrofiziki Didye Barretə görə, superkütləli qara dəliklərin necə meydana gəldiyi bilinmir. Barret: "Bir fərziyyəyə görə bu tip qara dəliklər daha kiçik qara dəliklərin bir araya gəlməsindən də ortaya çıxmış ola bilər" - deyə müsahibəsində bildirdi. Tədqiqatlara görə, HLX-1 adı verilən qara dəlik Dünyaya 290 milyon işıq ili uzaqlıqda, ESO 243-49 adlı qalaktikansının ətrafında tapılıb. (Xatırladaq ki, 1 işıq ili = 9.500 milyard kilometr). qara dəliyin son dərəcə parlaq X şüaları yaydığı da ifadə edildi.

Fransız Kosmik Araşdırmaları Mərkəzi və İngilis Leyçester Universitetinin Astrofizika İnstitutu birgə yaydığı məlumatda HLX-1-in X şüalarının parlaqlığını "fövqəladə" olaraq xarakterizə etdi. Belə ki, parlaqlıq Günəşin parlaqlığından 260 milyon qat yüksəkdir. Elm adamları, maddənin qara dəliyə düşərkən istiləndiyini və udulmazdan əvvəl X şüaları yaydığını qeyd etdi. Beynəlxalq elm insanlarından ibarət olaraq yaradılan bir qrup, HLX-1-i, 2004 və 2008-ci illərin son ayları arasında XMM-Newton teleskopuyla etdiyi müşahidələr nəticəsində tapdı.

Sonda qeyd edək ki, qara dəlik ətraf sahəsində mövcud olan materiyanın şüalarının özündən qaçmasına icazə verməyəcək dərəcədə güclü olan, kütləsi böyük bir kosmik cisimdir. qara dəlik, kosmosda müəyyən haldakı maddənin bir nöqtəyə toplanması ilə meydana gələn bir obyekt kimi də xarakterizə edilə bilər. Bu cür obyektlər işıq yaymadıqlarından zülmət formada görünür.

среда, 7 апреля 2010 г.

Ac kərkəs ac uşaq

Foto 1993-cü ildə Sudanda çəkilib. Ac kərkəs ac uşağın ölümünü gözləyir... Körpənin son nəfəsi ilə müqavimət də bitəcək. Və o, yırtıcı insanların səbəbindən ölərək yırtıcı quşa yem olacaq. Klod Levi-Stross bir neçə il əvvəl yazmışdı: "21-ci əsr ya humanitar əsr olacaq, ya da heç olmayacaq"...

... Fotonun müəllifi Kevin Karter 1994-cü ildə şöhrətinin zirvəsində idi. Təzəlikcə nüfuzlu Pulitser mükafatı almışdı, məşhur jurnallardan iş təkliflərinin ardı-arası kəsilmirdi. Onun 34 yaşı vardı və CAR-da yaşayan valideynlərinə yazırdı: “Hamı məni təbrik edir. Arzulamağa belə cəsarət etmədiyim mükafatı sizlərə göstərmək üçün səbirsizliklə görüşməyimizi gözləyirəm”.

Kevin Karter mükafatı “Sudanda aclıq” fotosuna görə almışdı. 1993-ün yazında kiçicik kənddə aclıq səhnəsini çəkmək üçün xüsusi olaraq Sudana gəlmişdi. Aclıqdan ölən insanların cəsədlərini lentə alıb yorulan fotoqraf kəndi tərk edir və seyrək kolların bitdiyi sahədə qəfildən zəif uşaq hıçqırığı eşidir.

Onun qarşısında bir azdan aclıqdan öləcək balaca bir qız uşağının arıq kölgəsi dayanmışdı. Uşaq yerdə oturmuşdu. Kevin onu çəkməyə hazırlaşanda bir neçə addımlığa kərkəs quşu enir. Karter rahat mövqe seçib hər ikisini çəkir. Sonra dayanıb gözləyir - kərkəs havaya şığıyanda daha bir neçə kadr çəksin. Kərkəs isə uçmur - dayanıb uşağın son nəfəsini gözləyir. Sonunda yorulan və darıxan Karter əllərini yelləyib oradan uzaqlaşır. Sonra özünə gəlir və oturub ağlayır. Vəssalam. O, körpə üçün heç nə etmir.

Səhərisi gün o, Yoxannesburqa (CAR) qayıdır. Həmin vaxtlar Sudandakı aclıq “dəbdə olan” mövzu idi - başqalarının faciəsi jurnallara, rejissorlara, fotoqraflara, siyasətçilərə və beynəlxalq təşkilatlara çox böyük pullar qazandırırdı.

Karterin fotolarını “Nyu-York Tayms” alır və dərc edir. Bəs necə, foto dərhal Afrikadakı humanitar faciənin simvoluna çevrilir. Karter isə məşhur və hörmətli bir şəxsə. Bu, qələbə idi!

1994-cü ilin 23 mayında Kevin Karter ən böyük qələbəsini qazanır - Pulitser mükafatını alır. Ancaq az keçir, hər şey dəyişir.

Əvvəlcə sakitcə, sonra ucadan sual səslənməyə başlayır: Bəs o qızın sonrakı taleyi necə olur? Niyə fotoqraf körpəyə kömək etməyib? Daha qəzetlər onu “dahi fotoqraf” adlandırmırlar. “Taym” jurnalı isə çoxlarının beynindən və ürəyindən keçənləri bu sözlərlə ifadə edir: “Balaca qızın əzablı ölümünü çəkmək üçün sakitcə öz obyektivini hazırlayan adam oradakı yırtıcı quşdan fərqlənmir”.

Görünür, bu sözlər Karterdə vicdan əzabı oyadır. O, dostlarına qıza köməklik göstərmədiyinə görə peşiman olduğunu söyləyir: lap yaxınlıqda BMT-nin düşərgəsi varmış, orada aclara yardım edirlərmiş. Karterə sadəcə uşağı ona çatdırmaq lazımdı. O isə bunu etmir.

Lənət və kinayə obyektinə çevrilən Karter dərin depressiyaya düşür. Bu isə tezliklə onun həyatında və işində özünü göstərir: mühüm görüşlərə gecikir, çəkilmiş fotoları itirir, işdən qovulur...

1994-ün 27 iyulunda - ömrünün son səhərində Kevin yaxşı əhval-ruhiyyədə idi. Nahara qədər yatağından qalxmır, sonra yerli qəzetlərdən birinin redaksiyasına yollanır, həmkarları ilə ünsiyyətdə olur. Axşam 9-da isə balaca çayın sahilinə gəlir, maşınının qaz borusunu şlanqla salon ilə birləşdirir, musiqini qoşur və... yatır.

Ölümündən əvvəl məktub qoyur: “Mən yoruldum... telefonsuz, pulsuz, övladlarsız... Borclarımı qaytara bilmirəm. Məni qətllər, cəsədlər, ac və yaralı uşaqlar haqda xatirələr təqib edir”.

Ac uşağı xilas etsəydi, yəqin ki Kevin Karterin ömrü də başqa cür davam edərdi...

MÜƏLLİF: Məmməd SÜLEYMANLI

четверг, 1 апреля 2010 г.

AİDS ilə yaşayan gənc xanımın dəhşət saçan ömrü

Onunla qeyri-hokumət təşkilatlarından (QHT) birinin ofisində tanış oldum. Tam təsadüfən. Diqqətimi çəkdi:

“Heroinə çoxdan “yox” demişəm...”

O çox fəal, həvəsli, ünsiyyətcil idi. Bu QHT Azərbaycanda HİV/AİDS-lə bağlı profilaktik və maarifləndirmə fəaliyyətini həyata keçirən təşkilat olsa da, niyyətim burada hansısa HİV-li insandan müsahibə almaq deyildi. Çünki HİV-li insandan müsahibə almaq, söhbətləşmək sizə o qədər də asan gəlməsin: əksər hallarda onlar mediadan qaçır. Əslində onlar cəmiyyətdən də qaçır, çünki damğalanmaqdan, ayrı-seçkilikdən qorxurlar. Onların bəziləri üçün hətta öz ailəsi, yaxınları ilə ünsiyyət belə cəhənnəm əzabıdır. İllərdən bəri hər kəsin az qala sümüyünə işləyən HİV vahiməsi, HİV xofu insanları hətta öz doğmaları ilə üz-üzə qoyub: bacı-bacıdan üz döndərib: qardaş qardaşı qapıdan qovub, valideyn övladından imtina edib.

...Bunları düşünə-düşünə bu gənc və həyat həvəsli xanıma yenə baxdım: əcəba, ondan bu QHT-də nə işlədiyini soruşsam, necə olar? HİV-li insandan onun statusunu soruşmaq, bu barədə ona sual vermək etikadan kənardır, bunu bilirdim. Həm də kim bilir, bəlkə heç HİV daşıyıcısı deyil: necə gənc, gülərüz, üzündə həyat qaynayır. Amma HİV virusu axı insanın alnında yazılmır, insanları hər hansı əlamətə görə HİV-li olub-olmadığını müəyyənləşdirmək çətindir. Həm də axı HİV-lə həyat davam edir, insan HİV-ə yoluxub deyə, həyatdan əl çəkməli deyil ki! Bu xanım da gəncdir, yaşamağa, həyata bağlanmağa haqqı var. Düşüncələrimi özü böldü, yaxınlaşdı, işindən, ailəsindən, bu yaxınlarda 4 yaşı olan qızından danışdı, sonra gələcək arzularından və planlarından. Söhbətimizin onun qeyri-adi həyat tarixçəsinə keçdiyinin heç birimiz fərqində olmadıq. Gələcək planları və arzuları onu keçmişinə apardı: insanın gələcəyi üçün qurduğu planlarının bünövrəsi keçmişində qoyulur, deyirlər. O, da özü fərq etmədən keçmişinə döndü, indi heç bir vaxt qayıtmaq istəmədiyi və başqalarına da arzulamadığı keçmişinə.

Bu, bir gənc HİV-li xanımın həyat tarixçəsiydi - əslində cəmiyyətimizə belə tarixçələr bəlkə çox tanışdır. Ən azından, narkotik asılılığından əziyyət çəkən övladlarını xilas etmək üçün başqalarının övladını oda atan, ailə quran gənclərin müxtəlif yoluxucu xəstəliklər, o cümlədən, HİV-lə bağlı analizlərdən keçməsini “mentalitetə yaraşmayan” hesab edən analar-atalar hələ də aramızda olduğu üçün. Mən onunla söhbətimin sonuna qədər susdum, onun fikirlərinin arasına girməyə cəsarət etmədim, arada bircə dəfə diktofonu yandırmaq üçün icazə almağımdan və bir-iki sual verməyimdən başqa. Sonra məndən xahiş edəcəkdi, hislərə qapılıb öz sirrini açdığı üçün bütün bunları yazmamağı istəyəcək (mənsə, onu razı salmağa müvəffəq olacaqdım, cəmiyyətimizə maariflənmə və ibrət dərsi olsun deyə) və sonra adını yazmamağımı xahiş edəcəkdi. Burada isə onun xahişinə ehtiyac yox idi: mən onun adını nəinki etik normalara uyğun olmadığı, həm də ümumiyyətlə, qanunlarımıza görə də açıqlamağa ixtiyarım olmadığı üçün yazmayacaqdım. Ona sadəcə, R. deyəcəkdim. Bu həyat tarixçəsini oxuyun yox, dinləyin və yenə dinləyin: belə tarixçələri dinləmək və duymaq daha yaxşıdır, ən azından, cəmiyyətimizi xilas etmək və gələcəyimizə daha işıqlı keçmişi miras qoymaq üçün.

Tanışlıq, elçilik, nişan və toy...

Hər şey üniversitetdən başladı. Onda R. də, onu sevən oğlan da axırıncı kursda oxuyurdu. R.-ni qarabaqara izləyən oğlanın niyyətinə bələd olmadan razılıq vermək qız üçün çətin idi. Ali təhsilsə başa çatmaq üzrəydi. R. daha çox düşünmək istəmədi. Elçilər qapını doydü, nişan, toy. Hər kəsdə olduğu kimi. R. oğlanın atası evinə gəlin köçdü. Hər şey necə şirin idi, qızın 21, oğlanın 22 yaşı vardı…

“Sən iynə vurursan?“

Toydan bir həftə keçməmiş cütlük evdən ayrıldı. Əslində onlar toydan sonra kirayədə yaşayacaqlarını əvvəlcədən planlaşdırmışdılar. Elə R. o qəribə səhnəni də kirayədə yaşamağa başladıqları ilk gün gördü: cavan əri qoluna “jqut” bağlamışdı, əlində də şpris vardı. O, özünə iynə vururdu. R. əvvəlcə heç nə başa düşmədi. Ərindən bunun nə olduğunu soruşduqda isə “xəstələnmişəm, özümə iynə vururam” cavabını eşitdi. Ancaq R. buna inanmadı. Çünki başqa şeydən şübhələnməyə başlamışdı. Şübhələrinə son qoyan isə ərinin iynədən yarım saat sonrakı halı idi: o özündə-sözündə deyildi. R. ərinin damarına vurduğunun heroin olduğunu hələ sonra biləcəkdi. İndi bildiyi isə ərinin “narkoman” olması idi. Sarsıldı! Axı necə ola bilərdi ki, dünənki nişanlısı, bugünkü əri narkotik istifadəçisi ola, onun da bundan xəbəri olmaya? Əslində oğlanın narkotikdən asılılığını ondan gizlətməsi R.-də aldadılmış və xəyanət olunmuş insanın hislərini yaratmışdı. Hisləri yaman qarışmışdı...

“Dedim, oğlum evlənər, ağlı başına gələr…”

R. bu barədə heç kimə bir kəlmə də demədən cəmi bir ay dözə bildi. Məsələni ərinin anasına danışmaq istəyirdi. Çünki artıq oğlan heroini nəinki özünə vurur, ona da təklif eləyirdi. R. isə təbii ki, qəbul eləmirdi. Qayınanaya deməyə də cəsarət etmirdi: “Birdən mənə dedilər, oğlumuza şər atırsan, neylərəm?” Vəziyyət get-gedə daha da pisləşir, oğlanın dozası artır, artıq maaşı belə narkotik almağa yetmir, pul uçün R.-nın üzərinə hücum çəkir, döyür, hədələyirdi. R. artıq dözmədi. “Hər halda, valideynləridir, bir tədbir görərlər” fikrilə yoldaşının anasının qarşısına əyləşdi: “O, iynə vurur, xəbəriniz varmı?” R.-nın də elə qayınanadan eşitdiyi cavab kəsə idi - bu, onu heç ərinin iynə vurması qədər sarsıtmamışdı: “Bilirik, elə ona görə evləndirdik ki, bəlkə ailəsi, uşağı olar, ağlı başına gələr, atar bu zibili...” Qayınana nə qədər sakit idi bu sözləri deyəndə, nə qədər etinasız, acımasız... 21 yaşında gənc qızı oda atdığını fikirləşməyən ana nə qədər adi bir vərdiş kimi qəbul edirdi oğlunun düşdüyü vəziyyəti?! R. isə şokda idi: “Deməli, evdə hamı bilirmiş, hamı xəbərdarmış, bir məndən başqa” - deyə düşünürdü, “bu adamlara sadəcə, oğlanı evləndirmək lazım imiş”.

“Gəl, sənə bir dərman verim, temperaturun düşəcək”

R. ağlaya-ağlaya evə qayıdır – ərinin kirayə tutduğu evə. Həyatı dəhşətli bir axara düşmüşdü, ancaq bu axara qarşı çıxa bilmirdi: əriylə bacarmır, ərin ailəsi tərəfdən heç bir dəstək yox, özününkülərə də getməyə qorxurdu (ailədə özündən başqa, cəmi bir bacısı olan R.-nı atası çox istəsə də, zəhmliydi). Evliliyin artıq üçüncü ayı başlamışdı, gün-gündən daha ağır və əzablı gəlirdi. R. artıq gücdən düşdüyünü, əvvəlki kimi işində işləyə bilmədiyini anlayırdı. Əri demək olar ki, hər gün onu döyür, dozanın pulunu almayınca, əl çəkmirdi. Hərdən özüylə birlikdə heroin vuran dostlarına “borc” alırdı: belə vaxtlarda R. qorxa-qorxa atasıgilə gedir, hələ dünyaya gətirmədiyi uşağa görə müalicə almaq və s. bəhanəsiylə pul alır, borc beləcə “bağlanırdı”. Qayınana ilə söhbətdən sonra ər evindən bir nəfər qapını açıb içəri girmir, heç zəng də vurmurdu. Qayınana özünü sığortalayırdı: yəni, sabah bir hadisə baş versə “mənim xəbərim yox idi, heç onlara gedib-gəlmirdim” deməkdən ötrü.

Növbəti 3 ay heç nə dəyişmədi: R. ilə əri gündüzlər hərəsi öz iş yerinə gedir, axşam qayıdırlar və yenə də əri qonşu otağa keçib “jqut”u qoluna sarıyıb iynələnirdi. Get-gedə əsəbləri də dözməyən R. yatağa düşür və işdən qalır. Çoxdan bəri onu heroinə alışdırmaq istəyən əri üçün bundan yaxşı fürsət ola bilməzdi: amma R. ona hətta xəstə olsa belə, iynə vurmağa qoymazdı. Bəlkə, gizlicə? Yox, ər başqa çıxış yolu tapır: həblər. R.-ya heç özü də hiss etmədən və başa düşmədən bu həbləri çayın, suyun içində verməyə başlayır. Həblərin sayı artdıqca, R.-nin də əhvalında dəyişmələr olur: işə çıxır, ovqatında canlanma olur, amma bunun narkotiklə bağlı olduğu ağlına gəlmir. Heroin zamanı çatanda ər həbləri kəsir. R. bir neçə gün havalı kimi gəzir, işdən qalır, yatağa güşür, bir neçə gün qıvrılandan və əsəb gərginliyindən sonra ər “sakitləşdirici iynə” adı ilə onun otağına girir. R. bunun nə olduğunun fərqində idi, amma müqavimət göstərməyə gücü çatmırdı, şüurunun dərinliyində bu iynənin onun üçün faciə ola biləcəyini anlayırdı, “yox” deyə bilmirdi. Bütün cəsarətini itirmişdi, gözü iynədəydi, səsini çıxarmadı, sadəcə, gözlərini yumub, qolunu uzatdı…

Həyatın dibində...

Günlər beləcə, keçməyə başladı. R. üçün yeni, amma həyatın dibinə aparan, əri üçünsə, indiyə qədərki həyatının davamı. Heç nə dəyişməmişdi, hər günki həyat idi, yenə də ikisi işləyirdi, bir yerdə yaşayır, bir yerdə iynə vururdular. R. artıq ərinin narkotik istifadəçi olan dostlarını da tanımağa başlamış, hətta iynə vuran xanımlarla da tanış olmuşdu. Yeni həyat idi bu onunçün, amma istəmədiyi, qurtulmağa çalışdığı, bacarmadığı, özünə nifrət etdiyi, hər kəsdən gizləndiyi və xoflandığı həyat . Qayınanasıgildə bu yeni həyatı hamıdan tez anlamışdılar: qayınana illərdən bəri açmadığı oğul qapısını döyüb vəziyyətə gözüylə şahid olmaq istədi, sonra gəlinə “özünüz bilərsiniz, bizi qarışdırmayın” deməklə yenə yaxasını kənara çəkdi. Gedəndə məsləhət verməyi də unutmadı: “Birdən uşaq fikrinə düşərsiniz - nəbadə! Səndən uşaq saxlayan olmaz!”.

Amma qayınana sonradan biləcəkdi ki, məhz onun uşaqla bağlı dediyi sözlər övlad həsrəti çəkən R.-ya necə təsir göstərdi, onun həyatını büsbütün dəyişdi, yeni yol açdı, duyğularını oyatdı və onu həyatın dibindən silkinib çıxmaq üçün söykənəcək, tapınacaq güclü bir hisslərə köklədi. Qayınana ilə son söhbətdən sonra R. narkotiki qəbul edə-edə ginekoloqla görüşlərini bərpa elədi, müalicəyə başladı, heç 1 ay keçmədi və ultrasəs aparatındakı müayinələrdən birində xoş müjdəsini aldı: R. hamilə idi.

“Əlvida, heroin!”

Uşaq xəbəri R.-nı yerindən oynatdı, artıq mümkün olan hər şeydən yapışaraq həyata qayıtmaq, uşağı doğmaq istəyirdi. Amma necə? Ərə demək olmazdı, o, heç vaxt uşaq arzulamırdı. Qayınana da sözünü demişdi, öz valideynlərindən danışmağa dəyməzdi, onun ata-anası hələ heroinli həyatdan bixəbər idi. R. onu neçə aydan bəri müalicə edən ginekoloqa yaxınlaşdı - “həkimdir, məni başa düşər və məsləhət verər” - düşüncəsiylə. Heroin qəbulunun uşaq üçün hansı faciəyə səbəb ola biləcəyini təxminən bilirdi, amma ginekoloq onunla daha açıq və sərt danışdı: “Sən narkotiki atmasan, uşaq xəstə və şikəst doğula bilər. Bu, həm də sənin şansındır, təcrübədə hamilə qadınların narkotikdən imtina etməsi olub, sən dirənsən, bacararsan, həm də sən bunu etməyə borclusan”. R. onsuz da bu dibsiz quyudan çıxmağa bir söykənc, ümid yeri axtarırdı. Tanrı ona öz əlini uzatmışdı - R. bu uzanan əli tutmağa qərar verdi, tutdu da, sonra dartındıqca dartındı, heç bir məqamda bu söykənci buraxmadı, sona qədər! Nəinki hamilə müddətində, nəinki uşaq doğulandan sonra, o vaxtdan, ta bu vaxta qədər, yəni, düz 5 il!

“Ərim iynəni mənə zorla vurmaq istəyirdi”

Düz 5 il bundan öncə, analıq duyğulara tapınaraq narkotikə “əlvida” deyən R. üçün əslində bu, o qədər asan olmadı. Hamiləlik xəbərini ərinə deyən kimi, ər özündən çıxdı, uşağı abort etdirməyi tələb etdi, R.-nı döydü, sonra xəbər qayınanaya çatdı, başıalovlu oğlugilə gələn qayınana da gəlinə “gedək, bu uşağı abort edək, siz uşaq saxlaya bilməyəcəksiniz” dedi. Ümid yeri axtaran R. qayınanadan da dəstək umaraq: “Siz kömək edərsiniz mənə, uşağa birlikdə baxarıq” dedi və cavabını da eşitdi: “Mən sizin üçün uşaq saxlamayacam!” Əslində qayınana nəinki o vaxtlarda, heç sonradan da oğlunun övladına baxmağa heç bir həvəs göstərmədi, uşaq doğulanda gəlmədi. Qayınana heç indiyə qədər bu uşağın üzünü görməyib, desək, onun necə duyğusuz bir insan olduğunu oxucuya çatdıra bilərikmi?

R.-nın isə duyğuları tam başqalaşmışdı onda. Həkimlər ona narkotikin ana bətnində uşağa hansı fəsadlar yarada biləcəyinə dair çeşidli məlumatlar verdikcə, daha da ruhlanır və dozasız keçirdiyi anlardakı ağrıları (“lomka”) çox rahat keçirirdi. R. heroini elə ultrasəs aparatındakı müayinə günü atmışdı: axşam dozasını buraxıb, səhərə qədər çabaladıqdan sonra, səhərisi gün daha betər olub yatağa düşdü. Ər əvvəl dilə tutsa da, sonra xoş sözlərdən hədələrə və döyməyə keçdi: hətta iynəni ona zorla vurmaq istədi. R. bütün gücüylə müqavimət göstərdi - ağrılara və iynəni onun gözünün qabağında oynadaraq şirnikləndirməyə çalışan ərinə. Qayınananın da iynədən betər sözlərini uddu, dirəndi, bir gün, iki gün, üç gün. Həkimdən də qalmadı, hər gün qıvrıla-qıvrıla həkimiylə danışdı, onun verdiyi kitabları oxudu və yavaş-yavaş həyata qayıtmağa başladı. Hər şey keçmişdi, ağrılar, narkotik həvəsi, özündə heç bir asılılıq hiss etmirdi, hər gün gözünün özündə heroin vuran ərini də çox sakit süzür, fikrini bətnindəki uşağa verirdi. Həkimlərin rəyinə görə, uşağı çox sağlam inkişaf edirdi, problem yox idi. Yeganə problem əriylə gündəlik çəkişmələrdən və döyülmələrdən sonrakı stress, əsəbilik və bədənində müxtəlif xəsarətlərin qalması idi. Uşaq bətnində böyüdükcə, təhlükə artırdı, R. artıq əriylə birlikdə yaşamağın mümkünsüzlüyünü başa düşürdü.

Dünyaya daha bir məsum körpə gəlir

R. hamiləliyin səkkizinci ayında atası evinə gedir, ərindən boşanma məsələsini qaldırır. Məhz bu anda onun valideynləri bu qədər zaman müddətində baş verənlərdən xəbər tuturlar. R.-nin boşanmaq qərarını ailə dəstəkləyir, əslində boşanma zərurətini elə tale özü də R.-nin qarşısına çıxarır: heroinə pul tapa bilməyən əri kimisə soyaraq həbs olunur, türməyə düşür. R. boşandıqdan sonra sağ-salamat qızını dunyaya gətirir: keçirdiyi əsəb və stressli günlər öz izini qoyur, R. uşağı təbii yolla deyil, qeysəriyyə üsulu ilə dünyaya gətirir. Bu, onun övladının həyatını gələcək ən böyük problemdən xilas edəcək bir yol idi. Tanrı daha bir dəfə kömək əlini R.-ya uzatmışdı, daha doğrusu, mükafatlandırmışdı. Övladının xətrinə heroin kimi böyük bir bəlaya öz gücü, iradəsi və analıq hissləriylə “yox” deyən R.-nın övladı üçün xilas yolu açan Tanrı, onu qarşıda gözləyən böyük həyat sınağından övladıyla birlikdə keçirmək istəməmişdi - çünki R. həyatdan daha bir zərbəni almaq ərəfəsindəydi.

Həyatın daha bir acı “sürpriz”i – HİV!

Qızı doğulandan sonra R. həyatın yeni səhifəsini açır, işə girir, qızına baxır, valideynləriylə münasibətləri düzəlir. Amma günü-gündən səhhəti pisləşməyə başlayır, səbəbsiz yerə qəfildən arıqlayır, gecələr yüksək hərarət və tərləmələr onun bərk soyuqladığı təsəvvürünü yaradır. Təxminən bir ilədək müddətdə R.-nı “soyuqdəymə”dən müalicə edirlər, işə davamlı olmadığından, tez-tez iş yerini dəyişməyə məcbur olur. Ta o vaxta kimi ki, yeni iş yerlərindən birində qəfildən halı pisləyir, onun üçün təcili yardım çağırılır və R.-nın əcnəbi iş müdiri daha dərin düşünərək, həkimə işçisindən qan nümunəsi götürməyi və infeksiyalarla bağlı analiz etməyi tapşırır. O həyatdan daha bir gözlənilməz “sürpriz”ini alır: analizlərin cavabı R.-da HİV virusunun olduğunu göstərirdi... Həkim səhv etməmişdi, sonradan Milli AİDS Mərkəzindəki daha dərin laborator analizlər də HİV-in aşkar olunduğunu təsdiqlədi. Ağır stress içində olan gənc xanıma qarşıda yeni zərbələr gözləyirdi: həkim ehtiyatsızlıq edərək analizin cavabını R.-nin müdirinə açıqlayandan sonra ona eyhamla bu işdə qala bilməyəcəyini söylədilər. R. işini və çörək pulunu itirdi. Evdə HİV xəbəri daha böyük şok effekti yaratdı: ata “mən səninlə bir masa arxasında çörək yeyə bilmərəm” deyib, onu evdən qovdu. Artıq yaşamaq yerini də itirdi. Uşağıyla birlikdə küçədə qalmamaq üçün baçısının qapısını döydü. Bacı qapını açaraq 3 uşağını R.-ya göstərərək “onların sağlamlığını təhlükəyə ata bilmərəm” dedi. R. doğmalarının sonuncusunu da itirdi.

HİV-li ana, sağlam körpə

Təkbaşına, kimsənin qapısını döyməyə gücü çatmayan, işsiz, pulsuz vəziyyətdə keçmiş rəfiqələrindən birinin qapısını döydü. HİV-dən xəbəri olmayan rəfiqəsi ona evində qalmağa icazə verdi. R. vaxt qazanmaq istədi, düşünmək, gələcəyini götür-qoy etməkçün. Özünə əl qaldıra bilmirdi, körpəsi vardı, HİV barədə məlumatı da həmin vaxtlarda heç geniş olmadığı üçün ona elə gəlirdi ki, əslində ata-anası, bacısı düz hərəkət edib. “Amma indi düşünürəm ki, onlar mənə necə böyük haqsızlıq ediblər. Hətta mən hansısa yoluxucu xəstəliyə tutulsam da, mənim valideynlərim məni eləcə, küçədə qoymamalıydılar. Hələ bacım! Bəs yaxın adamlar, doğmalar nə gündə lazımdır? HİV-ə, yaxud başqa virusa görə valideynlər övladlarını küçədə, təkbaşına ac-susuz qoyacaqsa, onda bu nə doğmalıqdır? Özgədən nə uma bilərsən?” – deyir R. Rəfiqəsinin evində bir müddət qalan R. AİDS Mərkəzilə əlaqələrini davam etdirir, çoxlu məlumat alır, burada uşağını da analiz edirlər və bu qədər məşəqqətli günlərdən sonra R. ona böyük ruh yüksəkliyi verən bir cavab alır: körpədə virus aşkar edilmir. Sən demə, qeysəriyyə yolu ilə doğulma uşağı virusa yoluxmadan xilas edibmiş. Bu da Tanrının mükafatının təzahürü!

Sürpriz məhəbbət

Günlər keçir, R. bu virusla həyatını yenidən qurmağa çalışır, valideynləriylə münasibətlərini qaydaya salır, onları da maarifləndirməyə çalışır və qeyri-hökumət təşkilatlarıyla əlaqələr qurur. Bir müddətdən sonra ata qızının evə dönməsinə icazə verir: bir şərtlə ki, yenə onunla bir süfrə arxasında əyləşməyəcək. R.-nın sevincinin həddi-hüdudu yox idi: eybi yox, o, buna da razıdır, çox keçməz, bu çətinliyi də adlayar. Anası ilə problem yaşanmır: ana qızına daha böyük anlayış və mərhəmət göstərir. Bacı hələ də onu evinə buraxmasa da, indi heç olmasa, telefonla danışırlar. Bu da bir irəliləyişdir, deyir R. Ötən vaxt ərzində onun həyatında yenilik də baş verib. Bir oğlanla tanış olub, sevib. Sonra oğlan çəkinə-çəkinə ona HİV daşıyıcısı olduğunu deyəndə, R. nə qədər təəccüblənsə də, bir o qədər də özü dediyi kimi, sevinibmiş. Həyat bu dəfə ona “xoş sürpriz” bəxş etmişdi. R.-yə yeni ailə həyatı üçün şans vermişdi. Amma o, hələ tələsmir, oğlanı daha dərindən, hərtərəfli tanımaq istəyir. Daha bir kəs yanılmamaqçün…

R. indi QHT-lərlə də əməkdaşlıq edir, əvvəllər onunla birlikdə heroin vuran xanımları öz ətrafına toplamaq və onların da həyata qayıtmasına nail olmaq istəyir: “Bu, çox çətindir, bilirəm, ən azı ona görə ki, insan özü bundan imtina etmək istəməsə, heroni atmaq çətindir. İnsanın iradəsi bəzən tab gətirməyə bilər. Amma mən çalışacağam, cəhd göstərəcəyəm. Əgər alınmasa, heç olmasa, çalışmaq lazımdır ki, onlar HİV-ə yoluxmasınlar, özlərini, gələcəkdə övladlarını təhlükə altında qoymasınlar, çünki mənim də HİV-lə üz-üzə qalmağımın səbəbi narkotik idi”. Bəs indi, heroin qəbul edən keçmiş dostlarını bu asılılıqdan xilas etməyə çalışan R. özünün necə, keçmiş hissləri oyana bilərmi? Yox, R. çox qətiyyətli olduğunu deyir, bir vaxtlar övladının xətrinə imtina etdiyi bəlaya qarşı indi daha çox sərtdir: qızı böyüyür, bir azdan onun qayğıları R.-nın həyatını daha çox sarmalayacaq. Heroinə isə o həyatda artıq yer yoxdur. O, keçmişdə, özü də lap çox uzaqlarda qalıb…

P.S.İnsanların əksəriyyətində HİV-lə bağlı maarifçilik işi aşağı səviyyədə olduğundan, yaxud ümumiyyətlə olmadığından, onlar HİV-lə yaşayan insanlarla lazım olduğundan ifrat dərəcədə çox uzaq davranırlar. Əslində HİV gündəlik təmasdan, əlaqələrdən keçmir. Məsələn: qucaqlaşma, əl sıxma, görüşmə, eyni hovuzda çimməkdən, tualetin oturacağından, ümumi yataq dəstindən, qab-qacaqdan, öskürəkdən və s. HİV/AİDS-ə yoluxan və yaxud yoluxma şübhəsi olan insanların diskriminasiyası insan hüquqlarını pozur, ümumi səhiyyəni təhlükə altına salır. HİV/AİDS-ə yoluxmuş hər bir insan mərhəmət hissinə layiqdir. Ola bilsin ki, 10 il keçsin və yalnız bundan sonra HİV/AİDS özünü göstərsin. Ona görə HİV-ə yoluxmuş şəxs özünü uzun illər çox gümrah və sağlam hiss edə, lakin digərini yoluxdura bilər. Yeni müalicə üsulları belə xəstələrə müəyyən qədər sağlam həyatlarını davam etdirməyə kömək edə bilir. Ancaq virus bu insanın bədənində hər zaman qalacaq və o, başqalarını bu xəstəliyə yoluxduracaq.

HİV ilə yoluxma insanın bədəninə HİV ilə yoluxmuş bioloji maye halında daxil olur. Onu da qeyd etmək lazımdır ki, HİV özünün müxtəlif dərəcələrində yoluxdura bilər. HİV aşağıdakı bioloji mayelərdə olur: qan, sperma və vaginal ifrazat, döş südündə. Öpüş zamanı ağız tüpürcəyində virus aşkar edilməyib. Əgər hər iki tərəfdən birinin ağzında yara varsa, HİV ilə xəstə olan digərini yoluxdura bilər. Paltar, qab-qacaq vasitəsilə HİV-ə yoluxmaq mümkün deyil. Gənc qızlar HİV-ə qadınlara nisbətən daha həssasdırlar. Cinsi yolla keçən xəstəliklərə yoluxan insanlarda HİV/AİDS təhlükəsi ilə yoluxmaların ehtimalı daha çoxdur və onlar infeksiyanı başqalarına ötürə bilərlər. Belə insanlar müalicə üçün tez bir zamanda həkimə müraciət etməli və öz partnyorlarını xəbərdar etməlidirlər. Cinsi yolla keçən xəstəliklərə yoluxmuş adamın HİV-ə yoluxma təhlükəsi 5 dəfə çoxdur. Həmçinin bu insanların infeksiyanı daha tez ötürmək riskləri də var. Bu xoşagəlməz halları azaltmaq üçün aşağıdakı şərtlər vacibdir: HİV profilaktikası üçün təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək. HİV-in digər keçmə üsulu sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıcaq və başqa alətlərin istifadə edilməsidir. Damar daxilinə narkotik maddə qəbul edən insanlar HİV/AİDS-ə daha tez yoluxurlar. Narkotiklərdən istifadə insan şüuruna da təsir edir və riskli cinsi əlaqələrin qurulmasına da səbəb olur.

Əgər kimsə güman edir ki, o, HİV-ə yoluxub, elə həmin gün həkimə və yaxud HİV/AİDS mərkəzinə müraciət etməlidir. Həmin şəxs burada məxfi məlumatlar ala bilər. HİV testi qanda olan virusu yoluxandan 2 həftə sonra təyin edə bilər. AİDS-ə yoluxma 10 il ərzində inkişaf edə bilər. Yadda saxlayın ki, hətta AİDS-lə yaşayan insan belə səmərəli və sağlam həyat tərzi sürə bilər.

MÜƏLLİF: Pərvin ABBASOV