Foto 1993-cü ildə Sudanda çəkilib. Ac kərkəs ac uşağın ölümünü gözləyir... Körpənin son nəfəsi ilə müqavimət də bitəcək. Və o, yırtıcı insanların səbəbindən ölərək yırtıcı quşa yem olacaq. Klod Levi-Stross bir neçə il əvvəl yazmışdı: "21-ci əsr ya humanitar əsr olacaq, ya da heç olmayacaq"...
... Fotonun müəllifi Kevin Karter 1994-cü ildə şöhrətinin zirvəsində idi. Təzəlikcə nüfuzlu Pulitser mükafatı almışdı, məşhur jurnallardan iş təkliflərinin ardı-arası kəsilmirdi. Onun 34 yaşı vardı və CAR-da yaşayan valideynlərinə yazırdı: “Hamı məni təbrik edir. Arzulamağa belə cəsarət etmədiyim mükafatı sizlərə göstərmək üçün səbirsizliklə görüşməyimizi gözləyirəm”.
Kevin Karter mükafatı “Sudanda aclıq” fotosuna görə almışdı. 1993-ün yazında kiçicik kənddə aclıq səhnəsini çəkmək üçün xüsusi olaraq Sudana gəlmişdi. Aclıqdan ölən insanların cəsədlərini lentə alıb yorulan fotoqraf kəndi tərk edir və seyrək kolların bitdiyi sahədə qəfildən zəif uşaq hıçqırığı eşidir.
Onun qarşısında bir azdan aclıqdan öləcək balaca bir qız uşağının arıq kölgəsi dayanmışdı. Uşaq yerdə oturmuşdu. Kevin onu çəkməyə hazırlaşanda bir neçə addımlığa kərkəs quşu enir. Karter rahat mövqe seçib hər ikisini çəkir. Sonra dayanıb gözləyir - kərkəs havaya şığıyanda daha bir neçə kadr çəksin. Kərkəs isə uçmur - dayanıb uşağın son nəfəsini gözləyir. Sonunda yorulan və darıxan Karter əllərini yelləyib oradan uzaqlaşır. Sonra özünə gəlir və oturub ağlayır. Vəssalam. O, körpə üçün heç nə etmir.
Səhərisi gün o, Yoxannesburqa (CAR) qayıdır. Həmin vaxtlar Sudandakı aclıq “dəbdə olan” mövzu idi - başqalarının faciəsi jurnallara, rejissorlara, fotoqraflara, siyasətçilərə və beynəlxalq təşkilatlara çox böyük pullar qazandırırdı.
Karterin fotolarını “Nyu-York Tayms” alır və dərc edir. Bəs necə, foto dərhal Afrikadakı humanitar faciənin simvoluna çevrilir. Karter isə məşhur və hörmətli bir şəxsə. Bu, qələbə idi!
1994-cü ilin 23 mayında Kevin Karter ən böyük qələbəsini qazanır - Pulitser mükafatını alır. Ancaq az keçir, hər şey dəyişir.
Əvvəlcə sakitcə, sonra ucadan sual səslənməyə başlayır: Bəs o qızın sonrakı taleyi necə olur? Niyə fotoqraf körpəyə kömək etməyib? Daha qəzetlər onu “dahi fotoqraf” adlandırmırlar. “Taym” jurnalı isə çoxlarının beynindən və ürəyindən keçənləri bu sözlərlə ifadə edir: “Balaca qızın əzablı ölümünü çəkmək üçün sakitcə öz obyektivini hazırlayan adam oradakı yırtıcı quşdan fərqlənmir”.
Görünür, bu sözlər Karterdə vicdan əzabı oyadır. O, dostlarına qıza köməklik göstərmədiyinə görə peşiman olduğunu söyləyir: lap yaxınlıqda BMT-nin düşərgəsi varmış, orada aclara yardım edirlərmiş. Karterə sadəcə uşağı ona çatdırmaq lazımdı. O isə bunu etmir.
Lənət və kinayə obyektinə çevrilən Karter dərin depressiyaya düşür. Bu isə tezliklə onun həyatında və işində özünü göstərir: mühüm görüşlərə gecikir, çəkilmiş fotoları itirir, işdən qovulur...
1994-ün 27 iyulunda - ömrünün son səhərində Kevin yaxşı əhval-ruhiyyədə idi. Nahara qədər yatağından qalxmır, sonra yerli qəzetlərdən birinin redaksiyasına yollanır, həmkarları ilə ünsiyyətdə olur. Axşam 9-da isə balaca çayın sahilinə gəlir, maşınının qaz borusunu şlanqla salon ilə birləşdirir, musiqini qoşur və... yatır.
Ölümündən əvvəl məktub qoyur: “Mən yoruldum... telefonsuz, pulsuz, övladlarsız... Borclarımı qaytara bilmirəm. Məni qətllər, cəsədlər, ac və yaralı uşaqlar haqda xatirələr təqib edir”.
Комментариев нет:
Отправить комментарий