воскресенье, 14 ноября 2010 г.

Toy

Bakının dəyişkən havasından bezib kənd toylarından sarı burnumun ucunun göynəyən vaxtında dostumdan xəbər gəldi:
- Evlənirəm, hazırlaş toya gəlməyə.
Sevincək səsini vecimə almayıb təbriksiz-filansız soruşdum:
- Restoranda ya mağarda?
- “Hələ bilmirəm” cavabını eşidər-eşitməz telefonda deyə bilməsəm də, arxasıyca bəyanat yaydım: “Restoranda olsa getməyəcəm!”



Dörd-beş gün öncədən “palatka” toyunda iştirak edəcəyimi biləndə xüsusi təmtaraqla hazırlaşdım.

“Niva”lı, “Davidoff ”lu yeniyetmə kişilər toy yerinə çatar-çatmaz nağaranın səsi “xoş gəldinə”çıxdı. Şəbnəm Tovuzlunun “Bəxt üzüyüm” mahnısının sədaları altında dostumla görüşüb hal -əhval tutar-tutmaz, başına toplaşan kənd cavanları ilə zarafat edib deyib gülməyindən qalmadı. Amma insafən, özü kimi bığ yeri təzə tərləmiş dostları, şəhərin canında özündənrazılıq olan cavanlarından xeyli yaxşı təsir bağışladılar. On-onbeş dəqiqə sonra toyxananın rəngi bozarmış “ palatka”sının yırtıq yerlərindən içəridə diz-dizə oturan gözaltılarına oğrun-oğrun baxan növcavanların qəribə hərəkətlərini görəndə, telefonumun “not” yerinə bu maraqlı detalı yazmaqdan özümü saxlaya bilmədim.Bu rayonda oğlan toylarının gəlin gələnə qədər qadınların toyxananı zəbt eləməsi adi haldır.Elə buna görə də, gündüz qadınlar məclis yiyəsi olanda, kişilər mağarı üzük qaşı kimi dövrəyə alıb hərə öz məhrəminin hərəkətinə göz qoyur. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, bığ yeri təzəcə tərləyən oğlanların əksəriyyətinin maşını var. Öz istəklilərinin mağardan bayıra çıxdığını görən kimi “davidoff” siqaretinin birini damağına qoyub “Niva” və “06”-sının “kapot”unun üstünə dirsəklənib ağız dolusu tüstünü tez-tez havaya fısqırdır ki, gözaltısı onu görsün. Yəni mən kişiyəm. ”Niva”m var, özüm də “ davidoff” çəkirəm, nolsun rus dilini bilmirəm. Xoşbəxtlik ondadır ki, Allah qızın könlünə rəhm salsın və gözünün quyruğu ilə yeniyetmə kişimizə nəzər yetirsin. Bu mənzərəni uşaqlardan birinə deyəndə məni arxayın etdi ki, axşam həmin növcavan mütləq Natiq Mustafayevin mahnısını oynayacaq.

Kefi şeşi-beşdən gəlirəm bala-bala,
Yarla görüşdən gəlirəm bala-bala.
İmam Qusik və ördək yemi lüləkabab
Mən kimin yanında deyirəm ki, kənd toyunun ölüsüyəm, sözümü qəribçiliyə salır və “allah kəssin kəndi də onun toyunu da” deyib ağız büzür. Etibarlı mənbələrə istinadən deyə bilərəm ki, bunu ən çox arvaddan istifadə tarixi üç ili keçməmiş kişilər edir ki, onlar da haqlı- haqsız olaraq üç illik ömür-gün yoldaşlarının makiyajlı dırnaqlarının toy qazanın hisindən qaralmasını həzmi-rabedən keçirə bilmirlər.Yaxud onun-bunu qabağından qalmış artıqları təmizləyib qab-qaşıq yumaq əziyyətinə tablaşmayan xanımları iki dünya bir olsa da, bu işə razı salmaq olmaz. Əlbəttə, bunun mənə isti soyuğu yoxdur. Belə baxanda cəhənnəmə gora ki, ağız büzmür üz turşutsunlar. Mənə nə?! Amma təsəvvür edin ki, dağın ətəyində olan kənddəsiniz, dörd tərəfdə yanıb külə dönmüş zəmi yerləri, Koffi Annan və Barak Obamanın rənginin kvadratına bərabər sahələrdə aclıq aksiyası keçirən mal-qara, iki ildir kəndin peyin-təzəyindən başını götürüb qaçaraq “Vosmoyun” bazarında mayka-tumuş-lifçik komplekti satıb toyxanada “bakılı balasıyam” mahnısı oynayan qızıldiş oğlanlar, ocaq başında dörd yaşlı qalstuklu nəvəsinin ağzına lülə kabab təpən güllütuman qocalar, şər qarışana yaxın eşşəyi tərsinə minib mal-heyvanı örüşdən gətirən qız uşağı və bunun kimi maraqlı mənzərələrlə burun-buruna qalmısınız. Hələ mən onu demirəm ki, eşşəkarabası təkərindən ştanq düzəldib musqul yığan kənd cavanları qaz turbasından turnik əvəzi istifadə edib özlərini Bakıdan qonaq gələn qızlara göstərirlər. Birdən kimsə mənim bu dediklərimi kəndə lağ-lağı kimi qəbul edər. Ay tövbə!!!Mən balaca bir uşağın bəyin otağından çırpışdırdığı sulu şaftalı ilə yarpaq dolmasını yavanlıq edib ağız-burnuna yaxa-yaxa yediyini görəndə ləzzət alıram. Yaxud, serial qəhrəmanı Don Barbaranın Santosdan uşaq istəməsini faciə kimi qəbul edən atasının şalvarından yapışaraq xoruz pipiyi şüşə konfet arzulayan azyaşlının 20 qəpik üstündəki mübarizəsinə tamaşa eləmək, nəyə desən dəyər. Bir də görürsən ki, cəmi üç ildir kənddən Alatavaya gəlin köçən bir xanım, gavalı ağacına dırmaşıb kal meyvələri dərən uşağına “ux tı, merzaveç” deyib də evdə çürüyən zənbil-zənbil (yox bir, xaral-xaral) meyvə olduğunu xatırladaraq, uşağın mitilini atasına təhvil verir. Nə isə, uşaqlardan bir-iki cümlə də yazım, keçək başqa əhvalatlara. Maraqlı epizoddur, diqqətlə oxuyun.
Birdən gözümə sataşdı ki, şəhər dəbiylə geyinən, alnının sağ və sol küncünə çatan yağlı qələm qaşları olan, “priçoskası” Elza Seyidcahanın əndirabadi saç düzümlərini xatırladan bir xanım boşqaba doldurduğu iki şiş lülə kababı oğluna yedirtmək uğrunda ölüm-dirim mübarizəsinə girişib.
Uşağın ciy-ciy səsini qulağım aldı.
- Mama, tı ne ponela, ne xaçu, ne xaçu.
Artıq mənə məlum oldu ki, qəhrəmanlarım “böyük qardaş” elindən qonaq gəliblər və gümanımda yanılmadım. Öyrəndim ki, xanım beş ildir Tümendə gəlinlik həyatı yaşayır. Balaca dostum əvvəlcə ona rahatlıq verməyən qalstukunu boynundan çıxarıb ördəklərin üzdüyü gölməçəyə tolazladı, sonra qara kostyumuqarışıq özünü işıq dirəyinə sürtdü ki, oynamaq istəyirəm. Özümü onlara tərəf verib guya kömək etmək istədiyimi bildirdim. Xanımdan soruşuram :
- Adı nədir?- ( əlbəttə, mənasız sualdır. Adama deyərlər ki, sənə nə?)
- Hüseyin.
- Yəqin babasının seçdiyi addır. -Özümdə bilmədim ki, uşağın babasının bura nə dəxli var.
- Net, mən vıbor elədim. Vı znaete, mən dindarlığı sevirəm. Allahdan, peyğəmbərdən qorxuram. İstədim ki, oğlumun adı İmam adı olsun. Evimiz ruzi-bərəkətlə dolsun.
Xanımın danışmağa meyilli olduğunu bilmirdim və bir iki sual da soruşmaq istəyirdim ki, uzaqdan iki nəfərin qanlı-qanlı mənə baxdığını gördüm. Bir az əvvəl qaz turbasından olan turnikdə master-klass keçən qəhrəmanlarım Silvester Staloninin qara eynəyindən taxmışdılar və musqullarının vahiməsindən özümü itirəndə, ümummilli atalar sözümüz yadıma düşdü : “Arığın nə iti azıb qoruqda ki, vurub qıçını sındırsınlar”.
Balaca dostumun ördək gölməçəsində üzən qalstukuna tamaşa edə-edə toyxanaya tərəf gedirdim ki, nəyinsə çilik-çilik olduğunu eşitdim. Ardınca da imamsevər dindar xanımın səsini...
- Qusik, xvatit, Qusik. Tı uje ağ elədin!
...Ördəklər lülə kabab qismətlərini bölüşdürürdülər...
Əziz oxucu, səmimiyyətimə inana bilərsən: Gerçəkdən sarsıldım. Və Həzrəti Hüseynin müqəddəs ruhuna salavat çevirib uşağın şillə-şapalağa tutulduğunu görməmək üçün toyxanaya tələsdim. İndi telefonumun “not” yerinə baxanda o vaxt yazdığım bir cümləni ləzzətlə oxuyuram “Allahdan özümə ucuz ölüm arzulayıram. Məsələn, “Prado”nun təkəri altında qalmağı...”
“Ağa, cəddinə “plen” düşüm”
Gəlin maşını bəzənib yola çıxanda, telini yan darayan oğlanlar sevgililərinin hörmətini qazanmaq üçün “Niva” və “06”-larının qapılarını xonçalı arvadların üzünə açıq elan etmişdilər. Camaatın başı əkin-biçin söhbətinə elə qarışdı ki, bir də onda ayıldılar, yol kəsib şirinlik istəyən uşaqlar bəy atasının xəsisliyi ucbatından, qışqıra-qışqıra gəlin maşınının yanı ilə üzü yoxuşa qaçıb bir metr dillərini çıxarıblar. “Tərəkəmə”-nin sədaları altında qol götürüb oynayanlara tamaşa edirdim ki, nəyinsə başıma dəyib köynəyimin cibinə düşdüyünü gördüm: Mumu. Ağzınız şirin olsun-ürəyimdə dedim. Gəlin içəri keçən kimi ayağının altında sındırdığı boşqabın səsinin dalıyca qaynatasının xeyir-duası eşidilir:
- Suyunuz sərin, çörəyiniz isti olsun. Heç vaxt neynim, necə eləyim deməyəsiniz. Eviniz oğul-uşaqlı, qapınız itli-pişikli olsun.
Bu arada arvadlardan kimsə “gəlinə nə verirsən?” deyib qaynatadan sözün Mustafasın istəyir. Gəlininə nə vermək məsələsi kişinin səxavətindən asılıdır. Məsələn, Camış, İnək. Ən aşağısı yanıbalalı qoyun. Əlbəttə, belə vəziyyətlərdən çıxmağın bir yolu var ki, o da gəlinə “bu ev-eşik, mal-heyvan, toyuq-cücə hamısı onundur” deməkdir. Dostumun da atası bunları deyəndə bilmədi ki, hələ inşallah bundan sonra üç oğul evləndirəcək və hər il ot biçinində yabalaşdığı, buğda biçinində kombaynın başında qaçdı-tutdu oynadığı oğlunun mitilini ən uzağı bir ildən sonra bayıra atacaq ki, səni əkib-doğanın ...
Dostum gəlini otaqda qoyub həyətə düşən kimi tay-tuşları ilə zarafatlaşmağından qalmadı və camaatın əsəblərinə toxunan part-partları uşaqların əlindən alıb bu dəfə özü atıcılıq məharətini yoxladı. Sizi inandırıram ki, bəyin öz toyunda part-part atması dünyada analoqu olmayan bir hadisədir. Arvadların “ay bala, toyundur , bir az ağır ol” deməsini vecinə almayan bəydadaş, tez-tez qara qalstukunu əlləşdirirdi ki, Allah, bu it xaltasından ( ifadə bəyə məxsusdur!) nə vaxt canım qurtaracaq!
Kənddə itib dostumun boz ayısı
Mahnı zakaz verir polis dayısı
Ağ krassovkalı uşaqlar qırmızı İran vedrəsi ilə ortalığı suvarırdılar ki, toz-torpaq olmasın. Bu yerdə bəyin atası əlində uzun bir nar çubuğu toyxanaya girib toybəyi axtarmağa başladı. İt oynatmaqda böyük təcrübəsi olan qohumlarından birinin qolundan tutub bu işi ona tapşırdı. ”Xan” arağının butulkasını qucaqlayan toybəyi əvvəlcə nar çubuğu ilə şuluqluq salan uşaqları yerbəyer etdi. Sonra az qala Koroğlu dastanı boyda mənasız və düşük əhvalat danışıb camaatın ətini tökdü. Nar çubuğunun təzyiqinə məruz qalan uşaqlardan biri çanaq antennanın üstünə dırmaşıb divara bərkidilən dəmirinin üstündə oturdu və ayaqlarını yelləyə-yelləyə toyu seyr etməyə başladı. Toybəyi oynamaq istəyənlərin nəzərinə çatdırdı ki, iki mahnıdan artıq oynamaq qəti qadağandır. Növbə bəyin dayısına çatanda bəydadaş taxtından durub şəxsən musiqiçilərin yanına gəldi və diri beş manatlığı onların qabağına atıb Yusif Mustafayevin “yol polisləri” mahnısını sifariş elədi ki, Tümendə polis rəisi işləyən “daydayı” ilə qol-boyun oynasın.
Yollarda iziniz var, dövlət yol polisləri,
Nurlu xoş üzünüz var, dövlət yol polisləri.
Rəis buna bəndiymiş kimi, cibindən üç 100-lük dollar çıxarıb bacıoğlunun köynəyinin açıq düyməsindən qarnına dürtdü. Və oğlunu da yanına çağırıb, biri sağında biri solunda bütün toyxananı fırlandı ki, mənim dollarım var. Hələ onu bəyə bağışlaya da bilirəm. Rəisin beş mahnı oynamasına dözə bilməyən dəliqanlı cavanlardan biri ortalığa çıxdı ki, bəs biz xiyarıq? Mən də oynayacam, özü də yeddi “zakaz”. Dostum dedi ki, dəliqanlı hansısa cənub rayonundan gəlib və seyid peyğəmbər övladıdır. Sən demə bunu toybəyi bilirmiş. Ona görə də rəisin qulağına pıçıldı ki, yola vermək lazımdır. Rəis dəliqanlını müştərək oynamağa dəvət edəndə qardaş razılaşmadı və İsrail Musayevin “Xatirəm” mahnısını təkbaşına oynamaq istədiyini dedi. Bunu özünə təhqir sayan qanun keşikçisi “nemiroff” arağının təsiri ilə əlini ağzına söykəyib çığırdı:
- Vızqırd ə burdan, svoloç!
“Vızqırd” sözündən inciyən dəliqanlı acıq eləyib onları qarğıya-qarğıya toyxananı tərk elədi.
- Cəddim belinizi vursun! Xeyir bərəkət tapmayasınız!
Bunu eşidən toybəyi dözmədi, onu geri qaytarmaq üçün mikrafonu əlinə götürdü.
- Ağa, cəddinə plen düşüm, getmə!
“Niva”nın yırtıq “kruşitil”inin səsi “yol polisləri” mahnısına qarışanda rəis səkkizinci mahnısını oynayıb toyxananı tərk elədi.
Bundan sonra ürəklənən kənd cavanları meydanı əllərinə alıb əməlli-başlı toy çaldırdılar. Bir də onda xəbərim oldu ki, bəyin qardaşı yekə bir stolu başına alıb toyxananın ortası ilə bizə tərəf gəlir. Cibinə dürtüşdürdüyü iki “platin” arağını ortalığa qoyub, dost-aşnasını başına yığdı. Şələqulaq bir uşağın özündən yekə nimçədə gətirdiyi meyvələri doğrayıb “platin”lə ötürdülər. Bəndəniz yüz-yüz vurmaq təklifindən imtina edəndə bekar qalmayım deyə meyvə doğrayıb onlara qulluq etmək vəzifəsini mənə həvalə etdilər. Meyvə qurtarar-qurtarmaz bəyin qabağındakı dolu vazanı çırpışdırıb arağın üstündən “xırdalan” pivəsilə içəri ötürdülər. Mən ömrümdə bu qədər içən adamlarla rastlaşmamışdım. İnsan orqanizmi bu qədər spiriti necə qəbul edir? Sadəlövh və avam sual da olsa mənim üçün bir şey maraqlıdır: bu qədər mayeni qarınlarına necə yerləşdirirlər? Nə isə... Keçək digər maraqlı məqamlara.
Telefonuma zəng gəldiyi üçün toyxananı tərk elədim. Bəyin atası ilə üz-üzə gələndə ikinci dəfə görüşüb gözaydınlığı verdim. Evin arxasındakı guya sakit bir guşəyə çəkilib “alo” demək istəyirdim ki, zirzəmidən səs eşitdim.
- “Fanta”nı neynirəm ə xiyar, ”Jalə” götür.
- Araq da var. İstəyirsiz?
“ Quldurbaşılar” oğurladıqları mallarını evin arxasındakı ot tayasının altında yerbəyer edəndən sonra hərəsinin cibində bir şüşə araq toyxanaya qayıtdılar. Bəyin qardaşı dədəsinin gözündən yayınıb araqları qarmonçalanın köməkliyi ilə stolun altına ötürdü.Vur çatlasın... Bəndənizi yenə qulluqçu yerində görmək həvəsi də öz yerində...
Yarımca saat sonra mağarın sağ tərəfindəki taxta tualetdən gələn öyümə-öskürək-inilti-zıqqıltı səsləri Xaruki Murakaminin “Öyümə” hekayəsini yadıma saldı. Amma Murakaminin qəhramanından fərqli olaraq, bu adam əziyyətsiz, rahat öyümürdü, zülüm çəkirdi.


Bəy tərifi, səy tərifi, tutun yolun hərifi!
Sevgili Oxucum, sən “palatka” toyunda bəy tərifinin şahidi olmayıbsansa, mən kömək edərəm. Deməli, klassik nağara ritminin sintezator variantı eşidiləndə və müğənni xanımın yanında dişini ağardan biri gördünüzsə, arxayın ola bilərsiniz ki, bəy tərifidir. Xanımın yanında dişini ağardan adamın ora getməsinin bir neçə səbəbi var ki, onu üç variantda bu şəkildə düzmək olar :
- Birincisi, babat pulu olan qohum-əqrabanı nişan verib onları adı ilə çağırtdırmaq və hər birindən aşağısı 5 manat pul qopartmaq.
- İkincisi, səhəri gün kənd cavanlarının yanında şeşələnmək ki, gördüz də, dünən ceyranla neynirdim?!
- Üçüncüsü, xanımın qulağına ad çuğullayanda yaxası açıq köynəyin altındakılara sulu-sulu baxmaq.
Burda bir zəruri qeyd yazmaq lazımdır ki, əgər xanımın yanındakı çuğul evlidirsə, deməli, o, arvad –zad hərləmir və bu sarıdan qorxusu-hürküsü yoxdur. Amma çox nadir hallarda buna təsadüf eləmək olar.
Camaatdan pul qopartmağın müxtəlif yolları var ki, burda da şairlik köməyə gəlir. Məsələn, qafiyənin gözəlliyinə baxın: “Göydə bir ulduz var adı Talıbdır, bizim xalat bacanağda qalıbdır”. Yaxud, “ Bizim bu toy tarixlərdə qalası, gəlsin xalat verin bəyin xalası”. Atalar üçdən deyib. Birini də yazım yarımçıq olmasın: “Dəryada qərq olub Nuhun gəmisi, beş manata görə gizlənib Şükür əmisi!”.
Söy ki, söyən mərd olar, söyməyən namərd olar!
Mən, ömrümdə atanın oğul toyunda dava saldığını görməmişdim, onu da gördüm. Bəy tərifindən sonra - gecə birin yarısında nağaraçalan yuxusuzluqdan əsnəyəndə, bəy atası əlini göyə qaldırıb toyun başa çatdığını elən edən kimi ara qarışdı məshəb itdi. Bəyin lülqəmbər dostlarından biri aşa-aşa meydana girib elan elədi: “Toy qurtarıb-zad eləməyib! Kim getmək istəyirsə qapı açıqdı. Saat ikiyə qədər burdayıq”.
Bu müdaxilədən qəzəblənən və dəliqanlıdan heç də az içməyən atanın səsi eşidilir:
- Ə, düdük, sən haranın qoduğusan ki, mənim sözümü iki eləyirsən?!
- Ağzının danışığını bil! Mən “anam mənim” mahnısını oynamaq istəyirəm. Hamı öz anası ilə oynasın ki, mehribanlıq olsun.
- Buraxın ə, məni. Buraxın deyirəm! Qurumsaq köpəyoğlu...
Bəy atası onu qucaqlamaq istəyən böyük oğlunun qolları arasından balıq kimi sivrişib çıxar-çıxmaz oğlanın üstünə cumdu. Amma bu dəfə onu toybəyi qucaqladı. Ata və böyük olduğunu ona xatırladıb yola gətirdilər. Dəliqanlı oğlan “anam mənim” mahnısını oynayanda “platin”in təsirindən iki dəfə camaatın üstünə yıxılmasına baxmayaraq, oğulluq sədaqətini göstərmək üçün əzim və iradə ilə mübarizə aparırdı-dodağının altında özü üçün oxuyub oynayırdı...
Gecə saat 1:00. Oynamaqla arası olmayan və yalnız məcburi nəzakət xətrinə ölüm-zülüm toyun axırını gözləyən qohumları yuxu aparmaq üzrədir. Gəlin dözməyib otağından eyvana çıxır və “palatka”nın yırtıq yerindən vur-çatlasına tamaşa eləyir. Bir də baxırlar ki, bəy yoxdur. Bəyin atası ilə kəllə-kəlləyə gələn dəliqanlı oğlan evə qalxıb bəydadaşı sürüyə-sürüyə toyxanaya gətirir. Yenə çal oynasın Əjdər əmi...
Nəhayət vağzalı...
Hamı dağılışır yatmağa. İki nəfərdən başqa...
Dağların arasından gülümsəyən günəş bir ailənin sevincinə şərik olur...

MÜƏLLİF: Cavid ZEYNALLI

Комментариев нет:

Отправить комментарий