понедельник, 24 января 2011 г.

Bunker əməliyyatı

“Hitlerin bunkerdə olub-olmadığını bilmirdik, amma Rozenberqin, Göbbelsin, Keytelin orada olduğunu deyirdilər”


İkinci Dünya Müharibəsində azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlardan çox yazılıb və söylənilib. Rusların əksəriyyətini heçdən yaratdığı «rus qəhrəmanlar»dan fərqli olaraq azərbaycanlılar həm ön cəbhələrdə, həm partizan birləşmələrində, həm də arxa cəbhədə qəhrəmanlıqlar göstərərək, faşizm üzərində qələbənin təmin olunmasına öz imzalarını atıblar. Müharibədə Azərbaycan diviziyalarının keçdiyi döyüş yoluna çoxlarımız bələdik. Bununla yanaşı müxtəlif cəbhələrdə, müxtəlif təyinatlı qoşun birləşmələrində minlərlə azərbaycanlı vuruşub. 1945-ci ilin may ayında Berlində dövrünün ən möhkəm istehkamında - illər ərzində hazırladığı bunkerdə sovet və müttəfiq aviasiyasının atəşindən qorunan Hitler intihar edir. Bundan sonra hakimiyyəti ələ alan faşist generallar təslim aktını imzalayır və müharibə başa çatır. Hitlerin həqiqətən də həmin vaxt intihar etməsi və ya qaçması bu gün də ciddi müzakirə olunmaqdadır. Baxmayaraq ki, 2003-cü ildə dünyasını dəyişmiş katibəsi və 2004-cü ildə ölən yavəri fürerin təslim aktı imzalanmazdan bir neçə gün əvvəl xanımı ilə birgə intihar etdiklərini təsdiqləyiblər.

Hitlerin son günlərinə həsr olunmuş «Der Untergang» (Süqut) filmi də məhz o şəxslərin söylədikləri əsasında lentə alınıb. Amma burada da reallıqda baş verənlərdən ciddi fərqlər var. Reallıqda Hitlerin bunkeri heç də asanlıqla sovet qoşunlarının əlinə keçməyib. Berlin işğal olunsa da günlərlə burada müqavimət davam edib. Bunkerin ələ keçirilməsi zamanı yüzlərlə sovet hərbçisi həlak olub. Bunker əməliyyatında sovet xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş, uzun illər götürdüyü öhdəliklərə görə susmuş yeganə azərbaycanlı Aşur Hüseynov bununla bağlı bəzi maraqlı məqamları Lent.az-a açıqlayıb.

Bir günlük tələbə

Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir. Burada onlar xüsusi təyinatlı batalyonun tərkibinə verilir. Bir müddət səhra və dağ şəraitində ağır təlimlər keçirlər: «Təlimlər çox ağır idi. Təlimlərimizi Baş Qərargahın yüksək rütbəli zabitləri özləri bilavasitə izləyir, nəzarətdə saxlayırdılar. Mənimlə bir yerdə olan iki azərbaycanlıdan biri özünə silahdan atəş açaraq intihar etmək istədi. Ancaq ölmədi. Onu yaralı halda komandir şəxsi heyətin qarşısında güllələdi. Təlimlərə dözə bilməyib qaçanlar da olurdu. Təbii ki onlar da müharibə şərtlərinə uyğun mühakimə olunur və güllələnirdilər». A. Hüseynov səhra təlimlərindən əlavə alman dilini də az zamanda öyrənir. 1943-cü ilin yayında onları öncə Moskvaya gətirirlər. Burada xüsusi təyinatlılar dəstələrə bölünür və cəbhənin müxtəlif istiqamətlərində diversiya əməliyyatlarının təşkilinə cəlb olunurlar. A. Hüseynovun daxil olduğu dəstə ilk dəfə döyüş üçün təyyarə vasitəsi ilə Ukraynanın qərbinə atılır. Burada indiki Ukrayna və Belarusun bəzi rayonları ərazisində infrastrukturu sıradan çıxarır, almanların cəbhəyə əsgər və texnika daşıyan eşelonlarını partladırlar. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, baş serjant A.Hüseynov xüsusi təyinatlı dəstənin komandiri təyin olunur, ona vaxtından əvvəl zabit rütbəsi verilir.

Berlin - almanların Stalinqradı

1944-cü ilin noyabrında A. Hüseynovun dəstəsi də daxil olmaqla 17 «otryad» yenidən formalaşdırılır. İtkilərin yeri doldurulur, dəstələrə öncə 15 gün istirahət verilir. Daha sonra Şimali Qafqazda onlar yenidən, şəhər döyüşləri üçün təlimlər keçməyə başlayırlar. 1945-ci ilin fevral ayında xüsusi təyinatlı bir neçə batalyon artıq mühasirə vəziyyətində olan Berlin civarına dislokasiya olunur. A.Hüseynov deyir ki, onların batalyonunda ən aşağı rütbəli döyüşçü serjant olub. Batalyona Moskvadan xüsusi göstəriş olmadan cəbhədə vəziyyət necə olur-olsun döyüşə girməmək tapşırığı verilir. Buna görə də batalyon ön cəbhədəki hissələrdən bir qədər arxada saxlanılır, yalnız hər gün zabit heyəti kəşfiyyat məlumatları əsasında xəritə üzərində təlimatlandırılır: «Burada biz sovet ordusunun itkilərinin şahidi idik. Berlin güclü müdafiə olunurdu. Stalinqraddan da güclü müdafiə təşkil olunmuş, istehkamlar, DOT-lar yaradılmışdı. Müttəfiqlərimiz olan ingilis və amerikanlar almanları əsasən artilleriya və aviasiya atəşi ilə yormaq, itkiləri artırmaqla təslimçiliyə sövq etmək istəyirdilər. Buna görə də onlar açıq döyüşə girmirdilər. Lakin sovet qoşunlarına hər nə bahasına olursa-olsun, Berlini tezliklə almaq tapşırığı verilmişdi. Əslində Berlində hər bina, hər küçə, hər metr torpaq uğrunda qanlı döyüş gedirdi. Almanlar sona qədər döyüşür, təslim olmamaq üçün hətta özlərini öldürürdülər. Artıq bizdə olan məlumata görə, onlar 12-15 yaşlı uşaqları da döyüşlərə cəlb edirdilər. Bu uşaqlar sovet ordusuna çox ağır zərbə vururdular. Aprel ayının 14-də almanlar bizim ordunun bir batalyonunu aldadıb Berlin metrosunun tunelinə salmış, sonra da giriş-çıxışı bağlayıb, onları zəhərli tüstü ilə məhv etmişdilər. Amma əmr əmr idi. Geri çəkilmək olmazdı». Aprelin 19-da Hitlerin uşaqlardan yaratdığı bölük bunkerin yaxınlığındakı bağda sovet ordusunun motoatıcı rotalarından ikisini tam şəkildə məhv edir. Aprelin 26-da A.Hüseynovgilin iki batalyonunun zabitləri qərargaha çağırılır. Moskvadan gəlmiş Popov familiyalı polkovnik onları təlimatlandırır və sabahı «Bunker» əməliyyatına start verilir.

«Bunker» əməliyyatı

A.Hüseynovun sözlərinə görə, əməliyyata cəlb olunan bütün dəstələrdə hər manqaya DTK-nın Moskvadan gəlmiş bir zabiti daxil edilir. Əməliyyat planı barədə dəstə komandirlərinə yalnız belə məlumat verilir ki, faşist komandirlərinin gizləndiyi bunker zəbt olunmalı, oradakı heyət mümkün olduğu qədər əsir götürülməlidir: «Bizə həmin bunkerlərdə Hitlerin olub-olmaması barədə heç nə deyilməmişdi. Orada müdafiə naziri Rozenberqin, Göbbelsin, həkimlərin, kəşfiyyat nazirinin və bir neçə yüksək rütbəli generalın, xüsusilə də ordu komandanı Keytelin olduğunu deyirdilər. Eyni zamanda, tapşırılmışdı ki, bunker zəbt olunduqda dərhal sənədlər və avadanlıqlar oradan çıxarılmalıdır. Bunkerə bizim dəstələrdən başqa girən həm sovet əsgərləri, həm də xarici kəşfiyyat bölmələri də məhv edilməli idi».

Xüsusi təyinatlı dəstələrin ilk əməliyyatları uğursuz olur. Onlar bunkerin xəritə üzərindəki girişlərini tapmaqda çətinlik çəkirlər. Şəhərin mərkəzi bombardman nəticəsində uçub dağıldığından bu girişlər dağıntılar altında qalır. Hücuma keçən sovet ordusunun bir taqımı təsadüfdən almanların bir zirzəmiyə girib-çıxdığıı görüb ora hücum etsə də taqım tam məhv edilir. Sovet qoşunlarının iki tankı da vurulur.

Bundan sonra, mayın 1-də xüsusi təyinatlı dəstələr həmin ərazi üzərində girişlərin yerini təyin edir və bir girişdən bunkerə daxil olurlar: «Bunker əslində metro tunelinə bənzər, betonlanmış yeraltı yaşayış məskəni idi. Elektriklə işıqlandırılırdı. Burada bayırda atılan bombaların yalnız zəif titrəyişini duymaq olurdu. Biz elə girişdəcə ciddi müqavimətlə üzləşdik. Alman əsgər və zabitləri bunkerin girişində barrikada düzəldib atışmaya başlayır. İlk arakəsmənin götürülməsi çox ağır oldu. Mən orada 31 nəfərlik dəstəmdən 12 nəfəri itirdim. Orada polkovnik-leytenant və kapitan rütbəli 18 alman zabiti vardı. Aralarında qadınlar da vardı. İkisi yaralı idi. Əsir götürmək istədik amma özlərini vurdular. Sonradan bunkerlə bağlı kinolara baxanda mənə gülməli göründü. Guya bunker müqavimətsiz təhvil alınıb. Əslində elə olmadı. Bunker mayın 1-dən 5-dək müqavimət göstərdi. Yerin altında bunun nə olduğunu düşünmək lazımdır. Hansı ki bu döyüşlər demək olar ki zabitlər arasında getdi. Əsasən avtomat və qumbaralardan istifadə edilirdi».

Sonrakı günlərdə ciddi müqavimətlər qarşısında sovet xüsusi təyinatlıları bunkerin otaqlarını zəbt etməyə başlayır. A.Hüseynov deyir ki, bu zaman almanlar ələ keçməsin deyə əksər sənədləri məhv etməyə başlayırlar. Eyni zamanda bəzi otaqlara daxil olduqda oradakı zabitlərin sianid içərək intihar etdikləri məlum olur.

«Bunkerin bəzi hissələrində otaqlardan bir-birinə qapılar açılırdı, labirintə bənzəyirdi. Bu yerdə bizim iki dəstə qaranlıqda bir-biri ilə qarşılaşıb atışmış və çoxlu itki vermişdilər. Bir dəstənin komandiri vardı. Milliyyətcə kalmık idi. O da ölmüşdü. Amma sonradan o biri dəstənin komandiri təltif olundu və heç kim cəzalandırılmadı. Belə bir şey bizim təlimatlarımızda nəzərə alınmışdı. Artıq mayın 3-də mənim dəstəmdə cəmi 6 nəfər qalmışdı. Biz milliyyətcə tatar olan Xubanov soyadlı bir mayorun dəstəsinə birləşdik. Həmin gün bunkerin əsas sənədlər saxlanılan otağını zəbt etmişdik. Orada müasir rabitə avadanlığı da vardı. Radist müqavimət göstərə bilməyib, təslim oldu. Qərargahdan gələn zabitlər oradakı seyfləri bayıra daşıyıb, harasa apardılar. Həmin gün bunkerdən qaçmağa cəhd göstərən 8 faşist generalını həbs etməyə nail olduq. Onlardan biri elə əlimizdə ikən saxladığı zəhəri içib özünü öldürdü. Qalanlarını isə müharibədən çox sonralar, Nrünberq məhkəməsinə dair çəkilmiş sənədli filmdə gördüm».

«Hitler kaput»

A.Hüseynov nə bunkerdə, nə də bayırda Hitlerin və həyat yoldaşının meyitinə rast gəlmədiklərini deyir: «Bayırda bomba çalasının içində qismən yanmış bir kişi və qadın meyiti vardı. Onu da bizim dəstə götürüb tabuta qoydu və həmin cəsədlər Moskvaya yola salındı. Yadımdadır, əsir götürdüyümüz bir alman həkim meyitlərin Göbbels və həyat yoldaşı olduğunu deyirdi. Hitler və yoldaşının intihar etdikləri desələr də, mən şəxsən onların meyitlərinə və ya cəsədlərinin qalıqlarına rastlaşmadım. Biz bunkerdə təxminən 70 alman zabitini əsir götürdük. Onların arasında ordu generalları ilə yanaşı, SS generalları da vardı. O generallardan bayaq dediyim də daxil olmaqla, 4-5 nəfər intihar etdi. Amma qalanları xüsusi istintaq qrupuna verildi. Bunkerdə ölən almanların sayı isə 150-dən çox idi. Onlar ya müqavimət göstərib həlak olmuşdular, ya da zəhər içərək. Onların hamısı ümumi əsgəri qəbiristanlıqda, elə bizim əsgərlərlə bir məzarda dəfn edildilər».

Müttəfiqlər haradan peyda oldu

Sovet xüsusi təyinatlıları Hitlerin bunkerində döyüş apardıqları vaxt müttəfiq kəşfiyyatı bunkeri ələ keçirmək üçün xüsusi əməliyyata başlayır. Lakin bu, gecikmiş əməliyyat olur. Amerikan və ingilis xüsusi təyinatlıları bir alman zabitinin bələdçiliyi ilə bunkerə daxil olduqda artıq sovet xüsusi təyinatlıları 16 otaqlı və 4 zallı bunkeri cəmi 4 otağı istisna olunmaqla demək olar ki zəbt etmişdi. Ayrılıqda fəaliyyət göstərən müttəfiqlərin dəstələri isə mayın 4-də bir zalda üz-üzə gəlir və bu atışmada hər iki tərəf ağır itkilər verir. Lakin sovet qüvvələri üstünlük qazanaraq, bir ingilis zabitini əsir götürdükdən sonra vəziyyət aydın olur: «Mən o döyüşdə iki yerdən yüngül yaralandım. Biz müttəfiqlərin zəbt etdiyi zallara daxil olanda orada güllə izləri və partlayış nişanələri istisna olunmaqla nə ingilislərin öldürdükləri almanların meyitlərinə, nə də digər əşyalara rast gəlmədik. Müttəfiqlərimiz bütün sənədləri və avadanlıqları bizim kimi oradan çıxarmışdılar. Orada nə baş verdiyini bu günə qədər anlaya bilmirəm. Bu bölmədə dəmir və arasına qum doldurulmuş qapılı iki yataq otağı və iş kabineti vardı. Həmin otaqları ingilislərdən və bizimkilərdən təşkil olunmuş bir qrupun mühafizəsinə verdilər. Otaqlarda nə vardı, bilmirəm. Amma sonrakı günlərdə amerikanlar, ingilislər və bizim zabitlər o otaqlarda xeyli araşdırmalar apardılar. Maraqlısı odur ki həmin mühafizə qrupunun əsgərləri araşdırmalar başa çatandan sonra elə bunkerdəcə kimlərinsə tərəfindən öldürülmüşdülər».

və sonra

Müharibə başa çatandan sonra, A.Hüseynov 1945-ci ilin noyabr ayında ordudan tərxis olunub. Artıq bu zaman o, 9 orden və medalla, Beriya və Stalindən üst-üstə 7 təşəkkürlə təltif olunmuşdu. Öncə ona DTK sıralarında qalıb işləmək təklif olunsa da, qardaşının müharibədə həlak olması, atasının dünyasını dəyişməsi, kənddə anası və bacısının tənha qalması səbəbindən Azərbaycana qayıdır. Bu zaman ona xidmət dövründə, xüsusilə də «Bunker əməliyyatı» ilə bağlı hadisələri heç bir yerdə danışmamaq barədə öhdəçiliyə imza atdırılır. Azərbaycana qayıtdıqdan bir il sonra ali təhsilini davam etdirib. Hüquq-mühafizə orqanlarında və partiya strukturlarında çalışıb.

MÜƏLLİF: Rəşad Süleymanov

понедельник, 17 января 2011 г.

Yeni il

Yeni ilin astanasındayıq. Yenə yolka, yenə də olivye salatı. Çin fişəngləri, yalançı qar, yeni il gecəsi barədə xatirələr, saatın 12 dəfə zərbi və ola bilər ki, şampan şərabı. Yeni il gecəsi nədənsə yenə də sevgidən oxuyan Azərbacan estrada müğənniləri, təbriklər və arzular… Bu ssenari dəyişmir. İllər uzunu, əsrlərdi kiçik əlavələrlə təkrarlanır. Yəqin insan ömrünü sayğaca qoşub ölçmək fikrindən əl çəkməyəcək.


Hər xalqın öz yeni ili

Yeni il adıyla kimisi aprelin 1-ni, kimisi oktyrbrı, kimisi də yanvarı gözləyir. Eskimoslar isə ilk qarı gözləyir. İlk qar oldusa deməli yeni il də başladı. Avstraliyada da yeni il yanvarın 1-dən başlayır. Amma bu vaxtlar orda elə isti olur ki, Şaxta baba və Qar qız hədiyyələri çimərlik kostyumunda paylamalı olur. İndoneziyanın yeni ili oktyabrda gəlir. Adamlar bəzənir və il ərzində bir-birinə etdikləri naxoş hərəkətlərə görə üzr diləyirlər. Birmada yeni il apreldə başlayır. O vaxtlar istinin lap cırhacırı olduğundan hamı bir-birini sulayır. Tindcan adlanan yeni il – su festivalı hamını sərinləşdirir. Qədim Misirdə Nil daşan kimi yeni ili qeyd edərdilər. Bu isə sentyabr ayına düşür. Misirlilərin yeni ilində Amon ilahının heykəlini arvadı və oğlu ilə birlikdə qayığa qoyub suya buraxırdılar. Qayıq Nil çayı boyu düz bir ay üzürdü. İlahlar suda «gəzişərkən» insanlar sahildə yeyib şənlənərdi. Sonra gəzintidən təzəcə qayıtmış Amonu yenidən məbədə gətirib düz bir il darıxmağa qoyardılar. Fransada 1654-cü ilədək, 9-cu Karl yeni ili yanvarın birinə salana qədər bayramı gah dekabrın 25-i, gah da martın 1-i qeyd edərdilər. Yanvarın 1-ni qeyd etmək Almaniyada 16-cı əsrdən, İngiltərədə 18-ci əsrdən bəri oturuşub. Rusiyada xristianlıq qəbul ediləndən sonra da uzun müddət qədim ənənələrə əsasən yen ili mart ayında bayram edərdilər. Qədim Babilistanda yeni il yazda başlayırdı. Bayram günlərində çar şəhəri tərk edərdi. Bundan istifadə edən xalq kef çəkər, oynayıb ağlına gələni edə bilərdi. Bir neçə gün keçmiş çar şəhərə qayıdan kimi hamı öz işinə qayıdardı. Qədim Romada da yeni ili marta salırdılar. Bu, Yuli Sezar yeni təqvim icad edənə kimi davam etdi. Tərtibçisinin şəhəfinə yulian təqvimi adlanan təqvimdə yeni il yanvarın 1-dən başlanırdı. Yanvar ayı isə ikiüzlü Yanus ilahının şərəfinə adlandırıldı. Yanusun bir üzü keçmişə, o biri üzü isə gələcəyə baxırdı. Yeni il bayramları «kalenda» adlanırdı. Həmən gün adamlar bir-birinə ikiüzlü Yaqusun şəkilləri olan pullar bağışlayardı. Həmən gün qullara öz ağalarıyla birgə bayram etmək icazəsi verilərdi. Romalılır öz imperatorlarına hədiyyələr verərdi. Əvvəllər bu, öz xoşuna edilsə də sonralar imperatorlar hədiyyə tələb etməyə başladı. Bayram bir neçə gün davam etdiyindən kimsə «vay, yadımdan çıxmışdı» deyib bu işi boynundan ata bilməzdi. Müasir Fransa və İngiltərənin bir hissəsinəd yerləşən Qaliyanın sakinləri keltlər yeni ili oktyabrda qeyd edərdi. Bayram «Samhain» adlanardı. Söz «summers end», yəni yayın sonu sözündən yaranmışdı. Yeni ildə keltlər evi bağamburc bitkisiylə bəzəyərdi ki, bəd ruhlardan xilas olsunlar. Onların inamına görə yeni il bayramında ölənlərin ruhu qalanların ocağına baş çəkir. Onlar da romalılar kimi bayrama hədiyyə gözləyərdilər. Adətən qızıl bağışlanardı. Ona görə də bir əsr keçmiş Kraliçə Elizavetanın qiymətli daşlarla bəzədilmiş və qızıl saplarla tikilmiş çox iri və çox qiymətli əlcəklər kolleksiyası əmələ gəlmişdi. 15-ci əsrədən hələ də martın 1-ni bayram edən ruslarda yanvarın 1-nə keçid 1-ci Pyortun əmrindən sonra oldu. Fərmanda xüsusilə qeyd edilmişdi ki, həmən gün içib dava salmaq, bir-birini kötəkləmək olmaz, bununçün başqa günlər var.



Köhnə ili dal qapıdan yola salarlar

Bütün dünyaya partlayıcılar, fişənglər satan Çində də səs-küysüz ötüşmür. Qədim zamanlarda çinlilər bambuk ağacını partladırdılar. Bambuku yandıranda çox bərk səs çıxarırdı, lap qumbaraya bənzər bir səs. Çində yeni il ərəfəsində söyüş söymək və deyinmək qadağan idi. Bax bu adətlərini də zərli kağıza büküb dünyaya sata bilsəydilər çinlilərin ölənlərinə rəhmət oxuyardıq. Yeni il ərəfəsində İtaliyada olsanız pəncərələrin altından keçməyin. Axı onlar yeni il gecəsi kəm-köhnəni bayıra tullayırlar, özü də mütləq pəncərədən. Onlar inanırlar ki, nə qədər köhnə atsan ondan artığını da yeni ildə ala biləcəklər. Niderland və Belçikada isə hər vilayətin yeni ildə bişiriləcək öz peçenyesi, ya da vafli növü var. Niderlandda bayram günü «slem» adlanan xüsusi içki içərlər. Onu isti süd, çay, şəkər, darçın, limon qabğı, zərəfan, mixək və cövüzdən hazırlayırlar. Britaniya adalarının ənənəvi yeni il içkisi punşdur. Hindistanın panç, (yəni beş) sözündən əmələ gəlib və 5 komponentdən ibarətdi. Onlardan ikisi spirtli, 3-ü isə spirtsiz içki olaraq gümüş qazanda bişirilir. Onlar da inanır ki, yeni ilin ilk günü doyunca, ya da partlayanacan yesələr il boyu yeməkdən korluq çəkməzlər. Evə gələni yeməklərdən dadmamış buraxmırdılar. Uels bölgəsində içində deşik olan peçenyelər bişirilir. Amma onları sındırmamağa çalışırlar, yoxsa bu pis əlamət sayılır. Britaniya adalarında yeni ili içəri buraxmağın maraqlı qaydası var. Gecə 12 tamamında onlar arxa qapını açır ki, köhnə il ordan getsin və ön qapını taybatay açırlar ki, təzə il içəri maneəsiz daxil olsun. Şotlandiyada köhnə ili yandırıb yola salırlar. Onlar qətran dolu boçkanı yandırıb küçəyə buraxır və köhnə ili beləcə qovalayırlar. Onlar inanır ki, 12-dən sonra içəri qarasaçlı kişi girsə il uğurlu olar. Bu qarasaç kişi ağsaçlı Şaxta baba kimi hədiyyə paylamalıdır. Şotlandiyada da köhnə ili qapıdan yola salırlar. Ev sahibi durub qapını açır və saat 12 dəfə vuranadək onu bağlamır ki, il çıxıb gedə bilsin.



Ağacdan bağırsaqlar asılan zamanlar

Demək olar ki, bütün xalqlar inanır ki, yeni il gecəsi nəsə bir sehr baş verməlidi. İtaliyada su ilə bağlı əfsanələr danışırlar. Guya yerli çay, ya da bulaqlardan biri yeni il gecəsi bir anlıq donub qızıla çevrilir. İtalyanlar deyəsən bizim kimi pulgirdirlər, çünki bayramda qeyd etdikləri rituallar pulla bağlıdır. Onlar yeni il bayramında çoxlu kişmiş yeyirlər. Qızılı rəngdə olan kişmişləri yedikcə onları qızıl pula bənzədirlər və inanırlar ki, yeni ildə yedikləri qədər də qızıl pul qazanacaqlar. Süfrəyə qoyduqları mərci şorbası, qoz, yumurta da ona görə seçilir ki, zahirən dəmir pulu xatırladır. Üzüm tənəyini müqəddəs sayan ölkələrdə, məsələn İspaniyada yeni il gecəsi saatın zərbi vurduqca bir dənə üzüm dənəsi, ya da kişmiş yemək qəbuldur. Kişmişi yedikcə arzu tutmaq lazımdı. Cəmilikdə 12 zərbə 12 kişmiş və hər aya uyğun olaraq bir arzu alınır. Bolqariyada yeni ilə qalmış son dəqiqələri qaranlıqda keçirirlər. Onlar bunu öpüş dəqiqələri adlandırır. Həmin dəqiqələrin sirrini qaranlıq özündə gizləyir.  Küknar ağacı qədim keltlərdə müqəddəs sayılırdı və onun maqik xüsusiyyətləri olduğunu düşünürdülər. Küknarın həmiş yaşıl olması belə fikir yaradırdı ki, guya o, heç bir dağıntıya məruz qalmır və əbədi ağacdır. Ona görə də bu ağacda yaşayan ruhla münasibət qurmağa çalışırdılar. Qədimdə insanlar yalnız qurban verməkdə münasibət bildirirdilər. Əvvəllər insan qurbanı verər, sonra heyvan qurbanı verməyə başladılar. Qurban verilmiş heyvanın içalatı budaqlardan asılar, ağac özü qana batırılardı. Bu da bir növ indi yolkadan asdığımış oyuncaqların qədim forması idi. Ağacdan asılmış bağırsaqlar zərli hörüyü xatırladır. Zaman keçdikcə mərasimlər dəyişdi və artıq ağacdan çörək, alma kimi yemək məhsulları asılmağa başladı. Bununla da insan yeni ildə yemək istədiyi məhsulların sanki siyahısına eyham vururmuş.



Şimaldan gələn qoca insan həyatını bac alırmış

Qədim insanların inamında qış Saturn planeti ilə əlaqədardı. Saturnu əlində əsa olan qoca kişi kimi təsvir edərdilər. Bu əsa insan həyatı və ölümü idarə edərdi. Druidlərin misteriyalarında qəbilənin kahini Saturn paltarı geyərdi. Ona gənc bakirə qızı qurban verərdilər. Bu da indiki Qar qız obrazının qədim formasıdır. Hazırda evlərimizə gələn və bizi əyləndirən Şaxta baba və Qar qız vaxtilə insanlarda qorxu hissi yaradardı. Hindularda şimaldan gələn qoca haqqında əfsanələr hələ də yaşamaqdadır. Onu bəzən İblis də adlandırırlar. Amma belinə kisə alıb evləri gəzən qoca kişi haqqında əfsanə formasını çox dəyişib. Çünki keçmişdə bu kişi hansı evin qapısını döyərdisə onlara hədiyyə gətirməzdi, əksinə, kisəsini doldurmağı tələb edərdi. Əgər qoca qapını döyübsə deməli kimsə il boyu simiclik edib onun payını yaxşı vermyib. Ona görə də şimaldan gələn qoca insan ömrü yığardı. Mərasimlərin həqiqi mənası belədir. Yeni il ərəfəsi müxtəlif rituallara bir növ həzırlaşan biz əslində onların əsil mənası barədə düşünmürük. Hər il televizor yanğından qorunmağı tövsiyyə edir, çünki şam yandırmağı, yolkanı işıqla bəzəməyi sevən bizlər ehtiatsızlıqdan evimizi gudaza verə bilərik. Keçmişdə, məsələn keltlərdə yeni il gecəsi ocağı xüsusilə qoruyardılar. Çünki ocaq sönsəydi kimsədən od almaq mümkün olmurdu. Hamı inanırdı ki, yeni il gecəsi evdən od, ya da çaxmaq daşı vermək ölümə bərabərdir. Od verən adam gələn ilin bütün uğurunu evdən çıxarır. Biz də buna bənzər şəkildə inanırıq ki, yeni ildə borc götürsək bütün ili borc içində olacağıq.  Bayram ərəfəsində hərəkətlərimizin əksəriyyəti  avtomatik olur. Sivilizasiya nəhəng addımlarla irəliləyir və bəzən bütün qazanılmış yenilikləri analiz etməyə imkan olmur deyən onları şübhəsiz və sözsüz qəbul etməli oluruq. Çırmanıb hər mərasimin detallarını analiz etməyə başlasaq biz onun heç milyonda bir hissəsini açıqlaya bilməyəcəyik. Ona görə də yolkanın əsil mənasını, Şaxta baba və Qar qızın kimliyini, yeməklərin mənasını, yeni il mərasiminin detallarını analiz etmək və bunun milli kimliyə aid olub olmadığını dəqiqləşdirmək əvəzinə bu günü yaşamaq lazımdı. Sadə, gözəl, işıqlı, şən, təkrarsız və yaddaqalan bir gün kimi.



Yeniliyin azadlığı

Etiraf etmək lazımdı, bəzən yolka ətrafına dolaşmaq, hədiyyə vermək və hər il olduğu kimi salat yeyib şampan içmək istəmirsən. Amma istəməyə-istəməyə rituallara qoşulub hamı kimi olmağa məcbursan. Qədim insanlarda olduğu kimi bizim qorxularımız müasir həyatımızı idarə edir. Əlbəttə müasir insan soyuqdan və mağaraya soxulacaq vəhşi heyvandan qorxmur artıq. Amma o, hamı kimi kasıblıqdan hələ də qorxur. Ona görə əksəriyyəti yeni il ərəfəsində borclarından qurtularaq gələn ili asudə yaşamaq istəyir. İkinci qorxumuz tənqid qarşısında keçirdiyimiz qorxudur. Məhz ona görə süfrəmiz başqasından əskik olmamalıdı, tərtibatı, zənginliyi aşağı səviyyədə görünməməlidi. Müdirinə verdiyin hədiyyə kolleqalarınkından geri qalsa yoldaşlarınız sizi qınaya bilər, kimsə bir söz deməsə də min mənalı şəkildə gülümsəyə bilər. Nə qədər absurd olsa da müasir insan dostlarının, qonşularının, kolleqalarının qınağından qədim insanın vəhşi heyvandan qorxduğu qədər qorxur. Bu axmaq, mənasız qorxudur. Ürəyimizi eşən üçünc məqam isə tənhalıq qorxusudur. Bu qorxunun ucbatından biz bayramı qohumlarla, tanışlarla və mütləq çoxlu insanlarla keçirməyə çalışırıq. Gələn ili tək qalmaq qorxusu minlərlə insanı yeni il ərəfəsində təsadüfi tanışlıqlara, mənasız görüşlərə təhrik edir. Müasir insan onu da bilir ki, bu onun gələcək taleyinə heç gürə təsir edə bilməyəcək. Hətta tam tənhalıqda qarşılanan yeni il bir illik tənhalıq gətirməyəcək. Bu mənada müasir insan azaddır. Riçard Baxın «İllüziya» əsərində qəhrəmanlardan biri sualtı aləmin sakinləri barədə pritça danışır. Pritçada deyilir ki, iti axan çayın dibində insanlara bənzər canlılar yaşayır. İnsanlardan fərqli olaraq onlar suyun altında nəfəs ala bilirlər. Onlar ömürlərini çayın dibindəki daşlardan yapışaraq keçirir və inanır ki, daşı buraxsalar çayın  suyu onları aparıb məhv edəcək. Onlar daşlardan yapışaraq suyun axınına davam gətirərək doğulur, qidalanır, sevişir və ölürlər. Bir dəfə onlardan biri öz daşını buraxıb çayın axını ilə üzdü. Yol boyu o, hayatını daşlardan yapışıb yaşayan insanların yeni qəsəbələrini gördü. Onlar təccüblə üzən oğlana baxıb «Baxın, o, uçur! O, fövqəlinsandır!» deyirdilər. Cavabında oğlan «Yox, mən də sizin kimi adamam. Öz daşlarınızı buraxın və birlikdə uçaq!» deyirdi. Amma bunu eşidən və görən adamlardan kimsə öz daşını buraxmağa ürək eləmədi. Sizin daşınız isə qorxudur. Buraxın onu. Onda yeni iliniz yeni görmədiyiniz yeniliklər gətirər və onda Siz də uçarsınız…

MÜƏLLİF: Gülnarə RƏFİQ

воскресенье, 9 января 2011 г.

Transseksualizm

Xəstəlik, yoxsa yeni həyat?


Kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə özünü büruzə verir. Dövrümüzdə belə hallar artıq adi hadisəyə çevrilib. Düzdür, bizim ölkəmizdə buna normal baxmırlar. Bu bizim mentalitetimizə yaddır. Ölkəmizdə barmaqla sayılacaq qədər transseksual var. Onlar da cəmiyyətin qınağına tuş gəlməmək üçün evdən bayıra çıxmırlar. Amma bu o demək deyil ki, bizim ölkəmizdə bu proses dayanıb. Statistikaya görə plastik əməliyyatlar daha çox ABŞ-da həyata keçirilir. İl ərzində orta hesabla 14 milyon amerikalı plastik əməliyyat etdirir. Dövrümüzdə daha cox zərif cinsin nümayəndələrinin üstünlük verdiyi bu cür əməliyyatlardan ilk dəfə istifadə edənlər kişilər olub. Müharibə dövründə üzlərində çapıqlar olan kişilər bu üsulla qüsurlarını gizlətməyə çalışıblar. Elə bunun nəticəsində də müasir cərrahiyyənin yeni üsulları yaranıb. Müasir dövrdə də estetik əməliyyatdan istifadə edən kişiləri sayı qadınlar qədər çoxdur. Güclü cinsin nümayəndələri daha çox burun formalarını dəyişdirmək, artıq piylərdən azad olmaq, üzlərindəki qırışları aradan qaldırmaq üçün estetik əməliyyata müraciət edirlər. Amma bu heç də kişilərin qadınlardan çox əməliyyat etdirdiyi anlamına gəlmir. Gözəllik üçün qadınlar qarşı cinsdən daha çox əməliyyat stoluna uzanırlar. Kişilər daha çox plastik əməliyyatın bir qədər fərqli və nadir növündən istifadə edirlər. Bu cinsiyyət dəyişdirmədir. Mütəxəssislər bildirir ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələli olaraq həyata keçirilir. Elə insanlar da var ki, özünü həm kişi, həm də qadın  kimi hesab edir. Bu cür insanlara ikicinsiyyətli deyirlər. Onlar iki cinsdən birini seçir, ya qadın olur, ya da kişi. Bu əməliyyatla həyata keçirilir.

Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan insanlar transseksual adlanır. Bu əksinə də ola bilər, qadın olub özünü kişi kimi hiss edənlər də var. Tibb elminə görə əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmamalıdırlar, çünki artıq o olmaq istədiyi və özünü hiss etdiyi kimi olur. Belə insanlara “transseksual keçmişi olan” demək olar. İnsanlar anlamaq istəmirlər ki, bu bir növ xəstəlikdir, yəni özünü əməliyyatla qadın və ya kişi etdirən günahkar deyil. Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadı, xəstəxanalara təzyiq edildi, transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qaldılar. Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar, belə adamları elektroşokla müalicə edirdilər.
Bəs insanlar nədən bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyir? Amerikalı alim Cozef Nikolos sübut etdi ki, transseksuallıq nə azğınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi işində sübut edib ki, bu, bir xəstəlikdir və bu cür insanlar anadan doğulanda bu xəstəliklə doğulur. Xəstəlik özünü gec və ya tez büruzə verə bilər. Daha çox kişilərdə rast gəlinən cinsiyyət dəyişdirmə əməliyyatı ətraf mühit tərəfindən yaxşı qarşılanmır. Cəmiyyət səbəbini bilib-bilmədən ittiham etməyi sevir. Transseksuallara ona görə ruhi xəstə adını verirlər ki, onlar həqiqətən də bu duruma necə deyərlər “təhrik edilirlər”. Cəmiyyətin qınağına məruz qalan bu cür insanlar özlərini günahkar, narahat, tək, depressiv, çıxılmaz durumda və gərgin hiss edirlər.

Qeyd edək ki, bu cür hadisələr Türkiyədə artıq adiləşib. Türkiyənin məşhur aktyoru, “Yaprak Dökümü” serialında Oğuz obrazını canlandıran Tolqa Karel bu günlərdə cəmiyyətin diqqəti önündədir. Aktyor uzun müddətdir ki, transseksual dostları ilə gecə klublarında görünür. Bu dəfə jurnalistlərə yaxalanan Tolqa  yaxın günlərdə cinsini dəyişdirəcəyi barədə danışıb. “Mən qadın olmaq istəyirəm” deyən aktyor “cəmiyyət mənə heç nə deməyəcək” deyə bildirib. Məhşur türk sənətçisi Bülent Ərsoy da əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1982-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib. Tanınmış müğənni Zəki Müren də öncə kişi olub, amma daha sonra cinsiyyətini əməliyyatla dəyişdirərək qadın olmağı seçib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Maraqlıdır ki, bu qadağa Zəki Murenə aid edilmədi, o səhnəyə qayıtdı. Amma eyni münasibət Bülənt Ersoya göstərilmədi. Zəki Mürenlə eyni taleyi paylaşan, yəni onun kimi öncə kişi, daha sonra qadın olan Bülent Ersoy uzun müddət səhnədən uzaqlaşdırıldı.

Cinsiyyət dəyişmə əməliyyatı ölkəmizdə də həyata keçirilir. Azərbaycanda cinsin dəyişdirilməsi 15-30 min dollara başa gəlir. Eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yerli mütəxəssislər deyir ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Danılmazdır ki, estetik-plastik əməliyyatlar ölkəmizdə də bir çox xanımların həyatının ayrılmaz hissəsinə çevrilib. Elə xanımlar var ki, 2-3 ayda bir əməliyyat keçirir. Bir dəfə üzünü gərdirir, bir dəfə qaşlarını qaldırır, bir dəfə dodaqlarını şişirdir, başqa dəfəsində başqa bir yerini bıçaq altına verir. Maraqlıdır, qadınlar tez-tez keçirdikləri bu əməliyyatların sağlıq baxımından nə qədər zərərli olduğunu bilirmi? Plastik cərrah Eldar İsmayılovun sözlərinə görə də, müraciətlər daha çox qadınlar tərəfindən edilir. “Üz dərisinin gərdirilməsi, qaşların qaldırılması, dodaqların formasının dəyişdirilməsi, piylərin götürülməsi bu əməliyyatlara daxildir. Əməliyyatların ağırlığı qiymətinə təsir edir, daha ağır əməliyyat sayılan liposaksiya- yəni qarın boşluğunundan piy qatının əməliyyatla götürülməsi 1700-2000 manata başa gəlir. Süd vəzisinin və dodaqlarının formasını dəyişdirmək istəyənlər də təxminən 1500-1700 manat xərcləməlidirlər. Plastik əməliyyatlar içərisində ən ucuzu burun və qulaqların əməliyyatıdır, bu əməliyyatı keçirmək istəyənlər 500-600 manat ödəməli olurlar”. Bir az araşdırma etsə, hər bir xanım həvəslə etdirdiyi bu əməliyyatların orqanizmə vurduğu dəhşətli zərərlərdən asanlıqla xəbərdar ola bilər. Çox cərrahi müdaxiləyə məruz qalan bir çox xanımlar var ki, gözəl olmaq yerinə donuq və şeytani baxışlara sahib olur. Üz dərisini gərdirən xanımlarda mimik işarələr bir daha olmur, qısası, üz-göz hərəkəti edə bilmir. Nəticədə donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki bu ətrafdakılara heç də xoş təsir bağışlamır.

Cərrah Aida Səfiyevanın dediyinə görə, ölkəmizdə xanımlar ən çox qaş qaldırma, dodaq böyütmə kimi əməliyyatdan istifadə edirlər. Mütəxəssis deyir ki, qaş əməliyyatı zamanı qaşlar ən çoxu 3 millimetr qaldırıla bilər. “Pasiyentlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar qaşlarının ən az 5 millimetr qaldırılmasını istəyir. Üz gərdirmə əməliyyatı zamanı ən azı 10 yaş cavanlaşma müşahidə edilir, 50 yaşında bir xanım bu əməliyyatı keçirsə 40 yaşlı xanım kimi görünə bilər. Amma heç kim pis hadisədən sığortalanmayıb, əməliyyatın uğurlu keçəcəyinə heç kim zəmanət vermir. Cavanlaşmaq həvəsində olan xanım bir daha gülə, ağlaya, üzünü hərəkət etdirməyə də bilər” - mütəxəssis deyir. Gözəlləşməyə çalışan bəzi pasiyentlər öz qərarları ilə ölümlərinə qol çəkmiş olurlar. Ölüm hadisəsi daha çox liposaksiya əməliyyatı zamanı başa verə bilər. Heç kimə sirr deyil, Azərbaycanda belə hadisələr baş verir. Unudulmaz xanəndə, əməkdar artist Nəzakət Məmmədova da bu əməliyyatların qurbanı oldu. Xanım müğənni boğazında və üz nahiyəsindəki qırışların aradan qaldırılması üçün keçirdiyi əməliyyatdan sağ çıxmadı. Məhşur rus aktyorları Lyubov Polişuk, Anna Samoxina, Oleq Yankovski və Aleksandr Abdulov da gözəllik və cavanlıq üçün istifadə etdikləri vasitələrin zərərindən vəfat ediblər. Məhşur pop kralı Maykl Cekson keçirdiyi əməliyyatlar isə bütün dünyanın diqqət mərkəzində idi. Qaradərili Maykl  ən böyük arzusunu gerçəkləşdirdi- dərisinin rəngini dəyişdirdi. 500 min dollarlıq əməliyyat onun istədiyi kimi sonuçlanmadı. Ağdərili olmağı xoşbəxtlik hesab edən pop ulduz bundan sonra müxtəlif əməliyyatlar keçirdi. Popçunun keçirdiyi əməliyyatların sayı dəqiq bilinməsə də, təkcə burnundan 10 dəfə əməliyyat keçirdiyi bilinir. Sonucda dəri xərçənginə yoluxdu, burnu çürüməyə başladı. Elə plastik əməliyyatların verdiyi zərərlər də ömrünü qısaltdı.

Dünyanın estetik əməliyyat rekordu, 50 estetik əməliyyat etdirən Amerikalı Sindi Ceksona aiddir. Əməliyyatlara 100 min dollardan çox pul xərcləmiş olan Sindi, burun, üz gərdirmə, sinə əməliyyatı, çənə,  yağ aldırma, qalıcı makiyaj kimi bir çox cərrahi əməliyyat keçirib. Bu günlərdə mətbuata verdiyi bir açıqlamasında həmin xanım belə deyib: “İndiki ağlım olsaydı qətiyyən plastik əməliyyatlara girməzdim, mən özüm öz əlimlə həyatımı kabusa çevirdim”. Plastik əməliyyat riskdir, cərrah stolundan gözəl də qalxa bilərsən, heç nəyə bənzəməyən bir eybəcər kimi də. Cəmiyyətin tanınmış simaları daha çox gözəlləşmək arzusundadırlar. Elə bu istəkləri də onların başına bəladır. Ajda Pekkan Türkiyədə sənətçilər arasında ən çox plastik əməliyyat etdirən xanımdır. Keçirdiyi plastik əməliyyatların sayı 18-dir, o 3 dəfə burnunu kəsdirib, 6 dəfə dodaqlarını silikon etdirib, 4 dəfə üzünü gərdirib. Türkiyənin superstarı hər 6 aydan bir üzünü botoks etdirir. Ajda Pekkandan cəmi bir əməliyyatla geridə qalan müğənni Dəniz Akkaya 17 əməliyyatla siyahıda ikincidir. 3-cü yerdə 11 əməliyyatla Hande Ateizidir. 4-cü pillədə 9 əməliyyatla Seda Sayandır. Hande Yener 6 əməliyyat keçirib. Asena və Ebru Yaşar 5, Ebru Gündeş 3, Pətək Dinçözlə Gülbən Ergen 2 əməliyyatla siyahını davam etdirirlər. Ölkəmizdə plastik əməliyyatlar vasitəsi ilə gözəlləşməyə çalışanlar da az deyil.

İlk əməliyyatını 2000-ci ildə etdirən Nazpəri Dostəliyeva bilindiyi qədər ən azı 5 dəfə əməliyyat keçirib. 2 dəfə burnunda, 1 dəfə üzündə, 1 dəfə dodaqlarında, 1 dəfə də ayaqlarında əməliyyat edilib. Dodaqlarının, burnunun ayaqlarının və bədəninin görünüşünü dəyişdirən Brilliant xanımın keçirdiyi əməliyyatlar həmişə gizli olur. Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən sənətçi əməliyyatları ilə demək olar ki sənətçilərin önündədir. Əldə etdiyimiz məlumata görə, müğənni xanım son olaraq belini inçəltmək üçün iki qabırğasını da çıxartdırıb. Köhnə lent yazılarının yayımlanmasına qadağa qoyan xalq artisti Məleykə Əsədova da dəfələrlə əməliyyat keçirib. Burnunu, dodağını əməliyyat etdirib, üz dərisini gərdirib. Heç bir din ehtiyac olmadıqda insan orqanizminin bioloji və fiziki strukturunu dəyişməyə müsbət baxmır: “Tanrı insanı özünə bənzər olaraq qüsursuz yaradıb. Gözəllik nisbi anlayışdır, biri üçün gözəl olan mənim üçün gözəl olmaya bilər. Ümumiyyətlə, xarici gözəllik heç bir mənəvi dəyərə malik deyil”.  İlahiyyatşünas deyir ki, Tanrı hər bir insanı bənzərsiz və özünəməxsus yaradıb, bunu zorla dəyişdirmək baha başa gəlir, bu, insanın bu dünyada etdiyi günahlar sırasına yazılır: “İnsanın bütün dəyəri onun ruhudur, bədənin Tanrı önündə zərrə qədər də dəyəri yoxdur. Bədən bir növ ruhun- bizim əsl şəxsiyyətimizin paltarıdır. Bu paltarı nə qədər istəyirsən dəyişdir, “gözəlləşdir”- bu lazımsız və səmərəsiz bir işdir. Buna sərf edilən vaxta və zəhmətə insan ruhunu, biliyini təkmilləşdirsə daha yaxşı olar”.  Dinlərdə bəzi hallarda təbii nizamı pozmaq günah sayılmaya bilər- bir canlının həyatını xilas etmək və ya başqasına zərər verilməsinin qarşısını almaq hallarında, həmçinin insanı narahat edən, sağlamlığına zərər verən anadangəlmə və sonradan yaranmış qüsur və anormallıqları aradan qaldırmaq lazım gəldikdə.

понедельник, 3 января 2011 г.

Sadizm

Qurbanlar etiraz etməz, onlar yalnız zarıya bilər


Bu ilin yayında bəşəriyyətin maarifçi hissəsi Donastyen Alfons Fransua de Sadın 270 illiyini qeyd etdi. Sadizm, yəni başqasının əzabından ləzzət alma termini yazıçı de Sadın adı ilə bağlıdır. De Sad ömrünün çox hissəsini dəlixanalarda keçirib. Əlbəttə, onun qaldığı Şronton xəstəxanası bizim Məştağa psixi xəstəxana ilə müqayisədə 5 ulduzlu otel kimi görünə bilər. Amma yenə də, kişinin istədiyi kimi yaşayıb kef eləməyinə məhdudiyyət qoyublarmış. Onun yazdıqlarını oxuyanlar təsdiqləyər ki, yazıçı kimi o qədər də maraqlı deyildi. Uzun-uzadı yazır, dili mexaniki, monoton idi. Amma o, hər yazısıyla sübut etməyə çalışırdı ki, patoloji şəxsiyyət də ədəbiyyat üçün maraqlı ola bilər. Çünki dəlilər nadir hallarda yaza bilir, yazıçılıqsa özü də bir patologiyadır.  İki psixi sapmanın bir şəxsiyyətdə olması özü nadir hadisədir. Əsil yazıçı nə erotoman, nə oyun azarkeşi, nə də alkoqolik ola bilər, çünki onun yazmaq ehtirası artıq var. Sadizm özü hələ sadizm kimi adlanmamışdan əvvəl də vardı. Antik ədəbiyyatda o qədər erotik eybəcərliklər təsvir edilib ki, markizin fantaziyalarını kölgədə qoya bilər. Elə Odisseyin kənizlərinin edamı səhnəsini götürək. Ona görə də qəddarlıq səhnələrini yazan müəllifin hərəkətinin, yəni ki, əxlaq pərdəsi altında, guya ki, ifşa edirmiş kimi təsvirlərə yer ayırması əslində şəxsi ehtiraslarını söndürməsi kimi görünür. Adını çəkdiyimiz de Sad dövrün reallıqlarını ifşa edən yazar kimi keşişlərin, xalqı incidən tiranların ünvanına yazdığı satirik şeyrlərində guya ki, onları ifşa edir. Əslində isə eybəcərlikləri, istər tiranların hərəkətlərindən, istərsə də ölüm, qan və erotik səhnələri təsvir edəndə onun qələmi o qədər «itiləşir» ki, müəllifi dövrün ən istedadlı yazıçılarıyla bir sırya qoyulur. Müəllifin təsvir etdiyi murdar səhnələrdən ləzzət alması halları ədəbiyyatda çoxdur. Lev Tolstoy Kuprinin «Çala» əsərində bu anı tutmuşdu: «Mən bilirəm ki, o, guya ifşa edir. Amma bunları yazarkən özü də ləzzət alırdı. Bədii zövqü olan adamdan bunu gizləmək olmur». İfşa edərkən ləzzət almaya nümunələr sovet dövrünün mətbuatı və ədəbiyyatında saysız-hesabsızdır. Mətbuatda xaricə səfər etmiş sovet vətəndaşlarının striptiz klublarda «məcburən» keçirdiyi «dəhşətli» anlar dəqiqliyi və ifrat gözəlliyi ilə təsvir edilirdi. Striptizin nə olduğunu bilməyənlər bu yazını oxuyub striptizə nifrət etməliymiş, guya. Yəqin ki, Müşfiqi, Hüseyn Cavidi Yazıçılar Birliyinin iclasında pisləyənlər ictimai yox, şəxsi maraqlarını ödəyirdilər. Bu, bir növ əlləri bağlı insanın qarnına təpik ilişdirmək kimi bir şeydi. Yaradıcı prosesdə olur ki, yazıçı ifşa etməli  olduğu personajlara özü də bilmədən vəkillik edir və haqq qazandırır.  Amma bilərəkdən ikiüzlülük etmiş adamlara bəraət düşmür. Özünün məmnuniyyətlə məşğul olacaq, ya da artıq məşğul olduğu işi ifşa etmək sözün əsil mənasında sadizmdir. Son illər «Simpson» multfilminin reytinqi durmadan artır. Axmaq bir atanın özündən də axmaq arvadı və uşaqlarının gic hərəkətləri həm böyüklərə, həm də balacalara ləzzət verir. Çünki  mültfilm qəhrəmanları onların edə bilməyəcəyi hərəkətləri edir. Bu ən yüksək səviyyədə də belədir. Fikir verin, hətta Milli Məclisin deputatları da o hərəkətləri pisləyirlər ki, özləri həmən işi məmnuniyyətlə görərdi. Ya da ki, hamının görmək istədiyi işə qadağa qoyulur. «Ağsaqqallar» və «ağbirçəklər» bu hərəkətin millət üçün nə qədər ziyanlı olduğunu  tribunadan bəyan edirlər.



Korrupsionerin korrupsiya ilə mübarizədən danışması əsil sadizmdir. Axtarsan həmin adam rüşvətə o qədər aludə olub ki, özünü maaşla yaşayacaq bir gün də təsəvvür edə bilmir. Amma ağız dolusu danışır və onu dinləyənlərin qorxu qarışıq nifrətini, canavarın qan iyini çəkdiyi kimi ləzzətlə içinə çəkir və yəqin ki, yazıçı de Sadın bu səhnələri qələmə alarkən duyduqlarını bir daha yaşayır. Əxlaq və təmizlik barədə ictimai müzakirələrin repliklarını bu yaxınlaracan eskort-xidmət göstərən mütəxəssislərin dilindən səslənməsi də sadizmdir. O, qurbanlarının gözünün içinə baxaraq hətta şanlı keçmişindən sitatlar gətirməyə də utanmır. Çünki bilir ki, cavbında həmişə sükut olur. «Qurbanlar» etiraz etməz, onlar yalnız zarıya bilər. Yeməkdən qarnı az qala partlayan loyalçının yarıac insanlara Vətənə məhəbbətdən danışması da sadizmdir. Həmin o qanunpərəst nitqini bitirib nahara qədər qəlyanaltı etməyə gedəndə stresini də atacaq və isti kofedən qurtum vuraraq insanlara yol göstərməyindən razı qalacaq.Təmizlik barədə fikirlər pəyə adlanmağa layiq evlərdən gələndə də bu sadizmdir, mənəviyyata çağırışlar əxlaqsızlıq yuvalarından gələndə də. Bu sadizm növləri adı bəddam çıxmış yazıçının təsvir etdiyi orgiyalardan da dəhşətlidir. Soruşa bilərsiz niyə? Çünki de Sadın mürdar qəhrəmanları öz qurbanlarını sevir. Anlaşılmayan, qəribə, normal adamın qəbul edə bilməyəcəyi olsa da yenə də sevgiylə sevir. Aclara dərs deyən toxun, insanları döyüşə göndərən «vətənpərvərin», əxlaqdan dərs verən «gecə kəpənəklərinin» istədiyi və aldığı ləzzət daha dəhşətlidir.

MÜƏLLİF: Gülnarə RƏFİQ