понедельник, 3 января 2011 г.

Sadizm

Qurbanlar etiraz etməz, onlar yalnız zarıya bilər


Bu ilin yayında bəşəriyyətin maarifçi hissəsi Donastyen Alfons Fransua de Sadın 270 illiyini qeyd etdi. Sadizm, yəni başqasının əzabından ləzzət alma termini yazıçı de Sadın adı ilə bağlıdır. De Sad ömrünün çox hissəsini dəlixanalarda keçirib. Əlbəttə, onun qaldığı Şronton xəstəxanası bizim Məştağa psixi xəstəxana ilə müqayisədə 5 ulduzlu otel kimi görünə bilər. Amma yenə də, kişinin istədiyi kimi yaşayıb kef eləməyinə məhdudiyyət qoyublarmış. Onun yazdıqlarını oxuyanlar təsdiqləyər ki, yazıçı kimi o qədər də maraqlı deyildi. Uzun-uzadı yazır, dili mexaniki, monoton idi. Amma o, hər yazısıyla sübut etməyə çalışırdı ki, patoloji şəxsiyyət də ədəbiyyat üçün maraqlı ola bilər. Çünki dəlilər nadir hallarda yaza bilir, yazıçılıqsa özü də bir patologiyadır.  İki psixi sapmanın bir şəxsiyyətdə olması özü nadir hadisədir. Əsil yazıçı nə erotoman, nə oyun azarkeşi, nə də alkoqolik ola bilər, çünki onun yazmaq ehtirası artıq var. Sadizm özü hələ sadizm kimi adlanmamışdan əvvəl də vardı. Antik ədəbiyyatda o qədər erotik eybəcərliklər təsvir edilib ki, markizin fantaziyalarını kölgədə qoya bilər. Elə Odisseyin kənizlərinin edamı səhnəsini götürək. Ona görə də qəddarlıq səhnələrini yazan müəllifin hərəkətinin, yəni ki, əxlaq pərdəsi altında, guya ki, ifşa edirmiş kimi təsvirlərə yer ayırması əslində şəxsi ehtiraslarını söndürməsi kimi görünür. Adını çəkdiyimiz de Sad dövrün reallıqlarını ifşa edən yazar kimi keşişlərin, xalqı incidən tiranların ünvanına yazdığı satirik şeyrlərində guya ki, onları ifşa edir. Əslində isə eybəcərlikləri, istər tiranların hərəkətlərindən, istərsə də ölüm, qan və erotik səhnələri təsvir edəndə onun qələmi o qədər «itiləşir» ki, müəllifi dövrün ən istedadlı yazıçılarıyla bir sırya qoyulur. Müəllifin təsvir etdiyi murdar səhnələrdən ləzzət alması halları ədəbiyyatda çoxdur. Lev Tolstoy Kuprinin «Çala» əsərində bu anı tutmuşdu: «Mən bilirəm ki, o, guya ifşa edir. Amma bunları yazarkən özü də ləzzət alırdı. Bədii zövqü olan adamdan bunu gizləmək olmur». İfşa edərkən ləzzət almaya nümunələr sovet dövrünün mətbuatı və ədəbiyyatında saysız-hesabsızdır. Mətbuatda xaricə səfər etmiş sovet vətəndaşlarının striptiz klublarda «məcburən» keçirdiyi «dəhşətli» anlar dəqiqliyi və ifrat gözəlliyi ilə təsvir edilirdi. Striptizin nə olduğunu bilməyənlər bu yazını oxuyub striptizə nifrət etməliymiş, guya. Yəqin ki, Müşfiqi, Hüseyn Cavidi Yazıçılar Birliyinin iclasında pisləyənlər ictimai yox, şəxsi maraqlarını ödəyirdilər. Bu, bir növ əlləri bağlı insanın qarnına təpik ilişdirmək kimi bir şeydi. Yaradıcı prosesdə olur ki, yazıçı ifşa etməli  olduğu personajlara özü də bilmədən vəkillik edir və haqq qazandırır.  Amma bilərəkdən ikiüzlülük etmiş adamlara bəraət düşmür. Özünün məmnuniyyətlə məşğul olacaq, ya da artıq məşğul olduğu işi ifşa etmək sözün əsil mənasında sadizmdir. Son illər «Simpson» multfilminin reytinqi durmadan artır. Axmaq bir atanın özündən də axmaq arvadı və uşaqlarının gic hərəkətləri həm böyüklərə, həm də balacalara ləzzət verir. Çünki  mültfilm qəhrəmanları onların edə bilməyəcəyi hərəkətləri edir. Bu ən yüksək səviyyədə də belədir. Fikir verin, hətta Milli Məclisin deputatları da o hərəkətləri pisləyirlər ki, özləri həmən işi məmnuniyyətlə görərdi. Ya da ki, hamının görmək istədiyi işə qadağa qoyulur. «Ağsaqqallar» və «ağbirçəklər» bu hərəkətin millət üçün nə qədər ziyanlı olduğunu  tribunadan bəyan edirlər.



Korrupsionerin korrupsiya ilə mübarizədən danışması əsil sadizmdir. Axtarsan həmin adam rüşvətə o qədər aludə olub ki, özünü maaşla yaşayacaq bir gün də təsəvvür edə bilmir. Amma ağız dolusu danışır və onu dinləyənlərin qorxu qarışıq nifrətini, canavarın qan iyini çəkdiyi kimi ləzzətlə içinə çəkir və yəqin ki, yazıçı de Sadın bu səhnələri qələmə alarkən duyduqlarını bir daha yaşayır. Əxlaq və təmizlik barədə ictimai müzakirələrin repliklarını bu yaxınlaracan eskort-xidmət göstərən mütəxəssislərin dilindən səslənməsi də sadizmdir. O, qurbanlarının gözünün içinə baxaraq hətta şanlı keçmişindən sitatlar gətirməyə də utanmır. Çünki bilir ki, cavbında həmişə sükut olur. «Qurbanlar» etiraz etməz, onlar yalnız zarıya bilər. Yeməkdən qarnı az qala partlayan loyalçının yarıac insanlara Vətənə məhəbbətdən danışması da sadizmdir. Həmin o qanunpərəst nitqini bitirib nahara qədər qəlyanaltı etməyə gedəndə stresini də atacaq və isti kofedən qurtum vuraraq insanlara yol göstərməyindən razı qalacaq.Təmizlik barədə fikirlər pəyə adlanmağa layiq evlərdən gələndə də bu sadizmdir, mənəviyyata çağırışlar əxlaqsızlıq yuvalarından gələndə də. Bu sadizm növləri adı bəddam çıxmış yazıçının təsvir etdiyi orgiyalardan da dəhşətlidir. Soruşa bilərsiz niyə? Çünki de Sadın mürdar qəhrəmanları öz qurbanlarını sevir. Anlaşılmayan, qəribə, normal adamın qəbul edə bilməyəcəyi olsa da yenə də sevgiylə sevir. Aclara dərs deyən toxun, insanları döyüşə göndərən «vətənpərvərin», əxlaqdan dərs verən «gecə kəpənəklərinin» istədiyi və aldığı ləzzət daha dəhşətlidir.

MÜƏLLİF: Gülnarə RƏFİQ

Комментариев нет:

Отправить комментарий