понедельник, 17 января 2011 г.

Yeni il

Yeni ilin astanasındayıq. Yenə yolka, yenə də olivye salatı. Çin fişəngləri, yalançı qar, yeni il gecəsi barədə xatirələr, saatın 12 dəfə zərbi və ola bilər ki, şampan şərabı. Yeni il gecəsi nədənsə yenə də sevgidən oxuyan Azərbacan estrada müğənniləri, təbriklər və arzular… Bu ssenari dəyişmir. İllər uzunu, əsrlərdi kiçik əlavələrlə təkrarlanır. Yəqin insan ömrünü sayğaca qoşub ölçmək fikrindən əl çəkməyəcək.


Hər xalqın öz yeni ili

Yeni il adıyla kimisi aprelin 1-ni, kimisi oktyrbrı, kimisi də yanvarı gözləyir. Eskimoslar isə ilk qarı gözləyir. İlk qar oldusa deməli yeni il də başladı. Avstraliyada da yeni il yanvarın 1-dən başlayır. Amma bu vaxtlar orda elə isti olur ki, Şaxta baba və Qar qız hədiyyələri çimərlik kostyumunda paylamalı olur. İndoneziyanın yeni ili oktyabrda gəlir. Adamlar bəzənir və il ərzində bir-birinə etdikləri naxoş hərəkətlərə görə üzr diləyirlər. Birmada yeni il apreldə başlayır. O vaxtlar istinin lap cırhacırı olduğundan hamı bir-birini sulayır. Tindcan adlanan yeni il – su festivalı hamını sərinləşdirir. Qədim Misirdə Nil daşan kimi yeni ili qeyd edərdilər. Bu isə sentyabr ayına düşür. Misirlilərin yeni ilində Amon ilahının heykəlini arvadı və oğlu ilə birlikdə qayığa qoyub suya buraxırdılar. Qayıq Nil çayı boyu düz bir ay üzürdü. İlahlar suda «gəzişərkən» insanlar sahildə yeyib şənlənərdi. Sonra gəzintidən təzəcə qayıtmış Amonu yenidən məbədə gətirib düz bir il darıxmağa qoyardılar. Fransada 1654-cü ilədək, 9-cu Karl yeni ili yanvarın birinə salana qədər bayramı gah dekabrın 25-i, gah da martın 1-i qeyd edərdilər. Yanvarın 1-ni qeyd etmək Almaniyada 16-cı əsrdən, İngiltərədə 18-ci əsrdən bəri oturuşub. Rusiyada xristianlıq qəbul ediləndən sonra da uzun müddət qədim ənənələrə əsasən yen ili mart ayında bayram edərdilər. Qədim Babilistanda yeni il yazda başlayırdı. Bayram günlərində çar şəhəri tərk edərdi. Bundan istifadə edən xalq kef çəkər, oynayıb ağlına gələni edə bilərdi. Bir neçə gün keçmiş çar şəhərə qayıdan kimi hamı öz işinə qayıdardı. Qədim Romada da yeni ili marta salırdılar. Bu, Yuli Sezar yeni təqvim icad edənə kimi davam etdi. Tərtibçisinin şəhəfinə yulian təqvimi adlanan təqvimdə yeni il yanvarın 1-dən başlanırdı. Yanvar ayı isə ikiüzlü Yanus ilahının şərəfinə adlandırıldı. Yanusun bir üzü keçmişə, o biri üzü isə gələcəyə baxırdı. Yeni il bayramları «kalenda» adlanırdı. Həmən gün adamlar bir-birinə ikiüzlü Yaqusun şəkilləri olan pullar bağışlayardı. Həmən gün qullara öz ağalarıyla birgə bayram etmək icazəsi verilərdi. Romalılır öz imperatorlarına hədiyyələr verərdi. Əvvəllər bu, öz xoşuna edilsə də sonralar imperatorlar hədiyyə tələb etməyə başladı. Bayram bir neçə gün davam etdiyindən kimsə «vay, yadımdan çıxmışdı» deyib bu işi boynundan ata bilməzdi. Müasir Fransa və İngiltərənin bir hissəsinəd yerləşən Qaliyanın sakinləri keltlər yeni ili oktyabrda qeyd edərdi. Bayram «Samhain» adlanardı. Söz «summers end», yəni yayın sonu sözündən yaranmışdı. Yeni ildə keltlər evi bağamburc bitkisiylə bəzəyərdi ki, bəd ruhlardan xilas olsunlar. Onların inamına görə yeni il bayramında ölənlərin ruhu qalanların ocağına baş çəkir. Onlar da romalılar kimi bayrama hədiyyə gözləyərdilər. Adətən qızıl bağışlanardı. Ona görə də bir əsr keçmiş Kraliçə Elizavetanın qiymətli daşlarla bəzədilmiş və qızıl saplarla tikilmiş çox iri və çox qiymətli əlcəklər kolleksiyası əmələ gəlmişdi. 15-ci əsrədən hələ də martın 1-ni bayram edən ruslarda yanvarın 1-nə keçid 1-ci Pyortun əmrindən sonra oldu. Fərmanda xüsusilə qeyd edilmişdi ki, həmən gün içib dava salmaq, bir-birini kötəkləmək olmaz, bununçün başqa günlər var.



Köhnə ili dal qapıdan yola salarlar

Bütün dünyaya partlayıcılar, fişənglər satan Çində də səs-küysüz ötüşmür. Qədim zamanlarda çinlilər bambuk ağacını partladırdılar. Bambuku yandıranda çox bərk səs çıxarırdı, lap qumbaraya bənzər bir səs. Çində yeni il ərəfəsində söyüş söymək və deyinmək qadağan idi. Bax bu adətlərini də zərli kağıza büküb dünyaya sata bilsəydilər çinlilərin ölənlərinə rəhmət oxuyardıq. Yeni il ərəfəsində İtaliyada olsanız pəncərələrin altından keçməyin. Axı onlar yeni il gecəsi kəm-köhnəni bayıra tullayırlar, özü də mütləq pəncərədən. Onlar inanırlar ki, nə qədər köhnə atsan ondan artığını da yeni ildə ala biləcəklər. Niderland və Belçikada isə hər vilayətin yeni ildə bişiriləcək öz peçenyesi, ya da vafli növü var. Niderlandda bayram günü «slem» adlanan xüsusi içki içərlər. Onu isti süd, çay, şəkər, darçın, limon qabğı, zərəfan, mixək və cövüzdən hazırlayırlar. Britaniya adalarının ənənəvi yeni il içkisi punşdur. Hindistanın panç, (yəni beş) sözündən əmələ gəlib və 5 komponentdən ibarətdi. Onlardan ikisi spirtli, 3-ü isə spirtsiz içki olaraq gümüş qazanda bişirilir. Onlar da inanır ki, yeni ilin ilk günü doyunca, ya da partlayanacan yesələr il boyu yeməkdən korluq çəkməzlər. Evə gələni yeməklərdən dadmamış buraxmırdılar. Uels bölgəsində içində deşik olan peçenyelər bişirilir. Amma onları sındırmamağa çalışırlar, yoxsa bu pis əlamət sayılır. Britaniya adalarında yeni ili içəri buraxmağın maraqlı qaydası var. Gecə 12 tamamında onlar arxa qapını açır ki, köhnə il ordan getsin və ön qapını taybatay açırlar ki, təzə il içəri maneəsiz daxil olsun. Şotlandiyada köhnə ili yandırıb yola salırlar. Onlar qətran dolu boçkanı yandırıb küçəyə buraxır və köhnə ili beləcə qovalayırlar. Onlar inanır ki, 12-dən sonra içəri qarasaçlı kişi girsə il uğurlu olar. Bu qarasaç kişi ağsaçlı Şaxta baba kimi hədiyyə paylamalıdır. Şotlandiyada da köhnə ili qapıdan yola salırlar. Ev sahibi durub qapını açır və saat 12 dəfə vuranadək onu bağlamır ki, il çıxıb gedə bilsin.



Ağacdan bağırsaqlar asılan zamanlar

Demək olar ki, bütün xalqlar inanır ki, yeni il gecəsi nəsə bir sehr baş verməlidi. İtaliyada su ilə bağlı əfsanələr danışırlar. Guya yerli çay, ya da bulaqlardan biri yeni il gecəsi bir anlıq donub qızıla çevrilir. İtalyanlar deyəsən bizim kimi pulgirdirlər, çünki bayramda qeyd etdikləri rituallar pulla bağlıdır. Onlar yeni il bayramında çoxlu kişmiş yeyirlər. Qızılı rəngdə olan kişmişləri yedikcə onları qızıl pula bənzədirlər və inanırlar ki, yeni ildə yedikləri qədər də qızıl pul qazanacaqlar. Süfrəyə qoyduqları mərci şorbası, qoz, yumurta da ona görə seçilir ki, zahirən dəmir pulu xatırladır. Üzüm tənəyini müqəddəs sayan ölkələrdə, məsələn İspaniyada yeni il gecəsi saatın zərbi vurduqca bir dənə üzüm dənəsi, ya da kişmiş yemək qəbuldur. Kişmişi yedikcə arzu tutmaq lazımdı. Cəmilikdə 12 zərbə 12 kişmiş və hər aya uyğun olaraq bir arzu alınır. Bolqariyada yeni ilə qalmış son dəqiqələri qaranlıqda keçirirlər. Onlar bunu öpüş dəqiqələri adlandırır. Həmin dəqiqələrin sirrini qaranlıq özündə gizləyir.  Küknar ağacı qədim keltlərdə müqəddəs sayılırdı və onun maqik xüsusiyyətləri olduğunu düşünürdülər. Küknarın həmiş yaşıl olması belə fikir yaradırdı ki, guya o, heç bir dağıntıya məruz qalmır və əbədi ağacdır. Ona görə də bu ağacda yaşayan ruhla münasibət qurmağa çalışırdılar. Qədimdə insanlar yalnız qurban verməkdə münasibət bildirirdilər. Əvvəllər insan qurbanı verər, sonra heyvan qurbanı verməyə başladılar. Qurban verilmiş heyvanın içalatı budaqlardan asılar, ağac özü qana batırılardı. Bu da bir növ indi yolkadan asdığımış oyuncaqların qədim forması idi. Ağacdan asılmış bağırsaqlar zərli hörüyü xatırladır. Zaman keçdikcə mərasimlər dəyişdi və artıq ağacdan çörək, alma kimi yemək məhsulları asılmağa başladı. Bununla da insan yeni ildə yemək istədiyi məhsulların sanki siyahısına eyham vururmuş.



Şimaldan gələn qoca insan həyatını bac alırmış

Qədim insanların inamında qış Saturn planeti ilə əlaqədardı. Saturnu əlində əsa olan qoca kişi kimi təsvir edərdilər. Bu əsa insan həyatı və ölümü idarə edərdi. Druidlərin misteriyalarında qəbilənin kahini Saturn paltarı geyərdi. Ona gənc bakirə qızı qurban verərdilər. Bu da indiki Qar qız obrazının qədim formasıdır. Hazırda evlərimizə gələn və bizi əyləndirən Şaxta baba və Qar qız vaxtilə insanlarda qorxu hissi yaradardı. Hindularda şimaldan gələn qoca haqqında əfsanələr hələ də yaşamaqdadır. Onu bəzən İblis də adlandırırlar. Amma belinə kisə alıb evləri gəzən qoca kişi haqqında əfsanə formasını çox dəyişib. Çünki keçmişdə bu kişi hansı evin qapısını döyərdisə onlara hədiyyə gətirməzdi, əksinə, kisəsini doldurmağı tələb edərdi. Əgər qoca qapını döyübsə deməli kimsə il boyu simiclik edib onun payını yaxşı vermyib. Ona görə də şimaldan gələn qoca insan ömrü yığardı. Mərasimlərin həqiqi mənası belədir. Yeni il ərəfəsi müxtəlif rituallara bir növ həzırlaşan biz əslində onların əsil mənası barədə düşünmürük. Hər il televizor yanğından qorunmağı tövsiyyə edir, çünki şam yandırmağı, yolkanı işıqla bəzəməyi sevən bizlər ehtiatsızlıqdan evimizi gudaza verə bilərik. Keçmişdə, məsələn keltlərdə yeni il gecəsi ocağı xüsusilə qoruyardılar. Çünki ocaq sönsəydi kimsədən od almaq mümkün olmurdu. Hamı inanırdı ki, yeni il gecəsi evdən od, ya da çaxmaq daşı vermək ölümə bərabərdir. Od verən adam gələn ilin bütün uğurunu evdən çıxarır. Biz də buna bənzər şəkildə inanırıq ki, yeni ildə borc götürsək bütün ili borc içində olacağıq.  Bayram ərəfəsində hərəkətlərimizin əksəriyyəti  avtomatik olur. Sivilizasiya nəhəng addımlarla irəliləyir və bəzən bütün qazanılmış yenilikləri analiz etməyə imkan olmur deyən onları şübhəsiz və sözsüz qəbul etməli oluruq. Çırmanıb hər mərasimin detallarını analiz etməyə başlasaq biz onun heç milyonda bir hissəsini açıqlaya bilməyəcəyik. Ona görə də yolkanın əsil mənasını, Şaxta baba və Qar qızın kimliyini, yeməklərin mənasını, yeni il mərasiminin detallarını analiz etmək və bunun milli kimliyə aid olub olmadığını dəqiqləşdirmək əvəzinə bu günü yaşamaq lazımdı. Sadə, gözəl, işıqlı, şən, təkrarsız və yaddaqalan bir gün kimi.



Yeniliyin azadlığı

Etiraf etmək lazımdı, bəzən yolka ətrafına dolaşmaq, hədiyyə vermək və hər il olduğu kimi salat yeyib şampan içmək istəmirsən. Amma istəməyə-istəməyə rituallara qoşulub hamı kimi olmağa məcbursan. Qədim insanlarda olduğu kimi bizim qorxularımız müasir həyatımızı idarə edir. Əlbəttə müasir insan soyuqdan və mağaraya soxulacaq vəhşi heyvandan qorxmur artıq. Amma o, hamı kimi kasıblıqdan hələ də qorxur. Ona görə əksəriyyəti yeni il ərəfəsində borclarından qurtularaq gələn ili asudə yaşamaq istəyir. İkinci qorxumuz tənqid qarşısında keçirdiyimiz qorxudur. Məhz ona görə süfrəmiz başqasından əskik olmamalıdı, tərtibatı, zənginliyi aşağı səviyyədə görünməməlidi. Müdirinə verdiyin hədiyyə kolleqalarınkından geri qalsa yoldaşlarınız sizi qınaya bilər, kimsə bir söz deməsə də min mənalı şəkildə gülümsəyə bilər. Nə qədər absurd olsa da müasir insan dostlarının, qonşularının, kolleqalarının qınağından qədim insanın vəhşi heyvandan qorxduğu qədər qorxur. Bu axmaq, mənasız qorxudur. Ürəyimizi eşən üçünc məqam isə tənhalıq qorxusudur. Bu qorxunun ucbatından biz bayramı qohumlarla, tanışlarla və mütləq çoxlu insanlarla keçirməyə çalışırıq. Gələn ili tək qalmaq qorxusu minlərlə insanı yeni il ərəfəsində təsadüfi tanışlıqlara, mənasız görüşlərə təhrik edir. Müasir insan onu da bilir ki, bu onun gələcək taleyinə heç gürə təsir edə bilməyəcək. Hətta tam tənhalıqda qarşılanan yeni il bir illik tənhalıq gətirməyəcək. Bu mənada müasir insan azaddır. Riçard Baxın «İllüziya» əsərində qəhrəmanlardan biri sualtı aləmin sakinləri barədə pritça danışır. Pritçada deyilir ki, iti axan çayın dibində insanlara bənzər canlılar yaşayır. İnsanlardan fərqli olaraq onlar suyun altında nəfəs ala bilirlər. Onlar ömürlərini çayın dibindəki daşlardan yapışaraq keçirir və inanır ki, daşı buraxsalar çayın  suyu onları aparıb məhv edəcək. Onlar daşlardan yapışaraq suyun axınına davam gətirərək doğulur, qidalanır, sevişir və ölürlər. Bir dəfə onlardan biri öz daşını buraxıb çayın axını ilə üzdü. Yol boyu o, hayatını daşlardan yapışıb yaşayan insanların yeni qəsəbələrini gördü. Onlar təccüblə üzən oğlana baxıb «Baxın, o, uçur! O, fövqəlinsandır!» deyirdilər. Cavabında oğlan «Yox, mən də sizin kimi adamam. Öz daşlarınızı buraxın və birlikdə uçaq!» deyirdi. Amma bunu eşidən və görən adamlardan kimsə öz daşını buraxmağa ürək eləmədi. Sizin daşınız isə qorxudur. Buraxın onu. Onda yeni iliniz yeni görmədiyiniz yeniliklər gətirər və onda Siz də uçarsınız…

MÜƏLLİF: Gülnarə RƏFİQ

Комментариев нет:

Отправить комментарий