пятница, 14 мая 2010 г.

Deputatlar

Parlament seçkiləri bizə, biz parlament seçkilərinə yaxınlaşdıqca aktiv deputatlar daha aktiv görünməyə çalışırlar. Çünki hər bir oliqarx, güc sahibi nəzarətində olan deputatlara efirdə görünməyi, qəzetlərə müsahibə verməyi tövsiyə etmişdir. Bu da, deyilənlərə görə, aktiv deputatların növbəti dəfə deputat seçilməyinə münbit şərait yaratmalı, adlarının deputat siyahısına düşmələrini asanlaşdırmalıdır.

Passiv deputatların belə bir qayğısı yoxdur. Onların vəzifəsi susmaqdır. Məsələn, Hacı Madər adında bir deputat var. Adam əsl Şərq müdriki kimi susmaqla hər şeyi ifadə edir. Onun susması orta əsr sufilərinin susaraq danışmalarına bənzəyir. Passiv adlandırdığımız bu cür deputatların susması danışmaqlarından daha vacibdir. Belə bir şayiə gəzir ki, Hacı Madər müəllim bir cümləni ağ vərəqdən çox çətinliklə oxuyur. Biz bu yazımızda passiv deputatlara o qədər də enerji sərf etməyəcəyik. Onlara çatmaq çətin məsələdir. Bu adamlara toxunmaq üçün bir çox sirli kodları əxz etməlisən. Heç olmasa, adam beş-altı il AzTV-də montyor və yaxud sürücü işləməlidir. Passiv, yəni susaraq "hər şeyi ifadə edən" deputatlar bizim üçün əlçatmaz varlıqlardır. Onlar sanki kosmik fəzada, mifik bir canlı kimi öz mövcudiyyətlərini hərdən bir nümayiş etdirirlər. Məsələn, Miri Qəmbərov deyilən bir deputat var. İnanın, bu adam Uçan Naməlum obyektlərdən daha sirli, daha müəmmalıdır. Hətta yadplanetlilər bizə daha yaxın, daha doğmadır, nəinki Miri Qəmbərov və ona oxşayan deputatlar.

Fikrimi izah edim. Hərdən televizorda göstərirlər ki, filan rayonun sakinləri dünən gecə göydə "uçan boşqab" görüblər. Yaxud biri müsahibə verib deyir ki, o, həftədə bir dəfə, olsun hər ilin axırı yadplanetlilərlə görüşür. Nə bilim, yadplanetlilər onu öz planetlərinə aparmaq istəyirlər, amma getmir. Hacı Madər təxminən iyirmi ildir deputatdır. Amma parlamentdə onun səsini eşidən yoxdur. Hərdən adam düşünür ki, bəlkə parlamentdə oturan Hacı Madər deyil, onun bənzəridir. Bu mənada yadplanetlilər susan deputatlarla müqayisədə bizə hər mənada yaxın və doğmadırlar. Bu müqəddəs varlıqları görmək xoşbəxtliyi, onlarla təmasda olmaq səadəti yalnız AzTV-nin əməkdaşlarına tanınıb. Özü də hamısına yox. AzTV özü ayrıca araşdırma mövzusudur. Kahin yuvasıdır. AzTV-də bir il montyor işləyən adam istənilən Tibet müdrikini Sabirabada susuz aparıb, susuz gətirər. Yüzilliklər keçəcək və biz heç vaxt AzTV-ni başa düşməyəcəyik ki, bu kanal heç vaxt yalan söz deməyib. Və doğrusu, məni bir məsələ çox ağrıdır. Guya AzTV-yə ironiya edən adamlar bu kanaldan nə qədər aşağı səviyyədə olduqlarını dərk etmirlər. Çox güman ki, heç dərk etməyəcəklər də. Bunu ölkədə beş-altı adam başa düşür. O adamlardan biri də rejissor Vaqif Mustafayevdir. AzTV tarix, tarixi şəxsiyyət, ədəbiyyat, lirika, romantika, poeziya tanımır. AzTV əbədidir. AzTV dolayır, ələ salır, gülür, sındırır, məhv edir. AzTV prezidentlər yola salır. Bəziləri elə başa düşür ki, AzTV onların təbliğat vasitəsidir. Əslində isə, AzTV onları ələ salır. Bu mənada mifik, sanki kosmosda yaşayan, həm də adları məşhur şəxslərə toxunmaq, onlarla təmasda olmaq şansı AzTV-də çalışanlara tanınıb. Biz bu haqda eşidə bilərik. Necə ki, qədim svilzasiyalar haqda söhbətləri eşidirik.

MÜƏLLİF: Seymur BAYCAN

Комментариев нет:

Отправить комментарий