воскресенье, 9 мая 2010 г.

Facebook - enerji qəbiristanlığı

Emin Millinin Facebook-da üç min dostu vardı. Emin virtual dünyada aktiv fəaliyyət aparmaqla böyük bir şəbəkə yaratmaq istəyirdi. Eminin həbsi onun necə lüzumsuz bir işlə məşğul olduğunu ortaya çıxardı.

Eminin məhkəməsi zamanı binanın qarşısına cəbhəçi və müsavatçı gənclər, gənc yazarlar, qısası, bir-birilərini tanıyan adamlar yığışırdı. Virtual dünyanın adamları Azərbaycan reallığında "əridilər". Emin Millinin Facebook-da üç min dostu vardı. Emin virtual dünyada aktiv fəaliyyət aparmaqla böyük bir şəbəkə yaratmaq istəyirdi. Eminin həbsi onun necə lüzumsuz bir işlə məşğul olduğunu ortaya çıxardı. Eminin məhkəməsi zamanı binanın qarşısına cəbhəçi və müsavatçı gənclər, gənc yazarlar, qısası, bir-birilərini tanıyan adamlar yığışırdı. Virtual dünyanın adamları Azərbaycan reallığında "əridilər". Emin adamları maarifləndirməklə dəyişikliyin baş verə biləcəyinə inanırdı. Bu mövzuda bir dəfə onunla söhbət etmişdim. Və Eminin hərəkətlərindən, söhbətlərindən müxalifət partiyalarında fəaliyyət göstərən gənclərə bir az yuxarıdan baxdığını sezmişdim. Zaman isə başqa mənzərəni üzə çıxardı. Məhkəmənin binası qarşısına cəbhəçi və müsavatçı gənclərin yığışdığını hər kəs görübdür. Eminin çoxsaylı dostları isə (bir neçə nəfər istisna olmaqla) yoxa çıxdılar.
Virtual dünyada şəbəkə yaratmaq, təşkilatlanmaq, adamları virtual dünyadan həqiqi fəaliyyətə transfer etmək ideyası iflasa uğradı. Başqa bir misal: Mirzə Sakit şeirlərindən ibarət diskini həbs olunan gənclərə - Emin Milli və Adnan Hacızadəyə həsr etmişdi. İthaf etmişdi yaza bilmədim. Tədbirin Norveç İnsan Haqları evində keçirilməsi planlaşdırılmışdı. Facebook-da ciddi təbliğat işi aparılmışdı. Təxminən iki yüz əlli adam tədbirdə iştirak edəcəklərini qeyd etmişdilər. Nəticə isə mənim gözlədiyim kimi oldu. Tədbirə gül bayramında, piketlərdə, hər tədbirdə gördüyüm adamlar gəlmişdilər. Danışdıq, şeir dinlədik, asıb-kəsib dağlışdıq. Dəvəti qəbul edib tədbirə gələcəyini bəyan edənlər virtual dünyada qaldılar. Biz onları görmədik.
Daha bir misal: Azad Yazarlar Ocağı marafon keçirdi. Facebook-da nə qədər güclü təbliğat işi aparılsa da, marafonda şəxsən tanıdığımız adamlar iştirak etdilər. Belə tədbirlər çox olub. Və yenə də olacaq. Bu gün müxalifət liderləri facebook-da geniş yazışmalar aparmaqla tərəfdarlar qazanacaqlarını düşünürlər. Məncə, bir az çətin işdir. Əvvəla, bizim adamlar məsafə saxlamağı bacarmırlar. Peşmansan bir adamla tanış olub bir stəkan çay içəsən. İkinci görüşdə başlayır sənə dərs keçməyə. Cəmisi bir saata başa salmaq istəyirlər ki, sən heç kimsən, mən səndən də yaxşı yazaram, sadəcə, yazmağa həvəsim yoxdur. Görüşürsən, dərs alırsan, görüşmürsən, sənə yekəxana deyirlər. Ola bilsin, virtual dünyada kimsə özünü daha rahat hiss edir. Ola bilsin, tərəfdar tapacağına əmindir. Ola bilsin, virtual dünyanın adamları nə vaxtsa meydana çıxacaqlar. Ola bilsin... Şəxsən tanıdığım, inandığım əlli gənc facebook-da düz iki gün düşük bir müğənni ilə məzələndilər. Onu ifrat dərəcədə mədh etdilər, sənətini yüksək qiymətləndirdilər, gözəlliyini vəsf etdilər. Elə bilirdilər stres atırlar. Elə bilirdilər müğənnini dolayırlar. Amma əgər əlli prespektivli gənc virtual dünyada iki gün bir müğənnini doladıqlarını düşünürlərsə, vəziyyət tərsinədir. Müğənni əlli gənclə məzələnib. Həmin əlli adamın arasında xətrini çox istədiyim, böyük enerji və istedad sahibi Orxan Eyp də vardı. Orxan ölkədə ən mütaliəli adamlardan biridir. Onun oxuduqları ilə yaşı tərs mütənasibdir. Yəni bu yaşda o qədər oxumaq, sadəcə, texniki cəhətdən mümkün deyil. Orxan isə oxuyub. Özü də ciddi oxuyub. Belə bir adam iki gün virtual dünyada qəfildən peyda olmuş bir müğənniyə enerji sərf edir. Halbuki məqalə yaza bilərdi. Bəzi əsərlər var, biz yazılar yazmaqla həmin əsərləri insanlara təqdim etməliyik. Orxan bu işi çox gözəl bacarar. O isə facebook-da müğənni ilə yazışmaqdadır. Əlbəttə, facebook getdikcə daha da kütləviləşəcək. Ağlımıza gəlməyən adamlar orada peyda olacaq. Mən bir yazıyla heç nə edə bilmərəm. Virtual dünya ilə də heç bir düşmənçiliyim yoxdur. Sadəcə, bir məsələyə toxunmaq istərdim.
Oxumaq vərdişi
Hər zaman oxumaq lazımdır. Hər zaman. Beşikdən qəbirə qədər. Bir çox yazıçılar gənclik illərində lazımsız kitablar, artıq mətnlər oxuduqlarından şikayət ediblər. Sonra zövq formalaşır. Ətrafdakı adamların məsləhətləri, tövsiyyələri də öz rolunu oynayır. Somerset Moyem məsələyə bir az fərqli yanaşır. Öz memuarında Moyem yazır: "Mən əlimə keçəni oxuyurdum. Çoxlu lazımsız əsərlər oxumuşam. Amma mən lazımsız hesab etdiyim əsərlərlə oxumaq vərdişimi xəstəlik həddinə çatdırdım".
18-35 yaş arası ən ciddi mütaliə dövrüdür. Sonra əsərləri özün seçirsən. Sonra hərə özünün oxumalı olduğu 50-100 əsərin siyahısını tərtib edir. 18-35 yaş lazımlı, lazımsız əsərlər oxumaq dövrüdür. Belə bir dövrdə iddialı gənclər facebook-da saatlarla qurdalanır, saatlarla bir-birilərinə nəsə başa salmağa çalışır, bir sözlə, virtual dünyada avaralanırlar. Mən adi gənclərdən danışmıram. O gənclərdən danışıram ki, iddiaları var, karyera qazanmaq istəyirlər. Ən enerjili vaxtlarını mənasız yazışmalara xərcləyirlər. Bəs, bu iddialı gənclər nə vaxt mütaliə edəcəklər? Hansı bazayla gələcəyə addımlayırlar? Qorxuram, ağsaqqal kimi görünəm, başqa suallar da verə bilərdim. Görəsən, Azərbaycanda neçə (iyirmi yeddi yaşa qədər) gənc Şoloxovun "Sakit Don" əsərini oxuyub?
Faydalı tanışlıqlar
Azərbaycan balaca bir yerdir. Bu ölkədə kimləsə tanış olmaq asan məsələdir. Mən şou-biznes əhlini nəzərdə tutmuram. Konkret yazı-pozu adamlarından söhbət gedir. Əgər jurnalistika fakültəsində oxuyan bir tələbə heç olmasa beş yazarın yazılarını oxumursa, davamlı mütaliə etmirsə, heç olmasa on qəzet adı bilmirsə, apar qaytar. Belə adamları virtual dünyada tapıb onlara enerji xərcləmək mənasızdır. Kim bizimlədirsə, bizimlədir. Oxuyan, cəsarəti olan, bizi həqiqətə daha yaxın görən özü gəlib bizi tapacaq. Bizim işimiz yazmaqdır. Lazım olan adamlar oxuyacaqlar. Biz onlarla qarşılaşacağıq. Dediyim kimi, Azərbaycan balaca ölkədir. Məsələn, mən çayxanalarda xeyli faydalı, gərəkli adamlarla tanış olmuşam. Min virtual dünya olsun, canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Bu baxımdan çayxana facebook-dan yüz dəfə faydalı məkandır. Ənənə var. Heç kim gizlənməyib. Hər bir kəslə əlaqə saxlamaq olar. İki tanışlıqdan yazmaq istəyirəm. Mən Hacı Zaminə oxucu kimi məktub yazmışam. Özü də konvertlə. O vaxt nə Zaminin elektron ünvanı vardı, nə də mənim. Məktub yazıb öz heyranlığımı bildirmişdim. Sonra Xəqani 33-də, "Azadlıq" qəzetinin redaksiyasında görüşdük. Aramızda böyük yaş fərqi olmasa da, Zamin mənim zövqümün formalaşmasında ciddi rol oynayıb. O vaxtlar Zamin idman stilində geyinən yeganə jurnalist idi. O, hamıdan fərqlənirdi. Zamin o vaxtlar "28 May" tərəfdə balaca bir evdə öz sakit, subay, bir az da ədalı həyatını yaşayırdı. Üçüncü görüşümüzdə Zamin mənə qonaqlıq verdi. Sonra əsgərliyə getdim. Zamin düz iki dəfə hərbi hissəyə təşrif buyurub, məni ziyarət etdi. Baxmayaraq ki, beş-altı dəfə Zamin məni ziyarət etməyini başıma qaxıb. Bir-iki dəfə sözümüz çəp gəlsə də, Zamin mənə xeyli müsbət təsir göstərmiş adamdır. Çünki mən onunla canlı ünsiyyətdə olmuşdum. Görüşürdük, danışırdıq, oxuduğumuz kitabları müzakirə edirdik. Zamini "Azadlıq" qəzetinin redaksiyasında görməyəndə çox pis olurdum. Çox sevdiyim, dəyərli dost, istedadlı yazar Natiq Güləhmədoğlu ilə də məktub vasitəsi ilə tanış olmuşam. Mən "Gündəlik Azərbaycan" qəzetində çalışırdım. Natiq oxucu kimi mənə məktub yazmışdı. Natiq o vaxt kənddə yaşayırdı. Məni kəndə dəvət etdi. Getdim kəndə. Yaxından tanış olduq və söhbət etdik. Bir neçə gün kənddə qalıb xeyli toyuq-cücələrini yeyərək möhkəm dostluğun təməlini qoydum. Natiq iki il ərzində böyük sıçrayış etdi. İndi o, Azərbaycanda oxunan yazarlardan biridir. Gözəl reportajlar yazır. Daima axtarışdadır. Hər zaman qəribə mövzular taparaq oxucuları təəccübləndirir. Gərgin iş rejiminə baxmayaraq, Natiq daima sistemli mütaliə edir. Oxuduğu kitabları yazılarında tirajlayaraq əsərlərdən bəzi məqamlarla günümüzdə baş verən hadisələr arasında paralellər apara bilir. Mən Natiq haqqında xeyli xoş sözlər yaza bilərəm, amma heyf ki, saat 22:00-da qatarla gözəlim Tiflis şəhərinə tərəf irəliləyəcəm. Yır-yığış etməliyəm.
Yeri gəlməmişkən, Zamin və Natiq Murovda xidmət ediblər. Qısası, dostlar, çalışın adamların əl hərəkətlərini, gözünü, ağzını, çay içməyini görə biləsiniz. Facebook-da dəyərli vaxtınızı az xərcləyin. İndi oxumasanız, sonra oxumaq çətin olacaq. Boz, yarımçıq görünəcəksiz. İndi tanımasanız, sonra tanımaq çətin olacaq. Cənnət də, cəhənnəm də yaşadığımız dünyadadır.

MÜƏLLİF: Seymur BAYCAN

Комментариев нет:

Отправить комментарий