суббота, 29 мая 2010 г.

Zorlama və axtalanma

Əslində köşəyə başqa bir mövzu seçəcəkdim, amma neçə gündür Qüdrət Həsənquliyevin məlum təklifi beynimin hansısa neyronuna ilişib qalmışdı. Jan Gevrin “Xacə şah” romanını oxuyanlar Ağa Məhəmməd Şah Qacarın hansı müsibətlə üzləşdiyini bilirlər. Jan Gevrin anlatdığına görə Kərim Xan Zəndin qardaşı Zəki xanın qızı ilə nigahdankənar əlaqədə olduğun görə Qacar xan tərəfindən xədim edilməklə cəzalandırılır.

Ən maraqlısı isə odur ki, sonradan hökmranlığa gələn Ağa Məhəmməd Şah bu acısının qisasını bütün Zəndilərin kişilərini məhv etməklə az da olsa, soyudur. Son dönəmlər Azərbaycanda artan təcavüz hadisələrinin, xüsusilə ailəiçi zorlamaların millət vəkilini düşündürməsi normal hadisədir, anormal olan isə belə bir təklifin icrası insan haqları və etik dəyərlər çərçivəsinə nə qədər uyğun olmasıdır. İnternetdən əldə etdiyimiz məlumatlara görə, 1994-cü ilin iyul ayında Nyu Cersi əyalətində yaşayan 7 yaşlı Meqan Kanka adlı qız qonşusu Jesse Timmendequas tərəfindən təcavüzə məruz qalır. Təcavüzcü oyuncaq ayı verəcəyi vədi ilə uşağı oğurlayaraq zorlamış, sonra isə öldürərək cəsədini parka tullamışdı. Məhkəmə zamanı məlum olur ki, təcavüzcü eyni suçdan iki dəfə məhkum olmuş, eyni zamanda yaşadığı evində həmin suçlarla tutulmuş iki nəfərlə birlikdə yaşayır. Rəsmən bəlli olan, lakin aidiyyatlı qurumlar tərəfindən qonşulara xəbərdarlıq edilməyən bu fakta qarşı etiraz edən Meqanın anası Maureen Kanka 430.000 imza toplayaraq qızının timsalında bu vəhşiliyə məruz qalanların hüquqları uğrunda mübarizəyə başlayır. Nəhayət, 1994-cü il 31 oktyabrda Nyu Cersi Məhkəməsi Meqan qanunlarını tərtib edir. Meqan qanunlarının mahiyyəti ondan ibarətdir ki, təcavüz suçu işləyənlərin suçu onların tərcümeyi-halına qeyd olunacaq və bu suçun səviyyəsinə uyğun olaraq əhali məlumatlandırılacaq, gələcəkdə təcavüzçü ilə təcavüzə məruz qalan arasında hər hansı bir rastlantının qarşısı alınacaqdır. Hazırda ABŞ-ın 51 əyalətində bu qanun qüvvədədir. İndi isə keçək millət vəkilinin təklifinə.

Qüdrət bəy deyir ki, bu suçu törədənlər gələcəkdə bu cinayəti yenidən törətmələrinin qarşısının alınması üçün cərrahi yolla axtalanmalıdırlar. Əldə etdiyimiz məlumatlara görə Avropada bu üsuldan cəza kimi istifadə edən yeganə dövlət Çexiyadır. Niderland, Kanada, İsveç, Danimarka və Polşada isə könüllülük formasında bu əməliyyat həyata keçirilir. Mahiyyəti isə ondan ibarətdir ki, dərmanlar və iynələr vasitəsilə kişilik hormonunun inkişafı dayandırılır. Məhz bu proses hüquqi mübahisələrə səbəb olur. Əgər bir sıra qadın təşkilatları bu axtalanmanın qəti tərəfdarıdırsa, bir sıra hüquqşünaslar isə bu cəzanın insan haqlarına zidd olduğunda israrlıdırlar. Çox qəribədir ki, İslam dinində müxtəlif fiziki cəzalar tarixən olsa da, axtalama şəriət baxımından caiz deyildir. Hətta Osmanlı sultanlarının hərəmxanalarında xidmət edən xacələr də Afrikadan əsir tutulan zənci xacələr olublar.

Biz də insan haqları çərçivəsindən çıxış edərək belə bir təklifin doğru olmadığı, üstəlik qəbul olunduğu təqdirdə də əsaslı təsiri olmayacağı qənaətindəyik. Bizə görə, bir suçlunun bu cür cəzalandırılması, onun əlinin, ayağının kəsilməsi kimi bir şeydir. Üstəlik, tarixən şəriət dövlətlərində təcavüzə və zinaya görə bundan da dəhşətli cəzalar verilməsinə baxmayaraq bunlar çözüm yolu olmamışdır. Daha yaxşı olar ki, Meqan qanunlarında nəzərdə tutulmuş cəmiyyətin maarifləndirilməsi və bu cür cinayət törədənlərin kimliyinin açıqlanması proseduru həyata keçirilsin. Çünki aparılan araşdırmalara görə, təcavüzçülərin 80 faizi “qurban”ların tanıdıqları insanlardır, uzun müddət onlar “qurbanlar”nı izləməkdədirlər. Üstəlik təcavüzçülərin əsas məqsədi cinsəl həzz almaq deyil (çünki təcavüzçülər çox vaxt evli olurlar) daxillərində olan psixoloji pozğunluqları həyata keçirməkdir. Ona görə də millət vəkilindən xahiş edirik ki, insanlara Hammurapi və “gözə-göz, dişə-diş” yəhudi qanunlarını deyil, bu cinayətlərin azaldılmasında xidməti olan Meqan qanunlarının müəyyən bəndlərindən istifadə edərək preventiv tədbirlər planını hazırlasın. Çünki Avropada axtalamanı qanuniləşdirən yeganə dövlət Çexiya bu addımına görə qınaq obyektidir.

MÜƏLLİF: Dilqəm ƏHMƏD

Комментариев нет:

Отправить комментарий