суббота, 29 мая 2010 г.

Zorlama və axtalanma

Əslində köşəyə başqa bir mövzu seçəcəkdim, amma neçə gündür Qüdrət Həsənquliyevin məlum təklifi beynimin hansısa neyronuna ilişib qalmışdı. Jan Gevrin “Xacə şah” romanını oxuyanlar Ağa Məhəmməd Şah Qacarın hansı müsibətlə üzləşdiyini bilirlər. Jan Gevrin anlatdığına görə Kərim Xan Zəndin qardaşı Zəki xanın qızı ilə nigahdankənar əlaqədə olduğun görə Qacar xan tərəfindən xədim edilməklə cəzalandırılır.

Ən maraqlısı isə odur ki, sonradan hökmranlığa gələn Ağa Məhəmməd Şah bu acısının qisasını bütün Zəndilərin kişilərini məhv etməklə az da olsa, soyudur. Son dönəmlər Azərbaycanda artan təcavüz hadisələrinin, xüsusilə ailəiçi zorlamaların millət vəkilini düşündürməsi normal hadisədir, anormal olan isə belə bir təklifin icrası insan haqları və etik dəyərlər çərçivəsinə nə qədər uyğun olmasıdır. İnternetdən əldə etdiyimiz məlumatlara görə, 1994-cü ilin iyul ayında Nyu Cersi əyalətində yaşayan 7 yaşlı Meqan Kanka adlı qız qonşusu Jesse Timmendequas tərəfindən təcavüzə məruz qalır. Təcavüzcü oyuncaq ayı verəcəyi vədi ilə uşağı oğurlayaraq zorlamış, sonra isə öldürərək cəsədini parka tullamışdı. Məhkəmə zamanı məlum olur ki, təcavüzcü eyni suçdan iki dəfə məhkum olmuş, eyni zamanda yaşadığı evində həmin suçlarla tutulmuş iki nəfərlə birlikdə yaşayır. Rəsmən bəlli olan, lakin aidiyyatlı qurumlar tərəfindən qonşulara xəbərdarlıq edilməyən bu fakta qarşı etiraz edən Meqanın anası Maureen Kanka 430.000 imza toplayaraq qızının timsalında bu vəhşiliyə məruz qalanların hüquqları uğrunda mübarizəyə başlayır. Nəhayət, 1994-cü il 31 oktyabrda Nyu Cersi Məhkəməsi Meqan qanunlarını tərtib edir. Meqan qanunlarının mahiyyəti ondan ibarətdir ki, təcavüz suçu işləyənlərin suçu onların tərcümeyi-halına qeyd olunacaq və bu suçun səviyyəsinə uyğun olaraq əhali məlumatlandırılacaq, gələcəkdə təcavüzçü ilə təcavüzə məruz qalan arasında hər hansı bir rastlantının qarşısı alınacaqdır. Hazırda ABŞ-ın 51 əyalətində bu qanun qüvvədədir. İndi isə keçək millət vəkilinin təklifinə.

Qüdrət bəy deyir ki, bu suçu törədənlər gələcəkdə bu cinayəti yenidən törətmələrinin qarşısının alınması üçün cərrahi yolla axtalanmalıdırlar. Əldə etdiyimiz məlumatlara görə Avropada bu üsuldan cəza kimi istifadə edən yeganə dövlət Çexiyadır. Niderland, Kanada, İsveç, Danimarka və Polşada isə könüllülük formasında bu əməliyyat həyata keçirilir. Mahiyyəti isə ondan ibarətdir ki, dərmanlar və iynələr vasitəsilə kişilik hormonunun inkişafı dayandırılır. Məhz bu proses hüquqi mübahisələrə səbəb olur. Əgər bir sıra qadın təşkilatları bu axtalanmanın qəti tərəfdarıdırsa, bir sıra hüquqşünaslar isə bu cəzanın insan haqlarına zidd olduğunda israrlıdırlar. Çox qəribədir ki, İslam dinində müxtəlif fiziki cəzalar tarixən olsa da, axtalama şəriət baxımından caiz deyildir. Hətta Osmanlı sultanlarının hərəmxanalarında xidmət edən xacələr də Afrikadan əsir tutulan zənci xacələr olublar.

Biz də insan haqları çərçivəsindən çıxış edərək belə bir təklifin doğru olmadığı, üstəlik qəbul olunduğu təqdirdə də əsaslı təsiri olmayacağı qənaətindəyik. Bizə görə, bir suçlunun bu cür cəzalandırılması, onun əlinin, ayağının kəsilməsi kimi bir şeydir. Üstəlik, tarixən şəriət dövlətlərində təcavüzə və zinaya görə bundan da dəhşətli cəzalar verilməsinə baxmayaraq bunlar çözüm yolu olmamışdır. Daha yaxşı olar ki, Meqan qanunlarında nəzərdə tutulmuş cəmiyyətin maarifləndirilməsi və bu cür cinayət törədənlərin kimliyinin açıqlanması proseduru həyata keçirilsin. Çünki aparılan araşdırmalara görə, təcavüzçülərin 80 faizi “qurban”ların tanıdıqları insanlardır, uzun müddət onlar “qurbanlar”nı izləməkdədirlər. Üstəlik təcavüzçülərin əsas məqsədi cinsəl həzz almaq deyil (çünki təcavüzçülər çox vaxt evli olurlar) daxillərində olan psixoloji pozğunluqları həyata keçirməkdir. Ona görə də millət vəkilindən xahiş edirik ki, insanlara Hammurapi və “gözə-göz, dişə-diş” yəhudi qanunlarını deyil, bu cinayətlərin azaldılmasında xidməti olan Meqan qanunlarının müəyyən bəndlərindən istifadə edərək preventiv tədbirlər planını hazırlasın. Çünki Avropada axtalamanı qanuniləşdirən yeganə dövlət Çexiya bu addımına görə qınaq obyektidir.

MÜƏLLİF: Dilqəm ƏHMƏD

пятница, 21 мая 2010 г.

Evdar qadınlarda "çatlaşmaq xəstəliyi"

Qaraçuxurda baş verən faciədən dərs götürməyənlər daha pis vəziyyətlərlə üzləşə bilər

Müasir Azərbaycan ailələrinin qənimi yalnız yoxsulluq, narkomaniya, ailədaxili cinayət hadisələri, alkoqol deyil. Öz təsir gücünə görə heç də onlardan geri qalmayan "çat" təəssüf ki, çox ailələrin faciəsinə səbəb olur. Virtual tanışlığın bu növündən əvvəlcə bir əyləncə vasitəsi kimi istifadə edənlərin əksəriyyəti özü də bilmədən sonra onun aludəsinə çevrilir. Çatdan istifadə etdiyinə görə ölkədə nə qədər ailə dağıldığını hələ hesablayan yoxdur. Nədənsə, cəmiyyətdə baş alıb gedən bu problem ciddi şəkildə sosioloqların da nəzərini cəlb eləmir. Çoxları buna sıradan bir hadisə kimi yanaşır. Amma bu adi bir olay deyil, sonu ailə dağılması, qətl törədilməsilə nəticələnən faciədir. Səhərdən-axşama qədər internet qarşısında oturan işgüzar adamlar əksər hallarda "Facebook", mail.ru, rambler.ru, balam.az və s. saytlara çox nadir hallarda daxil olur.
Apardığımız araşdırma zamanı məlum oldu ki, tanışlıq saytlarından, çatdan istifadə edənlərin müəyyən bir qismini evdar qadınlar, qızlar, müxtəlif sənətlə məşğul olan, yaxud işsiz kişilər təşkil edir. Özü də ki, Gəncədən tutmuş Tovuza, Qazaxa, Yevlaxa, Ağcabədiyə qədər əksər bölgələrdən olan qadınlar çatda oğlanlarla, kişilərlə tanış olmaqda maraqlıdır. Bu günlərdə qəzetimizin daimi oxucularından biri bizimlə əlaqə saxalayaraq, çatın ailələrə gətirdiyi fəlakət haqda məlumat verməyimizi xahiş elədi. Qaraçuxur sakini olan bu xanımın verdiyi məlumata görə, əri uzun müddətdir ki, "çat xəstəliyi"nə tutulub. Bu adam olub-qalan pulunu kontura verib bütün günü qadınlarla, qızlarla telefon vasitəsilə yazışır. Həmin oxucunun dediyinə görə, nə qədər cəhd etsə də, həyat yoldaşı bu vərdişin daşını ata bilmir. O bildirdi ki, ərinin yazışdığı qızların heç də hamısı Bakı sakini deyil, onun tanışları arasında Gəncədə, Mingəçevirdə, Yevlaxda yaşayanlar da var. Ona da məlum olub ki, bu xanımların əksəriyyəti heç bir yerdə işləmir, ərləri evdən getdikdən sonra telefon vasitəsilə çata girib onun ərilə yazışırlar. Evdar qadınların bu sahədə xüsusi fəallaşdığını biz də müşahidə etmişik.
Bu yaxınlarda qəsəbələrdən birində hətta "çat" sevgisi üzündən qətl hadisəsi də baş vermişdi. Belə ki, birinin həyat yoldaşı mobil telefon vasitəsilə bilmədən ərinin dostlarından birilə yazışırmış. Bir gün əri qadının kiminləsə yazışdığından şübhələnib telefonunu ələ keçirir və başlayır arvadının adından o şəxslə yazışmağa. Sonra da oğlanı görüşə çağırır, o görüşə gələndə baxıb görür ki, öz yaxın dostudur. Qadının əri "namusunu təmizləmək" məqsədilə həmin oğlanı bıçaqlayır. Belə hadisələr bəlkə də hər gün ölkə ərazisində baş verir. Bəzi evdar qadınlar, hətta virtual tanışlıq üzündən, qadın alveri qurbanına çevrilir. Sosioloqlar problemin bu tərəfini daha çox qabardır. Çatın vurduğu digər zərərlər isə onların diqqətini cəlb eləmir.
Sosioloq Əhməd Qəşəmoğlu "Bakı Xəbər" qəzetinə açıqlamasında deyib ki, çata girən qadınların əksəriyyəti xoş güzəran, əyləncə axtaranlardır. Onlar günlərini şən keçirmək üçün bu yola əl atır. Virtual tanışlığın, çatın ailələr dağıtdığını deyən sosioloqun fikrincə, bu pis vərdişdən insanları çəkindirmək üçün xüsusi tədbirlər görülməlidir. Evində ərindən qılıq, şirin dil görməyən qadınların bu təsirə daha tez düşdüyünü deyən ekspert onların özləri də bilmədən fəlakətə yuvarlandığını bildirir.
Digər bir sosioloqun sözlərinə görə isə, indi çox qadında mobil telefon var, onlar da bu telefon vasitəsilə müxtəlif əməllərə əl atır. Çata girənlərin bəzilərinin az savadlı qadın və qızlar olduğunu deyən sosioloq bildirir ki, bu qızlar rayonlardan şəhərə gəlmək üçün bu tanışlıqdan bəhrələnmək istəyir. Onların bəzilərinin yüngül həyat tərzi keçirdiyini düşünən sosioloq hesab edir ki, onlarla yazışan kişilər də ağlı başında olan normal adamlar deyil.

MƏNBƏ: "BAKI xəbər" qəzeti

пятница, 14 мая 2010 г.

Deputatlar

Parlament seçkiləri bizə, biz parlament seçkilərinə yaxınlaşdıqca aktiv deputatlar daha aktiv görünməyə çalışırlar. Çünki hər bir oliqarx, güc sahibi nəzarətində olan deputatlara efirdə görünməyi, qəzetlərə müsahibə verməyi tövsiyə etmişdir. Bu da, deyilənlərə görə, aktiv deputatların növbəti dəfə deputat seçilməyinə münbit şərait yaratmalı, adlarının deputat siyahısına düşmələrini asanlaşdırmalıdır.

Passiv deputatların belə bir qayğısı yoxdur. Onların vəzifəsi susmaqdır. Məsələn, Hacı Madər adında bir deputat var. Adam əsl Şərq müdriki kimi susmaqla hər şeyi ifadə edir. Onun susması orta əsr sufilərinin susaraq danışmalarına bənzəyir. Passiv adlandırdığımız bu cür deputatların susması danışmaqlarından daha vacibdir. Belə bir şayiə gəzir ki, Hacı Madər müəllim bir cümləni ağ vərəqdən çox çətinliklə oxuyur. Biz bu yazımızda passiv deputatlara o qədər də enerji sərf etməyəcəyik. Onlara çatmaq çətin məsələdir. Bu adamlara toxunmaq üçün bir çox sirli kodları əxz etməlisən. Heç olmasa, adam beş-altı il AzTV-də montyor və yaxud sürücü işləməlidir. Passiv, yəni susaraq "hər şeyi ifadə edən" deputatlar bizim üçün əlçatmaz varlıqlardır. Onlar sanki kosmik fəzada, mifik bir canlı kimi öz mövcudiyyətlərini hərdən bir nümayiş etdirirlər. Məsələn, Miri Qəmbərov deyilən bir deputat var. İnanın, bu adam Uçan Naməlum obyektlərdən daha sirli, daha müəmmalıdır. Hətta yadplanetlilər bizə daha yaxın, daha doğmadır, nəinki Miri Qəmbərov və ona oxşayan deputatlar.

Fikrimi izah edim. Hərdən televizorda göstərirlər ki, filan rayonun sakinləri dünən gecə göydə "uçan boşqab" görüblər. Yaxud biri müsahibə verib deyir ki, o, həftədə bir dəfə, olsun hər ilin axırı yadplanetlilərlə görüşür. Nə bilim, yadplanetlilər onu öz planetlərinə aparmaq istəyirlər, amma getmir. Hacı Madər təxminən iyirmi ildir deputatdır. Amma parlamentdə onun səsini eşidən yoxdur. Hərdən adam düşünür ki, bəlkə parlamentdə oturan Hacı Madər deyil, onun bənzəridir. Bu mənada yadplanetlilər susan deputatlarla müqayisədə bizə hər mənada yaxın və doğmadırlar. Bu müqəddəs varlıqları görmək xoşbəxtliyi, onlarla təmasda olmaq səadəti yalnız AzTV-nin əməkdaşlarına tanınıb. Özü də hamısına yox. AzTV özü ayrıca araşdırma mövzusudur. Kahin yuvasıdır. AzTV-də bir il montyor işləyən adam istənilən Tibet müdrikini Sabirabada susuz aparıb, susuz gətirər. Yüzilliklər keçəcək və biz heç vaxt AzTV-ni başa düşməyəcəyik ki, bu kanal heç vaxt yalan söz deməyib. Və doğrusu, məni bir məsələ çox ağrıdır. Guya AzTV-yə ironiya edən adamlar bu kanaldan nə qədər aşağı səviyyədə olduqlarını dərk etmirlər. Çox güman ki, heç dərk etməyəcəklər də. Bunu ölkədə beş-altı adam başa düşür. O adamlardan biri də rejissor Vaqif Mustafayevdir. AzTV tarix, tarixi şəxsiyyət, ədəbiyyat, lirika, romantika, poeziya tanımır. AzTV əbədidir. AzTV dolayır, ələ salır, gülür, sındırır, məhv edir. AzTV prezidentlər yola salır. Bəziləri elə başa düşür ki, AzTV onların təbliğat vasitəsidir. Əslində isə, AzTV onları ələ salır. Bu mənada mifik, sanki kosmosda yaşayan, həm də adları məşhur şəxslərə toxunmaq, onlarla təmasda olmaq şansı AzTV-də çalışanlara tanınıb. Biz bu haqda eşidə bilərik. Necə ki, qədim svilzasiyalar haqda söhbətləri eşidirik.

MÜƏLLİF: Seymur BAYCAN

воскресенье, 9 мая 2010 г.

Facebook - enerji qəbiristanlığı

Emin Millinin Facebook-da üç min dostu vardı. Emin virtual dünyada aktiv fəaliyyət aparmaqla böyük bir şəbəkə yaratmaq istəyirdi. Eminin həbsi onun necə lüzumsuz bir işlə məşğul olduğunu ortaya çıxardı.

Eminin məhkəməsi zamanı binanın qarşısına cəbhəçi və müsavatçı gənclər, gənc yazarlar, qısası, bir-birilərini tanıyan adamlar yığışırdı. Virtual dünyanın adamları Azərbaycan reallığında "əridilər". Emin Millinin Facebook-da üç min dostu vardı. Emin virtual dünyada aktiv fəaliyyət aparmaqla böyük bir şəbəkə yaratmaq istəyirdi. Eminin həbsi onun necə lüzumsuz bir işlə məşğul olduğunu ortaya çıxardı. Eminin məhkəməsi zamanı binanın qarşısına cəbhəçi və müsavatçı gənclər, gənc yazarlar, qısası, bir-birilərini tanıyan adamlar yığışırdı. Virtual dünyanın adamları Azərbaycan reallığında "əridilər". Emin adamları maarifləndirməklə dəyişikliyin baş verə biləcəyinə inanırdı. Bu mövzuda bir dəfə onunla söhbət etmişdim. Və Eminin hərəkətlərindən, söhbətlərindən müxalifət partiyalarında fəaliyyət göstərən gənclərə bir az yuxarıdan baxdığını sezmişdim. Zaman isə başqa mənzərəni üzə çıxardı. Məhkəmənin binası qarşısına cəbhəçi və müsavatçı gənclərin yığışdığını hər kəs görübdür. Eminin çoxsaylı dostları isə (bir neçə nəfər istisna olmaqla) yoxa çıxdılar.
Virtual dünyada şəbəkə yaratmaq, təşkilatlanmaq, adamları virtual dünyadan həqiqi fəaliyyətə transfer etmək ideyası iflasa uğradı. Başqa bir misal: Mirzə Sakit şeirlərindən ibarət diskini həbs olunan gənclərə - Emin Milli və Adnan Hacızadəyə həsr etmişdi. İthaf etmişdi yaza bilmədim. Tədbirin Norveç İnsan Haqları evində keçirilməsi planlaşdırılmışdı. Facebook-da ciddi təbliğat işi aparılmışdı. Təxminən iki yüz əlli adam tədbirdə iştirak edəcəklərini qeyd etmişdilər. Nəticə isə mənim gözlədiyim kimi oldu. Tədbirə gül bayramında, piketlərdə, hər tədbirdə gördüyüm adamlar gəlmişdilər. Danışdıq, şeir dinlədik, asıb-kəsib dağlışdıq. Dəvəti qəbul edib tədbirə gələcəyini bəyan edənlər virtual dünyada qaldılar. Biz onları görmədik.
Daha bir misal: Azad Yazarlar Ocağı marafon keçirdi. Facebook-da nə qədər güclü təbliğat işi aparılsa da, marafonda şəxsən tanıdığımız adamlar iştirak etdilər. Belə tədbirlər çox olub. Və yenə də olacaq. Bu gün müxalifət liderləri facebook-da geniş yazışmalar aparmaqla tərəfdarlar qazanacaqlarını düşünürlər. Məncə, bir az çətin işdir. Əvvəla, bizim adamlar məsafə saxlamağı bacarmırlar. Peşmansan bir adamla tanış olub bir stəkan çay içəsən. İkinci görüşdə başlayır sənə dərs keçməyə. Cəmisi bir saata başa salmaq istəyirlər ki, sən heç kimsən, mən səndən də yaxşı yazaram, sadəcə, yazmağa həvəsim yoxdur. Görüşürsən, dərs alırsan, görüşmürsən, sənə yekəxana deyirlər. Ola bilsin, virtual dünyada kimsə özünü daha rahat hiss edir. Ola bilsin, tərəfdar tapacağına əmindir. Ola bilsin, virtual dünyanın adamları nə vaxtsa meydana çıxacaqlar. Ola bilsin... Şəxsən tanıdığım, inandığım əlli gənc facebook-da düz iki gün düşük bir müğənni ilə məzələndilər. Onu ifrat dərəcədə mədh etdilər, sənətini yüksək qiymətləndirdilər, gözəlliyini vəsf etdilər. Elə bilirdilər stres atırlar. Elə bilirdilər müğənnini dolayırlar. Amma əgər əlli prespektivli gənc virtual dünyada iki gün bir müğənnini doladıqlarını düşünürlərsə, vəziyyət tərsinədir. Müğənni əlli gənclə məzələnib. Həmin əlli adamın arasında xətrini çox istədiyim, böyük enerji və istedad sahibi Orxan Eyp də vardı. Orxan ölkədə ən mütaliəli adamlardan biridir. Onun oxuduqları ilə yaşı tərs mütənasibdir. Yəni bu yaşda o qədər oxumaq, sadəcə, texniki cəhətdən mümkün deyil. Orxan isə oxuyub. Özü də ciddi oxuyub. Belə bir adam iki gün virtual dünyada qəfildən peyda olmuş bir müğənniyə enerji sərf edir. Halbuki məqalə yaza bilərdi. Bəzi əsərlər var, biz yazılar yazmaqla həmin əsərləri insanlara təqdim etməliyik. Orxan bu işi çox gözəl bacarar. O isə facebook-da müğənni ilə yazışmaqdadır. Əlbəttə, facebook getdikcə daha da kütləviləşəcək. Ağlımıza gəlməyən adamlar orada peyda olacaq. Mən bir yazıyla heç nə edə bilmərəm. Virtual dünya ilə də heç bir düşmənçiliyim yoxdur. Sadəcə, bir məsələyə toxunmaq istərdim.
Oxumaq vərdişi
Hər zaman oxumaq lazımdır. Hər zaman. Beşikdən qəbirə qədər. Bir çox yazıçılar gənclik illərində lazımsız kitablar, artıq mətnlər oxuduqlarından şikayət ediblər. Sonra zövq formalaşır. Ətrafdakı adamların məsləhətləri, tövsiyyələri də öz rolunu oynayır. Somerset Moyem məsələyə bir az fərqli yanaşır. Öz memuarında Moyem yazır: "Mən əlimə keçəni oxuyurdum. Çoxlu lazımsız əsərlər oxumuşam. Amma mən lazımsız hesab etdiyim əsərlərlə oxumaq vərdişimi xəstəlik həddinə çatdırdım".
18-35 yaş arası ən ciddi mütaliə dövrüdür. Sonra əsərləri özün seçirsən. Sonra hərə özünün oxumalı olduğu 50-100 əsərin siyahısını tərtib edir. 18-35 yaş lazımlı, lazımsız əsərlər oxumaq dövrüdür. Belə bir dövrdə iddialı gənclər facebook-da saatlarla qurdalanır, saatlarla bir-birilərinə nəsə başa salmağa çalışır, bir sözlə, virtual dünyada avaralanırlar. Mən adi gənclərdən danışmıram. O gənclərdən danışıram ki, iddiaları var, karyera qazanmaq istəyirlər. Ən enerjili vaxtlarını mənasız yazışmalara xərcləyirlər. Bəs, bu iddialı gənclər nə vaxt mütaliə edəcəklər? Hansı bazayla gələcəyə addımlayırlar? Qorxuram, ağsaqqal kimi görünəm, başqa suallar da verə bilərdim. Görəsən, Azərbaycanda neçə (iyirmi yeddi yaşa qədər) gənc Şoloxovun "Sakit Don" əsərini oxuyub?
Faydalı tanışlıqlar
Azərbaycan balaca bir yerdir. Bu ölkədə kimləsə tanış olmaq asan məsələdir. Mən şou-biznes əhlini nəzərdə tutmuram. Konkret yazı-pozu adamlarından söhbət gedir. Əgər jurnalistika fakültəsində oxuyan bir tələbə heç olmasa beş yazarın yazılarını oxumursa, davamlı mütaliə etmirsə, heç olmasa on qəzet adı bilmirsə, apar qaytar. Belə adamları virtual dünyada tapıb onlara enerji xərcləmək mənasızdır. Kim bizimlədirsə, bizimlədir. Oxuyan, cəsarəti olan, bizi həqiqətə daha yaxın görən özü gəlib bizi tapacaq. Bizim işimiz yazmaqdır. Lazım olan adamlar oxuyacaqlar. Biz onlarla qarşılaşacağıq. Dediyim kimi, Azərbaycan balaca ölkədir. Məsələn, mən çayxanalarda xeyli faydalı, gərəkli adamlarla tanış olmuşam. Min virtual dünya olsun, canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Bu baxımdan çayxana facebook-dan yüz dəfə faydalı məkandır. Ənənə var. Heç kim gizlənməyib. Hər bir kəslə əlaqə saxlamaq olar. İki tanışlıqdan yazmaq istəyirəm. Mən Hacı Zaminə oxucu kimi məktub yazmışam. Özü də konvertlə. O vaxt nə Zaminin elektron ünvanı vardı, nə də mənim. Məktub yazıb öz heyranlığımı bildirmişdim. Sonra Xəqani 33-də, "Azadlıq" qəzetinin redaksiyasında görüşdük. Aramızda böyük yaş fərqi olmasa da, Zamin mənim zövqümün formalaşmasında ciddi rol oynayıb. O vaxtlar Zamin idman stilində geyinən yeganə jurnalist idi. O, hamıdan fərqlənirdi. Zamin o vaxtlar "28 May" tərəfdə balaca bir evdə öz sakit, subay, bir az da ədalı həyatını yaşayırdı. Üçüncü görüşümüzdə Zamin mənə qonaqlıq verdi. Sonra əsgərliyə getdim. Zamin düz iki dəfə hərbi hissəyə təşrif buyurub, məni ziyarət etdi. Baxmayaraq ki, beş-altı dəfə Zamin məni ziyarət etməyini başıma qaxıb. Bir-iki dəfə sözümüz çəp gəlsə də, Zamin mənə xeyli müsbət təsir göstərmiş adamdır. Çünki mən onunla canlı ünsiyyətdə olmuşdum. Görüşürdük, danışırdıq, oxuduğumuz kitabları müzakirə edirdik. Zamini "Azadlıq" qəzetinin redaksiyasında görməyəndə çox pis olurdum. Çox sevdiyim, dəyərli dost, istedadlı yazar Natiq Güləhmədoğlu ilə də məktub vasitəsi ilə tanış olmuşam. Mən "Gündəlik Azərbaycan" qəzetində çalışırdım. Natiq oxucu kimi mənə məktub yazmışdı. Natiq o vaxt kənddə yaşayırdı. Məni kəndə dəvət etdi. Getdim kəndə. Yaxından tanış olduq və söhbət etdik. Bir neçə gün kənddə qalıb xeyli toyuq-cücələrini yeyərək möhkəm dostluğun təməlini qoydum. Natiq iki il ərzində böyük sıçrayış etdi. İndi o, Azərbaycanda oxunan yazarlardan biridir. Gözəl reportajlar yazır. Daima axtarışdadır. Hər zaman qəribə mövzular taparaq oxucuları təəccübləndirir. Gərgin iş rejiminə baxmayaraq, Natiq daima sistemli mütaliə edir. Oxuduğu kitabları yazılarında tirajlayaraq əsərlərdən bəzi məqamlarla günümüzdə baş verən hadisələr arasında paralellər apara bilir. Mən Natiq haqqında xeyli xoş sözlər yaza bilərəm, amma heyf ki, saat 22:00-da qatarla gözəlim Tiflis şəhərinə tərəf irəliləyəcəm. Yır-yığış etməliyəm.
Yeri gəlməmişkən, Zamin və Natiq Murovda xidmət ediblər. Qısası, dostlar, çalışın adamların əl hərəkətlərini, gözünü, ağzını, çay içməyini görə biləsiniz. Facebook-da dəyərli vaxtınızı az xərcləyin. İndi oxumasanız, sonra oxumaq çətin olacaq. Boz, yarımçıq görünəcəksiz. İndi tanımasanız, sonra tanımaq çətin olacaq. Cənnət də, cəhənnəm də yaşadığımız dünyadadır.

MÜƏLLİF: Seymur BAYCAN

суббота, 1 мая 2010 г.

Qadın növləri

Dünyada elə kişi yoxdur ki, qadınla münasibət qurmaq məsələsində ağzı yanmasın. Adam neçə dəfə aldanar, neçə dəfə ağzı süddə elə yanar ki, sonra qatıq içməyə qorxar? Amma kişilər öz səhvlərindən xeyirli nəticələr çıxarırlarmı? Əlbəttə, yox! Çünki hər dəfə təzə münasibətlər qurulanda, hər dəfə üfüqdə təzə qadın görünəndə sadəlövhcəsinə ümid edirlər ki, yox, bu dəfə hər şey başqa cür olacaq. Psixoloqlar hesab edir ki, təhtəlşüur olaraq, kişilər hər dəfə əvvəllər tanıdıqları tiplərə oxşar can yoldaşı axtarırlar. Və buna görə də hər dəfə eyni şey təkrarlanır. Eyni dramlar, eyni üzüntülər və həmin paralanmış ürək.

Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır.

1) Kişi düşməni - Feminist

Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı.

O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın “kişilər nadir halarda beyinləri ilə düşünürlər” kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin!

2) Pulgir - Qabırğa

Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə “çağırışla gələn qız” da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri...

Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın.

3) Şahzadə qız - mamlı-matan...

Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.

Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq.

4) Dinamik qadın - Heç nəyə vaxtı yoxdur!

Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz.

Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq. Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir dha kimisə yaxına buraxmaqdan qorxur.

5) İfritə- feminstin uzaq qohumu

O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir. Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin!

6) Getmə gözümdən - gedərəm özümdən: yapışqan qadın

Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb. Deməli, belə qadından da qaçmaq məsləhətdir.

7) Ləçər - amma qəşəngindən...

Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə “mədəni” şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bü standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir.

8) Burda mənəm - Bağdadda kor Xəlifə: Eqoist!

Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.

9) Ər ölüsü...

Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var – o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə.

10) İkiüzlü

Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək...

11) İtoynadan...

Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam.

12) Hökmran

Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli oldubunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.

Belə. Yazıq kişilər...

MÜƏLLİF: Günel MÖVLUD