вторник, 1 июня 2010 г.

Atom silahı gücündə bikini

Cəmi 200 il əvvəl qadınlar çimərlikdə uzun ətək və corablarda çimirdilər

Bayırda termometr deyir, yox, bəlkə də çığırır ki, istirahətə getmək lazımdı. Bütün qayğılara, problemlərə tüpürüb narın quma sərələnməyin, buludların dilindən eksklüziv tərcümələr etməyin, qumdan saraylar, qəsrlər tikib onları dalğalar yalayıb sökəndən sonra şəhərdə sökülən evlərlə analogiyyalar aparmadan «Bu da keçəcək» cümləsini ağıllı görkəmlə fikrindən keçirib həyatın necə də gözəl olduğunu düşünməyin zamanı çatıb. Əlbəttə, bu ləzzətlərə qatılmaqdan əvvəl cəmi bir cümləlik suala cavab vermək lazım gələcək: «Bəs mən dənizə nə geyəcəm?». Necə edəsən ki, çimərlik kostyumu həm təzə, həm gözəl, həm yaraşan, həm çatışmazlıqları örtən, həm də dəbə uyğun olsun.

Yaş paltar ən erotik məqam kimi

Mütəxəssislər deyir ki, çimərlik kostyumunun tarixi 2 min ildən artıqdır. Amma o vaxtlar bizim anlamımızdakı kimi kütləvi çimmək ehtirası yox idi. Suya ya tamam çılpaq, ya da paltarla girirdilər. Ümumilikdə çimmək rəiyyətin yalnız yuxusuna girə bilərdi. Sarayda isə padşahlar süd gölündə istəsə çılpaq, istəsə paltarla çimə bilərdi. Qədim Romada başdan keçirilən dairə şəkilli örtükdə çimərdilər. Bəzi qədim Roma freskalarında qadınların bikiniyə bənzər paltarda çimmələri təsvir edilib. Qədim yunanlardan başqa heç kim öz bədənini məmnuniyətlə açıb göstərmirdi. Roma imperiyası dağılandan sonra suyla bağlı ictimai mərasimlər demək olar ki, 18-ci əsrə qədər unuduldu. İnsanları suya öyrəşdirmək prosesi çox çətin gedirdi. Çox vaxt sahildə oturan adamlar suya girməyə ürək eləmirdi, üzməkdən, suya tullanmaqdan isə danışmaq lazım deyil. Kişi üçün yaş olmuş paltardan qadın cizgilərini axtarmaq dövrün ən eriotik həyəcanı idi. Bu da çox vaxt müəssər olmurdu, çünki kişi və qadınlar ayrı-ayrı çimirdilər.

Cəsarətli qadınlar ayaqyalın çimir

Çimərlik kostyumununu dəbə uyğunlaşması tarixi Avropada 18-ci əsrdən başlayıb. Bu, Fransada, İngiltərədə ictimai çimərliklərin əmələ gəlməsiylə bağlı idi. O vaxtlar sahil iki yerə ayrılırdı, kişi və qadınların çimməsi üçün nəzərdə tutulmuş hissələrə. Keçmişdə hətta ər və arvad da bir yerdə çimə bilməzdi. Amma yanlarında ümumi uşaqları vardısa bu yasaq götürülürdü. Bizim anlamımızdakı kimi çimmək də yox idi. Xanımlar sahildə suyu şappıldadır, uzaqbaşı oturub üst-başlarını yaş edirdilər. Bu zaman onların əynində guya ki, çimərlik kostyumuna bənzər bir şey olurdu. Bu kostyum xanımı təpədən dırnağa kimi örtürdü. Açıq yeri bircə başı qalırdı, onu da şlyapalar, ləçəklərlə bağlamalı olurdu. Kostyumun əsasını korsaj, krinolin (paltarı şax saxlayan metal keçirilmiş alt paltarı) təşkil etdiyindən o hələ ki, çox ağır idi. Başı da mütləq bağlamaq, ayaqlara qalın corab və bağla dartılan dəri uzunboğaz çəkmə geymək də lazım idi. Suya girəndə paltar qalxmasın deyən balaqlarına ağır predmetlər bağlayırdılar. Bütün bunlar ona görə idi ki, birdən su qırağında xanım özünə artıq hərəkət etməyi icazə versə təsadüfən ayaqları və saçı görünməsin. Maraqlıdır ki, ballarda son dərəcə açıq-saçıq dekolte geymiş qadınları qəbul edən cəmiyyət qadının dizinin görünməsini biabırçılıq sayırdı. Qadınlar yalnız dəniz qırağında bəzəksiz istirahət etməyi özlərinə icazə verirdilər.
Dəmir yolunun inkişafı ilə çimərlik mədəniyyəti çiçəklənməyə başladı. Sudan uzaqda yaşayan insanlar çimmək üçün harasa getməyə, istirahətlərini su ilə bağlamağa başladılar. Su prosedurları idman və sağlamlığın simvoluna çevrildi. Dərzilər yüngülləşdirilmiş paltar modelləri təklif etməyə başladı. Ən cəsarətli qadınlarsa ayaqyalın cimmək cəhdlərini etdilər. Bu zaman kişilərin görkəmi də o qədər də ürək açan deyildi. Onlar göy, ya da qırmızı-ağ zolaqlı dizəcən və dirsəyəcən bədənə yapışan trikolarda lap sirk artistlərinə oxşayırdılar, ya da türmədən qaçmış cinayətkara bənzəyirdilər. Qadınların geydiyi kombinezonlar suda hava şarı kimi ufurulub şişər və çox gülməli görünərdi.
19-cu əsrdə üzgüçülük olimpiya oyunlarına daxil edildi və qadınlara kişilərlə bərabər çimmək hüqüq verildi. Qadın da əlinə bəhanə düşən kimi onu çimməyə qoymayan bütün artıq elementlərdən canını qurtardı. «Şahzadə» adlandırılan kostyumlarda çimmək qəbul edilmişdi. O, bir-birinə tikilmiş kofta və enli şaravardan ibarət idi. Abırlı xanımlar bunun üstündən dizdən aşağı olan daha bir ətək də geyirdilər ki, bədəninin xəttlərini gizlətsinlər. Ləçək, ya da həsir şlayapa hələ də kosyuma daxil idi. 19-cu əsrdə üzgüsülük Olimpiya oyunları siyahısına düşəndən sonra çimərlik dəbi sahəsində yeniliklər gündən–günə artmağa başladı. Hətta demək olar ki, indiki üçbucaq şəkilli geyimi məişətimizə bədənlərinin gözəl quruluşunu gizlətmək istəməyən üzgüçü kişilər daxil ediblər.

Müharibələr qoyur ki…

Bəziləri 20-ci əsri çimərlik inqilabı da adlandırır. Bu inqilabı heç kim hiss eləmədi. Çünki daha böyük və rəhimsiz inqilab- bolşevik inqilabı onu kölgədə qoydu. Ona görə də min il ərzində ilk dəfə qadının bədənini açması məsələsi kölgədə qaldı. Hələ bilmək olmaz ki, gələcək kataklizmlərin bu məsələyə nə dərəcədə dəxli var. Qanuna görə qadına bədəninin hissələrini açmaq qadaban olunsa da çimərlik kostyumları gün-gündən balacalaşırdı. 1907-ci ildə avstriyalı üzgüçü qadın Aneta Kellerman çox açıq-saçıq kostyum geydiyinə görə həbs edildi. Amma kostyumun balacalaşdırılma prosesini artıq saxlamaq mümkün deyildi. Aneta Kellermanın geyimini dünyanın minlərlə qadını təkrar etməyə başladı. Məhz Kellerman kino trixində ilk dəfə çılpaq çəkilmək cəsarətində bulunub.
Dünya müşaribəsinə 1 il qalmış 1913-cü ildə ən cəsarətli qadınlar kişi çimərlik kostyumuna bənzər zolaqlı kostyum geyməyə ürək elədi. İndi hətta dərzilər də belə qadın geyimi tikməkdən imtina edirdi. Müharibədən sonra çimmək son dərəcə dəbə mindi. İndi artıq piylərdən qurtulmaq problemi aktuallaşırdı. Artıq keçən əsr boyu yığılmış piy və dəbdən düşmüş iri sinə ilə vidalaşmaq lazım idi. Növbəti dünya müharibəsi qadınları yenə də kişi paltarı geməyə məcbur etdi. Ona görə də müharibədən sonra hamı Kristian Diorun oval formaları qaytarmış façonlarını çox həvəslə qəbul etdi. 40 ildən sonra yenə də incə bel, böyük büst və yenidən iri çanaq dəbli sayılırdı. Bu formaları almaq üçün işlədilər qubkadan, çaşkalardan əlavələri nahaq yerə «pistolet» adlandırmırdılar ki…
1920-ci ildən başlayaraq modelyerlər qol hissələrindən imtina etdilər. Az sonra isə uzun pantelonlardan imtina edərək qadın ayaqlarına hava görməyə imkan yaratdılar. Kostyumların hamar olması əsas götürülsə də hələ ki, təbbi parçalar, çit, trikotaj işlədilirdi. Çünki sintetika hələ ki, kəşf edilməmişdi.
20-ci əsrdə Koko Şanel idman kultu ilə bağlı çimərlik kostyumunda demək olar ki, inqilab elədi. Qadınlar bu dəfə çox qısaldılmış kostyumu qəbul etməkdə tərəddüd etmədilər. Çimərlik kostyumu balacalaşdıqca qadınların qarnı hava üzü görməyə başladı.
Hətta Salvador Dali də «dalikini» adlı kolleksiyasında çimərlik kostyumları təklif edirdi. Adama elə gəlir ki, modelyerlərin başına hava gəlib. Onlar mağazaya bikinidə getməyi, ərə gedəndə nikah mərasimində bikini geyməyi təklif edirdilər. Hollevud prosesdən dala qalmamaq üçün ibtidai icma quruluşundan seriya filmlər çəkir ki, burada aktrisalar incə bikinidə dinozavrlarla döyüşür. Növbəti müharibə, Vyetnam müharibəsi yenə də işə qarışdı. Müharibə əleyhinə çıxışlar, Ceyn Fonda və Anjela Devisin iştirakı ilə çıxışlar az qala kostyumun yuxarı hissəsini ixtisara çalacaqdı. Qadınlar etiraz əlaməti kimi lifçikləri çıxarıb tullayır, ən radikalları Ağ Evin qarşısında onlardan tonqal qalayırdı. Sonra hippi hərəkatı vüsət aldı və yenə də qadın sinəsi dəbdən düşdü. Axı «Çiçəklərin övladları»nın cinsi olmaz. 80-ci illər qadına «vamp» obrazında qayıtdı. İndi dənizə də parlaq kosmetika, çoxlu boyunbağıda gedirdilər. Bijuteriya maksimum, kostyum isə minimum olmalı idi. Yalnız 20-ci əsrin sonu bütün formalarla barışığa gəlib hər şeyi geyməyə icazə verdi. Deyəsən qadının özü kimi olmağının zamanı gəlib.

Bəşəriyyət tarixində ən balaca kostyum

1946-cı ildə dizayner Lüis Reardın Parisdə yeni kostyumu nümayiş etməsini bu sahədə əsil inqilab adlandırırlar. Çimərlik kostyumu ABŞ-ın atom çınaqları keçirdiyi bir adanın-Bikini adasının adı verilmişdi. Bikininin bu dəfəki partlayışı bütün dünyanı ağzına aldı. Bəşəriyyət tarixində insan kostyumu bu qədər balaca olmamışdı. Özü də hərbi şərait parçada qənaətcil olmağa çağırırdı. Bəlkə də bu səbəbdən puritan cəmiyyət bikinini belə rahatlıqla qəbul etdi. 40-cı illərdə ABŞ və Kanadada satılan bikinilər bazarın 20 faizini təşkil edirdi.
Sakit okeanda narahat həyat keçirən adanın adına adlandırılan bu kostyum bütün dünyanın rahatlığını əlindən aldı. Bikini artıq 60 illik yubileyini qeyd edib. Deyirlər ki, onun yaranması seksual inqilbın ilkin mərhələlərindən sayılır. Mini yubka və cins sonradan işə qoşulub. Onun «atası» avtomobil mühəndisi olub. Anası ona qadın alt paltarları satan balaca dükanı miras qoyub rəhmətə getmişdi. İndi biz bədəni örtməyə qadir olmayan nazik çimərlik kosyumunda rahatcana gəziriksə o vaxtlar bu belə deyildi. Cəsarətli modelyer yaratdıqlarını nümayiş etmək üçün «Mülen Ruj», «Kazino de Pari» kimi ad çıxarmış yerlərdən striptizçi rəqqasələr dəvət etməli olmuşdu, çünki normal modellər bu paltarları geyməkdən imtina edirdi. Nümayiş Parisin mərkəzində Delini basseyni ətrafında oldu. Gözləri kəlləsinə çıxmış fotoqrafların çəkdikləri fotolar bütün dünyanı gəzərək nifrət, maraq, heyranlıq kimi ziddiyyətli düyğular oyatdı. Məsələyə kilsə də qarışdı. Katolik ölkələrin bəziləri bikinini ölkəyə gətirməyə qadağa qoydu. Yeniyetmə Merlin Manro, əfsanəvi Bricit Bardo bikinidə ekranlarda görünəndə anlamaq olurdu, artıq yeni silah təcrübələri müvəffəqiyyətlə keçib.
1960-cı cəsarətli addımlar ilində Rudi Genriç bazara monokini adlı mobel çıxardı. İndi çimərlik kostyumunun yuxarı hissəsi də ixtisar edilmişdi. Stilist Rudi Qeyrnrayx monokinini müdafiə edərək deyirdi: «Seksuallıq insanın özündədir, geyimində yox».
1980-ci illərdə ilk strinqlər əmələ gəldi. Amerikada bir zolaq ipdən sallanan çimərlik geyimləri dəbdə idi. Fransız modelyerləri parçaya elastik laykra qatandan sonra çimərlk kostyumu hətta bədənin çatışmazlıqlarını da ört-basdır etməyə qadir oldu. İlk müsəlman qadınının çimərlik kostyumunda şəkli 2009-cu ildə yayılıb.
Çılpaq çimmək dəbi isə 20-ci əsrin əvvəllərində yaranıb. Anadangəlmə çılpaqlıq və təbiət qanunlarına tabe olaraq yaşam tərzi – naturizm Almaniyada yaranıb. 1903-cü ildən etibarən Almaniyada nudist çimərlikləri yaranıb. Alman mayoru Hans Zuren «İnsan və Günəş» adlı kitabında günəş şüalarının insanın bütün bədəninə dəyməsinin xeyrindən yazıb. Amma naturizm cərəyanının qadınlar arasında tərəfdarları az olub.
1951-ci ildə model Miçelina Bernadini ilk dəfə bikinidə çıxış edir. Bu ictimaiyyəti şoka salır. Dünya gözəli titulu uğrunda müsabiqədə isvesrəli Kiki Hakanson səhnəyə bikinidə çıxanda isə İspaniya və İrlandiyi müsabiqədən çıxacaqlarını deyib ultimatum vermişdilər. İndi gözəllik müsabiqələrində çimərlik kostyumunda çıxmaq vacib mərhələlərdən biridir.

Bikini aqressiyanın qarşısını ala bilər

Hazırda çimərlik kostyumu geyimdən çox bədənin bəzəyi kimi qəbul edilir. Ona görə də hər qadının qarderobunda heç olmasa bir dəst çimərlik kostyumu var. Çimərlik kostyumunun tarixi məntiqdən kənar bir tarixdir, lap qadının özü kimi. O, qadna dəxli olan hər bir şey kimi bəzən qorxulu, bəzən tədbirsiz, bəzən də səddləri aşıb keçə biləndir. Neynəməli, aşıb-daşan kişi testosteronunun qarşısında necəsə dayanmaq lazımdı axı! Alimlər deyir ki, cəmiyyətdə aqressiyanı doğuran əsas səbəblərdən biri elə testosterondur. 20-ci əsrin öhdəsinə aqressiya o qədər düşüb ki. Yaxşı ki, hansısa məqamda dizaynerlər anladı ki, kostyum sonsuzluğa qədər balacalaşa bilməz. Bu məqamdan başlayaraq dizaynerlər rəng və forma üzərində axtarışlar tərəfə yönəldilər. Nəticəsini görmək üçün çox uzağa yox, Xəzər sahilində olan hər hansı çimərliyə getmək olar.

MÜƏLLİF: Gülnarə RƏFİQ

Комментариев нет:

Отправить комментарий