пятница, 30 июля 2010 г.

İran həyatına baxış

Hələ də dava-dava oynayan kişilərin din və siyəsət məzələrinin qurbanları çox vaxt qadınlar olur

Britaniya mətbuatı tükürpədici rəqəmlər açıqlayır: hər il «qeyrət üstündə», «ailə şərəfinə görə» 20 min qadın öz qohumları tərəfindən öldürülür. Qatillərin içində bütün dinlərin nümayəndələri var deyən bunu müsəlmanların üstünə atmaq olmur. «İnoPressa» saytı «The İnderperdent» qəzetinə istinadən yazdığına görə ekspertlər narahatdır ki, qloballaşma qol-budaq atdıqca qeyrət üstündə qətllər Avropada da yayılmağa başlayıb. Qadın hüquqları müdafiə cəmiyyətləri isə açıqlanan rəqəmlərin azı 4 dəfə az olduğunu deyir. Qurbanlar isə cavan qadınlar, qızlar, hətta yenietmələrdir. Ailə şərəfinə görə qadınların başını kəsir, yandırır, döyür, doğrayır, elektrikə qoşur, boğur və diri-diri basdırırlar.
Burunsuz qadınlar da xoşbəxtlik istəyir
«Onlar mənim burnumu və qulaqlarımı kəsəndə huşumu itirdim. Burnum elə bil ki, buzlu su ilə dolmuşdu. Gözümü açanda gördüm ki, hər yer qan içindədi» - əfqan qızı Aişə Bibi öz həyatını belə danışır. Onun 8 yaşı olanda atası qızını «Baad» cərəyanından olan bir taliba ərə verməyi vəd vermişdi. O, bu yolla, yəni «qan borcunu» verməklə düşmənçiliyi olan bir ailəylə yaxınlaşmaq fikrindəydi. 12 yaşına qədər qızı ailədə sanki at tövləsindəki kimi saxlayırlar. Çünki ərinin 10 qardaşının dalıyca yığışdırmaq lazım gəlirdi. 12 yaşında ərə gedəndən sonra mütəmati döyülmələr başladı. Döyülmələrə o biri qardaşlar da qoşulurdu. Bəzən Aişə günlərlə ayağa qalxa bilmirdi. Aişənin sonrakı əhvalatının iki versiyası var, hərəsi də müxtəlif mənbələrdən gəlir. Bəziləri deyir ki, guya Aişəyə qaçmağa 2 qoşusu kömək edir. Kandaqara köçəndən sonra isə onu aldadaraq satmaq qərarına gəlirlər. Bunu görən polis hər üçünü tutub türməyə salır. İkinci versiyaya görə isə Aişə qonşuya qaçır və qonşusu onu polisin əlinə verir. Polis də onu ailədən qaçdığına görə türməyə salır. Hər iki əhvalatın sonunda 3 illik türmə həyatı görünürdü. Aişə 4-5 ay yatandan sonra atası onu türmədən götürüb yenidən ərinə qaytarır. Bununla belə məhkəmənin qərarına görə evdən qaçan qadının burnu və qulaqları kəsilməliydi ki, ailənin üstündən ləkə götürülsün. Kəsilmə mərasimi Uzurqanda baş verir və bundan sonra əri onu qan içində qoyub çıxıb gedir. Aişə sağ qalmasına görə amerikalı əsgərlərə borcludur. Maraqlıdır ki, hospitalda müalicə aldığı 2 ay ərzində atası hər gün onun yanına gəlib onu ordan götürmək üçün qızına yalvarırdı. Aişə «Time» jurnalının üz qabığında şəkil çəkdirəndən sonra məsələ bütün dünyaya yayıldı. İndi Aişənin adam kimi yaşamaq və plastik əməliyyat vasitəsilə görkəmini bərpa etmək şansı əmələ gəlib. Amma o, hələ də təklifləri qəbul edib Amerikaya köçə bilmir. Çünki o, Əfqanstanın cənubundandır, ölkədən çıxmaq üçün əri, ya da atasından icazəsi yoxdur və hətta doğum haqqında şəhadətnamənin nə olduğunu bilmir. Bütün dünya bu əhvalatın sonun gözləyir.
Azərbaycanlılar dünyaya 9 dildə yalvarır
Keçən bazar, sentyabrın 12-də təbrizli, azərbacanlı xanım Səkinə Məhəmmədi-Aştianinin müdafiəsinə görə Parisdə, Respublika meydanında mitinq keçirildi. 43 yaşlı xanımı zinakarlıqda və ərinin ölmündə günahkar bilərək daşqalaq yoluylu edama məhkum ediblər. Onun 2 uşağı 16 yaşlı Fəridə və 20 yaşlı oğlu Səid dünya ictimaiyyətinə 9 dildə müraciət edərək kömək diləyiblər. 2006-cı ildən türmədə olanı Səkinənin hər an edam edə bilərlər. Maraqlısı odur ki, daşqalağa məhkum edilmiş qadın zina edərkən artıq dul idi. Amma onu nikahı olmadan kişiylə əlaqədə olduğuna görə öldürməyi lazım bilirlər.
Şəriətə görə zinaya görə daşqalaq edilmə cəzası var. Amma onun zinakarlığını 4 nəfər təsdiqləməli və şahidlik etməlidir ki, belə ağır cəzaya məruz qalsın. Günahı təsliqlənərsə məhkumu çalaya basdırır və elə ölçüdə daşlar seçirlər ki, 20 dəqiqə sürən edam prosesində məhkuma verilən əzab uzun çəksin və ölüm tez gəlib onun canını asanlıqla qurtarmasın. Əgər məhkhum çaladan çıxa bilərsə onu əvf edə bilərlər.
Qadınlar azalmır ki, azalmır
Qətllər o qədər dəhşətlidir ki, onları dalbadal sadaladıqda hər şey adiləşə bilər. Bu əhvalatlar bir-birinə bənzəyir və eyni zamanda qəddarlıq dərəcəsinə görə fərqlənir. İnsanlar ailə şərəfi, ləyaqət və sair bu tipli şeylərə görə bəzən ifrat dərəcədə nadan ola bilirlər.
İordaniya və Misirdə baş vermiş bir neçə hadisədə atalar öz qızlarını zorlayıb. Onlar hamilə qalandan sonra isə ailənin şərəfini qorumaq üçün onları öldürüblər. 16 yaşlı türk qızı Mədinə Mezmini cavan oğlanla dostluq etdiyinə görə diri-diri torpağa basdırıblar. 2008-ci ildə Somalidə 13 yaşlı Aişə İbrahim Duxulovu minlərlə adamın gözü qarşısında boğazacan torpağa basdırıb daşqalaq ediblər. 50 kişi zinakar elan edilmiş bu qızı huşu gedənədək daşlayandan sonra onu torpaqdan çıxarıblar. Ölmədiyini görəndən sonra isə yenidən basdırb daşlamaqda davam ediblər. Bu hətta daşqalaq edilmə qaydalarına da zidddir. Çünki qanunda deyilir ki, 20 dəqiqə daşlanandan sonra məhkum sağ qalarsa torpaqdan çıxıb canın qurtara bilər. Amma daşqalaq ediləndə də hər şey qadının məhvinə yönəldilir. Çünki kişini beləcən basdırırlar, qadını isə boğazınadək. Ona görə qadınlar bu əməliyyatdan sağ çıxmır. Daşqalaq edilmiş Aişənin günahı o idi ki, 3 kişi tərəfiindən oğurlanıb zorlanmışdı. Qızın qohumları bunu «Əl Şəbab» silahlı qruplaşmaya xəbər vermişdilər.
Pakistanda Dakar yaxınlığında su kanalında bir qadının meyiti tapılmışdı. Onu ikinci uşağını dünyaya gətirərkən öldürmüşdülər. Qadını baltalamamışdan əvvəl onun dodaqlarını və qulaqlarını kəsmişdilər. Qadının qanlı paltarının üstündə onun ilk uşağının meyiti uzadılmışdı. Doğulmağa macal tapmamış ikinci uşağın başı bayıra çıxıb oradaca qalmışdı. Müsəlman din xadimləri «lənətlənmiş qadın və onun bicbalalarını» dəfn etməkdən imtina etmişdilər.
Pencabda Mirval adlı kənddə 11 yaşlı oğlanı ona görə ittiham ediblər ki, 30 yaşlı qadınla gəzişərək bütün nəslinin adını batırmışdı. Buna görə onun 18 yaşlı bacısını bir qrup kişi zorlamalı idi. Sonra həmən yazıq qızı kəndin içndə çılpaq şəkildə gəzməyə məcbur elədilər. Cinayət faktını isə polis düz bir həftədən sonra qeydiyyata aldı.
17 yaşlı Deriya öz sinif yoldaşına vurulduğuna görə əmiləri və qardaşlarından ailənin namusunu yumaq üçün özünü öldürmək tələblərilə sms-lər alırdı. Qız dəfələrdə özünü öldürməyə cəhd eləmişdi. Nəhayət zorakılığa məruz qalmış qadınlar üçün sığınacaqda özünə yer tapa bildi. 2007-ci ildə Diyarbakırdan olan Murat Kara etiraf edir ki, 13 il əvvəl anası və əmilərinin əmrilə bacısını sevgilisilə qaçdığına görə öldürmüşdü. «Bacımı öldürənə qədər hətta qonşular da mənimlə daşışmaq istəmirdi. İmam isə deyirdi ki, bacımı bodürməsəm Allahın əmrindən çıxmış sayılacağam».
«Namus üstündə» yarlıkı ilə rəsmiləşmiş qətllər üzrə Türkiyə Pakistandan sonra ikinci yerdə durur. Türkiyədə «namus üstündə» baş verən qətlllərin çox hissəsini kürdlər törədir. Məhkəmələr isə «namus üstündə» qrifi altında keçənlərə çox yumşaq cəza verirlər. Məsələn, 2001-ci ildə İstambul məhkəməsi bacısını fahişəlik etdiyinə görə körpüdən tullamış 3 qardaşın ömürlük cəzasını 4 ilədək endirmişdi.
«Doaa Network Against Violence»in müxbiri Azo Kamal azır ki, 1991-2007-ci illər arası İrakın kürd əyalətlərində namus üstündə 12,5 min qadın öldürülüb. Ölənlərin bir çoxunu qohumları özünü öldürməyə məcbur edib. Namus üstündə «havalanma» təkcə kürdlərə xas deyil. Tikritdə yerli türmədə cəza çəkən qadın qardaşına deyir ki, gözətçi tərəfindən zorlanıb və hamilədir. Qardaşı gələn dəfə görüşə gələndə ailənin nəmusunu xilas etmək üçün bacısını yerindəcə güllələyir. 19 yaşlı Şabvo Əli Raufu isə öz qoşumları güllələdi. Onun mobil telefonunda naməlum nömrə tapılmışdı, ona görə.
25 yaşlı şairə Nadiyə Ancuman isə öz şeirlərinin qurbanı oldu. O, qəzəl janrında yazırdı. Qəzəllər isə adətən məhəbbətdən, sevgidən olar. Onun şeirləri qəmgin, mistik xarakterli idi. Uzun illər qadın onları gizlicə yazıb saxlayırdı. Taliban rejimi süqut edəndən sonra Nadiyə şeirlərini yığıb «Tutqun çiçək» («Gule Dudi») adlı kitab şəklində çap etdirdi. Bu onun sonuncu hərəkəti oldu. Çünki əri bunun üstündə onu öldürdü. Deyirlər ki, əri də diplomlu, oxumuş ədəbiyyatşünas imiş. Amma oxumuş kişi arvadına və onun qarnındakı 6 aylıq uşağa qıydı. Xalqın adətinə görə məhəbbət və gözəllikdn yazan qadın ailəsinə yalnız rüsvayçılıq gətirir. Bəsrədə 2008-ci iln statistikasına görə müsəlman libası geymədiyinə görə hər ay 15 qadın öldürürdülər.
Namus üstündə polisin də sözü keçmir
Qadın cəmiyyyətlərini hesablamalarına görə İordaniyada xristian azlıqları arasında (cəmi 5 milyon adam) namus üstündə öldürülmələr müsəlmanlar arasında olanlardan nisbətcə daha artıqdı. Əsasən qadınları müsəlmanlara ərə getmək istədiklərinə görə öldürürlər. Amma xristianlar bu barədə danışmır və dillərini dişləri arasında möhkəm saxlayırlar.
«Human Rights Watch» hüquq cəmiyyəti belə məsələlərdə polis və hüquq müdfiə orqanlarını etinasızlıqda ittiham edir. 2005-ci ildə qardış 17 yaşlı bacısını ona görə öldürmüşdü ki, qız hamilə idi. Amma o öz atasından hamilə qalmışdı. Zorakılıqdan sonra qız polisə müraciət etsə də onun ərizəsinə heç baxmamış və zorakı atanı heç dindirməmişdilər də. Namus üstündə qətllər hətta liberal Livanda da baş verir. Suriyanın ictimai təşkilatları qadın qətllərinə qarşı etiraz edəndən sonra isə qohumlarla nikahdankənar əlaqəyə görə cəzanı 2 ilə qədər artırdılar. İran və Əfqanıstanda isə namus üstündə qətllər qəbilələr arası baş verir. Rusiyada bu problem əsasən Çeçenistan ərazisində çox aktual olaraq qalır. Çeçen prezidenti Ramzan Kadırov hətta ailə namusu üstdə qətlləri dəstəklədiyini gizlətmir. Qroznıda 7 güllələnmiş qadının meyiti tapılanda heç bir sübut və dəlili olmasa da onları əxlaqsız həyat tərzinə görə öldürüldüklərini rəsmi qaydada dilinə gətirmişdi. Çeçenstanda başını bağlamamış qadınları küçədə peyntbol tüfənglərindən «güllləyirlər». Rəng atan «güllə»lərlə qadınları işarələyir, xəbərdarlıq edir, sonra isə döyürlər. Qara şüşəli, nömrəsiz maşınlar şəhərdə gəzir və elan olunmamış qərarların icrasını edirlər. Bunlar mobil telefona çəkilir və yayılır ki, cızığından çıxanlar az olsun.
10-12 yaşlı gəlinlər
Qadına qarşı zorakılq baş alıb gedən vaxt demək olmaz ki, qadınlar da əlləri qoynunda oturublar. Mübariz əhval-ruhiyyə 12 yaşlı qızın 80 yaşlı ərindən boşanma almağa nail olanda sonra lap gücləndi. Səudiyyə Ərəbistanından olan bu qızı keçən il üstündə 14,5 min funt cehizlə birgə ərə vermişdilər. Ümumiyyətlə Şərq ölkələrində qızları tez ərə vermək qəbul edilib. Bu yaxında Yəməndə 12 yaşlı qız zifaf gecəsi vəfat edəndən sonra çoxları yaş həddini dəqiqləşdirmək barədə düşünməyə başlayıb. Səudiyyə Ərəbistanında 8 yaşlı qız 47 yaşlı ərindən boşanmağa nail ola bilib. Qızın əri isə məhkəmədə arvadının həddi-buluğa çatacağı günü gözləmək təklifiylə çıxış edib. Boşanma qərarını əldə etmək asan olmadı. Çünki ərizəni verən qızın anası özü də boşanmış olduğından azyaşlı qızına himayədarlıq etmək hüququndan məhrum idi. Qızın atası isə «kürəkəninə» pul borclu olduğundan bu yolla canını borcdan və qızından da qurtarmaq istəyirdi.
Keçən il «Glamour» jurnalı «İlin qadınları» mükafatını 10 yaşlı yəmən qızı Nucud Əli və onun vəkili Sada Kaseriyə «Uşaqların müdafisinə ucalan səs» nominasiyasında layiq bildi. Nucud məktəbdə yaxşı oxuyurdu və Allaha dua edirdi ki, onu oxumağını qurtarmamış ərə verməsinlər. Amma ailədə 15 uşaqdan biri olduğundan artıq qarından izhal olmaq istəyən validenlərin fikri əsas götürülürdü. Nucudun 9 yaşı olanda onu 30 yaşlı kişiyə ərə verirlər və o, məktəbi atmalı olur. Ailədə seksual zorakılıqla üzləşəndən sonra o, başını götürüb birbaş məhkəməyə gedir. Kişinin müşayəti olmadan belə addım atmaq İslam ölkəsi üçün görünməmiş hadisə idi. Ölkənin qanunları kişiyə azyaşlı qızlarla evlənməyi icazə verir və amma o, arvadıyla intim münasibti o vaxt qura bilər ki, qadın fiziki cəhətdən buna hazır olsun. Bu prosesin udulması yəmən qadınının böyük qələbəsi idi. Bu prosesdən sonra məhkəməyə buna bənzər daha 3 iş də daxil oldu.
***
Hələ nə qədər qızlar İnternetdəki tanışlıqlarına görə, mobil telefonla danışdqılarına görə, radioda sevimli mahnısını sifariş verdiyinə, küçədə naməhrəmlə danışdğına görə, yaylığı yaxşı bağlamadığına, yaxud heç bağlamadığına görə zərər çəkəcək. Yaşadığımız dünya, başımızı dolandırdığımız cəmiyyət güclülərin qanunları əsaında işləyir. «Kim güclüdürsə o da haqlıdır!» şüarının altından hələ ki çıxa bilməmişik. Cəmiyyətdə əzələ yığınının sözü daha tez keçir. Qadınlarsa bu cəhətdən heç yarımayıb.

MÜƏLLİF: Gülnarə RƏFİQ

пятница, 23 июля 2010 г.

Mən ... olsa idim

uzanardım kəhrabaya çalan sarı qumun üzərinə və dünyanı vecimə almazdım. Düşünməzdim ki, məni bura zibil yeşiyi ilə səhv salıb atıb, ya da ekologiyaya ziyan vurur. Uzanardım və bu barədə qətiyyən düşünməzdim. Günəş də məni hər tərəfdən qızdırar, qovurardı. O insanlardı günəşdən qızarır, qarpız qabığı isə saralıb mövsümün sonunda sarı kəhraba qumdan fərqlənməz. Həmişə sahildə uzanıb, həmişə də üfunət iyi verirmiş kimi...

Qarpız qabığı olsaydım hamıdan fərqlənməyimi də özümə dərd eləməzdim. Arsızcasına qumun içindən boylanan bir dilim qabığa baxıb başını bulayanları da görməzdim. «Ətrafındakılar səndən fərqlidir», ya da «Mən ətrafımdakılardan fərqlənirəm» düşünəndə həqiqətən də dilimlənib, ağzının suyunu axıda-axıda yeyilmiş və sonra tullanmış qabıq kimi hiss edirsən. Onlar öyrənmək istəmir! Onlar bilmək istəmir! Onlar dünyanı ovcuna yerləşdirmək istəmir! Nə olsun? Bəs sən? Quma uzanıb şellənməkdən başqa nə etmisən? Onsuz da axırda hamı eyni rəngdə olur. Sahilin yaşıl rəngə boyandığını, qarpız kimi zolaqlı olmağını heç görmüsən?
Qarpızın nə vecinədir ki, ayaq altındadı. Hər gəlib-gedən ona bir təpik ilişdirir. Bura olmasın, yarım metr o yan olsun, orda uzanacaq. Qarpız qabıqları mitinq keçirməz, etiraz etməz, hüquqlarını tanımaz. Ona elə bil ki, əzəldən deyiblər, «Sən qarpız qabığısan, vəssalam. Qabığın isə cınqırı çıxmaz, qulağında sırğa elə», o da qəbul edib. Ona görə də rahatcana uzanıb və dəniz havası udur. O həyatından razıdır, çünki bir balaca tapdanmasına, bir balaca da çürüməsinə baxmayaraq dünyadan ləzzət alır. Bəzən insanların arzulayacağı bir ömür keçirir. Mən qamış çətir olsaydım yenə də dünya aləmi vecimə almazdım. Nə olsun ki, onun bünövrəsi var, gövdəsi metaldandı. Başı ki, qamışdandı. Onun başını hər il yeniləyirlər. Çünki çəngələnməkdən qamışları qırıq-qırıq olub sarı qumu zibilləyir. Çətir üçün nə fərqi var onu kim silkələyir, saçını yolur. İnsanlarmı, yoxsa küləklər. O özünü inandırıb ki, çox lazımlıdır. Bəlkə də fikir edir ki, nankor insanlara kölgə verərkən, onları günəşin zərbələrindən qoruyarkən saçını yolurlar. Çətirin vecinə olmaz ki, onu milismi çəngələyir, nazir, yoxsa tum satan. Hamının bir-birini çəngələdiyi dünyada o çox rahat yaşayır. Mən zibil yeşiyi olsadım beynimə doldurulan lazımsız informasiyalardan bezməzdim. Zibil yeşiyi bilir ki, onu heç olmasa arabir təmizləyəcəklər. Beynimdəki artıq-urtuq zibilləri bəs hara ötürüm? Düyü arıtlayırmış kimi «Bu mənimkidi, bax bu gəlmə fikirdi» deyib təmizlik aparım. Plastik vedrədən şəraitə uyğunlaşdırılmış çimərlik zibil qabları və hətta prezident iqamətgahındakı zibil yeşikləri arasında ciddi fərq yoxdu. Zibili içinə saldınsa sənə nə vaxta zibil yeşiyi də deyə bilərlər. Mən sahilə atılmış pivə butalkası olsaydım içimdəki boşluqdan xəcalət çəkməzdim. Mənə artıq söz deyənin üzünə durardım ki, içim çox lazımlı bir içkiylə doluydu. Nə olsun ki, kimsə dodaqlarını boğazıma dirəyib hamısını hərisliklə sümürüb. Ona görə də indi burda sarı qumun içində uzanıb gözləyirəm ki, məni bir də nə vaxt yada salarlar. Yada düşməsəm sınıb insanların ayaqlarına batacam. Qoy qan içində olsunlar, kəsik-kəsik olub məni ora-bura atmasınlar. Pivə butılkası üçün boş olmaq eyib deyil, çünki onu yığıb yenidən dolduracaqlar.
Dişlənib atılmış qarğıdalı olsaydım canımdakı diş yerindən utanmazdım. Çünki üstündə heç olmasa bir toxumu qalmış qarğıdalının gələn mövsumdə yenidən cücərmək şansı var. Atılmış qarğıdalı hələ bilmir ki, dəniz sahilində toxum cücərməz. Bilmir və ona görə də rahatcana uzanıb qumun üstünə. Əhvalının yaxşı zamanı olduğundan yanındakı günəbaxan tumuyla dostluq edə də bilir. İçi boş olduğuna görə külək bu tumu ora-bura qovur, hər dəfə yenisini gətirir. Qarğıdalı üçün fərqi yoxdur ki, dostu- günəbaxan tumunun içi boşdu, ya yox. Amma hətta quşlar bir neçə metrlikdən tumun içinin dolu, ya boş olduğunu görürlər. Mən sahili yalayan ləpə olsaydım hər dəfə qumu sərinlədib geri qayıdanda arxamca «yaltaqsan» deyən sahilin sözlərini guya ki, eşitməzdim. Qumlu sahil isə forsundan şişib «Mənə yaltaqlanırsa, umacağı var» deyəndə hər dəfə sahilindən bir ovuc qum oğurladığımı düşünüb gizlincə pıqqıldayardım. Ləpə olsaydım sahilin süründürməçiliyinə dözərdim. Çünki hirslənəndə özümdən çıxıb bütün çimərliyi dağıdacaq güc sahibi olduğumu bilirəm. Amma mən qarpız qabığı deyiləm! Nə küləklərin sındırdığı qamış, nə də içi boş günəbaxan tumu da deyiləm. Mən insanam! Ona görə də hər şey mənim vecimədir, hər şey mənə toxunur, düşündürür, addım atmağı sövq edir, müqavimət göstərməyə vadar edir. Düzdü, mən də bəzən dəniz sahilidə uzanmağı sevirəm. Kim deyir ki, dəniz sahilində mütləq insanlar uzanmalıdı? Yaxud sahildə şellənənlərin hamısı insandır?
MÜƏLLİF: Gülnarə RƏFİQ

пятница, 16 июля 2010 г.

Qız tələb olunur...

Azərbaycanda gender bərabərsizliyi: hansı cinsin hüquqları daha çox pozulur?

Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə özünəməxsus şəkildə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində bir-iki saat hərlənsələr, yanıldıqlarını anlaya bilərlər. Bütün küçələrə, binaların divarlarına, qapı-pəncərələrə, avtobusların şüşələrinə və metro vaqonlarına yapışdırılan saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Ki, ölkəmiz günü-gündən necə sürətlə inkişaf edir, hamıya iş yeri tapılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”. Azərbaycanda əhalinin 51 faizini təşkil edən qadınlar ümumi işçi sayı nisbətində kişilərə uduzsalar da, bəzi sahələrdə (təhsil, səhiyyə, ticarət və s) böyük üstünlük təşkil edirlər. Bu tendensiyanın bir müsbət cəhəti var- bu da ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını dürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, nə bilim, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan. Öz aramızdı, bunlar deyəsən Azərbaycanı ərəb ölkələri ilə səhv salıblar.

Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir, bu problemlə bağlı seminarları ərəb ölkələrində keçirməyə daha çoxehtiyac var. Azərbaycanda qadın hüquqları ta qədimdən bərqərar olub, qadına bizdəki qədər hörmət və ehtiram heç bir ölkədə yoxdur. Bu, qanunlarımızda da öz əksini tapıb”. (Nə təhər demişəm?!). Treynerin və seminar iştirakçılarının maraqla dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Cəmiyyətimizdə qadınların yeri o qədər də pis deyil. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə, o cümlədən digər sahələrdə qadınlar fəal işirak edir. Məsələn, cəmiyyətimizin ən aparıcı sahələri olan təhsil və səhiyyədə qadın kontingenti 70-80% təşkil edir.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda və digər ictimai yerlərdə qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə zaman əyləşərək getdiyini xatırlamıram. Bir qayda olaraq nəqliyyatda bütün oturacaqlarda qadınlar əyləşir, ayaqüstə gedənlərin də yarıdan çoxu qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin 2/3-si qadındır? Bunların çoxu işə və ya təhsil almağa gedənlərdir. Bir çox ailələri qadınlar dolandırır, yəni, ailənin başçısı qadındır.

Qəhraman qadınlarımız Dubaydan, Rusiyadan, Türkiyədən ölkəmizə blirsinizmi nə qədər para göndərirlər, bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların önəmli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.

İctimai tədbirlərdə, konsertlərdə və əyləncə mərkəzlərində də üstünlüyü zərif (etiraf edim ki, burada az qala çaşıb “zəif” deyəcəkdim, son yarımsaniyədə səhvimi düzəltdim) cinsin nümayəndələri təşkil edirlər. Elə gender probleminin müzakirə olunduğu bu salonda da qadınlar üstünlük təşkil edir. Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur”.

Təvazökalıqdan kənar olsa da qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda gurultulu və uzunsürən alqışlar başladı. Ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treynerazərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi...

Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi deyil”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil. Nədən danışırdıq, hara gəlib çıxdıq... Deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə əsas şərt olaraq qoyulduğunu soruşsam da, bu suala düz-əməlli cavab ala bilməmişəm. Bəzi xidmət obyektlərini yenə başa düşmək olar, şorgöz müştəriləri daha yaxşı xidmətlə cəlb etmək istəyirlər. (Amma onu da deyim ki, mağaza və ofislərdə manekenə və ya androidə oxşayan ədəbaz qızlar bir kişi müştəri kimi qətiyyən mənim xoşuma gəlmir. Bunlar ədabazlıqlarından adamı heç heyvan yerinə də qoymurlar). Təbii ki, qız-gəlinlərin hər cür işdə çalışması yaxşı haldır, amma elə işlər var ki, orada kişilər qadınlardan daha effektli iş görə bilərlər. Amma sən gəl bunu firma-şirkət sahiblərinə başa sal. Onlara desən ki, bütün dünyada işçiləri faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə və nəhayət şirkətə daha çox xeyir verdiyinə görə götürürlər, sənə gülər ki, a bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz.

Bir çox elanlarda və işə qəbul zamanı aparılan söhbətlərdə təkcə cinsi tələblər yox, həm də digər anormal şərtlər qoyulur. Yaş, gözəllik və ailə durumu kimi şərtlər bu qəbildəndir. Bütün bu elanları nəzərdən keçirərək tələb olunan kriteriyaları ümumiləşdirməyə cəhd etsək, onda təxminən belə bir nəticə alınar- “Şirkətə (adı əksər hallarda qeyd olunmur-müəllif) ali və ya orta təhsilli, 17-25 yaşlı qızlar tələb olunur. Ölçüləri- 90-60-90, saçları sarı, gözləri mavi və ya yaşıl, boyu 160-180 sm, çəkisi 55-60 kq. Evli olmasa və xarici dil bilsə yaxşı olar. Xaricdə işlə təmin olunması mümkündür. Maraqlananlar filan nömrəyə (adətən mobil nömrə olur) zəng edə bilərlər”. Vəssalam.

Bu tələblərə tam cavab verən qızlar yüksək əməkhaqqı ilə yüzlərlə, qismən cavab verənlər isə orta əməkhaqqı ilə onlarla iş tapa bilər. Digərləri hətta, “Oksford”un magistraturasını bitirmiş olsalar belə, narahat etməsinlər. Amma işə götürənlərin bir tələb yadlarından çıxıb ki, bu da sağlamlıq haqqında arayışdır.

Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır. Bu tendensiya bəzi “mətbuat orqanlarında” da müşahidə olunur. Məsələn, adı özlərindən başqa heç kimə məlum olmayan, ildə 1-2 dəfə 100 tirajla nəşr olunan “reket” qəzetlərin “moşşennik” rəhbərləri qeyd olunan tələblərə cavab verən qızları jurnalist vəsiqəsi ilə təmin edirlər və salırlar ölkənin canına. Rayonların birində idarə rəisi işləyən tanışımın sözlərinə görə, gün ərzində ən azı 5-10 bu cür zurnalist qapını döyür və pul dilənir. Pulun istənilmə formaları isə çox müxtəlifdir. Bəziləri həyasızlıqla, bəziləri şantajla, bəziləri naz qəmzə ilə, bəziləri də xahiş-minnətlə 5-10 manat qopara bilir. Onların əlində tutduqları gurultulu adı olan qəzetin ilk səhifəsində isə dövlət xadimlərinin iri şəkilləri olur. Bir sıra firma və şirkətlər isə bu cür qızları “arşınmalçı” vəzifəsinə qəbul edir və satılmayan malları əllərinə verərək küçələrə salır. Qapı-qapı düşüb bu malları (adətən bunlar kosmetika, paltar və parça, kiçik ev əşyaları olur) xalqa sırıyan cavan qızların qazancları özlərindən asılıdır. Onlara deyirlər ki, nə qədər çox mal satsan, o qədər də çox qazana bilərsən. Məsələn, 10 manatlıq malı 15 manata satsan 10%-i, yəni manat yarımı sənə çatır. Gündə 50 ədəd mal sat, 75 manat qazan. Bu isə bir il ərzində bir sərvət deməkdir. Bu qədər malı isə təbii ki, sırımaq mümkün deyil. Çünki Azərbaycanda o qədər hərif yoxdur.

Firmalar isə işçiləri şirnikləndirmək üçün qəliz texnologiyalar tətbiq edir, hətta bəzi hallarda onlardan daha çox fərqlənən bir-ikisini xarici ölkələrə “treninqlər”ə göndərir. Beləliklə, bu cür qeyri-qanuni işlə məşğul olanlar işlətdikləri əməkdaşlarla əmək müqaviləsi bağlamır və onların hüquqlarını kobud şəkildə pozurlar. Bundan başqa, belə fəaliyyətlə məşğul olan firmalar külli miqdarda vəsaiti vergidən yayındırmaqla, əslində, dövlət büdcəsindən oğurluq edirlər. Alıcılar isə, sonradan xarab və keyfiyyətsiz çıxan malları zibilliyə atmağa məcbur olurlar. Beləliklə, istehlakçı hüquqları da pozulmuş olur. Təəccüblüdür ki, ortada bu qədər qanun pozuntusu faktları olduğu halda, buna qarşı müvafiq orqanlar tərəfindən heç bir tədbir görülmür.

Qadın alveri məsələsinə gəlincə isə, onu demək olar ki, bu, daha geniş söhbətin mövzusudur və bu haqda mətbuatda kifayət qədər yazılar dərc edilib. Amma qeyd olunan sahədə durumu yaxşılaşdıracaq tədbirlər görülməyib. Son vaxtlar bir neçə nəfərin cinayət faktı ilə həbs edilməsinə baxmayaraq “qadın mafiyası” öz işindədir. Qaldı ki, iş elanlarının “qız” tələbinə, bu haqda düşünməyə dəyər. Çünki bu tendensiya bir az da davam etsə, Azərbaycanda kişilərə iş tapmaq ciddi problemə çevriləcək.

***

Bu yazı genderlə bağlı müsabiqə üçün hazırlanıb. Gender problemi dedikdə, Azərbaycanda əsasən, qadın hüquqlarının qorunması başa düşülür. Bu səbəbdən də belə müsabiqələrə qadın hüquqlarının pozulması faktlarından, cinsi ayrı-seçkilkdən, məişət zorakılığından filan yazmaq lazımdır. Lakin bu yazıda müəllif məsələyə qeyri-standart aspektdən, yəni tərs yöndən yanaşıb və gender bərabərliyi kontekstində işəgötürmə prosesi zamanı kişilərin hüquqlarının pozulduğunu qabartmağa çalışıb. Bu səbəbdən də, yazının müsabiqədə qalib gəlmə şansı öncədən əngəllənib. O zaman oxucular soruşa bilərlər ki, bəs onda nədən əziyyət çəkib bu boyda yazı hazırlamısan, üstəlik də, müsabiqəyə təqdim edirsən? Cavabım müsabiqənin nəticələri açıqlanandan sonra olacaq, əgər suala indi cavab verməmi təkidlə tələb edirsinizsə, o zaman məcburam öncədən üzr istəyərək son vaxtlar teleməkanımızdan leksionumuza zorla soxuşdurulan məhşur küçə jarqonu ilə cavab verim- bu yazını “mırta” yazdım!

MÜƏLLİF: Elçin BAYRAMLI

пятница, 9 июля 2010 г.

Tum çırtlayanlar

Rus yumoristləri qafqazlı obrazlarını yaratdıqda gürcülərin gülüş doğura biləcək qədər məğrur, ermənilərin hazırcavab, azərbaycanlıların isə gül alverçisi və ya arvad ölüsü olan kütbeyin simasını yaradırdılar. Çayxanalarda çay xortuldadan, böyük coşqu və həvəslə domino çırpan və ya başında yekə kepka, tində dayanıb təsbeh fırladan, damağında papiros oynadan və tum çırtlayan azərbaycanlı! Beləsini bizim qədər daha yaxşı tanıyan tapılmaz.

Bakının kəndlərində, “Sovetski” məhəlləsində, İçərişəhərdə, əyalətlərimizin rayon mərkəzlərində, çayxanalarda, kino-teatrların qarşısında, bazarlarda, içəri məhəllələrdə hər gün belə tiplərdən o qədər görürük ki- gözlərimiz “mazol” olub! Onlar çoxluq təşkil etməsələr də rusun gözündə bizim əsas və tipik obrazımızı formalaşdırırmışlar. Bilmirəm bunu sizlərə demişəm, ya yox, Sovetlər dövründə “sort- sort” bayramlarımız vardı. Birini də mən təklif etdim. Söz idi də, ağzımdan çıxdı. Tutdular quyruğundan ki, əla fikirdir. İti kimə sürüdərlər – öldürənə! “Çay bayramı”nın ssenarisini yazmağı tapşırdılar elə mənim özümə. Rayona təzə gəlmiş qazlı məzun ola, ona bir ortaya çıxartmalı iş tapşırıla. Sökdüm-tökdüm arxivi və öz aləmimdə “bomba” bir ssenari yazdım. Amma ssenari tam uğurlu qəbul edilmədi. Çünki orada Lənkərana ilk çay kolunu gətirmiş Novoseltsov adlı bir urus balası bunun adının “çay” olduğunu bildirəndə yadına axar çay düşən yerli “kətçibala” əvvəlcə onu dəli adlandırmışdı. Ssenari olmur, nə olursa-olsun: heç rusa “dəli “ demək olar?! Xoşa gəlməyən də elə bu idi. Əgər kommunist olardımsa, partbletim “uje” getmişdi atdanmağının dalıyca. Xülasə, raykomda məni cavan canıma bağışladılar və urusla bağlı maraqlı hissələri ssenaridən çıxartdılar. Ondan sonra az qala buna əmin olacaqdım ki, həqiqətən də rus xalqından bir kimsə dəli, başıxarab, xəstə ola bilməz. Bizim “Parni iz Baku” KVN uşaqları fürsətdən istifadə edib ruslara bunun cavabını vermək əvəzinə Bəhram Bağırzadənin ifasında kepkalı, təsbeh fırladan, damağında papiros oynadan və ya tum çırtlayan azərbaycanlı obrazını bütün dünyaya təqdim etdilər. Yenə də sağ olsunlar, nəhayət ki, indilərdə Vanonun ifasında bir pyaniskə orus obrazını da yarada biliblər, yoxsa təkbaşına rüsvay olub getmişdik. Amma əsas o idi ki, bunu Sovetlər dövründə yarada biləydilər. Özümüz-özümüzə şəbədə qoşmağı, “torba tikməyi” daha yaxşı bacarırıq axı. Ona görə də Bəhramın ifasında “tipik azərbaycanlı” adını almış bu cür obraz öz tərəfimizdən daha çox sevildi. Əslində isə bu tip azərbaycanlı heç nahaqdan yaranmamışdı. Onu başa düşmək lazım idi. Saatlarla gün altında işsiz-gücsüz qalıb öz bəxtini gözləyən, iş axtaran, Bakı kəndlərində istirahət etməyə gələnlərə ən “bezdarnı” işlərlə xidmət göstərməyə hazır olan bu “qarabala” gərək öz başına iri “erodrom kepka” qoyaydı ki, onu gün vurmayaydı da. Təsbeh zikr üçündür. Onunla mömin müsəlmanlar Allahın adlarını və bir sıra duaları müəyyən say qədər zikr edirlər. Duaların da səslənmə sayının öz hikməti var – bunu metaıfiziklər daha yaxşı bilər. Bu Qarabala dua-flan bilməsə də avaraçılıqdan təsbeh dənələrəini barmaqları ilə bir-bir ötürməli idi ki, vaxtı keçsin, əsəbləri sakitləşsin. Elə papiros fısqırtmasını da onun bekarçılığına bağışlamaq, məsuliyyəti isə onu bu miskin hala salan Sovet cəmiyyətinin üzərinə yıxmaq olardı. Amma bu tum çırtlamağı isə!..


TUM ÇIRTLAYANDA ÇƏNƏ İŞLƏYİR, BEYİN TORMOZLANIR


Mən bu tum çırtlamaq şakərini heç dostuma da bağışlamaram. Bu “uje” zatən avaraçılığın simvoludur. İş-güc adamı, çalışan şəxs, məşğul adam tum çırtlamaz. Məncə tum- dənə çırtlayan adamın o anda beyni tormozlanır, ən yaxşı halda düşüncələri kiçilir, xırdalanır və o daha da miskinləşir. İşsiz-gücsüz adam tum çırtlayanda passivləşir, onun təşəbbüskarlığı azalır, onu ətalət basır. İnanmayanlar bir “meşok” tum alıb “prob” edə bilər. Onun adına rəsmi ədəbiyyatda “günəbaxan tumu”, Bakıda “semiçka”, Muğanda “tum”, Lənkəranda isə “dənə” deyirlər. Onu daha çox bulvarın, stadionun, parkın, əyalətlərdə “palatka” toylarının girişində, kino-teatra yaxın ərazilərdə və yaşlı adamlar satırlar, yəni ağsaqqal, ağbirçək sayıla biləcək şəxslər. Millətin ki ağsaqqalı, ağbirçəyi camaata tum satırsa, bu halda gərək öz təpəni qaşıyıb bir anlıq “çorta” gedəsən. Mənim zənnimcə bu uşağa siqaret və ya spirtli içki satmaq qədər səhv hərəkətdir. Çünki tum çırtlamaq boş-bekarçılıq və zır avaraçılıq əlamətlərindəndir. Onun biznesi o qədər xırdadır ki, alıcının nəzərində həmin ağsaqqal və ya ağbirçəyi də kiçildir. Tum çırtlamağa daha çox qadınlar meyl göstərirlər. Açmasını vermirəm – çənə məsələsi! Yazıq çənə; həm danışır, həm də tum çırtlayır. Bu zaman o ağızdan ağıllı və fundamental hansısa fikirlərin çıxacağına əsla inanmağa dəyməz. Başqa millətlər təbiətin qoynuna baxışları ilə zövq almaq üçün gedər. Bizimkilər isə özləri ilə bir-iki kiloqram ağ və ya qara tum götürər ki, orada darıxmasın, hər şeyə tum çırtlaya-çırtlaya tamaşa edə bilsin deyə. Bəzən parkda və ya hər hansı bağda oturmuş qadın yığnaqları ilə qarşılaşdıqda adam hövl edir. Onlar qalxıb getdikdən sonra həmin əraziyə nəzər salan adam burada az qala bir polk əskərin tum çırtladığını zənn edər. Tumun qabığı da ki, hökmən yerə səpilməlidir. Bu hal bizimkilər üçün sanki tumu çırtlamaq instruksiyası kimi qəbul olunur. Hətta qarşılarında bir neçə zibil qabı qoyulsa belə bizimkilər hökmən tumu çırtlayıb yerə tökməlidir. Bunsuz sanki tum ləzzət vermir. Uzun illər Almaniyada yaşayan bir dostum Vətənə “qonaq” gəlmişdi. Onunla söhbətin bir məqamında soruşdum ki, oralarda heç azərbaycanlılarla rastlaşırmı və ya qarşılaşdığı şəxsin azərbaycanlı olduğunu necə müəyyənləşdirir. Əvvəlcə “Qarşılaşdığım şəxs təsbeh fırladırsa, deməli, azərbaycanlıdır” dedi. Sonra isə... Dedi ki, Frankfurtda ikən metronun qarşısında bir nəfərin işıq fənərinə söykənərək tum çırtladığını görüb. Heç də bizimkilər kimi qaraşın deyilmiş. Amma onun hökmən azərbaycanlı olacağına əminliklə yaxınlaşıb və “Yerlim, salam!” deyərək əl uzadıb. Zənni onu aldatmayıbmış. Bilirsiniz nə üçün? Çünki azərbaycanlıdan qeyri kimsə fənərə söykənərək tum çırtlamaz və qabığını yerə tökməz. Konsertə, teatra, futbola gedərkən özü ilə tum götürənlər, özlərini orada ala biləcəkləri mənəvi zövqdən ən azı 50% məhrum edirlər. Vallah bu tum şoğəribi çırtlayan şəxsin həmin məqamda beyni xumarlanır və onun düşüncə aparatının fəaliyyəti zəifləyir.Bu zaman adronalin ifrazı başlayır və adam ən yaxşı halda özü üçün əylənir. Əyləncə halında tamaşanın və ya mahnının hansı estetikasından, fəlsəfəsindən danışmaq olar? Deyəsən bizimkilərin tuma olan məhəbbətinin böyüklüyünü nəzərə aldıqları üçün əcnəbi iş adamları tumun da sivil formasını kəşf etməyə başlayıblar. “Ciko”, “Lokomka”, “Beloçka”,.. Onların da gücü tum satan Məsmə xalaya çatdı. Xüsusi sarofan qablara yığılmış ağ və qara dənələrin adı dəyişib “sovremenni” və nədənsə həm də rusca olub. Bu isə ona meyilli olanların sayını daha da artırıb. “Ciko”ya aid hətta rəngbərəng reklam rolikləri də çəkilib. Birisi də belədir: kadrda görünən tipik “milisioner”, çörəkpulu qazanmaq üçün bulvara çıxır və kol dibindən güdərək oturmuş qız və oğlan ayaqlarını görür. Onların başının üstünü kəsdirəndə məlum olur ki, azərbaycanlı sevgililər bulvara çıxıb sevişmirmişlər, sadəcə, “Ciko” çırtlayırmışlar (?!). Bu “milisə” – yəni polisə çörək pulu əvəzinə “Ciko” verən “sevgililər” onu xoşbəxt edirlər.


TUM ÇIRTLAYAYANLARIMIZIN ZÖVQÜ


Tum çırtlamağa ifrat aludəçiliyin nəticəsidir ki, aşağı təbəqəyə layiq bilinən insanlarımız sayca daha çoxdur. Başqa xalqlarda da bu təbəqə var. Ancaq bizdə daha böyük faiz təşkil edər. Çünki bizim qədər öz asudə vaxtını daha səmərəli təşkil edə bilməyən bir ayrı milləti heç bədəvi ərəblərin sırsında da tapmaq olmaz. Bizim xalqın böyük əksəriyyətinin nəzərində əsil istirahət, asudə vaxtın ən yaxşı təşkili yalnız yemək-içməkdən, yatmaqdan, əyləncə və ya seksdən ibarətdir. Buna səbəb heç də maddi cəhətdən kasadçılıq deyil. Mən o qədər imkanlı adam tanıyıram ki, ömrü boyu heç üç ölkə, üç özgə şəhər görməyib, dünyanın ən məşhur turizm mərkəzlərini tanımır, ikinci bir dil bilmir, kino incəsənətini və futboldan savayı, hər hansı bir digər idman növü barədə üç kəlmə danışa bilməz. Deməli, söhbət heç də imkansızlardan ibarət deyil, orada imkanlılar da böyük faiz təşkil edirlər. Onların mədəni səviyyəsi “Biləcəridən o tərəfə” keçə bilməz. Keçsə də Rusiyanın və digər ölkələrin hökmən bazarlarında ilişib qalacaq. Elələrinin kitab oxuduğunu görmüsünüzmü? O, özünün asudə vaxtını hökmən balkonda durub tum çırtlamaqla və küt baxışlarla aşağıları seyr etməklə keçirir. Millətin qeyd etdiyim təbəqəsinin mənəvi cəhətdən aşağı səviyyədə olmasının nəticəsidir ki, Rəqsanə kimi oxuyançılar özlərini millətə populyar xanəndə kimi sırıya bilir. Gör bu təbəqənin səviyyəsi nə qədər aşağı düşüb ki, Rəqsanənin və ya Zülfiyyənin hamilə olması, bic doğması, atasının kimliyi və doğuş yeri onun əsas maraq obyektinə çevrilmişdi! Bundan oyanası yoxdu-ye! Asudə vaxtını tum çırtlamaqla mənalandıran toplumdan daha nə gözləyəsən? Əgər qədim zamanlara qayıtmaq mümkün olsa və hansısa padşahın qulağına pıçıldasan ki, onun qarşısında göbək atan, mahnı oxuyan, mütrüflük edən bu adamların vaxt gələcək əcdadları cəmiyyətin ən hörmətli, populyar, imkanlı və qüdrətli şəxsiyyətləri olacaq, yeni nəsil onları özünə kumir seçəcək, onlar kimi geyinəcək, duşunəcək, danışacaq, davranacaq, inanın ki, həmin padşah belə cəfəng fikrə ya inanmayıb bizim başımızı üzməsi üçün üç dəfə əlini əlinə çırpacaq və cəlladı çağıracaq, ya da buna inanarsa, o dəqiqə bağrı çatlayıb öləcək. Bizim camaat öz asudə vaxtını eyş-işrətdə, yeyib içməkdə və ya tiryək atmaqda, nəşə çəkməkdə, ən “kulturnu” formada desək, dənə (tum) çırtlamaqda keçirtməklə gəlib o zamana çatıb ki, orada Rəqsanə kimi birisi ictimai fikri bərk məşğul edə bilir. İşə bax ki, şou-biznes “q...”lərin və “p...”ların oylağına çevrilib! Bu məmləkətin alimləri, siyasiləri, yazıçıları, mütəfəkkir şəxsiyyətləri nə üçün damarlarına lezva çəkmir əvvəllər heç anlamırdım! İndi belə başa düşürəm ki, hamını kitabdan uzaq düşüb, məhz asudə vaxtında tum çırtlaması belə bivec və təpərsiz edib. Tum çırtlaya-çırtlaya qarabağlılar torpaq dərdini həzm etməyə alışdılar.Əlbəttə, iddia edə bilmərik ki, ölkədə günəbaxan əkini dayandırılsın, xaricdən tum dəstlərinin gətirilməsinə və ya istehsalına qadağa qoyulsun. Günəbaxan tumundan eyni adlı yağ alınır ki, bu yağ olmasa millət “peraşkini” məcbur olub kərə yağında bişirər, bu isə onun maya dəyərini artırmış olar. Amma millətin ziyalılıq səviyyəsini də unutmaq yolverilməzdir. Ona görə də, sadəcə, millətə aşılamaq lazımdır ki, bu tum ki var, o, adamı kütbeyin, bivec və əbləh edir, vəssəlam! Mən belə düşünürəm! “Daloy” tum! ”Ancaq işə bax ki, indi tumu hətta cənab hesab edib “Mister tum” istehsal edirlər. Bu artıq filmin sonudur! İndi tuma “mister” deyilirsə, deməli, sabah-birisi gün bəy, xan, ağa, hətta müəllim də deyiləcək! İnanmırsınız?!

* * *

P.S. Sovet dövründə bizim dağ kəndlərindən birindəki “Qarabala” əskərlikdən özü ilə bir rus qızı gətirir. “Sarı gəlin” nahar süfrəsində ağ bir şey görür. Hamı kimi o da bundan yeyir. Günorta süfrəsində də bu azbesə oxşayan şeydən qoyulur. Eləcə axşam süfrəsində ailə üzvləri əsasən bu “ağ şeydən” çörək arasına qoyub yeyirlər. Hər gün beləcə. Üç gündən sonra rus qızı aradan çıxır. Gedərkən bir balaca “zapiska” saxlayır: “Mamed, mən getdim. Sizdən narazılığım yoxdur, amma o azbesdir-nədir, sizin axırınıza çıxacaq!”Tum da eləcə!


MÜƏLLİF: Hafiz MİRZƏ

четверг, 1 июля 2010 г.

Dahiliyin seksual cazibəsi

Alimlər qadınların dahilərə marağının səbəbini tapıblar

«Məlim balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var: elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi, abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir». Valeri Larbo

Ağıllı kişilərdən kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və çox vaxt pinti görkəminə baxmayaraq, yanılmadan adi kişini dahidən ayıra bilir.

Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi Aureliano adlandırılırdı. Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz. Hər şeyin çox sadə izahı var.

İntellektual kişi hər şeyə yarayır

Hamı yanındakı kişini Hollivud aktyoru görkəmində və Nobel mükafatı laureatı statusunda görmək istərdi. Amma belələri çox nadir hallardı rast gəlinir deyə qadın ömrünü bu «fiks ideya»ya sərf eləyə bilməz. Ona görə də qadınlar həyatda seçim qarşısında qalıb əziyyət çəkirlər: bilmirlər daha gözəlini, yoxsa daha ağıllısını seçsinlər. Həyat göstərir ki, çoxları birinci varianta üstünlük verir. Yüksək intellektli kişini ər kimi görmək istəyənlərdən başqa əksəriyyəti onları daha çox ötəri əlaqələrdə personaj və məşuq rolunda təsəvvür eləyir. Qadınlar daimi münasibətlərdən danışırsa, ailənin qayğısına qalmaq məqsədilə ağla üstünlük verir. Yəni ki, ağıllı kişi ailəsini dolandırmağın yolunu tapar. Bir də ki, ağıllı atadan olan uşaqların atalarına çəkərlərsə, heç olmasa 50 faiz ağıllı doğulmaq şansı var.
Soruşa bilərsiz, «Bəs qısa seksdə, gələcəyi olmayan münasibətlərdə kişinin ağıllı olması nəyə lazımdı ki?» Axı qadın təsadüfi münasibətlərdə parlaq intim təssürat axtarır. Bu məsələlərdə isə bilirsiz ki, beynin əqli imkanı o qədər də önəmi faktor deyil. Buna baxmayaraq, qadının seçim imkanı olsa, heç vaxt intelligenti qoyub debili seçməz. Hətta bilsə ki, seçmədiyi yorulmaz seks maşınıdır. Niyə?

Açılmaz sirlərdən biri

Tapmacanın açmasını Nyu Meksika Universitetinin psixoloqu Joffrey Miller, deyəsən, tapıb. Daha doğrusu, qadınların ağıllı kişilərə olan marağının bioloji əsaslarını ortaya çıxarıb. Alim yeni təcrübələr qoymadan artıq aparılmış müşahidələrin nəticələrini bir daha araşdırıb. 1985-ci ildə həkimlər Vyetnam müharibəsinin veteranlarını öyrənəndə onlar kişilik toxumu və intellekt testlərini vermişdilər. Məlum olmuşdu ki, kişinin nəsil vermə aktivliyi onun intellekti ilə tam mütənasibdir. Alimlər hətta deyir ki, intellekt və reprodiktiv qabliyyətə görə eyni genin cavabdeh olduğunu öyrənsələr, heç təəccüblənməzlər. Ona görə də fərz olunur ki, qadın şüuraltı səviyyədə partnyorunu dəyərləndirəndə, onun yaxşı nəsil vermə qabiliyyətini də müəyyən eləyə bilir. Çox guman ki, qadınlar bunu evolyusiyanın çağdaş vaxtlarında insanların yaşama instinkti nəsil vermədən asılı olan zamanlarda öyrəniblər. Düzdür, bu kamil mexanizmin əldə olunması bəşəriyyətin açılmaz sirlərindən biri kimi qalır.

Obrazların həyatını yaşayarkən

Bəlkə dahilərin yaratdıqları obrazlar oxucusunun, dinləyicisinin ürəyinə girir deyə personasına marağı artırır? Şekspir və Evripidin obrazlar qalereyasına baxaq. Sonsuz sayda rəngarəng obrazları yaratmaqçün həmin obrazı tanıyıb bilmək lazımdı ki, onun düşüncələrindən, psixoloji sarsıntılarından yazmaq olsun. İnsanı anlamaq onu içində gəzdirmək deməkdir. Höte deyib ki, günah və cinayətlərin içində onun anlaya bilməyəcəyi, ya da meyl eləmədiyi bir şey çətin ki, tapılar. Ehtirasdan qətllərin motivlərini çox yaxşı başa düşən Emil Zolya özü heç vaxt belə qətllərə qol qoymazdı. Çünki içində bundan əlavə başqa keyfiyyətlər də var. Dahi insan daha mürəkkəb və daha çoxşaxəlidir. Şekspirin qadınları onunla birgə Falstafın şitliyini, Yaqonun alçaqlığını, Kalibanın kobudluğunu da sevməli olur. Bu bucaq altında baxanda dahi şəxsiyyətlərin həyatındakı ən alçaq və ən güclü ehtiraçlarının səbəbini anlamaq olar. Bunu onların bioqrafiyaları təsdiqləyir. Bu yaxınlarda Rusiya televiziya kanallarında seksual cazibəsiylə seçilən bakılı akademik Landau (Bakının suyunu içib, ona görə) haqqında çəkilmiş film böyük disskussiyalar doğurub. Filmə inansaq, Landau hətta xəstəxanada yarıhuşlu vəziyyətdə, hətta ayın tarixlərini unutduğu vaxtlarda belə şəfqət bacılarını yanından narazı buraxmayıbmış. Landaunun arıq, çəlimsiz bədəni, yoxsa burnunun ucundan o yana görməyən gözləri onları cəlb eləmişdi?

Bəşəriyyətin genetik potensialı nə yerdədir?

Amerikadı jurnalist Devid Plots 28 il əvvəl başlamış layihənin nəticələrini yekunlaşdırıb. Təcrübə Nobel mükafatı laureatları və gözəl qadınlardan süni mayalanma yoluyla fölqəlağıllı uşaqların doğulmasını nəzərdə tuturdu. Layihənin əsas ideoloqu plastik linzaların satışıyla varlanmış multimilyoner Robert Qrehem layihənin nəticələrində heç şübhə də eləmirdi. Nobelçiləri yola gətirmək kimi ən çətin işi də o özü görmüşdü. Qiymətli kolbaları əldə ediləndən sonra 1980-ci il fevralın 29-da qəzetlər «Bəşəriyyətin genetik potensialının zənginləşməsi layihəsi» adı altında material çap elədi. Donorların anonimliyi saxlanırmış deyə, nobelçilərin nə qədər olması dəqiq məlum deyil. Amma jurnalist Devid Plots 3 namizədin taleyini dəqiq öyrənib. 1999-cu ildə ideya müəllifinin ölümü ilə əlaqədar bu bank dağıldı. Bu illər ərzində 200-ə qədər uşaq artıq doğulmuşdu. Onlardan heç kim dahi şəxsiyyət ola bilmədi. Yalnız biri Doron Bleyk ümidverici uşaq kimi böyüyürdü. O, 2 yaşında kompüterdən istifadə eləyir, 3 yaşında Şekspiri oxuyur, yeniyetməlikdə isə intellekt testi 180 bal idi (adi adamlarda bu göstəirci 100 bal orta nəticə götürülür). Amma o da böyüyən kimi oxumağın daşını atarak hippiliyə aludə olub, spiritizmlə məşğul oldu. Görünür ki, ideya tamamilə iflasa uğramışdı. Bu yerində Bernar Şou və məşhur balerina Aysedora Dunkan arasında olan dialoqu yada salmaq yerinə düşərdi. Balerina yazıçıya dünyaya uşaq gətirməyi təklif eləyir: «Təsəvvür edirsiz, o, mənim bədənimi və sizin ağlınızı daşıyacaq». Şou cavab verir: «Birdən onda mənim ayaqlarım və sizin ağlınız olsa, necə olar?» Bəlkə gözəl yox, ağıllı qadınları mayalandırmaq lazım idi? Bəlkə dahilər doğurmaqçün daha nələrsə lazımdır? Bu sualların cavabını bəşəriyyət hələ ki bilmir…

Sublimasiya - hisslərin qarşısında çəkilmiş bənd

Sublimasiya (yəni seksual enerjinin başqa istiqamətə yönəldilməsi) adlı termini gündəmə psixoanalizin atası Freyd gətirib. O, təkid eləyirdi ki, insan hər şeyi seks xətrinə edir. Həyat haqqında məşhur ifadəni dəyişdirib freydsayağı «Həyatda yeganə məmnunluq hissi yalnız yaxşı seksdən sonra olur» kimi də deyə bilərik. Freyd cinsi instinktlərdən qaynaqlanan enerjinin əsas olduğunu iddia edərək bəşəriyyətin stimulu olduğunu deyir.
Təbiət bizə hisslərlə bərabər kimyəvi laboratoriya da verib. Ayrılıqda tamamilə zərərsiz olan elementlər birləşsə, zəhər yarada bilər. Bu kimyəvi prosesləri işə salan emosiyalar da həmin elementlərdən insanı dahiyə, təkrarsız, sehrli insana, eləcə də ehtirasdan və qısqanclıqdan yanan vəhşiyə də çevirə bilər. Seksual hisslər bəzi təsvirəgəlməz hallara gətirir. Amma bəzi nadan insanlar bunu nəfsin diqtəsi, şəhvətlə səhv salırlar. Bu hissin diqtəsilə insan təxəyyül, inadkarlıq, görünməmiş yaradıcı imkanlarını inkişaf etdirə bilər. Duyğular insanı o qədər qəsb eləyə bilər ki, o, cəmiyyətdə yeri, reputasiyası ilə risk eləyər. Onları cilovlayıb istiqamətləndirməyi bacarmayanlar əsir düşmək riskini yaşayır. Amma duyğularını cilovlamaq yoluyla açılmış yaradıcılıq qabiliyyəti ədəbiyyat, təsviri sənət, musiqi, hətta biznesdə də fantastik nəticələrə gətirir. Bunu bir növ sürətlə axan çayın qabağını bəndlə kəsib süni göl yaratmağa bənzətmək olar. Amma burdakı su da nə vaxtsa axıb çıxmalıdır. Yenə də alimlərə inansaq, cəmiyyətdə ən yaxşı nəticələri seksual instinkləri yaxşı inkişaf etmiş insanlar əldə eləyir. Dünyada milyoner olmuş, ədəbiyyat, memarlıq, hətta sənayedə geniş populyarlıq qazanmış fərdlər həm də sevgi olimpinin zirvəsindədirlər. Bunu 2 min il ərzində tədqiq edilmiş tarix kəsiyi də sübut eləyər. Söhbət parlaq şəxsiyyətdən gedirsə, - istər qadın, istər kişi olsun, - dahi nailiyyətlər həm də duyğuların da yüksək səviyyəsindən danışır. Bunu hər kəs öz üzərində də yoxlaya bilər, əlbəttə, sizi iflic vurmayıbsa…

O dünyanın yolu

Ağlı başında olan insan mütləq soruşar ki, bəs dahi şəxsə ortabab insanlarla münasibətin nəyi maraqlı ola bilər? Seks vasitəsilə sıravi insanların əli çatmayan bilikləri necə əldə eləmək olar? Hamı bilir ki, insanda altıncı duyğu var. Buna təxəyyül də demək olar. Bəziləri ömrünün sonuna kimi bunun nə olduğunu bilməyib, heç dadına da baxmayıblar. Təxəyyülünü işlətməyi bacaranlara dahi və istedadlı insanlar deyirik. Təsəvvür, xəyal, təxəyyül Ali Şüur və fani insan arasında birbaşa çəkilmiş yoldur. Bu yol həm də başqa insanların bacarıqları və fikirlərinə, onların topladıqları informasiya bankına yol açır. Altıncı duyğu adi insanı dahi şəxsiyyətdən ayıra bilən sərhəddir.

Dünyanı hisslər idarə edir

Tarix dahi insanlara qadının heyranedici təsirinə nümunələrlə doludur. Nə qədər ki, Napaleon Bonopart Jozefinasının sevgisilə yaşayırdı (paralel olaraq qadının kimləsə sevişməsi də ona maneə deyildi), məğlubedilməz idi. Jozefinadan ayrılan kimi onun günəşi qüruba doğru getdi. Təbiətcə çox seksual sayılanların içində Corc Vaşinqton, Uilyam Şekspir, Endryü Cekson, Enriko Karuzo da var. Onları çox seksual şəxslər kimi tanıyırlar. Təbii ki, bu, artıq sublimasiya süzgəcindən keçmiş seksual enerjidir. Tulus Lotrekin eybəcərliyi ona qadın kolleksioneri olmağa maneə deyildi. Balzak isə axsaqlığını gizləməkçün yerimək əvəzinə qaçırdı. Onun qadınlarının sayını hələ ki, dəqiq bilən yoxdu. Tosqun, buruqsaç Dümanın qadınlarını kitablarıyla eyni sayda bilirlər. Təxminən 600-dən yuxarı. Onları heç maraqlandırmırdı ki, Dümanın damarlarında həbəş qanı axır. Bu siyahını daha böyük və daha geniş eləmək olardı. Amma siz bəşəriyyət tarixində irəli çıxmış bir şəxs göstərə bilməzsiz ki, seksual imkanları çox aşağı olsun. Seçilmişlərin içində bir nəfər də impotent tapmaq mümkün deyil.
Kim nə deyir, desin, dünyanı insan hissləri idarə eləyir. İnsan şüuru həmişə kənardan təsirə ehtiyac duyur. Hər yeni tapıntının başında bir sevgi macərası, hər ixtiranın özəyində yaşanmış real əhvalat dayanır. İnsan sevgidən, duyğulardan sərxoş ola bilir. İnsan nə dahi olmaq iddiasından, nə də seksdən əl çəkə bilir. Bizdə bu barədə danışmağı sevmirlər. Yəqin hamı hiss eləyir ki, danışası mövzu deyil, ya da ayıbdır. Rəşid Behbudovun qadınsevərliyini pis keyfiyyət kimi qələmə vermək, ya da Üzeyir bəyin həyatsevərliyini pis yozub gizli saxlamaq da bizə başucalığı gətirməz. Yəqin bu mövzuda sakit, təmkinli və bir qədər də yumorla danışmağı biz hələ çox öyrənməli olacağıq. Amma biləsiz, ağzı açmadan dişləri müalicə eləmək mümkün olmayacaq…

Müəllif: Gülnarə RƏFİQ