…uzanardım kəhrabaya çalan sarı qumun üzərinə və dünyanı vecimə almazdım. Düşünməzdim ki, məni bura zibil yeşiyi ilə səhv salıb atıb, ya da ekologiyaya ziyan vurur. Uzanardım və bu barədə qətiyyən düşünməzdim. Günəş də məni hər tərəfdən qızdırar, qovurardı. O insanlardı günəşdən qızarır, qarpız qabığı isə saralıb mövsümün sonunda sarı kəhraba qumdan fərqlənməz. Həmişə sahildə uzanıb, həmişə də üfunət iyi verirmiş kimi...
Qarpız qabığı olsaydım hamıdan fərqlənməyimi də özümə dərd eləməzdim. Arsızcasına qumun içindən boylanan bir dilim qabığa baxıb başını bulayanları da görməzdim. «Ətrafındakılar səndən fərqlidir», ya da «Mən ətrafımdakılardan fərqlənirəm» düşünəndə həqiqətən də dilimlənib, ağzının suyunu axıda-axıda yeyilmiş və sonra tullanmış qabıq kimi hiss edirsən. Onlar öyrənmək istəmir! Onlar bilmək istəmir! Onlar dünyanı ovcuna yerləşdirmək istəmir! Nə olsun? Bəs sən? Quma uzanıb şellənməkdən başqa nə etmisən? Onsuz da axırda hamı eyni rəngdə olur. Sahilin yaşıl rəngə boyandığını, qarpız kimi zolaqlı olmağını heç görmüsən?
Qarpızın nə vecinədir ki, ayaq altındadı. Hər gəlib-gedən ona bir təpik ilişdirir. Bura olmasın, yarım metr o yan olsun, orda uzanacaq. Qarpız qabıqları mitinq keçirməz, etiraz etməz, hüquqlarını tanımaz. Ona elə bil ki, əzəldən deyiblər, «Sən qarpız qabığısan, vəssalam. Qabığın isə cınqırı çıxmaz, qulağında sırğa elə», o da qəbul edib. Ona görə də rahatcana uzanıb və dəniz havası udur. O həyatından razıdır, çünki bir balaca tapdanmasına, bir balaca da çürüməsinə baxmayaraq dünyadan ləzzət alır. Bəzən insanların arzulayacağı bir ömür keçirir. Mən qamış çətir olsaydım yenə də dünya aləmi vecimə almazdım. Nə olsun ki, onun bünövrəsi var, gövdəsi metaldandı. Başı ki, qamışdandı. Onun başını hər il yeniləyirlər. Çünki çəngələnməkdən qamışları qırıq-qırıq olub sarı qumu zibilləyir. Çətir üçün nə fərqi var onu kim silkələyir, saçını yolur. İnsanlarmı, yoxsa küləklər. O özünü inandırıb ki, çox lazımlıdır. Bəlkə də fikir edir ki, nankor insanlara kölgə verərkən, onları günəşin zərbələrindən qoruyarkən saçını yolurlar. Çətirin vecinə olmaz ki, onu milismi çəngələyir, nazir, yoxsa tum satan. Hamının bir-birini çəngələdiyi dünyada o çox rahat yaşayır. Mən zibil yeşiyi olsadım beynimə doldurulan lazımsız informasiyalardan bezməzdim. Zibil yeşiyi bilir ki, onu heç olmasa arabir təmizləyəcəklər. Beynimdəki artıq-urtuq zibilləri bəs hara ötürüm? Düyü arıtlayırmış kimi «Bu mənimkidi, bax bu gəlmə fikirdi» deyib təmizlik aparım. Plastik vedrədən şəraitə uyğunlaşdırılmış çimərlik zibil qabları və hətta prezident iqamətgahındakı zibil yeşikləri arasında ciddi fərq yoxdu. Zibili içinə saldınsa sənə nə vaxta zibil yeşiyi də deyə bilərlər. Mən sahilə atılmış pivə butalkası olsaydım içimdəki boşluqdan xəcalət çəkməzdim. Mənə artıq söz deyənin üzünə durardım ki, içim çox lazımlı bir içkiylə doluydu. Nə olsun ki, kimsə dodaqlarını boğazıma dirəyib hamısını hərisliklə sümürüb. Ona görə də indi burda sarı qumun içində uzanıb gözləyirəm ki, məni bir də nə vaxt yada salarlar. Yada düşməsəm sınıb insanların ayaqlarına batacam. Qoy qan içində olsunlar, kəsik-kəsik olub məni ora-bura atmasınlar. Pivə butılkası üçün boş olmaq eyib deyil, çünki onu yığıb yenidən dolduracaqlar.
Dişlənib atılmış qarğıdalı olsaydım canımdakı diş yerindən utanmazdım. Çünki üstündə heç olmasa bir toxumu qalmış qarğıdalının gələn mövsumdə yenidən cücərmək şansı var. Atılmış qarğıdalı hələ bilmir ki, dəniz sahilində toxum cücərməz. Bilmir və ona görə də rahatcana uzanıb qumun üstünə. Əhvalının yaxşı zamanı olduğundan yanındakı günəbaxan tumuyla dostluq edə də bilir. İçi boş olduğuna görə külək bu tumu ora-bura qovur, hər dəfə yenisini gətirir. Qarğıdalı üçün fərqi yoxdur ki, dostu- günəbaxan tumunun içi boşdu, ya yox. Amma hətta quşlar bir neçə metrlikdən tumun içinin dolu, ya boş olduğunu görürlər. Mən sahili yalayan ləpə olsaydım hər dəfə qumu sərinlədib geri qayıdanda arxamca «yaltaqsan» deyən sahilin sözlərini guya ki, eşitməzdim. Qumlu sahil isə forsundan şişib «Mənə yaltaqlanırsa, umacağı var» deyəndə hər dəfə sahilindən bir ovuc qum oğurladığımı düşünüb gizlincə pıqqıldayardım. Ləpə olsaydım sahilin süründürməçiliyinə dözərdim. Çünki hirslənəndə özümdən çıxıb bütün çimərliyi dağıdacaq güc sahibi olduğumu bilirəm. Amma mən qarpız qabığı deyiləm! Nə küləklərin sındırdığı qamış, nə də içi boş günəbaxan tumu da deyiləm. Mən insanam! Ona görə də hər şey mənim vecimədir, hər şey mənə toxunur, düşündürür, addım atmağı sövq edir, müqavimət göstərməyə vadar edir. Düzdü, mən də bəzən dəniz sahilidə uzanmağı sevirəm. Kim deyir ki, dəniz sahilində mütləq insanlar uzanmalıdı? Yaxud sahildə şellənənlərin hamısı insandır?
MÜƏLLİF: Gülnarə RƏFİQ
Комментариев нет:
Отправить комментарий