Azərbaycanda gender bərabərsizliyi: hansı cinsin hüquqları daha çox pozulur?
Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə özünəməxsus şəkildə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində bir-iki saat hərlənsələr, yanıldıqlarını anlaya bilərlər. Bütün küçələrə, binaların divarlarına, qapı-pəncərələrə, avtobusların şüşələrinə və metro vaqonlarına yapışdırılan saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Ki, ölkəmiz günü-gündən necə sürətlə inkişaf edir, hamıya iş yeri tapılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”. Azərbaycanda əhalinin 51 faizini təşkil edən qadınlar ümumi işçi sayı nisbətində kişilərə uduzsalar da, bəzi sahələrdə (təhsil, səhiyyə, ticarət və s) böyük üstünlük təşkil edirlər. Bu tendensiyanın bir müsbət cəhəti var- bu da ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını dürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, nə bilim, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan. Öz aramızdı, bunlar deyəsən Azərbaycanı ərəb ölkələri ilə səhv salıblar.
Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir, bu problemlə bağlı seminarları ərəb ölkələrində keçirməyə daha çoxehtiyac var. Azərbaycanda qadın hüquqları ta qədimdən bərqərar olub, qadına bizdəki qədər hörmət və ehtiram heç bir ölkədə yoxdur. Bu, qanunlarımızda da öz əksini tapıb”. (Nə təhər demişəm?!). Treynerin və seminar iştirakçılarının maraqla dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Cəmiyyətimizdə qadınların yeri o qədər də pis deyil. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə, o cümlədən digər sahələrdə qadınlar fəal işirak edir. Məsələn, cəmiyyətimizin ən aparıcı sahələri olan təhsil və səhiyyədə qadın kontingenti 70-80% təşkil edir.
Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda və digər ictimai yerlərdə qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə zaman əyləşərək getdiyini xatırlamıram. Bir qayda olaraq nəqliyyatda bütün oturacaqlarda qadınlar əyləşir, ayaqüstə gedənlərin də yarıdan çoxu qadındır.
Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin 2/3-si qadındır? Bunların çoxu işə və ya təhsil almağa gedənlərdir. Bir çox ailələri qadınlar dolandırır, yəni, ailənin başçısı qadındır.
Qəhraman qadınlarımız Dubaydan, Rusiyadan, Türkiyədən ölkəmizə blirsinizmi nə qədər para göndərirlər, bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların önəmli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.
İctimai tədbirlərdə, konsertlərdə və əyləncə mərkəzlərində də üstünlüyü zərif (etiraf edim ki, burada az qala çaşıb “zəif” deyəcəkdim, son yarımsaniyədə səhvimi düzəltdim) cinsin nümayəndələri təşkil edirlər. Elə gender probleminin müzakirə olunduğu bu salonda da qadınlar üstünlük təşkil edir. Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur”.
Təvazökalıqdan kənar olsa da qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda gurultulu və uzunsürən alqışlar başladı. Ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treynerazərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi...
Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi deyil”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil. Nədən danışırdıq, hara gəlib çıxdıq... Deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə əsas şərt olaraq qoyulduğunu soruşsam da, bu suala düz-əməlli cavab ala bilməmişəm. Bəzi xidmət obyektlərini yenə başa düşmək olar, şorgöz müştəriləri daha yaxşı xidmətlə cəlb etmək istəyirlər. (Amma onu da deyim ki, mağaza və ofislərdə manekenə və ya androidə oxşayan ədəbaz qızlar bir kişi müştəri kimi qətiyyən mənim xoşuma gəlmir. Bunlar ədabazlıqlarından adamı heç heyvan yerinə də qoymurlar). Təbii ki, qız-gəlinlərin hər cür işdə çalışması yaxşı haldır, amma elə işlər var ki, orada kişilər qadınlardan daha effektli iş görə bilərlər. Amma sən gəl bunu firma-şirkət sahiblərinə başa sal. Onlara desən ki, bütün dünyada işçiləri faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə və nəhayət şirkətə daha çox xeyir verdiyinə görə götürürlər, sənə gülər ki, a bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz.
Bir çox elanlarda və işə qəbul zamanı aparılan söhbətlərdə təkcə cinsi tələblər yox, həm də digər anormal şərtlər qoyulur. Yaş, gözəllik və ailə durumu kimi şərtlər bu qəbildəndir. Bütün bu elanları nəzərdən keçirərək tələb olunan kriteriyaları ümumiləşdirməyə cəhd etsək, onda təxminən belə bir nəticə alınar- “Şirkətə (adı əksər hallarda qeyd olunmur-müəllif) ali və ya orta təhsilli, 17-25 yaşlı qızlar tələb olunur. Ölçüləri- 90-60-90, saçları sarı, gözləri mavi və ya yaşıl, boyu 160-180 sm, çəkisi 55-60 kq. Evli olmasa və xarici dil bilsə yaxşı olar. Xaricdə işlə təmin olunması mümkündür. Maraqlananlar filan nömrəyə (adətən mobil nömrə olur) zəng edə bilərlər”. Vəssalam.
Bu tələblərə tam cavab verən qızlar yüksək əməkhaqqı ilə yüzlərlə, qismən cavab verənlər isə orta əməkhaqqı ilə onlarla iş tapa bilər. Digərləri hətta, “Oksford”un magistraturasını bitirmiş olsalar belə, narahat etməsinlər. Amma işə götürənlərin bir tələb yadlarından çıxıb ki, bu da sağlamlıq haqqında arayışdır.
Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır. Bu tendensiya bəzi “mətbuat orqanlarında” da müşahidə olunur. Məsələn, adı özlərindən başqa heç kimə məlum olmayan, ildə 1-2 dəfə 100 tirajla nəşr olunan “reket” qəzetlərin “moşşennik” rəhbərləri qeyd olunan tələblərə cavab verən qızları jurnalist vəsiqəsi ilə təmin edirlər və salırlar ölkənin canına. Rayonların birində idarə rəisi işləyən tanışımın sözlərinə görə, gün ərzində ən azı 5-10 bu cür zurnalist qapını döyür və pul dilənir. Pulun istənilmə formaları isə çox müxtəlifdir. Bəziləri həyasızlıqla, bəziləri şantajla, bəziləri naz qəmzə ilə, bəziləri də xahiş-minnətlə 5-10 manat qopara bilir. Onların əlində tutduqları gurultulu adı olan qəzetin ilk səhifəsində isə dövlət xadimlərinin iri şəkilləri olur. Bir sıra firma və şirkətlər isə bu cür qızları “arşınmalçı” vəzifəsinə qəbul edir və satılmayan malları əllərinə verərək küçələrə salır. Qapı-qapı düşüb bu malları (adətən bunlar kosmetika, paltar və parça, kiçik ev əşyaları olur) xalqa sırıyan cavan qızların qazancları özlərindən asılıdır. Onlara deyirlər ki, nə qədər çox mal satsan, o qədər də çox qazana bilərsən. Məsələn, 10 manatlıq malı 15 manata satsan 10%-i, yəni manat yarımı sənə çatır. Gündə 50 ədəd mal sat, 75 manat qazan. Bu isə bir il ərzində bir sərvət deməkdir. Bu qədər malı isə təbii ki, sırımaq mümkün deyil. Çünki Azərbaycanda o qədər hərif yoxdur.
Firmalar isə işçiləri şirnikləndirmək üçün qəliz texnologiyalar tətbiq edir, hətta bəzi hallarda onlardan daha çox fərqlənən bir-ikisini xarici ölkələrə “treninqlər”ə göndərir. Beləliklə, bu cür qeyri-qanuni işlə məşğul olanlar işlətdikləri əməkdaşlarla əmək müqaviləsi bağlamır və onların hüquqlarını kobud şəkildə pozurlar. Bundan başqa, belə fəaliyyətlə məşğul olan firmalar külli miqdarda vəsaiti vergidən yayındırmaqla, əslində, dövlət büdcəsindən oğurluq edirlər. Alıcılar isə, sonradan xarab və keyfiyyətsiz çıxan malları zibilliyə atmağa məcbur olurlar. Beləliklə, istehlakçı hüquqları da pozulmuş olur. Təəccüblüdür ki, ortada bu qədər qanun pozuntusu faktları olduğu halda, buna qarşı müvafiq orqanlar tərəfindən heç bir tədbir görülmür.
Qadın alveri məsələsinə gəlincə isə, onu demək olar ki, bu, daha geniş söhbətin mövzusudur və bu haqda mətbuatda kifayət qədər yazılar dərc edilib. Amma qeyd olunan sahədə durumu yaxşılaşdıracaq tədbirlər görülməyib. Son vaxtlar bir neçə nəfərin cinayət faktı ilə həbs edilməsinə baxmayaraq “qadın mafiyası” öz işindədir. Qaldı ki, iş elanlarının “qız” tələbinə, bu haqda düşünməyə dəyər. Çünki bu tendensiya bir az da davam etsə, Azərbaycanda kişilərə iş tapmaq ciddi problemə çevriləcək.
Bu yazı genderlə bağlı müsabiqə üçün hazırlanıb. Gender problemi dedikdə, Azərbaycanda əsasən, qadın hüquqlarının qorunması başa düşülür. Bu səbəbdən də belə müsabiqələrə qadın hüquqlarının pozulması faktlarından, cinsi ayrı-seçkilkdən, məişət zorakılığından filan yazmaq lazımdır. Lakin bu yazıda müəllif məsələyə qeyri-standart aspektdən, yəni tərs yöndən yanaşıb və gender bərabərliyi kontekstində işəgötürmə prosesi zamanı kişilərin hüquqlarının pozulduğunu qabartmağa çalışıb. Bu səbəbdən də, yazının müsabiqədə qalib gəlmə şansı öncədən əngəllənib. O zaman oxucular soruşa bilərlər ki, bəs onda nədən əziyyət çəkib bu boyda yazı hazırlamısan, üstəlik də, müsabiqəyə təqdim edirsən? Cavabım müsabiqənin nəticələri açıqlanandan sonra olacaq, əgər suala indi cavab verməmi təkidlə tələb edirsinizsə, o zaman məcburam öncədən üzr istəyərək son vaxtlar teleməkanımızdan leksionumuza zorla soxuşdurulan məhşur küçə jarqonu ilə cavab verim- bu yazını “mırta” yazdım!
MÜƏLLİF: Elçin BAYRAMLI
Комментариев нет:
Отправить комментарий