Hicaba qarşıyam. Və bunu hicablı cümlələrin altında gizləmək fikrim yoxdur. Quranın ““Nur” surəsinin 31-ci ayəsini özünə həyat kredosu seçənlərə sözüm də var.
“Nur” surəsində yazılıb: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər( boyunları və sinələri) görünməsin; və s....gizlətdikləri bəzək şeylərini (xalxallarını) yerə və ya bir-birinə vurmasınlar...
“Nur” surəsində yazılıb: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər( boyunları və sinələri) görünməsin; və s....gizlətdikləri bəzək şeylərini (xalxallarını) yerə və ya bir-birinə vurmasınlar...
Mötərizədə yazılanlar sayın alimimizin – çevirənin şərhləridir. “Mömin qadınlara de ki, haram şeylərdən üz çevirsinlər”. Çevirmən bunu “naməhrəm” (yad kişi) kimi çözüb. Peyğəmbərin yaşadığı dövrdə Ərəbistandakı xaos, özbaşınalıq haqda hamı ucundan-qulağından bilir. Qurandan da bu aşkarca aydın olur. Hər sözün başında Allahın qadınlara olunan qadağalarından yazılır. Qapanmaqla bağlı ayə kitabın sonunda olduğu üçün aydındır ki, bu yerə qədər qadını allahla əməlli-başlı qorxudub onu ayıb yerlərini gizləməsə, allahın qəzəbinə gələcəyinə inandırmaq lazım idi. Sözü gedən dövrdə Ərəbistanda qadınlar demək olar ki, ayıb yerlərini açıq-aydın göstərirdilər. “Ayıb yerlərini qorusunlar” başqa nəyə görə yazıla bilərdi ki?! Vəziyyət o cür idi ki, qadın kişi görən kimi gizli yerlərini açıb göstərər və həmən təslim olardı. “Öz-özlüyündə görünən” fikrini hörmətli çevirmən “əl-üz” kimi yozub. Əslində öz-özlüyündə saç, boyun, əl, ayaq da görünür və yaxana taxdığın bəzək əşyası da istəmədən gözə çarpa bilər. “Zinətlərini göstərməsinlər” fikrini çevirmən baş, boyun, boğaz, qol, ayaq kimi yozub. Baş, boğaz nə vaxtdan zinətdir? Burda söhbət ərəb qadınının taxdığı kilolarla zinət əşyasından gedir. Zinət bəzək anlamını verir. Ərəb qadını əl-ayağına, saçından ayaq barmaqlarına kimi qır-qızıl taxıb. Bu vərdiş o zamanlar ər-arvad arasına möhkəm davalar salardı. “Onun qır-qızılı mənimkindən çoxdur” kimi qadınlar arasında dəhşətli rəqabətlər gedərdi. Eyni zamanda zinəti çox olsun deyə qadın onu daha çox daş-qaşa tutan kişiylə yatağa girməyə hazır idi. Bu rəqabət qadınları bir-biri ilə düşmənə çevirib. Ayağa, qola taxılan zinətlərin bir ucu da kişiləri cəlb etmək məqsədi daşıyırdı. Ayaqlarını yerə vurmaqla xalxallarını, əllərini yelləməklə qolbaqlarını şaqqıldadan qadınların kişilərə işarəsiydi bu. Son cümlə bunu təsdiqləyir. “Bəzək şeylərini bir-birinə vurmasınlar”. Hicab sonradan uydurulan vasitədir. Və o zaman məcburi xarakter daşıyırdı. Çünki ayağını üç dəfə yerə döyüb xalxal səsi salaraq kişini hayıl-mayıl etməyə alışqan qadını “olmaz” deməklə sakitləşdirmək asan deyildi. Olsa belə, kişilər getdikcə şallaqlardan, asılmaqdan, öldürülməkdən qorxan qadını tamamilə çadralayaraq ağını çıxartdılar. Qadın getdikcə köləyə çevrildi. İslam hakimiyyəti getdikcə qadını tam hüquqsuz varlığa döndərdi. Çoxarvadlılıq yayıldıqaca qadının hüquqsuzluğu ərəb kişisinin işinə yaradı. Hüququ olmayan qapalı qadınla istədiyi kimi davranmaq xoşuna gəldi. Kim istədi aldı, kimi istədi boşadı.
Qılınc müsəlmanlığı yayılırdı. Ərəb istilası yaxın, uzaq, orta Şərqi, bütün türk dünyasını, Hindistanı, İndoneziyanı çapa-çapa Çinə qədər gedib çıxdı. hər yer qılınc gücünə müsəlmanlaşdırılırdı. Özündən əvvəlki sivilizasiyaları darmadağın edib öz taxtını qururdu. Bütün türk dünyasında qadının məzmunu dəyişməyə başladı. Bir zaman diplomatik faktura olan, siyasi, iqtisadi, mədəni, mənəvi anlam daşıyan xanım qadın dönüb olurdu heç kim. Öz qadınıyla at çapan, döyüşlərə gedən türk kişisi onu yumağa çevirib evdə kilitləyirdi.
Quranda qadağan olunmuş ayaq döymək, əl yelləmək, sinə silkələmək türk qadınına dəxli olmayan işdir. Türk qadını siğəylə kişidən kişiyə ərə getməyib. Onun kişisi döyüşlərdə olub, türk qadını ölənə kimi kişisinin yolunu gözləyib. Qorxmaz, igid, çapqın, dəliqanlı türk kişisinin yanında qadın dostu olub. Türk qadını öz kişisinə ər (er) deyib. Ər igidlik rəmzidir, “ərmək” felindən qaynaqlanır. Qazanan, udan, zəfərə çatan anlamını verir. Türk qadını namusunu qoruduğu üçün deyil, əri ilə sona qədər çiyin-çiyinə olduğu üçün onu kimsəyə dəyişməyib. Bunun islamla, ərəblə heç bir bağlılığı yoxdur. Bu, türkün genidir. Ərəb qadını ömründə ölənə qədər ər gözləməz. Türk qadını erkək ceyran kimidir – yarını vurduqda o da silahın qarşısında dayanır ki, məni də vur. Ərəb dünyasında belə bir qayda yoxdur. Orda qadınların çoxlu siğəli kişiləri, kişilərin də xeyli arvadı olur. “Kişi kimi qadındır” misalı da genetikdir. Türkiyəlilər qadına da kişi deyir. Bu, eyni fikrin başqa cür ifadəsidir. “Əxlaqın qadını-kişisi olmaz” anlamıyla “kişi kimi qadın” eyni məna verir. Dünyada bircə inkişaf etmiş islam ölkəsi yoxdur. Türkiyəni misal gətirmək absurddur. İslama qədər Türkiyənin bir imperatorluq təcrübəsi, tarixi var. İslamdan öncəki Türkiyə ilə İslamdan sonrakı Türkiyə arasında xeyli aşırım var. Cəhalət, savadsızlıq, hüquqsuzluq, xurafat...19-20 –ci əsr Türkiyə mədəniyyət abidələrində deyək ki, ədəbiyyatda bu özünü göstərir. Rəşad Nuri Güntəkin “ Çalı quşu” romanında bütünlüklə bu cəhaləti yazır. İlk oxunuşda roman adi bir sevgi hekayəsidir. Əslində, dərin qatlardan ibarət roman Türkiyənin bütün təsvirini ortaya qoyur. Fransızlaşma, fransızdillilərin elita sayılması bir az da bizim sovet dönəmini, sovet rusdillilərini xatırladır. Qızlar məktəbində oxuyan Fəridə ömründə bircə oğlan görür – xalası oğlunu, onu da sevir. Qadın-kişi ilişgilərdindən xəbərsiz qız xəyanət iyi duyan kimi Kamranı atıb evdən gedir. Əslində, bu bir türk qızının cəsarətidir. Üst-üstə ərinin xeyli arvad almasına adi baxan qadın təfəkkürü deyil. Fəridəni Türkiyə boyu qarış-qarış gəzdirən böyük yazar bütün ölkənin rəsmini cızıb. Təhsilindən kəndinə, adamlarından əməllərinə kimi hər şeyi canlandırıb. Və bunu elə nəhəng bacarıqla sevgi romanı adı altında edib ki, heyrətə gəlirsən. Əslində, əsər boyu iki sevgili ancaq romanın başında və sonunda görüşürlər. Bütün roman tamamilə başqa şeylərdən danışır. Demək istədiyini də deyir. Və kitab oxumayan xalqın “görəsən Fəridəylə Kamranın axırı nə olacaq” marağı romanı sona qədər oxutdurur. Kəndlərdə qız uşağına ikicə dini ad – Fatimə və Aişə qoyulur. Başqa adda bircə Munisə var. Bütün kənddə bircə qadın var ki, qızına başqa ad verib. Ona da bütün kənd dəli deyib qovur. Qoca kişiyə ərə verilən cavan qadın sevmək üçün dişi canavar kimi meşədə yaşayır.
Atatürk ona görə böyükdür – Türkiyəni özünə qaytardı. Türklüyü qaytardı. O ki qaldı Fələstinə, baxmayaraq ki, özünü cəhalətdən qurtara bilməyən bir xalqın, bir mədəniyyətin yanında olmaq anlamsızdır, yenə də gəmiyə qarşı çıxmırıq. Onsuz da beş-üç gəmiylə işlər düzəlməyəcək. İslam dünyası papağını qarşısına qoyub yenilənməlidir. İnkişaf etmək, müasirləşmək, postislam dönəminə keçmək haqda düşünməlidir. İslam ölkələrində cəhalət baş alıb gedir. Bu ölkələrdə aydının, alimin dəyəri yoxdur. Savadlanmaq, qurmaq, yaratmaq istəməyən bir ölkənin aydın nəyinə lazımdır?! Kimsənin ağlı, istedadı bu ölkələri maraqlandırmır. Rahatca otutub Avropanın beyninin hesabına yaşayırlar. Ölkəsinin, xalqının sabahı vecinə deyil. Vecinə deyilsə, aydın onun üçün hansı dəyərdə ola bilər?! Avropa uşağının uşağının da yaşayacağı cəmiyyətin proqramını tərtib edir. Və indiki dünya savaşı müsəlman aləminin sandığı islam xristian-savaşı deyil. Cahillik və aqillik savaşıdır.
Niyə bizim tualetlər pulludur? Tualet əxlaqi yerdir. Ona görə pulludur ki, pulsuz olsa, gələn-gedən girib oranı yaman günə qoyacaq. Ərəblə türkün qanbirliyindən sonra genimizə keçən pintilikdir səbəb. Peyğəmbərləri onlara əl-üz yuduzdurmaq üçün “Gündə 4-5 dəfə dəsətmaz alın” deyib. Misirin qədim şəhəri Qahirədə olanlar bilir. O qədər çirkli, pinti bir şəhərdir ki, mat qalırsan. Amerikanın bəzəyib-düzəyib turistlər və ticarət üçün yapdığı şəhərlərdən savayı, harda ki xalq özü şəhərə cavabdehdir, harda ki ancaq özü yaşayır, dəhşətli dərəcədə çirkab var. Misirlilərin sürdüyü maşınlara bizim bomjlar minməz. Sınıq-sökük, əyiş-üyüş arabalar bir-birini sıxışdıra-sıxışdıra səhərə qədər siqnal verir. Polislər qarınsızdır, ancaq əyin-başlarına baxanda adamın ürəyi ağzına gəlir. Qadınların geydiyi qara çadralar çirkdən bozumtul rəngə çalır. Pəncərələrin, eyvanların kiri adamın üstünə gəlir. Oteldən Ehramlara qədər addımbaşı bir ərəb səndən pul istəyir. Ehramların yan-yörəsi doludur cor-cocuqla. Açıq-aydın cibə girirlər. Mənasız-mənasız danışıb səndən pound almayınca əl çəkmirlər. Xalq kütləvi dilənir. Bilmirsən kasıbçılıqdanmı, nədənmi, bu gündədir. Bir şəhərdən başqa şəhərə gedəndə keçiddə pul ödəyirsən. İlboyu yüz minlərlə adam dünyanın hər yerindən bu ölkəyə gəlir. Sərvətləri-filanı da var. O zaman niyə bu kökdədir xalq?!
Ürəkaçan bircə şey var. Bilirsən ki, bura Misirdi. Ehramlar möhtəşəmdi. Ərəblər imkan versə, Ehramlara baxıb uzun-uzadı xəyala getmək, qədim dünyanı fikrində canlandırmaq, özünü fironlar dövründə hiss etmək olur. Sehrli, əfsanəvi bir yerdəsən. Kleopatranın böyük aşkını Sezarı qumun üstündə Kleopatrayla sevişən təsəvvür etmək istəyirsən. Böyük kişinin, böyük qadının sevgisinin torpağa, insanlara yararı ola bilərmiş düşünürsən. Musadan Məhəmmədə kimi bütün dövrlərdə olursan. Böyük İskəndərdən Osmanlı Sultanlarına qədər kimlər görməyib bu ölkə? Nələr görməyib. Necə qədim bir torpaqdasan. Az qala dünyanın yarandığı yerdəsən. Qahirə çirkli olsa da, gözəl şəhərdir. Qahirənin gözəlliyi təbiətlə bağlıdır. Vəhşi bir gözəlliyi var şəhərin. Ortasından Nil keçir. Gözəlim Nil. Səssiz-səssiz elə axır, elə bil müdrik bir qadın yavaş-yavaş yol gedir. Ucsuz-bucaqsız səhrada üstəlik Məcnun da düşür yadına. Bu an hirslənirsən.
Nizami türk olsa da, Məcnun yüz faiz türk olmayıb. Türk kişisi öz qadınını nəyin bahasına olur-olsun əldə edərdi. Sevdiyi qızı gedib öz-özünə səhrada sevməzdi, onun uğrunda mübarizə aparardı. Ən azı Romeo kimi eyvana dırmaşar, kilsə xadimi tapıb gizlincə evlənər, uzaqbaşı götürüb qaçardı. Çünki türk oğlu türk öz yarını kimsəyə verməz. Qız qaçırmaq da bizim çooox qədim adətdi. Ən maraqlısı da odur ki, türk qadını sevgilisinə qoşulub gedərdi. Day ondan nigah müqaviləsi, nigah şəhadətnaməsi istəməzdi. Qadın bilirdi ki, sözün əsl anlamında kişiylə gedir. Bu konuda Məcnun ingiltərəli Romeoya uduzur.
İnsanların dininə və inancına sayğılarımız var. Minillik tarixə hopmuş bir dinin hayıfını millətimizin canından almaq istəmirik. İslam ölkələrinin alimləri, siyasətçiləri, aydınları nələrsə eləməlidir ki, çamurdan çıxaq. Dini gözəl yerlərə aparıb çıxarmaq olar. Dini insanların çiyinlərində yük kimi yox, qəlblərində rahatlıq kimi yaşatmaq olar. Qoy allah bizə qaş-qabaq çatmaqdansa, gülər üz göstərsin. Könlümüz açılsın. Cəhənnəm xofunu boş verib həyatımızı yaşayaq. Tanrıyla danışaq. Türk “O”na “Tan-rı” dedi. “O” na tanınmaq hüququ verdi. Tanımaq felindən qaynaqlanır bu söz. Bizim hüquq tanımağımızın ən ilahi göstəricisidir bu. Ancaq türkün tanrısı da öz hüququnu kullanıb qadınların ağzını bərk-bərk bağlamağı buyurmadı. Hamıyla xoş davrandı. Hamı da öz xoşuyla onu tanıdı. Öz xoşunla onu tanımaq necə gözəldir. Kimsənin zoru olmadan, kimsənin qarışacağı olmadan onunla arxadaş olmaq nə yaxşıdır. Hər kəsin bildiyi kimi tanıması, tanıdığı kimi sevməsi. Professor, yanımda oturub əlimnən bərk-bərk tutan Tolstoy da onu bu cür tanıdı. Tanıdı və sevdi. İndi də mənə deyir ki, sən də tanısan sən də sevəcəksən...Bəlkə biz hicabı-filanı boş verib onun hüququnu tanıyaq?!
MÜƏLLİF: Aysel ƏLİZADƏ
Комментариев нет:
Отправить комментарий