воскресенье, 15 мая 2011 г.

Seks və... seks

Seks haqqında bəzi qeydlərimi yazıram. Dağınıq qeydlərdi. Oxuyub bir yerə varacığınızı sanmayın. Sadəcə ağlıma gələnlər...



***

Fikir vermisinizsə, başlığında seks sözü olan yazılar daha çox oxunur. Seksual fotosu olan yazılara maraq daha çox olur. Əvəzində isə ciddi, intelektual, səviyyəli yazıların oxunma sayı çox aşağı olur. 

Bunun səbəbi nədir görəsən? 

Sualımın cavabını əslində bilirik. Seks populyardır. Seks maraqlıdır. Seks cəlbedicidir. Həmişə belə olub. Yəqin belə də olacaq. Dünyada heç bir inkişafın, elmi-texniki inqilabın, Facebookun, Twitterin, mədəni inqilabların seksə dəxli yoxdur. Seksi dəbdən dalmaq mümkün deyil.

Çox vaxt rejissorlar tamaşaçı yığmaq üçün seks səhnələrinin bol olmasına çalışır. Mən buna çox normal baxıram. Romanlarda da yazıçıların intim səhnələrdən istifadə etməsində pis bir şey yoxdur.

Sən film çəkir, roman yazırsansa, orda bir mesajın olmalıdır. 

O mesajını yiyələrinə çatdırmaq üçün gərək sizin filminizə baxsınlar, romanınızı oxusunlar. 

Kütləni mədəniyyətə cəlb etmək üçün bir vasitəyə çevrilir seks.

***

Bu günlərdə Markesin “Mənim sevimli fahişələrim” romanını oxuyuram. Həyatı boyu heç kimlə pulsuz yatmamış qoca qəzetçi 90 yaşında eyş-işrət etmək eşqinə düşür. Özü də 14 yaşlı bakirə qızla. Qızın yanına gedir. Lakini əlini qıza vurmur... Ömür boyu sevməyi bacarmamış, ancaq pul qarşılığında qadınları altına salmış bir adam. 90 yaşında keçmişinə baxır. Qoca başa düşür ki, seks hər şey demək deyil. 

Doğurdan da seks hər şey deməkdirmi?

Yeniyetməlik çağında olanda elə bilirdim ki, seks hər şeydir. Sonra bir az böyüdüm. Gördüm ki, filosof və psixoloq Ziqmund Freyd belə bir söz deyibmiş. Əlbəttə ki, mən Freyd kimi düşünmürdüm. Freyd qədər düşünəcək ağlım yox idi.

Daha sonra isə öyrəndim ki, Freyd insan fəaliyyətinin motivasiya edən instinktlərin ancaq seksual instinktlərdən ibarət olması haqda fikrini redaktə edib. 

I Dünya savaşı başlayanda Freyd insanların gözüaçıq ölümə getdiklərini gördü və seksin psixoanalizdəki rolunu məhdudlaşdırdı. 

***

Seksual azadlıq gərəkdir. 

Belə azadlıqlar olmayan cəmiyyətlər seksual xarakterli cinayətlər də çox olur. Namus cinayətləri ən çox belə cəmiyyətlərdə baş verir. Belə cəmiyyətlərdə zorlama hallarının sayı çox olur. Hətta yaxın qohumların da zorlanması hallarına daha çox rast gəlinir. Belə cəmiyyətlədə fahişəlik də çox yayılır. Sevgilisi ilə sevişə bilməyən gənc oğlan üz tutur fahişə yanına. Deməli fahişələrə tələbat güclü olur. Nəticədə təklif də artır.

***

Azərbaycan kimi geridə qalmış cəmiyyətlərdə seks günah sayılır. Seks utanılacaq bir şeydir burda. Mentalitet seksi “təbii ehtiyacların ödənilməsi kimi” qəbul etmək istəmir. Seks nə qədər ki, təbii bir şey kimi yox günah kimi qəbul olunacaqsa, orda seksin faciələri də çox olacaq. 

Mentalitet münasibətlərimizi qaydaya salmaqdansa şantaj vasitəsinə çevrilir. Əgər bizim sevişmə səhnələrimizi çəkib bizi şantaj etməyi bacarırlarsa, onlara bu icazəni hüquqsuzluq və bir az da mentalitet vermirmi? Mədəni cəmiyyətlərdə kiminsə seksual kadrları heç kəsə maraqlı deyil. 

Bir ara mobil telefonlarda porno videolar yayılırdı. Niyə insanlar sevişərkən bunu gizlin çəkmək ehtiyacını görürdülər? Sonra dostlarına göstərmək üçün. Uğurlu olduğunu, sekslə məşğul olduğun sübüt etmək üçün.

***

Seks haqqında köşədə yaza biləcəyim qeydlər bu qədər...

MÜƏLLİF: Elmin HƏSƏNLİ

Комментариев нет:

Отправить комментарий