вторник, 31 августа 2010 г.
Bu azadlıq mənim nəyimə lazımdır?
среда, 25 августа 2010 г.
Azərbaycan ailəsi modeli
1-2 əsr əvvəl mövcud olan iyrənc münasibətlər sistemi indi yenidən ölkədə özünə yurd salır. «Əvvəlcə evlənin, sonra sevərsiz də…». Uzun illər «Əhməd haradadır» filminin personajının bu deyimi uşaqlarını «baş-göz» eləmək istəyən valideynlər üçün bir növ zərbi-məsələ çevrilmişdi. Kimi yarızarafat, yarıgerçək, kimi gerçək, kimi də yumor anlamında işlətdiyi bu ifadəni övladlarının həyatına transformasiya edə bilirdi.
«Kimin ailəsi daha möhkəmdir: sevib evlənənlərin, yoxsa, evlənib sevənlərin?» sualı ailə proqramlarının, ailə problemləri ilə məşğul olanların sevimli və heç vaxt da birmənalı cavabını ala bilmədiyi suallardandır. Heç kəs həqiqət payının harda olduğunu təyin edə bilməz. Çünki həyatda elə bir indikator yoxdur ki, hansı şəraitdə qurulan ailənin nə dərəcədə möhkəm və ya zəif olduğunu müəyyənləşdirsin. Biz bu yazıda son vaxtlar özəlliklə aktuallaşan boşanmalardan bəhs etmək istəyirik. Məlumat üçün bildirək ki, statistik məlumatlara görə, Azərbaycanda orta hesabla qurulan hər 10 ailədən biri dağılır. Misal üçün, ötən il 78072 nikah, 7784 boşanma qeydə alınıb. Amma elə düşünməyin ki, bu göstərici pisdir. 1935 və 1960-cı illə müqayisədə bu çox yaxşı rəqəmdir. Həmin vaxtlarda hər 10 ailədən 4-ü dağılırdı. Ailələrin dağılma faizi 1985-90-cı illərdə də kifayət qədər yüksək olub. Bu istiqamətdə son yüz ildə ən pozitiv göstərici 2000-ci ildə qeydə alınıb. Bunu isə mütəxəssislər həmin ildə rəsmi nikah və boşanmaların qeydə alınmasında yaranmış texniki qüsurlarla izah edirlər.
Həm bacı-qardaş, həm də əmiuşağıdırlar...
Yəqin ki, Azərbaycanda heç kəs 60-70 yaşlı nəsillərin əsillərinin ailə həyatına diqqəti yönəltməyib. Həmin yaşda ögey olan bacı-qardaşların sayı kifayət qədərdir. Azərbaycanın bütün bölgələrində təqribən 70 il bundan əvvəl arvadların və kişilərin boşanmaları adi hal idi. Bir arvadın 3-4, bir kişinin 4-5 dəfə evlənib boşandığı faktdır. Hətta belə də olurdu ki, kənddə arvadı biri boşayırdı, o birisi də onun boşanmış arvadını boşda qoymurdu. Beləcə hərəsi bir anadan, digər atadan, yaxud da bir atadan digər anadan olan 3-4 variantlı ögey bacı-qardaşlar əmələ gəlirdi. İnanmayanlar öz ata-babalarından soruşsunlar. Hətta elə faktlar da var ki, iki nəfər bir-birilə həm bacı-qardaş, həm də əmiuşağıdırlar. Yaxud da həm bacı-qardaş, həm də xalauşağıdırlar. İndi qalxıb kimlərsə yenə də «dini mentalitet»i gözə soxmağa başlayacaq. Deyəcəklər ki, ölmüş qardaşının, dostunun arvadını almaq, ölmüş bacının yerinə ərə getmək dinin tövsiyyələrinin nəticəsidir. Mirzə Cəlil istər «Ölülər»də, istərsə də «Danabaş kəndinin əhvalatları»nda bu məsələlərə toxunub. Lakin Mirzə Cəlildən sonrakı dövrdə bir nəfər belə, bu mövzunun aktuallığına diqqət çəkməyib. Məncə insanlığın ən aşağı dərəcələrindən biri də məhz ölmüş qardaşın arvadına, yaxud da ölmüş bacının ərinə göz dikməkdir. Keçmişdəki olanları yaşlılardan eşitmişdim, kitablardan oxumuşdum. Sevinirdim ki, nə yaxşı ki, indi belə biabırçılıqlar olmur. Amma yanılırammış… Cənub bölgəsindən olan həmkarlarımdan biri məni əmin etməyə çalışdı ki, bu tipli hallar onların bölgəsində indi də adi hal kimi davam etməkdədir. Qonşuluqdakı Masallıdan olan gəlindən bu barədə soruşduqda, o dedi: «Qaynım Rusiyada ölüb. Onun bir körpə oğlu qalıb. Gəlin də ki, ay parçası kimi gözəldi. Ərimgil beş qardaşdır. İndi bu gəlini qardaşlardan hansısa almalıdır. Mənim iki qızım var. Oğlum yoxdu. Ərimə deyirəm ki, istəyirsən onu sən al. Amma bu şərtlə ki, o, ərindən qalan ev-eşiyi, var-dövləti bizimlə birgə xərcləsin...». Bu ağlasığmaz versiyanın onun ağlına necə gəldiyini soruşuram. O da cavab verir ki, bu saat kənddə hamının gözü o gəlindədir. Hər kəs istəyir ki, onu alsın, ərinin var-dövləti də qalsın ona. Qardaşlar da deyirlər ki, «o, qardaşımızın namusudu, niyə başqasına qismət olsun, qoy elə birimiz onu alaq, həm uşağını böyüdərik, həm də ona göz-qulaq olarıq». Maraq bəndənizi götürür və yenə soruşuram ki, bəs bu gəlinlə qardaşlar arasındakı münasibətlər necə qurulacaq? Deyir ki, bütün ər-arvadların münasibətləri necə (həm də intim nöqteyi-nəzərdən), onlarınkı da elə…Qonşum məsələni elə təsvir etdi ki, mən qardaşların bu gəlinin üstündə bir-birilə rəqabətə girməyə hazır olduğunu müşahidə elədim.
Hardasan, Kefli İsgəndər?
İlahi! Təsəvvür edirsinizmi, qardaşının «namusunun» başqasına qismət olmaması üçün onunla evlənirlər. Ölmüş qardaşın həm arvad-uşağına yiyələnirlər, həm də var-dövlətinə. Görəsən, «Kefli İsgəndər» niyə xortlamır? Mirzə Cəlil niyə qəbirdən çıxıb bu olanları 100 il sonra yazmır? O gün də bacım rayonumuzda da buna bənzər əndərəbadi bir olayın olduğunu xəbər verdi. Dedi ki, bəs filankəsin arvadı ikinci uşaq üstündə ölüb. İndi ölmüş gəlinin bacısı nağara-zurna ilə kürəkəninə ərə gedir. «Bu necə ola bilər? Bəs bacısının xatirəsi? Sabah böyüməkdə olan bacısı qızına onun anasının yerinə nə üçün gəldiyini necə izah edəcək?». Utanmasan oynamağa nə var ki... İndi hamı dəyərlərin itməsindən danışır. Əksinə, dəyərlər itmir, onlar daha əndərəbadi şəkildə geri qayıdır. 1-2 əsr əvvəl mövcud olan iyrənc münasibətlər sistemi indi yenidən ölkədə özünə yurd salır. Bəlkə də savadsız, cahil, avam, istənilən dini interpretasiyaya aldanan keçmiş nəsilləri başa düşmək olardı. Amma indi, 21-ci əsrdə bu baş verənlər nəinki bağışlanandır, onlar lənətlənməyə, ictimai qınanmaya, ən radikal əks-reaksiyaya layiqdir. Bizim bir xalq olaraq öyməli elə də çox şeyimiz olmasa da, həmişə ailə kultunun möhkəmliyi ilə öyünürdük. Hələ də başbilənlərimiz Azərbaycan ailəsinin möhkəmliyi, sağlamlığı, mükəmməlliyi barədə ağızları köpüklənə-köpüklənə danışırlar. Eynən sovet ailəsi barədə danışdıqları kimi. Mən hərdən düşünürəm ki, bəlkə də sovet ailəsi Azərbaycanda ailələrin bütün tarixi ərzində ən «toyagetməlisi» olub.
Hind kinoları və milli Raclar
Sovet ailəsi möhkəm, çalışqan, sabaha birlikdə irəliləməyə istiqamətlənmiş kifayət qədər möhkəm ailə idi. Bu ailənin bütün üzvləri böyüklərin istəklərindən, kiçiklərin iradəsindən asılı olub-olmayaraq mütləq orta təhsil alırdı. Bir çoxları məhz Kommunist Partiyasının sıralarına qatılmaq, karyera qurmaq naminə ali təhsil almağı vacib şərt hesab edirdilər. Digərləri üçün kompartiyanın yolu uğurlu peşə təhsilindən keçirdi. Üçüncülər bu «şərəfli ada» (kommunist) zavodda işləməklə, qızıl ulduzla, al bayraqlı təltiflərlə çata biləcəyini düşünürdü. Sovet ailəsinin üzvləri robotlar kimi çalışırdılar. Həm də sabaha çox böyük inamla. Onlar partiyanın «şərəfli, sarsılmaz, möhkəm sovet ailəsi» təbliğatını həyati borc olaraq həzm edirdilər. Ailəsi dağılmış adamı partiyaya üzvlük, karyera qurmaq perspektivi o qədər də gözləmirdi. Sovet adamınınsa yeganə məqsədi heç vaxt gəlməyəcək kommunizmə can atmaq idi. O bilirdi ki, ən pis halda zavodda fəhlə, fermada sağıcı işləyəcək, növbəsi çatanda evi olacaq, ərzaq talonu ilə ucuz ərzaq ala biləcək. Proqramlaşdırılmış robotlar kimi əksəriyyət səhər saat 8-də işə, axşam 6-da da evə gedirdi. Kinoteatrlar, teatrlar ağzınacan dolardı. Bizim kənddə də camaat axşam tütün plantasiyalarından qayıdandan sonra əllərinin şirişini tələsik 72 nömrəli paltar sabunu ilə yuyandan sonra əlinə 40 qəpik götürüb elə ev paltarındaca kluba qaçardı. Kəndimizin camaatının zövqünü hind filmləri oxşayardı. Bəzən filmin birinci seriyası başa çatandan sonra antrakt olurdu. Buna səbəb filmin 2-ci seriyasının hələ qonşu kəndin klubunda nümayiş olunub başa çatmaması idi. Kinomexaniklər arasındakı razılaşmaya görə, qonşu kənddə filmin nümayişi bizim kənddən 1,5 saat tez başlayardı. 1-ci seriya başa çatanda onu üçtəkərli motosikletlə bizim kluba gətirərdilər. İkinci hissə isə antraktdan sonra gəlirdi. Bu məqamı kəndçilər fitlə, alqış sədaları ilə qarşılayardılar. Gecə 12-1 radələrində film sona çatardı. Kimi yorğun və yuxulu gözlərini ovuşdura-ovuşdura kəndin bu başından o biri başına necə gedəcəyini düşünər, kimi də qucağında yatmış körpəsini ərinə yükləməyi bacarıb, bacarmayacağını götür-qoy edərdi. Klubdan uzaqda yaşayanların lüksü evləri istiqamətə gedən traktorlar idi. Hamı lafetlərə doluşub səs-küylə klubun həyətindən uzaqlaşardı.
Səhərisi kənddə məktəb uşaqlarından tutmuş nərd atmaq üçün toplaşan yaşlı kişilərə qədər hər kəs axşamkı kinonu müzakirə edərdi. Gənclər hind filmlərinin qəhrəmanlarının şəkillərini toplayar, filmdəki mahnıları zümzümə edərdilər. Kəndimizdə traktorçu Qafar vardı. Uşaqlar onun traktorunu xoşlayardılar. Çünki bu traktorun şüşələrini hind filmlərindən fraqmentlərin yer aldığı şəkillər bəzəyirdi. «Bobbi»dən sonra kənd cavanları evlərində bunt qaldırıb özlərinə «İj», «Yupiter» markalı ikitəkərli motosikletlər aldırmışdılar. Çoxusu nişanlısını, arvadını bu motosikletə mindirib kənd aşağı, kənd yuxarı forslanardı. Racın gün eynəyi və trapes şalvarı da öz yerində. Şəkidən kəndimizə gəlin köçmüş Firəngiz alnındakı xırda qara ləkəni karandaşla böyüdərək onu hind qızlarının xalına bənzədərdi. Və o, kəndin kişilərinin nəzərində gözəlliyin simvolu idi. Hamı onun əri Vəzirə hind qızına oxşayan arvadı olduğu üçün həsəd aparırdı. Vəzir də ki, adamların acığına arvadını kəklik kimi bəzəndirər, onu zərli parçalardan tikilmiş alabəzək libasa büründürərdi. Firəngizin sarisi də vardı. Alverçi anası onu qızı üçün Moskvadan hindistanlı bir diplomatik xidmət əməkdaşından almışdı. Beləcə Firəngiz kəndçilərimizin nəzərində dünyanın ən xoşbəxt qadını idi. İndiki əsəbi vaxtlar olsaydı, yəqin ki, Vəzir arvadına baxdığı üçün kənddə neçə kişini gəbərtmişdi. Arvadı da ki, çoxdan boşayıb dədəsi evinə yollamışdı. Sovet adamı, sovet ailəsi günlərini belə keçirirdi. İndi də kəndimizdə həmin günlərin nostalgiyası ilə yaşayırlar. Çünki kəndimizə gələn ilk Qarabağ qaçqınları məhz həmin klubda məskunlaşmışdı. Bununla da kənd cavanlarının sevişmək üçün ən əlverişli məkanı olan klubda hind filmlərinin nümayişi dayandırılmışdı. Elə klubun nəzdindəki kitabxananın kiçik oxu zalı da bir-birini sevən, ya da nişanlı olan gənclər üçün əlverişli görüş yeri idi. Kitabxanaçı Almaz belə məsələlərə ürəyigenişliklə yanaşardı. Odur ki, kənddə kimin kimlə sevişdiyi barədə ilkin xəbərləri məhz ondan almaq mümkün idi. İndi isə sabaha inam tükənib. Ev almaq adamların sadəcə arzusudur. Maşını, elektrik məişət avadanlıqlarını, paltarını, hətta ərzağını belə kreditə, borca alan minlərlə insan var. Hamısının da qorxusu krediti vaxtında ödəyə bilməyəcəyindəndir. Sosial həyat ailə həyatını zindana döndərən başlıca səbəbdir. Sabaha inamsızlıq, işsizlik, kasıbçılıq kabus kimi insanları öz təsiri altında saxlayır. Adamlar istəsələr belə bu təsirlərdən çıxa bilmirlər. Kasıbçılıq psixoloji gərginliyi artırır, adamları əsəb dağarcığına çevirir. Ərlə-arvad ən xırda, mənasız bir şeyin üstündə saatlarla mübahisə edirlər. Günlərin birində bu mübahisələr dəhşətli dərəcədə dözümsüzlüyə gətirib çıxarır. Kiçik bir cəmiyyəti quran insanlar artıq bir yerdə olmağın mümkünsüzlüyünü anlayırlar. Nə uşaqların taleyi, nə ətrafın münasibəti, nə də boşanmadan sonrakı qeyri-müəyyən həyat onların vecinə belə deyil. Beləcə, bir zamanlar şadlıq evindəki boyat salatlara, gözdən pərdə asmağa hədəflənmiş minbirçeşid yeməklərə, zövqsüz musiqiyə, araqdan beyni dumanlanıb özünüidarəni itirən kişilərin heç kəsin qulaq asmadığı səmimiyyətdən tamamən uzaq tostlarına, tamadanın ordan-burdan çırpışdırıb bayağı intonasiya ilə ifraz etdiyi ifadə və şerlərə minlərlə pul xərcləyib, axırda da onları toyxanadan evə aparmaq üçün məxsusi tutulmuş maşına belə ödəməyə pulları qalmadan qurduqları ailə həyatına nöqtə qoyulur...
Latın Amerikası serialları və Aygün Kazımova, Rəqsanə…əxlaqı
Bizim ölkədə kifayət qədər maddi təminatı, ev-eşiyi olmadığı, halal süd əmmiş tapmadığı üçün evlənməyənlər, bu məsələləri nəzərə almadan evləndiyi üçün boşananlar var. Elə protokol xatirinə evlənib, harınlıq üzündən boşananlar da. İndi isə ekstravaqant bir nəsil formalaşmağa başlayıb. Eynən Qərbdə olduğu kimi, qızların boyfrendləri, oğlanların da gyolfrendləri meydana gəlib. Siyasətlə məşğul olan gənc qızlarımızdan biri bu günlərdə Gürcüstanda aşiq olduğu boşanmış həkimin eşqilə Tiflisə bir həftəlik tətilə gedib. Bu da bir həqiqətdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, yad mədəniyyətlərin məişətimizə daxil olması, xalqımızın Latın Amerikası seriallarından ilhamlanması, yerli «şou-biznes əxlaqı» ölkədə vətəndaş nikahlarının artmasına səbəb olur.
Azad seksi fahişəliklə səhv salırlar
Bəndənizə gəlincə, mən Azərbaycan ailəsini ideal ailə saymıram. Amma azərbaycanlı uşaqların da ailədən kənarda necə tərbiyə olunacağını təsəvvür etmirəm. Ailənin «müqəddəs qılıncı» daim başı üstə olan azərbaycanlı uşaqların hansı keyfiyyətlərə malik olduğu heç birimizə sirr deyil. Keyfiyyətli Azərbaycan ailəsində tərbiyə alan azərbaycanlılar ən azı post-sovet məkanında fırıqdaqçılığın, rüşvətxorluğun, korrupsiyanın simvoluna çevriliblər. Əgər onlar bir çox Qərb və Rusiya ailələrində olduğu kimi alkaş, narkoman ata-analarından xəbərsiz, evsiz-eşiksiz, dövlət müavinətləri hesabına böyüsələr, oxusalar, onların aqibəti necə olar? Azərbaycanlı tələbənin 4-5 il valideynlərin dəstəyi olmadan oxumasını necə təsəvvür edirsiniz? Bəs valideynlərin maddi dəstəyi olmadan qurulan ailələri? Bəs nənə-babaların yardımı olmadan böyüyən körpələri?
Düşünürəm ki, Qərbdəki ailə institutuna hazır deyilik. Əgər bu instituta inteqrasiya etməyə cəhd göstərsək, məhv olarıq. Gözümüzün qarşısında Tailand modeli var. Klassik ailənin, əxlaqi dəyərlərin üstün olduğu bu Şərq ölkəsi kapitalistləşəndə, Qərb əxlaqına inteqrasiya etmək istəyəndə, böyük bir fahişəxanaya çevrildi. İndi Qərbin özündə belə «dünyada fahişəlik üçün ən geniş meydan hardadır?» deyə soruşsanız, düşünmədən Tailand deyəcəklər. Yeri gəlmişkən, İranda İslam inqilabının baş vermə səbəblərindən biri kimi, Pəhləvi xanədanının Şərq ölkəsinə gətirdiyi «Qərb əxlaqı» modeli olub. Çox təəssüf ki, adlarını çəkdiyimiz ölkələrdə də eynən bizdə olduğu kimi «Qərb əxlaqı», «Qərb dəyərləri» deyəndə azadlıq, demokratiya, yüksək təhsil, institutsional inkişaf deyil, məhz pozğun həyat tərzi başa düşülürdü. İnsanlar Qərbin düşüncə tərzini deyil, geyim və davranışlarını daha vulqar formada təqlid etdilər. Azad seksi fahişəliklə səhv saldılar. Vətəndaş nikahını hər köşədə bir arvad və ya bir kişi saxlamaq kimi başa düşdülər. Son 30 illik İslam rejimi belə, İranda Pəhləvilər dönəmində özünə yuva salmış əxlaq kriterilərini dəyişmək qüdrətində olmadı. Pəhləvilər gizlində olanların bir növ reklamı ilə məşğul oldular. Bununla da əvvəllər ayıb sayılan şeylər, sonralar həyati vacib məsələlərə dönüşdü.
Bu gün ailə bağları ilə öyünən Şərqdə müasir «Qomorra və Sodomların» sayı durmadan artır. Belə şəhərlər İslamın beşiyi olan ərəb ölkələrində çoxluqdadırlar. Qardaş Türkiyədə isə Kuşadası danışdığımız «mədəniyyətin beşiyi» sayılmağa iddialılar sırasındadır. Nə yazıq ki, bu gün Azərbaycanda da Qərb dəyərlərini məhz bu arzuolunmaz istiqamətə yönəltməyə ciddi cəhdlər var. Ailələr bir institut kimi öz forma və mahiyyətini dəyişməyə doğru gedir. Ölkənin sayılıb-seçilən istirahət mərkəzləri, Abşerondakı bəzi bağ evləri əxlaqsızlıq məkanlarına çevrilməkdədir. Əgər Türkiyədə olduğu kimi bizdə də fahişəlik leqallaşsa, onda görək kimlərin sayı çox olur: nikaha girənlərin, boşananların, yoxsa, fahişəliklə məşğul olanların?
BDU-u məzunlarının çoxu yəqin ki, «Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı» fənnini tədris edən görkəmli filoloq, demək olar ki, bütün tələbələrin sevimlisi olan rəhmətlik professor Yolçu Piriyevi xatırlayır. Bir dəfə auditoriyada onunla Azərbaycan ailəsi barədə söhbət düşdü. Yolçü müəllim dedi ki, Azərbaycan cəmiyyətini ailəsiz təsəvvür edə bilmir. «Bir təsəvvür edin, əgər Azərbaycanda ailə olmasa, yerində nələr olar?!». Mən də bu ritorikanı suala çevirib ölkədə ailə məsələləri ilə məşğul olan insanlara verirəm: «Azərbaycanda ənənəvi ailə modeli dağılsa, onun yerini nə tutacaq?»
MÜƏLLİF: Naməlum
вторник, 17 августа 2010 г.
Gündən günə
***
***
***
***
***
четверг, 12 августа 2010 г.
Mənəviyyatda qloballaşmanın rolu
Qloballaşma haqqinda münasibət bildirərkən ilk növbədə onun mahiyyəti barədə qısaca da olsa danışmaq lazımdır. Qlobal ifadəsi Fransızca bütün, hərtərəfli, tam mənasını verir. Latınca isə yer kürəsi anlamına uyğun gəlir. Semantik mənasından aydın olur ki, qloballaşdırma yer kürəsini hər tərəfli əhatə edən, tamamlayan və nəzarətdə saxlayıb, onu ümumdünya problemi formasında təzahür etdirən fundamental təlimdir. Qloballaşma bir tərəfdən fövqəl dövlətlərin kiçik dövlətlərə diqtəsi, digər tərəfdən dünyanı aclıq, təbii fəlakət, müharibə və münaqişələr burulğanından xilas etməyin yeganə yoludur.
Bu yol isə fövqəl dövlətlərin razılığı iştirakı ilə yaranan beynəlxalq təşkilat və birliklərdə fəaliyyətini müəyyən edir. Bir sıra kiçik dövlətlər qloballaşmada özlərinin məhvini, milli xüsusiyyətlərinin sıxışdırılıb aradan çıxmasında görürlər. lakin bu təlaş və həyacanın müəyyən əsaslara istinad etməsi heç də qloballaşmanın tarixi zəruriliyini inkar edə bilməz. Nəsli kəsilməkdə olan etnosların qorunması və onların tədqiqi eləcədə gözlənilən, proqnoz edilən təbii və elmi-texniki hadisələrin neqativ və pozitiv nəticələri haqqında qloballaşma bir nəzəriyyə kimi müstəsna əhəmiyyətə malikdir. Qloballaşmanın zəruriliyini 1968-ci ildə müxtəlif dövlətlərin alimləri tərəfindən yaradılan „Roma“ kulubu sübuta yetirir. „Roma“ kulubunda hesabatları ilə çıxış edən A.Kinq və B.Şnayder sübut edirlər ki, qlobal inqlabın baş verməsi nəticəsində bəşər cəmiyyətinin yeni mərhələsi başlayır. Bu qlobal inqilab kompleks səbəblər nəticəsində ictimai, iqtisadi, texniki, mədəni, və etik münasibətlərin yeni bir nizamını irəli sürür. Qloballaşmanı bir elm kimi mərhələlərə ayırsaq görərik ki, bu mərhələlərin hər bir dünya iqtisadiyyatının və ictimayətinin təkamülünü spesifik xüsusiyyətləri ilə özünü əks etdirir. 60-cı illərdə insan fəaliyyətinin artan miqyası ilk dəfə olaraq təbiətin insanlığı və yer kürəsinin kompensasiya etmək imkanlarını təhlükə altına qoydu. Belə ki, strateji hücum silah vasitələrinin artması yer kürəsində həyatın özünü sual altında qoyur.
Bu gün əsas qlobal problemlərdən kütləvi silahlanmanı, ərzaq məhsullarının çatişmazlığını və ətraf mühitdə olan kataklizmaları göstərmək olar. Onunla yanaşı varlı və yoxsul ölkələr arasında olan ziddiyyətlərin böyük fərqi müasir dövrdə tələb edir ki, dünyanın böyük dövlətləri bir araya gələrək dünyanı hər an təşviş və həyacan içində saxlayan cəmiyyət və təbiət problemlərini qlobal həll etsinlər. Müasir dövrdə təbiət və cəmiyyətin yaratdığı problemlərin həllini mümkün edən faktor Sosializm ideologiasının SSRİ-nin timsalında iflasa uğraması ilə bağlıdır. Belə ki, qlobal problemlərə müxtəlif ideoloji səpkilərdən yanaşma artıq yoxdur. Bəşəriyyətin ümumi düşməni olan ətraf mühitin çirklənməsi ilə əlaqədar qloballaşmaya dair ilk konfrans 1992-ci ilin iyun ayında keçirilib. Bu konfransda 170 ölkədən 5000 nümayəndə, 100 dövlətin başçısı, 8000 jurnalist iştirak edib. Konfransa 2 il ərzində hazırlıq görülüb. Bütün bu statistika qloballaşmanın nə dərəcədə əhəmiyyətli və zəruri olduğunu bir daha aydınlaşdırır. Eyni zamanda qloballaşma özünü hər bir xalqın mənəviyyatında bu və ya digər formada təsirini göstərməkdədir. Lakin qlobalistika ilə məşğul olan mütəxəssislərin bir qismi kosmosun tədqiqini, mədəniyyətin böhranını qlobal problem hesab etmirlər. Mənəviyyatda qloballaşmanın rolu mövcud iqtisadi, siyasi faktorlardan ciddi surətdə asılıdır. Deyək ki, bu gün Bakıda olan yüksək gəlir əldə edən xarici ölkələrin böyük neft şirkətləri və digər istehsal sahələri yalnız ingilis dilinə və mədəniyyətinə üstünlük versələr onda iqtisadiyyatda gözə çarpmayan bu fərq mənəviyyatda özünü qabarıq surətdə göstərəcəkdir. Yeni hər hansı bir xarici yaxud yerli biznesmenin mülkü, pulu və dəbdəbəli həyat tərzi təbii qəbul olunsa da,müşahidə edildikdə onun azərbaycan mənəviyyatına zidd olan davranışı artiq ciddi müyakirə obyektinə çevrilə bilər. Azərbaycanlı mənəviyyatına: adət-ənənə, din, əxlaq, təhsil, mərasim və s. mənəvi keyfiyyətlər daxildir. Bu göstərilənlərin hər biri xalqımız üçün qlobal bir məsələdir. Çünki, mənəvi-əxlaqi keyfiyyətin böyüklüyü və tamlığı xalqın və millətin bölünməzliyini, tamlığını qloballığını sübuta yetirir. Mənəviyyatımızın inkişafı və sabitliyi isə milli dövlətimizin dünya siyasətində və beynəlxalq rəydə qazanmış olduğu mövqedən ciddi surətdə asılıdır. Bir məsələ də diqqəti daha çox cəlb edir ki, Şərq mədəniyyətinin qloballaşması, Yunan-Roma mədəniyyətinə və bu da öz növbəsində Avropa mədəniyyətinin formalaşmasına səbəb olmuşdur. Bu gün mənəviyyatımız qloballaşmanın iqtisadi, siyasi, psixoloji təsiri altında müəyyən dərəcədə aşınmalara məruz qalır. Xarici təşkilatlardan maliyyə yardımı alan əhalinin yoxsul təbəqəsi nəticədə dinlərini və əxlaqlarını belə dəyişirlər. Çox maraqlıdır ki, bu mənəvi deqrodasiyaya əhalinin işsiz, dövlət qayğısı və nəzarətindən kənarda qalan ümidsiz təbəqələri məruz qalır. Lakin bütün bunlarla yanaşı muğamların, milli rəqslərin qorunması üçün müəyyən şirkət və iş adamları öz töhvələrini əsirgəmirlər. Nəticə etibarı ilə bir məsələni diqqətə çatdırmaq zəruridir. Bütün xalqlar o cümlədən Azərbaycan xalqı da sivilizasiyanın ayrılmaz bir parçasıdır. Yəni toplum formasında YUNESKO-nun bu gün Azərbaycan mədəniyyətini, muğamını öyrənməsi, yayması və xarici ölkələrdə geniş təbliği mənəviyyatımızın qloballaşmadakı yüksək məqamını göstərir.
MÜƏLLİF: Hikmət İbrahimoğlu Kəngərli
пятница, 6 августа 2010 г.
Baş götürüb, qaçılası qadınlar
Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır.
1) Kişi düşməni - Feminist
Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı.
O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın “kişilər nadir halarda beyinləri ilə düşünürlər” kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin!
2) Pulgir – Qabırğa
Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə “çağırışla gələn qız” da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri...
Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın.
3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.
Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq.
4) Dinamik qadın – Heç nəyə vaxtı yoxdur!
Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz.
Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq.
Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir dha kimisə yaxına buraxmaqdan qorxur.
5) İfritə – feminstin uzaq qohumu
O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir.
Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin!
6) Getmə gözümdən – gedərəm özümdən: yapışqan qadın
Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb.
Deməli, belə qadından da qaçmaq məsləhətdir.
7) Ləçər – amma qəşəngindən...
Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə “mədəni” şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bü standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir.
8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist!
Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.
9) Ər ölüsü...
Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var - o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə.
10) İkiüzlü
Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək...
11) İtoynadan...
Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam.
12) Hökmran
Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli oldubunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.
Belə. Yazıq kişilər...
MÜƏLLİF: Günel MÖVLUD
воскресенье, 1 августа 2010 г.
İnternet insanları real həyatdan uzaqlaşdırır
Zaman dəyişdikcə, meydana çıxan yeniliklər həyat tərzimizə, gündəlik yaşamımıza da öz təsirini göstərir. Vaxtilə çətin görünənlər indi çox asanlaşıb. Vaxtilə mümkünsüz olanlar, göz qırpımında hazır olur. Hətta dünya evinə girmək belə bu gün çox bəsitdi. İndi əvvəlki romantika, əvvəlki hiss-həyəcan artıq yox olmaq həddədir.
Görüb-bəyəndiyi qızın sevgisini qazanmaq üçün günlərlə, aylarla əziyyət çəkib, dəridən-qabıqdan çıxan oğlanlar da azalıb. Artıq asan və daha tez tanışlığa nail olmanın üsulu var: virtual tanışlıq. Maraqlıdı, gənclərimizin inernet tanışlığından gözləntiləri nədi? Belə tanışlıqları nə dərəcədə ciddi hesab edirlər?
İnternetlə tanışlığı qızlar ciddi qəbul edir...
Müsahibim 18 yaşlı Səbinə Abdullayeva internetlə tanışlığa ciddi yanaşmır. Deyir, belə münasibətlərin çoxu yalan üzərində qurulub: "Özüm də bir neçə dəfə virtual tanışlıq metodundan istifadə etmişəm. Şəkilləri fotoşopda elə düz-qoş edirlər ki insan baxanda "axtardığımı tapdım" deyir. Amma di gəl, görüşə gedəndə bütün ümidlərim, istəklərim alt-üst olur. İnternetdə şəklinə vurulduğun insanın ya boyu balaca olur, ya da beli əyri. Məcburən elə ilk görüşdən sonra nömrəni dəyişərək, zənglərdən qaçırsan. Beləcə əlaqə kəsilir".
Həmsöhbətim internetdə sual-cavabdan yorulmayanların, əslində real həyatda utancaq olduğunu deyir: "Elələri olur ki, yazanda o qədər sürətli yazırlar, çatdırıb cavablandıra bilmirsən. Üzbəüz gələndə sən onun üzünə baxırsan, o da sənin. İki-üç kəlməni güclə danışırlar. Ona görə də boş şeylərdir. Elə ən yaxşısı gördüyün, bildiyin biri ilə münasibət yaratmaqdır".
20 yaşlı Sənan Cümşüdov da internetdə tanışlığı ciddi hesab etmir. İnternetdə tanışlığı sadəcə bir məşğuliyyət sayan S.Cümşüdov bununla vaxt öldürdüyünü deyir. "Həm də darıxmıram. Qızların çoxu isə bir az danışan kimi işi ciddiyyətə çevirirlər. Hətta həmin saniyədən qısqanclığa başlayanlar var. Hərdən eyni vaxtda iki qıza yazıram. Bunu tutub üzümə vuranlar da olur".
Müsahibim heç vaxt internetdə tanış olduğu bir qızla evlənməyəcəyini bildirir. Bunu isə inamın olmaması ilə əlaqələndirir. "Mənlə danışıbsa deməli başqasıyla da danışa bilər".
21 yaşlı Gülarə Mirzəyeva özü virtual sevgiyə inanmasa da bəzən istisnaların olduğunu deyir: "Mən özüm internetlə başlayan sevgilərə inanmıram. Ancaq nadir hallarda belə münasibətlər rəsmiləşir. Məsələn, mənim rəfiqəm çatda tanış olduğu oğlanla ailə qurdu. İndi çox xoşbəxtdir. Mənə isə çat yalnız dostlar qazandırıb".
Virtual həyata real həyatda uğursuzluğa düçar olanlar meyllidir
Regional Psixologiya Mərkəzinin psixoloqu Lalə Həmidovanın dediyinə görə, əsasən xarici görünüşündə qüsurları olan, özünə əmin olmayan, real həyatda alacağı cavabdan qorxan insanlar virtual tanışlığa meylli olurlar: "Belələrinin özünü qiymətləndirmə səviyyəsi aşağı olur. Ünsiyyət qurmaqda problemi olanlar, üzbəüz kontakta girə bilməyən, yəni kompleksli insanlar üçün çatda danışmaq daha rahatdır. Çünki özlərini belə daha sərbəst hiss edirlər".
Psixoloq deyir ki, əgər iki insan internetdə danışırsa və münasibətlərini real həyata daşımaq istəyirsə, mütləq özü haqqında real informasiya verməlidir: "Bəzən olur ki, bir-birinin üzünü görməyən insanlar uzun müddət internetdə danışır, bağlanırlar. Görüşdən sonra məlum olur ki, birinin digərinin xarici görünüşündən xoşu gəlmir. Bu halda qızlar daha çox sarsılır. Çünki qadınlar təbiətcə emosional olurlar. Kişilərsə məntiqlidir, onlar nə etdiklərini əvvəlcədən bilirlər. Ona görə də internet vasitəsilə danışan və münasibətlərini reallaşdırmağı düşünən insanlar əvvəlcədən ən azı bir-birinin şəklini görməlidirlər".
İnternet tanışlığından evli insanların da istifadə etdiklərini deyən müsahibim bunu evliliklərin monotonluğu ilə bağlayır: "Gənclər bəzən elə düşünürlər ki, evləndiksə hər şey qurtardı. Ailə həyatındakı problemlər və monotonluq da tərəfləri virtual ünsiyyətə, dərdini başqa insanlarla bölüşməyə vadar edir. Ona görə də evlilikdə daim fantaziyaları işə salmaq, yeniliklər etmək lazımdır". İnternetlə tanış olub ailə quranların da kifayət qədər olduğunu deyən psixoloq bu halı müsbət qiymətləndirir. Deyir ki, internet vasitəsilə problemlərini bölüşüb mənən rahatlanan insanlar da var. Bununla belə o, həddən artıq internetə qapanmağı düzgün saymır: "İnternet insanları real həyatdan uzaqlaşdırır".
"Virtual tanışlıqların zərərli tərəfləri çoxdur"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, bu cür tanışlıqların zərərli tərəfləri çoxdur: "Şəxsi tanımırsan, onum haqqında məlumatın yoxdur. Hər kəs özü haqqında nə istəsə, onu da yaza bilər. Belə məlumatlar şəxsin real psixoloji vəziyyəti haqqında göstərici ola bilməz. Ola bilər ki, kimsə manyakdır və ya pis vərdişlərə malikdir. Bu baxımdan virtual tanışlığa üstünlük verən insanlar diqqətli olmalıdır. Əks halda həyat qırıqlığına düçar ola bilərlər".
Zeynalova internetdə tanış olub ailə qurmaq istəyən gənclərin valideynlərini diqqətli olmağa çağırır: "Ailə xoşbəxtliyi ilk növbədə Allahın qismətidir. Bununla belə gənc virtual yolla tanış olub ailə qurmaq istəyirsə, mütləq həmin insan haqqında ətraflı məlumat toplamalıdır. Şəxsin intellektini, psixoloji vəziyyətini, ailəsini öyrənmək lazımdır. Bu məsələlərdə gənclər o qədər də dərinə getmir", - deyən Zeynalova bu məsələdə əsas işin valideynlərin üzərinə düşdüyünü bildirir. Dediyinə görə, valideynlər övladlarının ailə qurmaq istədiyi şəxs haqqında araşdırma aparmalıdır. "Biz onlara deyə bilmərik ki, internetlə əlaqələrini genişləndirməsinlər. Sadəcə, gənclər də bir az diqqətli olmalı və öz həyatlarına məsuliyyətlə yanaşmalıdırlar".
MÜƏLLİF: Şəfanə İBRAHİMOVA