Qloballaşma haqqinda münasibət bildirərkən ilk növbədə onun mahiyyəti barədə qısaca da olsa danışmaq lazımdır. Qlobal ifadəsi Fransızca bütün, hərtərəfli, tam mənasını verir. Latınca isə yer kürəsi anlamına uyğun gəlir. Semantik mənasından aydın olur ki, qloballaşdırma yer kürəsini hər tərəfli əhatə edən, tamamlayan və nəzarətdə saxlayıb, onu ümumdünya problemi formasında təzahür etdirən fundamental təlimdir. Qloballaşma bir tərəfdən fövqəl dövlətlərin kiçik dövlətlərə diqtəsi, digər tərəfdən dünyanı aclıq, təbii fəlakət, müharibə və münaqişələr burulğanından xilas etməyin yeganə yoludur.
Bu yol isə fövqəl dövlətlərin razılığı iştirakı ilə yaranan beynəlxalq təşkilat və birliklərdə fəaliyyətini müəyyən edir. Bir sıra kiçik dövlətlər qloballaşmada özlərinin məhvini, milli xüsusiyyətlərinin sıxışdırılıb aradan çıxmasında görürlər. lakin bu təlaş və həyacanın müəyyən əsaslara istinad etməsi heç də qloballaşmanın tarixi zəruriliyini inkar edə bilməz. Nəsli kəsilməkdə olan etnosların qorunması və onların tədqiqi eləcədə gözlənilən, proqnoz edilən təbii və elmi-texniki hadisələrin neqativ və pozitiv nəticələri haqqında qloballaşma bir nəzəriyyə kimi müstəsna əhəmiyyətə malikdir. Qloballaşmanın zəruriliyini 1968-ci ildə müxtəlif dövlətlərin alimləri tərəfindən yaradılan „Roma“ kulubu sübuta yetirir. „Roma“ kulubunda hesabatları ilə çıxış edən A.Kinq və B.Şnayder sübut edirlər ki, qlobal inqlabın baş verməsi nəticəsində bəşər cəmiyyətinin yeni mərhələsi başlayır. Bu qlobal inqilab kompleks səbəblər nəticəsində ictimai, iqtisadi, texniki, mədəni, və etik münasibətlərin yeni bir nizamını irəli sürür. Qloballaşmanı bir elm kimi mərhələlərə ayırsaq görərik ki, bu mərhələlərin hər bir dünya iqtisadiyyatının və ictimayətinin təkamülünü spesifik xüsusiyyətləri ilə özünü əks etdirir. 60-cı illərdə insan fəaliyyətinin artan miqyası ilk dəfə olaraq təbiətin insanlığı və yer kürəsinin kompensasiya etmək imkanlarını təhlükə altına qoydu. Belə ki, strateji hücum silah vasitələrinin artması yer kürəsində həyatın özünü sual altında qoyur.
Bu gün əsas qlobal problemlərdən kütləvi silahlanmanı, ərzaq məhsullarının çatişmazlığını və ətraf mühitdə olan kataklizmaları göstərmək olar. Onunla yanaşı varlı və yoxsul ölkələr arasında olan ziddiyyətlərin böyük fərqi müasir dövrdə tələb edir ki, dünyanın böyük dövlətləri bir araya gələrək dünyanı hər an təşviş və həyacan içində saxlayan cəmiyyət və təbiət problemlərini qlobal həll etsinlər. Müasir dövrdə təbiət və cəmiyyətin yaratdığı problemlərin həllini mümkün edən faktor Sosializm ideologiasının SSRİ-nin timsalında iflasa uğraması ilə bağlıdır. Belə ki, qlobal problemlərə müxtəlif ideoloji səpkilərdən yanaşma artıq yoxdur. Bəşəriyyətin ümumi düşməni olan ətraf mühitin çirklənməsi ilə əlaqədar qloballaşmaya dair ilk konfrans 1992-ci ilin iyun ayında keçirilib. Bu konfransda 170 ölkədən 5000 nümayəndə, 100 dövlətin başçısı, 8000 jurnalist iştirak edib. Konfransa 2 il ərzində hazırlıq görülüb. Bütün bu statistika qloballaşmanın nə dərəcədə əhəmiyyətli və zəruri olduğunu bir daha aydınlaşdırır. Eyni zamanda qloballaşma özünü hər bir xalqın mənəviyyatında bu və ya digər formada təsirini göstərməkdədir. Lakin qlobalistika ilə məşğul olan mütəxəssislərin bir qismi kosmosun tədqiqini, mədəniyyətin böhranını qlobal problem hesab etmirlər. Mənəviyyatda qloballaşmanın rolu mövcud iqtisadi, siyasi faktorlardan ciddi surətdə asılıdır. Deyək ki, bu gün Bakıda olan yüksək gəlir əldə edən xarici ölkələrin böyük neft şirkətləri və digər istehsal sahələri yalnız ingilis dilinə və mədəniyyətinə üstünlük versələr onda iqtisadiyyatda gözə çarpmayan bu fərq mənəviyyatda özünü qabarıq surətdə göstərəcəkdir. Yeni hər hansı bir xarici yaxud yerli biznesmenin mülkü, pulu və dəbdəbəli həyat tərzi təbii qəbul olunsa da,müşahidə edildikdə onun azərbaycan mənəviyyatına zidd olan davranışı artiq ciddi müyakirə obyektinə çevrilə bilər. Azərbaycanlı mənəviyyatına: adət-ənənə, din, əxlaq, təhsil, mərasim və s. mənəvi keyfiyyətlər daxildir. Bu göstərilənlərin hər biri xalqımız üçün qlobal bir məsələdir. Çünki, mənəvi-əxlaqi keyfiyyətin böyüklüyü və tamlığı xalqın və millətin bölünməzliyini, tamlığını qloballığını sübuta yetirir. Mənəviyyatımızın inkişafı və sabitliyi isə milli dövlətimizin dünya siyasətində və beynəlxalq rəydə qazanmış olduğu mövqedən ciddi surətdə asılıdır. Bir məsələ də diqqəti daha çox cəlb edir ki, Şərq mədəniyyətinin qloballaşması, Yunan-Roma mədəniyyətinə və bu da öz növbəsində Avropa mədəniyyətinin formalaşmasına səbəb olmuşdur. Bu gün mənəviyyatımız qloballaşmanın iqtisadi, siyasi, psixoloji təsiri altında müəyyən dərəcədə aşınmalara məruz qalır. Xarici təşkilatlardan maliyyə yardımı alan əhalinin yoxsul təbəqəsi nəticədə dinlərini və əxlaqlarını belə dəyişirlər. Çox maraqlıdır ki, bu mənəvi deqrodasiyaya əhalinin işsiz, dövlət qayğısı və nəzarətindən kənarda qalan ümidsiz təbəqələri məruz qalır. Lakin bütün bunlarla yanaşı muğamların, milli rəqslərin qorunması üçün müəyyən şirkət və iş adamları öz töhvələrini əsirgəmirlər. Nəticə etibarı ilə bir məsələni diqqətə çatdırmaq zəruridir. Bütün xalqlar o cümlədən Azərbaycan xalqı da sivilizasiyanın ayrılmaz bir parçasıdır. Yəni toplum formasında YUNESKO-nun bu gün Azərbaycan mədəniyyətini, muğamını öyrənməsi, yayması və xarici ölkələrdə geniş təbliği mənəviyyatımızın qloballaşmadakı yüksək məqamını göstərir.
MÜƏLLİF: Hikmət İbrahimoğlu Kəngərli
Комментариев нет:
Отправить комментарий