1-2 əsr əvvəl mövcud olan iyrənc münasibətlər sistemi indi yenidən ölkədə özünə yurd salır. «Əvvəlcə evlənin, sonra sevərsiz də…». Uzun illər «Əhməd haradadır» filminin personajının bu deyimi uşaqlarını «baş-göz» eləmək istəyən valideynlər üçün bir növ zərbi-məsələ çevrilmişdi. Kimi yarızarafat, yarıgerçək, kimi gerçək, kimi də yumor anlamında işlətdiyi bu ifadəni övladlarının həyatına transformasiya edə bilirdi.
«Kimin ailəsi daha möhkəmdir: sevib evlənənlərin, yoxsa, evlənib sevənlərin?» sualı ailə proqramlarının, ailə problemləri ilə məşğul olanların sevimli və heç vaxt da birmənalı cavabını ala bilmədiyi suallardandır. Heç kəs həqiqət payının harda olduğunu təyin edə bilməz. Çünki həyatda elə bir indikator yoxdur ki, hansı şəraitdə qurulan ailənin nə dərəcədə möhkəm və ya zəif olduğunu müəyyənləşdirsin. Biz bu yazıda son vaxtlar özəlliklə aktuallaşan boşanmalardan bəhs etmək istəyirik. Məlumat üçün bildirək ki, statistik məlumatlara görə, Azərbaycanda orta hesabla qurulan hər 10 ailədən biri dağılır. Misal üçün, ötən il 78072 nikah, 7784 boşanma qeydə alınıb. Amma elə düşünməyin ki, bu göstərici pisdir. 1935 və 1960-cı illə müqayisədə bu çox yaxşı rəqəmdir. Həmin vaxtlarda hər 10 ailədən 4-ü dağılırdı. Ailələrin dağılma faizi 1985-90-cı illərdə də kifayət qədər yüksək olub. Bu istiqamətdə son yüz ildə ən pozitiv göstərici 2000-ci ildə qeydə alınıb. Bunu isə mütəxəssislər həmin ildə rəsmi nikah və boşanmaların qeydə alınmasında yaranmış texniki qüsurlarla izah edirlər.
Həm bacı-qardaş, həm də əmiuşağıdırlar...
Yəqin ki, Azərbaycanda heç kəs 60-70 yaşlı nəsillərin əsillərinin ailə həyatına diqqəti yönəltməyib. Həmin yaşda ögey olan bacı-qardaşların sayı kifayət qədərdir. Azərbaycanın bütün bölgələrində təqribən 70 il bundan əvvəl arvadların və kişilərin boşanmaları adi hal idi. Bir arvadın 3-4, bir kişinin 4-5 dəfə evlənib boşandığı faktdır. Hətta belə də olurdu ki, kənddə arvadı biri boşayırdı, o birisi də onun boşanmış arvadını boşda qoymurdu. Beləcə hərəsi bir anadan, digər atadan, yaxud da bir atadan digər anadan olan 3-4 variantlı ögey bacı-qardaşlar əmələ gəlirdi. İnanmayanlar öz ata-babalarından soruşsunlar. Hətta elə faktlar da var ki, iki nəfər bir-birilə həm bacı-qardaş, həm də əmiuşağıdırlar. Yaxud da həm bacı-qardaş, həm də xalauşağıdırlar. İndi qalxıb kimlərsə yenə də «dini mentalitet»i gözə soxmağa başlayacaq. Deyəcəklər ki, ölmüş qardaşının, dostunun arvadını almaq, ölmüş bacının yerinə ərə getmək dinin tövsiyyələrinin nəticəsidir. Mirzə Cəlil istər «Ölülər»də, istərsə də «Danabaş kəndinin əhvalatları»nda bu məsələlərə toxunub. Lakin Mirzə Cəlildən sonrakı dövrdə bir nəfər belə, bu mövzunun aktuallığına diqqət çəkməyib. Məncə insanlığın ən aşağı dərəcələrindən biri də məhz ölmüş qardaşın arvadına, yaxud da ölmüş bacının ərinə göz dikməkdir. Keçmişdəki olanları yaşlılardan eşitmişdim, kitablardan oxumuşdum. Sevinirdim ki, nə yaxşı ki, indi belə biabırçılıqlar olmur. Amma yanılırammış… Cənub bölgəsindən olan həmkarlarımdan biri məni əmin etməyə çalışdı ki, bu tipli hallar onların bölgəsində indi də adi hal kimi davam etməkdədir. Qonşuluqdakı Masallıdan olan gəlindən bu barədə soruşduqda, o dedi: «Qaynım Rusiyada ölüb. Onun bir körpə oğlu qalıb. Gəlin də ki, ay parçası kimi gözəldi. Ərimgil beş qardaşdır. İndi bu gəlini qardaşlardan hansısa almalıdır. Mənim iki qızım var. Oğlum yoxdu. Ərimə deyirəm ki, istəyirsən onu sən al. Amma bu şərtlə ki, o, ərindən qalan ev-eşiyi, var-dövləti bizimlə birgə xərcləsin...». Bu ağlasığmaz versiyanın onun ağlına necə gəldiyini soruşuram. O da cavab verir ki, bu saat kənddə hamının gözü o gəlindədir. Hər kəs istəyir ki, onu alsın, ərinin var-dövləti də qalsın ona. Qardaşlar da deyirlər ki, «o, qardaşımızın namusudu, niyə başqasına qismət olsun, qoy elə birimiz onu alaq, həm uşağını böyüdərik, həm də ona göz-qulaq olarıq». Maraq bəndənizi götürür və yenə soruşuram ki, bəs bu gəlinlə qardaşlar arasındakı münasibətlər necə qurulacaq? Deyir ki, bütün ər-arvadların münasibətləri necə (həm də intim nöqteyi-nəzərdən), onlarınkı da elə…Qonşum məsələni elə təsvir etdi ki, mən qardaşların bu gəlinin üstündə bir-birilə rəqabətə girməyə hazır olduğunu müşahidə elədim.
Hardasan, Kefli İsgəndər?
İlahi! Təsəvvür edirsinizmi, qardaşının «namusunun» başqasına qismət olmaması üçün onunla evlənirlər. Ölmüş qardaşın həm arvad-uşağına yiyələnirlər, həm də var-dövlətinə. Görəsən, «Kefli İsgəndər» niyə xortlamır? Mirzə Cəlil niyə qəbirdən çıxıb bu olanları 100 il sonra yazmır? O gün də bacım rayonumuzda da buna bənzər əndərəbadi bir olayın olduğunu xəbər verdi. Dedi ki, bəs filankəsin arvadı ikinci uşaq üstündə ölüb. İndi ölmüş gəlinin bacısı nağara-zurna ilə kürəkəninə ərə gedir. «Bu necə ola bilər? Bəs bacısının xatirəsi? Sabah böyüməkdə olan bacısı qızına onun anasının yerinə nə üçün gəldiyini necə izah edəcək?». Utanmasan oynamağa nə var ki... İndi hamı dəyərlərin itməsindən danışır. Əksinə, dəyərlər itmir, onlar daha əndərəbadi şəkildə geri qayıdır. 1-2 əsr əvvəl mövcud olan iyrənc münasibətlər sistemi indi yenidən ölkədə özünə yurd salır. Bəlkə də savadsız, cahil, avam, istənilən dini interpretasiyaya aldanan keçmiş nəsilləri başa düşmək olardı. Amma indi, 21-ci əsrdə bu baş verənlər nəinki bağışlanandır, onlar lənətlənməyə, ictimai qınanmaya, ən radikal əks-reaksiyaya layiqdir. Bizim bir xalq olaraq öyməli elə də çox şeyimiz olmasa da, həmişə ailə kultunun möhkəmliyi ilə öyünürdük. Hələ də başbilənlərimiz Azərbaycan ailəsinin möhkəmliyi, sağlamlığı, mükəmməlliyi barədə ağızları köpüklənə-köpüklənə danışırlar. Eynən sovet ailəsi barədə danışdıqları kimi. Mən hərdən düşünürəm ki, bəlkə də sovet ailəsi Azərbaycanda ailələrin bütün tarixi ərzində ən «toyagetməlisi» olub.
Hind kinoları və milli Raclar
Sovet ailəsi möhkəm, çalışqan, sabaha birlikdə irəliləməyə istiqamətlənmiş kifayət qədər möhkəm ailə idi. Bu ailənin bütün üzvləri böyüklərin istəklərindən, kiçiklərin iradəsindən asılı olub-olmayaraq mütləq orta təhsil alırdı. Bir çoxları məhz Kommunist Partiyasının sıralarına qatılmaq, karyera qurmaq naminə ali təhsil almağı vacib şərt hesab edirdilər. Digərləri üçün kompartiyanın yolu uğurlu peşə təhsilindən keçirdi. Üçüncülər bu «şərəfli ada» (kommunist) zavodda işləməklə, qızıl ulduzla, al bayraqlı təltiflərlə çata biləcəyini düşünürdü. Sovet ailəsinin üzvləri robotlar kimi çalışırdılar. Həm də sabaha çox böyük inamla. Onlar partiyanın «şərəfli, sarsılmaz, möhkəm sovet ailəsi» təbliğatını həyati borc olaraq həzm edirdilər. Ailəsi dağılmış adamı partiyaya üzvlük, karyera qurmaq perspektivi o qədər də gözləmirdi. Sovet adamınınsa yeganə məqsədi heç vaxt gəlməyəcək kommunizmə can atmaq idi. O bilirdi ki, ən pis halda zavodda fəhlə, fermada sağıcı işləyəcək, növbəsi çatanda evi olacaq, ərzaq talonu ilə ucuz ərzaq ala biləcək. Proqramlaşdırılmış robotlar kimi əksəriyyət səhər saat 8-də işə, axşam 6-da da evə gedirdi. Kinoteatrlar, teatrlar ağzınacan dolardı. Bizim kənddə də camaat axşam tütün plantasiyalarından qayıdandan sonra əllərinin şirişini tələsik 72 nömrəli paltar sabunu ilə yuyandan sonra əlinə 40 qəpik götürüb elə ev paltarındaca kluba qaçardı. Kəndimizin camaatının zövqünü hind filmləri oxşayardı. Bəzən filmin birinci seriyası başa çatandan sonra antrakt olurdu. Buna səbəb filmin 2-ci seriyasının hələ qonşu kəndin klubunda nümayiş olunub başa çatmaması idi. Kinomexaniklər arasındakı razılaşmaya görə, qonşu kənddə filmin nümayişi bizim kənddən 1,5 saat tez başlayardı. 1-ci seriya başa çatanda onu üçtəkərli motosikletlə bizim kluba gətirərdilər. İkinci hissə isə antraktdan sonra gəlirdi. Bu məqamı kəndçilər fitlə, alqış sədaları ilə qarşılayardılar. Gecə 12-1 radələrində film sona çatardı. Kimi yorğun və yuxulu gözlərini ovuşdura-ovuşdura kəndin bu başından o biri başına necə gedəcəyini düşünər, kimi də qucağında yatmış körpəsini ərinə yükləməyi bacarıb, bacarmayacağını götür-qoy edərdi. Klubdan uzaqda yaşayanların lüksü evləri istiqamətə gedən traktorlar idi. Hamı lafetlərə doluşub səs-küylə klubun həyətindən uzaqlaşardı.
Səhərisi kənddə məktəb uşaqlarından tutmuş nərd atmaq üçün toplaşan yaşlı kişilərə qədər hər kəs axşamkı kinonu müzakirə edərdi. Gənclər hind filmlərinin qəhrəmanlarının şəkillərini toplayar, filmdəki mahnıları zümzümə edərdilər. Kəndimizdə traktorçu Qafar vardı. Uşaqlar onun traktorunu xoşlayardılar. Çünki bu traktorun şüşələrini hind filmlərindən fraqmentlərin yer aldığı şəkillər bəzəyirdi. «Bobbi»dən sonra kənd cavanları evlərində bunt qaldırıb özlərinə «İj», «Yupiter» markalı ikitəkərli motosikletlər aldırmışdılar. Çoxusu nişanlısını, arvadını bu motosikletə mindirib kənd aşağı, kənd yuxarı forslanardı. Racın gün eynəyi və trapes şalvarı da öz yerində. Şəkidən kəndimizə gəlin köçmüş Firəngiz alnındakı xırda qara ləkəni karandaşla böyüdərək onu hind qızlarının xalına bənzədərdi. Və o, kəndin kişilərinin nəzərində gözəlliyin simvolu idi. Hamı onun əri Vəzirə hind qızına oxşayan arvadı olduğu üçün həsəd aparırdı. Vəzir də ki, adamların acığına arvadını kəklik kimi bəzəndirər, onu zərli parçalardan tikilmiş alabəzək libasa büründürərdi. Firəngizin sarisi də vardı. Alverçi anası onu qızı üçün Moskvadan hindistanlı bir diplomatik xidmət əməkdaşından almışdı. Beləcə Firəngiz kəndçilərimizin nəzərində dünyanın ən xoşbəxt qadını idi. İndiki əsəbi vaxtlar olsaydı, yəqin ki, Vəzir arvadına baxdığı üçün kənddə neçə kişini gəbərtmişdi. Arvadı da ki, çoxdan boşayıb dədəsi evinə yollamışdı. Sovet adamı, sovet ailəsi günlərini belə keçirirdi. İndi də kəndimizdə həmin günlərin nostalgiyası ilə yaşayırlar. Çünki kəndimizə gələn ilk Qarabağ qaçqınları məhz həmin klubda məskunlaşmışdı. Bununla da kənd cavanlarının sevişmək üçün ən əlverişli məkanı olan klubda hind filmlərinin nümayişi dayandırılmışdı. Elə klubun nəzdindəki kitabxananın kiçik oxu zalı da bir-birini sevən, ya da nişanlı olan gənclər üçün əlverişli görüş yeri idi. Kitabxanaçı Almaz belə məsələlərə ürəyigenişliklə yanaşardı. Odur ki, kənddə kimin kimlə sevişdiyi barədə ilkin xəbərləri məhz ondan almaq mümkün idi. İndi isə sabaha inam tükənib. Ev almaq adamların sadəcə arzusudur. Maşını, elektrik məişət avadanlıqlarını, paltarını, hətta ərzağını belə kreditə, borca alan minlərlə insan var. Hamısının da qorxusu krediti vaxtında ödəyə bilməyəcəyindəndir. Sosial həyat ailə həyatını zindana döndərən başlıca səbəbdir. Sabaha inamsızlıq, işsizlik, kasıbçılıq kabus kimi insanları öz təsiri altında saxlayır. Adamlar istəsələr belə bu təsirlərdən çıxa bilmirlər. Kasıbçılıq psixoloji gərginliyi artırır, adamları əsəb dağarcığına çevirir. Ərlə-arvad ən xırda, mənasız bir şeyin üstündə saatlarla mübahisə edirlər. Günlərin birində bu mübahisələr dəhşətli dərəcədə dözümsüzlüyə gətirib çıxarır. Kiçik bir cəmiyyəti quran insanlar artıq bir yerdə olmağın mümkünsüzlüyünü anlayırlar. Nə uşaqların taleyi, nə ətrafın münasibəti, nə də boşanmadan sonrakı qeyri-müəyyən həyat onların vecinə belə deyil. Beləcə, bir zamanlar şadlıq evindəki boyat salatlara, gözdən pərdə asmağa hədəflənmiş minbirçeşid yeməklərə, zövqsüz musiqiyə, araqdan beyni dumanlanıb özünüidarəni itirən kişilərin heç kəsin qulaq asmadığı səmimiyyətdən tamamən uzaq tostlarına, tamadanın ordan-burdan çırpışdırıb bayağı intonasiya ilə ifraz etdiyi ifadə və şerlərə minlərlə pul xərcləyib, axırda da onları toyxanadan evə aparmaq üçün məxsusi tutulmuş maşına belə ödəməyə pulları qalmadan qurduqları ailə həyatına nöqtə qoyulur...
Latın Amerikası serialları və Aygün Kazımova, Rəqsanə…əxlaqı
Bizim ölkədə kifayət qədər maddi təminatı, ev-eşiyi olmadığı, halal süd əmmiş tapmadığı üçün evlənməyənlər, bu məsələləri nəzərə almadan evləndiyi üçün boşananlar var. Elə protokol xatirinə evlənib, harınlıq üzündən boşananlar da. İndi isə ekstravaqant bir nəsil formalaşmağa başlayıb. Eynən Qərbdə olduğu kimi, qızların boyfrendləri, oğlanların da gyolfrendləri meydana gəlib. Siyasətlə məşğul olan gənc qızlarımızdan biri bu günlərdə Gürcüstanda aşiq olduğu boşanmış həkimin eşqilə Tiflisə bir həftəlik tətilə gedib. Bu da bir həqiqətdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, yad mədəniyyətlərin məişətimizə daxil olması, xalqımızın Latın Amerikası seriallarından ilhamlanması, yerli «şou-biznes əxlaqı» ölkədə vətəndaş nikahlarının artmasına səbəb olur.
Azad seksi fahişəliklə səhv salırlar
Bəndənizə gəlincə, mən Azərbaycan ailəsini ideal ailə saymıram. Amma azərbaycanlı uşaqların da ailədən kənarda necə tərbiyə olunacağını təsəvvür etmirəm. Ailənin «müqəddəs qılıncı» daim başı üstə olan azərbaycanlı uşaqların hansı keyfiyyətlərə malik olduğu heç birimizə sirr deyil. Keyfiyyətli Azərbaycan ailəsində tərbiyə alan azərbaycanlılar ən azı post-sovet məkanında fırıqdaqçılığın, rüşvətxorluğun, korrupsiyanın simvoluna çevriliblər. Əgər onlar bir çox Qərb və Rusiya ailələrində olduğu kimi alkaş, narkoman ata-analarından xəbərsiz, evsiz-eşiksiz, dövlət müavinətləri hesabına böyüsələr, oxusalar, onların aqibəti necə olar? Azərbaycanlı tələbənin 4-5 il valideynlərin dəstəyi olmadan oxumasını necə təsəvvür edirsiniz? Bəs valideynlərin maddi dəstəyi olmadan qurulan ailələri? Bəs nənə-babaların yardımı olmadan böyüyən körpələri?
Düşünürəm ki, Qərbdəki ailə institutuna hazır deyilik. Əgər bu instituta inteqrasiya etməyə cəhd göstərsək, məhv olarıq. Gözümüzün qarşısında Tailand modeli var. Klassik ailənin, əxlaqi dəyərlərin üstün olduğu bu Şərq ölkəsi kapitalistləşəndə, Qərb əxlaqına inteqrasiya etmək istəyəndə, böyük bir fahişəxanaya çevrildi. İndi Qərbin özündə belə «dünyada fahişəlik üçün ən geniş meydan hardadır?» deyə soruşsanız, düşünmədən Tailand deyəcəklər. Yeri gəlmişkən, İranda İslam inqilabının baş vermə səbəblərindən biri kimi, Pəhləvi xanədanının Şərq ölkəsinə gətirdiyi «Qərb əxlaqı» modeli olub. Çox təəssüf ki, adlarını çəkdiyimiz ölkələrdə də eynən bizdə olduğu kimi «Qərb əxlaqı», «Qərb dəyərləri» deyəndə azadlıq, demokratiya, yüksək təhsil, institutsional inkişaf deyil, məhz pozğun həyat tərzi başa düşülürdü. İnsanlar Qərbin düşüncə tərzini deyil, geyim və davranışlarını daha vulqar formada təqlid etdilər. Azad seksi fahişəliklə səhv saldılar. Vətəndaş nikahını hər köşədə bir arvad və ya bir kişi saxlamaq kimi başa düşdülər. Son 30 illik İslam rejimi belə, İranda Pəhləvilər dönəmində özünə yuva salmış əxlaq kriterilərini dəyişmək qüdrətində olmadı. Pəhləvilər gizlində olanların bir növ reklamı ilə məşğul oldular. Bununla da əvvəllər ayıb sayılan şeylər, sonralar həyati vacib məsələlərə dönüşdü.
Bu gün ailə bağları ilə öyünən Şərqdə müasir «Qomorra və Sodomların» sayı durmadan artır. Belə şəhərlər İslamın beşiyi olan ərəb ölkələrində çoxluqdadırlar. Qardaş Türkiyədə isə Kuşadası danışdığımız «mədəniyyətin beşiyi» sayılmağa iddialılar sırasındadır. Nə yazıq ki, bu gün Azərbaycanda da Qərb dəyərlərini məhz bu arzuolunmaz istiqamətə yönəltməyə ciddi cəhdlər var. Ailələr bir institut kimi öz forma və mahiyyətini dəyişməyə doğru gedir. Ölkənin sayılıb-seçilən istirahət mərkəzləri, Abşerondakı bəzi bağ evləri əxlaqsızlıq məkanlarına çevrilməkdədir. Əgər Türkiyədə olduğu kimi bizdə də fahişəlik leqallaşsa, onda görək kimlərin sayı çox olur: nikaha girənlərin, boşananların, yoxsa, fahişəliklə məşğul olanların?
BDU-u məzunlarının çoxu yəqin ki, «Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı» fənnini tədris edən görkəmli filoloq, demək olar ki, bütün tələbələrin sevimlisi olan rəhmətlik professor Yolçu Piriyevi xatırlayır. Bir dəfə auditoriyada onunla Azərbaycan ailəsi barədə söhbət düşdü. Yolçü müəllim dedi ki, Azərbaycan cəmiyyətini ailəsiz təsəvvür edə bilmir. «Bir təsəvvür edin, əgər Azərbaycanda ailə olmasa, yerində nələr olar?!». Mən də bu ritorikanı suala çevirib ölkədə ailə məsələləri ilə məşğul olan insanlara verirəm: «Azərbaycanda ənənəvi ailə modeli dağılsa, onun yerini nə tutacaq?»
MÜƏLLİF: Naməlum
Комментариев нет:
Отправить комментарий