Mən hamıdan gec öləcəm
Saatların əqrəbləri təmbəlləşir gündən-günə.
Zaman yoxmu, zaman varmı?
Ilk baharmı, son baharmı?
Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı?
Gizlimi, ya aşikarmı qocalıram gündən-günə,
Inan, aşağı endikcə ucalıram gündən günə.
***
Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam,
Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.
Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,
Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə,
Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.
***
Milyonların arasında tənhalığa qapılmışam,
Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam,
Cırılmış bir paltar kimi bədənimdən atılmışam,
Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə,
Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə.
***
Ağıllı anlamaz məni dəlilərin şairiyəm,
Dənizlərdə batım gedən gəmilərin şairiyəm,
Qığılcımla alovlanan zəmilərin şairiyəm.
Alovlanan zəmilərim külə dönür gündən-günə,
Yaxınlarım məzarlıqda gülə dönür gündən günə.
***
Gəncəm, amma qəlbim deyir:
-Qoca, yüzü vurdun başa
Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!
Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.
Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,
Daşıyıram yaraları qaşıyıram gündən-günə,
Ağacların yarpaqları, bax, tökülür gündən-günə,
***
Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,
Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.
Amma yuxularım deyir, mən hamıdan gec öləcəm
Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam
MÜƏLLİF: Elxan QARAQAN
Комментариев нет:
Отправить комментарий