четверг, 16 июня 2011 г.

Əxlaqsız papa haqda əfsanə

İoann ayığını güclə atırdı... keçiddə yerə yıxıldı və hamiləlikdən azad oldu...”

Baxmayaraq ki, feminizm bütün planetdə çox sürətlə yayılır, elə yerlər var ki, hələ də ora gedən yollar qadınlar üçün bağlıdır. Bunlardan biri də Roma Papası vəzifəsidir. Lakin Vatikanın tarixi artıq uzun əsrlərdir ki, yüksək taxt-tac sahibi olmağa cəsarət edən qadın haqqında əfsanəni ciddi-cəhdlə qoruyub saxlayır. 

Onun varlığı barədə məlumatlar şübhəlidir, rəsmi Papalıq salnamələri da bunu qətiyyətlə rədd edir. Başqa cür ola da bilməz, axı bu misli görünməmiş ədəbsizlikdir!

Hesab edilir ki, bu əfsanə Konstantinopolda pravoslav və katolik kilsələri arasında düşmənçilik zəminində yaranıb. Tarixçilərin bir çoxu bunu uydurma sayır. Lakin sizə elə gəlmirmi ki, bu əfsanə yaranıb və uzun əsrlər yaşayıbsa, boş yerə deyil və deməli, doğrudan da tarix qadına bu yüksək mənsəbi tutmağa – xalqların dini rəhbəri olmağa “icazə” verib. 

Sirli monax

Əfsanədə deyilir ki, 855-ci ildə Papa IV Levin ölümündən sonra taxt-tac 2 il, 5 ay və 4 gün salnamələrdə “Papessa İoanna” (Covanna, Janna, Anna) adı ilə qeyd olunan qadının əlində olub. İddia edilir ki, bu ad altında gözəl simalı, dərin zəkalı əsilzadə ingilis qadını gizlənib. Papessa haqqında ilk dəfə 1276-cı ildə geniş şəkildə bəhs olunub. V Adrianın ölümündən sonra yeni Papa xronologiyaya uyğun olaraq XX İoann deyil, XXI İoann adını qəbul edir. Deyilənlərə görə, “itmiş” Papa əleyhdarları tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Başqa bir ehtimala görə isə, o qadın olub və onun mövcudluğu barədə unutmağa çalışıblar. 

Bizim günlərə qədər bu qeyri-adi qadının tərcümeyi-halı barədə çoxlu faktlar gəlib çatıb. Əsl adı Aqnessa olan qadın 822-ci ildə Almaniyanın Mayns şəhəri yaxınlığında İnqelhaym şəhərciyində ingilis missionerinin ailəsində doğulub. Aqnessanın anası dünyasını dəyişəndən sonra o, atası ilə səyahət etmək məcburiyyətində qalır. 

Təhlükələrlə dolu olan missioner həyat tərzi kiçik Aqnessanın həyatında çox böyük izlər buraxır. Tez-tez qarşılaşdıqları çətinliklər onu qeyri-adı bacarıqlara, natiqlik sənətinə yiyələnməyə, kütlənin diqqətini cəlb etmək qabiliyyətini formalaşdırır. Hələ səkkiz yaşında ikən o, həyətlərdə, restoranlarda stolun üstünə çıxaraq moizə oxuyur, nitq söyləyirdi. Onun kütləyə güclü təsiretmə bacarığı vardı və ehtimal olunur ki, elə o vaxtlardan da Aqnessa kişi paltarı geyinməyə başlayıb. 

Atası öldükdən sonra vaizlik Aqnessanın yaşaması üçün yeganə vasitə olur və bu məqsədlə o, bütün dünyanı dolaşmağa başlayır. Görünür, Aqnessa yüksək təhsil almaq niyyəti ilə özünün qadın olduğunu gizlətməyə davam edir, çünki o dövrdə təhsil almaq qadın üçün əlçatmaz arzu idi. Bütün Avropanı gəzən Aqnessa İoann Lanqlua adına monastırda teologiya və fəlsəfədən yüksək təhsil alır. 

Əməksevər və bilikli tələbə bacarığı və ağlı ilə tezliklə ətrafındakı oğlanlardan seçilir. Lakin artıq qızın 16 yaşı tamam olmuşdu və vaxt keçdikcə qadın təbiəti ehtiyatlılığı üstələyirdi. Aqnessa onunla birgə təhsil alan gənc monaxa diqqət yetirir və ona əsl kimliyini etiraf edir. O andan etibarən gənclər ayrılmır. Tezliklə onların dostluğu şübhə doğurmağa başlayır (heç kimin ağlına gəlməzdi ki, İoann kişi deyil). Bir müddət sonra onların gizli münasibətlərinin üstü açılır. 

Cəzadan qorxan cütlük monastırdan qaçaraq əvvəl İngiltərəyə, sonra Afinaya gedir. Sevgilisi olmağına baxmayaraq, gənc qız kişi paltarı geyinməkdən imtina etmir və düşünür ki, ancaq bu görkəmlə uğur qazanacaq və şəxsiyyət kimi özünü təsdiq edəcək. 

“Atalar atası” taxtında qadın 

Aqnessa kütləvi teoloji mübahisələrdə iştirak edir və tədricən hersoqların, abbat və alimlərin diqqətini cəlb edir. Afinada gənclər mütəmadi olaraq ən tanınmış dini və fəlsəfi məktəbləri ziyarət edirlər. Aqnessanın sevgilisi yüksək təhsil alaraq Romaya getməyi və kardinal, hətta Papa olmağı arzulayırdı. Lakin Avropaya növbəti səyahət zamanı gənc oğlan xəstələnir və qızdırmadan ölür. Bundan təsirlənən Aqnessa gəncin məzarı üstündə and içir ki, onun arzusunu yerinə yetirəcək. Və o, Romaya yollanır. 

“Əbədi şəhər”də Aqnessa çox asanlıqla Papa sarayının nümayəndələri ilə münasibətlər yaradır. Oradakı keşişlər o qədər də yüksək təhsilə malik deyildilər və Aqnessanı təkcə geniş dünyagörüşü və möminliyinə görə deyil, həm də yaraşıqlı görünüşünə görə də qəbul edirlər. 

Natiqlik qabiliyyəti, zəngin biliyi və bir çox başqa bacarıqlarına görə tezliklə Aqnessaya yunan məktəbində kafedra verirlər. Çox keçmədən bu yüksək təhsilli monaxın şöhrəti bütün Romaya yayılır. “Covanni Anqliko” adı ilə tanınan Aqnessa Papa IV Levin etimadını qazanaraq, sarayda söz sahibinə çevrilir. O, çox böyük məharətlə təkcə kilsə deyil, həm də dövlət işlərilə məşğul olur. Əsasən Vatikanı əhatə edən hündür divarların tikintisinə rəhbərlik edir. Aqnessa eyni zamanda Papa yanında notarius fəaliyyəti də göstərirdi. Gözəl natiqlik qabiliyyəti, zəngin biliyi, yaltaqlığı və xeyirxah görünüşü ilə kardinal vəzifəsinə yüksələ bilir. 

Qəribəlikləri ilə seçilən Papa IV Lev bir gün özünü müqəddəs Pyotra bənzədərək, suyun üzərində yeriməyə cəhd edir. Təbii ki, bundan yaxşı heç nə alınmır və soyuq suya düşən Papa xəstələnərək tezliklə vəfat edir. Papalıq seçkisi zamanı kardinal kimi namizədliyini irəli sürən Aqnessa fərqli təbliğat kampaniyası aparır. O dövrdə Papa meydana toplaşan insanlar tərəfindən seçilirdi və digər namizəd kardinalların adamları oraya toplaşan insanlara müxtəlif hədiyyələr verir, namizədin üstün cəhətlərindən danışırdılar. Aqnessa isə başqa metodlarla təbliğat aparmağa üstünlük verir. Onun tələbələri meydana toplaşan insanlar qarşısında çıxış edərək, kardinal İoannın əvvəlki Papalardan fərqli olaraq hərəmxana saxlamayacağını, kilsənin gəlirlərinin kasıblar arasında bölünəcəyini elan edirlər. Nəticədə İoanna seçkidə qalib gəlir və Roma, Kainat və Göyün simvolu olan üçlü taca sahib olur. 

Orta əsr salnamələri xəbər verir ki, Papalıq seçkisi bir çox əlamətlərlə yadda qalıb: İtaliyada şəhər və kəndlər zəlzələdən yerlə-yeksan olub, Fransada çəyirtkələr tarlaları məhv edib, İspaniyada müqəddəs Vinçensonun oğurlanan nəşi gecə vaxtı kilsənin kandarında görünərək, onu yenidən əvvəlki yerində dəfn etmək üçün yalvarıb. 

Papessa İoannanın hakimiyyəti uzun sürməsə də firavanlıq və bir çox nailiyyətlər əldə edilməsi ilə müşayiət olunub. Aqnessanın idarəçiliyi humanist, rəhmli və inkvizisiya işgəncələrindən uzaq olub. O, ruhanilərin əxlaqsızlığının qarşısının alınması üçün fərmanlar imzalayıb. 855-ci ilin sonunda Aqnessa alman imperator Lotarın öz günahlarını yuması üçün monax olmağa razı salır. 

Qadın olmaq cinayəti

Beləliklə, İoanna alnına yazılmış yüksək mənsəbə nail olur. Lakin bu yalan uzun sürə bilməzdi. İoanna Vatikanın yüksək rütbəli məmurlarından biri ilə sevgi münasibətləri yaşayır və bir müddət sonra hamilə olduğunu öyrənir. Bununla bağlı məqamlar bir az mübahisəlidir. Çox böyük əziyyət və mübarizələrlə belə bir məqama çatmış və ikili həyat yaşayan qadın necə ola bilər ki, risk etsin? Belə bir ehtimal da var ki, İoannın həqiqi kimliyini öyrənən adam onu bu addımı atmağa məcbur edib. 

Sutananın (katolik ruhanilərinin cübbəsi) geniş qırçınları uzun müddət papessanın korlanan fiqurasını insanlardan gizlətməyə kömək edir. Sevgilisi kömək edərək onu müəyyən bir vaxt vəziyyətdən çıxarır. O, Papanın xəstələndiyini elan edir. Lakin hadisələrin inkişafı arzuolunmaz istiqamətdə davam edir. Hamiləliyin son ayında - insanların qarşısına çıxmağın heç cür mümkün olmadığı bir vaxtda Romada epidemiya yayılır. Xalq tələb edir ki, Papa xaç yürüşü elan etsin. Çarəsiz Aqnessa nə edəcəyin bilmir və ibadət gününü mümkün qədər uzatmağa çalışır. Lakin papessa vəziyyətə tabe olmağa məcbur olur. 

857-ci il noyabr ayının 20-də günəşli bir gündə Roma əhalisi şənlikdə iştirak etmək üçün küçələrə tökülür. Hər tərəfdən kardinallarla əhatə olunmuş İoann ayığını güclə atırdı. Kolizeylə Müqəddəs Kliment kilsəsinin arasındakı keçiddə yerə yıxılan Aqnessa hamiləlikdən azad olur. O və yeni doğulmuş körpəsi qəzəbli kütlə tərəfindən daş-qalaq olunur. Öldürülənlər Müqəddəs Kliment kilsəsində dəfn olunur. Bəzi ehtimallara görə, körpə sağ qalır və monastıra verilir. Böyüdükdən sonra kilsədə fəaliyyətini davam etdirərək Ostiya şəhərinə yepiskop təyin olunur. 

Papa taxt-tacına yiyələnmiş qadının belə bir dəhşətli sonluğu həm də onun cəzasıdırmı? Papessanın öldüyü yerdə uzun müddət kiçik kilsə olub. Lakin onun haqqında hər bir xatirəni unutdurmaq məqsədi ilə kilsə uçurulub, papessanın məzarının yerini bildirən qəbir daşı isə yoxa çıxıb. 

Rəsmi Vatikanın nə deməyindən asılı olmayaraq, Papalıq taxtının qadın tərəfindən ələ keçirilməsi ilə bağlı mövzu uzun əsrlərdir insanların yaddaşından silinmir. Hadisənin inkar edilməsinə rəğmən, onun doğruluğunu bilavasitə təsdiq edən əyani vəsaitlər də mövcuddur. Belə ki, X əsrdən başlayaraq XVI əsrə qədər Vatikanda yeni seçilmiş Papanın cinsini yoxlayan mərasim keçirilib. Bunun üçün ortası iri deşik olan və "Sello Stercoraria" adlanan xüsusi kreslodan (hal-hazırda Roma muzeylərinin birində saxlanır) istifadə olunub. Görünür, Roma kilsəsi bir daha yalana yol verilməsini istəməyib. Deməli, onların qadının Papa tacını geyinmək qorxusunun əsası varmış. Qadının Müqəddəs Pyotr taxtını zəbt etməsi epizodu Vatikanın çox böyük həssaslıqla qoruduğu sirlərdən biridir. 

Hətta Papessa haqqında əfsanə uydurulmuş olsa belə, çox böyük məharətlə tərtib olunub. Və bu əfsanə qadınları daim alçaldan və əsarətdə saxlayan ruhanilərin və feodalların əməllərinə qarşı xalqın etirazı idi. Gənc, gözəl, ağıllı, təhsilli, xeyirxah və humanist Aqnessa ondan əvvəl və sonra Papalıq taxtına oturan qəddar insanlara sübut etdi ki, qadın kişi ilə bərabərhüquqlu ola bilər. Xalqın səsi - Haqqın səsidir. Papessa haqqında xatirələri məhv etməyə çalışsalar da o, hələ uzun illər orta əsrlər həqiqətlərinin insanlarda nifrət oyadan zülmətli fonunda ağ ləkə kimi qalacaq... 

Müəllif: Yaqut Əliyeva

четверг, 9 июня 2011 г.

Bakirəliyə zərbə

Qızla qadın arasında beş dəqiqə fərq var
                                                    
Ölkənin mədəni, siyasi, ictimai həyatı paytaxtla məhdudlaşdığından bu yazını oxuyanların böyük əksəriyyəti yəqin ki Araz kinoteatrını rəsmən tanıyır. Bir vaxtlar şəhərin gur mədəni həyatının ən qaynar nöqtələrindən biri sayılırdı Araz kinoteatrı. Mənim o kinoteatrla bağlı bir neçə  kədərli, işıqlı xatirəm var. İndi xatirə yazmaq ovqatında deyiləm. Sonra yeri düşər paylaşaram. Hal hazırda Araz kinoteatrı daha çox ictimai tualet kimi fəaliyyət göstərir. Giriş iyirmi qəpik. Bir də orda bir kafe yerleşdiriblər. Amma kinoteatrın fəaliyyət göstərdiyini şərtləndirmək üçün afişalar daima yenilənir.


Siz Araz kinoteatrının qarşısındakı afişada qəribə film adları oxuya bilərsiniz. Mənə belə gəlir ki, afişaya yazilmiş bir çox filmlər ümumiyyətlə mövcud deyil. O film adlarını kimsə, çox istedadlı naməlum bir adam özündən uydurur. Əslində, bu yaxşı bir film mövzusudur. Rejissorlarımız bu haqda gərək bir düşünsünlər. Kinoteatr fəaliyyət göstərmir, amma afişalar daima yenilənir. Və bu afişalara qəribə film adları yazılır. O filmlərin adlarını uyduran adamı görmək, onunla söhbət etmək istərdim. Təxminən on gün əvvəl Araz kinoteatrının qarşısındakı afişada belə bir film adı oxudum: Bakirəliyə zərbə. Filmin adı çoxdan yazmaq istədiyim bir yazını yazmağa məni həvəsləndirdi. Bakirəlik institutu bizə xeyli problem yaradan, xeyli qırğınlar salan, qanlar tökən  bir institutdur. Əlbəttə, bu yazını oxuyub yazımı özümə qarşı çevirənlər olacaq. İbtidai suallar veriləcək. Bəs sən özün necə...filan ...filan. Belə sualların əvvəlcədən cavabı verilməlidir ki, məsələ çox qəliz hala gəlməsin. Qısa və konkret, mən özümə rəva bilmədiyim şeyi heç vaxt başqalarına təbliğ etmirəm. İndi keçək mövzuya. Mən heç kimi inqilaba filana səsləmirəm. Ölkənin ən böyük problemlərindən biri odur ki, dəyişiklik istəyən, istədiyini az da olsa, həyatda realizə etməyə cəhd edən, öz çiyninə yük götürmək istəyən adam azdır.

Tələb var deyə bakirəlik institutu bu qədər mətanətlə dayanıb. Heç kimə demək olmaz ki, sən niyə 35 yaşında bakirəsən. Qayıdıb adama deyərlər ki, sənə nə var, get işinlə məşğul ol, mənə belə xoşdur. Amma bununla belə namusu, əxlaqı, tərbiyəni üç-dörd damcı qanla ölçmək də düz söhbət deyil. Özü də ilin günün bu vaxtında. Konkret tibb elminin bu qədər inkişaf etdiyi bir vaxtda. Elə bir vaxtda ki, dörd qarın doğmuş bir qadını 18 yaşlı bir qıza çevirmək mümkündür. Və bir balaca həyatdan başı çıxan adam bilir ki, bakirəliyi fiziki mənada qorumaqla bərabər min hoqqadan, torbadan, toqqadan çıxmaq mümkündür. Məsələn, Səhiyyə Nazirliyi xəbərdar edir ki, oral ve anal sekslə məşğul olmaq fiziki bakirəliyə heç də zərər deyil. Məhz bundan sonra gətirib hər şeyi üç-dörd damcı qanla ölçmək nə qədər doğrudur? Nə qədər adamlar öldürülür, nə qədər ailələr dağılır, nə qədər problemlər yaranır. İşin hələ bir tibb tərəfi də var. Bu haqda doktorlar danişsa, daha yaxşı olar. Qısası, həyatda əlinə bir kişi əli dəyməmiş qızın zifaf gecəsi qansız-qadasız qadın olmaq ehtimalı var. İndi gəl vəziyyəti qapı dalında dayanıb qan gözləyən xəncərli-tüfəngli adamlara başa sal görüm necə başa salırsan...

Əlbəttə, hər şeyin zamana ehtiyacı var. Ötən əsrin əvvəllərində kostyum geyinən adama “intilligent” deyirdilər. Bu sözdə hər cür həqarət vardı. Niyə uzağa gedirik, cəmisi iyirmi il əvvəl qızın ərə getməzdən əvvəl qaşına toxunması dəhşətli dərəcədə ayıb və biabirçılıq sayılırdı. Bu gün kim necə istəyir, qaşın qaydaya salır. Bir tərəfdən də düşünürsən ki, ilin günün bu vaxtı belə bir mövzuda yazı yazılması ayıbdır. Dəhşətdir, biri gedib 40 yaşında qızla evlənir və ondan bakirə olmasını gözləyir. Ən dəhşətlisi isə odur ki, o da bakirə çıxır. Yenə də heç kimi ittiham etmək istəmirəm, amma bir tərəfdən də kifayət qədər iqtisadi azadlıq, səfərə çıxmaq azadlığı, otelde gecələmək azadlığı əldə etmişlərin özünü qorumasını başa düşə bilmirəm. Nəticədə adamlar bir-birinin şəxsi həyatına qoz qoyur, biri başqasının intim həyatına başqa rənglər əlavə etməyə çalışır, total nəzarət hər tərəfə öz əllərini soxur.
Öz seksual tələbatlarını ödəyə bilməyənlər avtobusda, mağazada, sosial şəbəkələrdə aqressiyalarını başqalarının üstünə tökür, onları lənətləyir. Faktiki olaraq, intim həyatı normal vuranlar, intim həyatı normal vurmayanların daima nəzarətindədirlər. Məhəllə basqısı, mentalitetin ağır təzyiqi öz yerində. Qız tapırsan ev tapılmır, ev tapırsan qız. Hər ikisi tapılanda da istəyirsən, sakitcə girəsən evə, bu zaman biri çıxıb deyir ki, lazım deyil.

Yataq otağına açılan pəncərə

Əgər iyirmi il əvvəl bir kinoteatrın afişasına “Bakirəliyə zərbə” adlı bir filmin adı yazılsaydı, vəziyyət başqa cür olardı. Adamlar afişanın önündən sakitcə o tərəfə bu tərəfə keçməzdilər. Çünki indi hər kəsin hər cür filmə baxmaq imkanı var. “Balaca Vera” filminin qaldırdığı səs-küy yaxşı yadımdadır. Filmdə elə bir şey yox idi. İki yeniyetmə bir-iki dəfə bir-birlərinə sürtünmüşdülər. Filmin əsas məzmunu qalmışdı  kənarda. Əslində, dövrünə görə heç də pis film deyildi. Bir film də xüsusən yadımda qalıb. Adı belə idi: “Yataq otağına açılan pəncərə”. Meksikalılar çəkmişdilər. Əgər yaddaşım məni aldatmırsa. Mən o filmə baxmaq üçün xeyli əziyyət çəkdim. Çünki yaşım çatmırdı. O vaxtlar afişada yaş məsələsi qeyd olunanda adamların filmə marağı daha da  artırdı. Birtəhər girdim zala. Filmə baxdım.

Təbii ki, ortada elə bir ciddi şey yox idi. Gördüm ki, boş söhbətdi, yataq otağına pəncərə zad açılmır.

MÜƏLLİF: Seymur BAYCAN

пятница, 3 июня 2011 г.

Fahişənin hazırladığı kokteyl

Mənim müxtəlif yaşlarda sevgiyə münasibətim fərqli olub. On beş yaşda kişiyə münasibətdə surətpərəst, 20 yaşda şöhrətpərəst idim. 


Babat bir beşillik də ziyalılığa, mübarizliyə, intellektuallığa-filana xərcləndi. İndi də sadəcə ədalət prinsipinə əsaslanıram. Məsələn, ilahi ədalət qadından məmuru, harını, oliqarxı deyil, ömrü boyu özünü başqalarına həsr eləmiş gözəl ürəkli kişini sevməyi tələb edirsə, çalışaram o ilahi ədalətə kömək eləyim…İndi mənim kişinin kürəyinə deyil, ürəyinə vurulduğum yaşımdı. Sözüm bunda deyil. 

Bu günlərdə çox sevdiyim bir filmə təkrar baxırdım. Filmə ilk dəfə baxandan bəri oradakı qadınların sadə, zəhmətkeş, səliqəli həyatlarına həsəd aparırdım. Bir məhəllədə fahişə, bərbər, restoran sahibi, sadə fəhlə, yaşlı qadın, yeniyetmə qız – bir sözlə ən müxtəlif işlərlə məşğul olan, müxtəlif yaşlarda qadınlar bir-birini anlayır, bir-birinə dayaq olur. 

Qonşu qadınlar yığışıb ərini xəlvətcə öldürmüş qadına meyiti basdırmaqda, restoran açmaqda kömək eləyirlər. Restoran sahibəsi öz restoranında fahişəyə iş verir – fahişə kokteyl hazırlayıb, onun müştərilərinə satır. 

Yaşlı ana bərbər qızına kömək eləyir, onun müştərilərin saçlarını isladır, tör-töküntünü yığışdırır. Hər şey məişət səviyyəsindədir, hər şey sadədir, amma bütün bu sadəlikdə bir səliqə-səhman, bir rahatlıq, bir həmrəylik var. Demək olar ki, şəhərcik əsl qadın cənnətidir. 

Amma dindarların təriflədiyi bal, süd dolu çaylar axan, subtropik meyvələrlə dolu bağ deyil, hər şeyi qadınların öz əməyi ilə qazandığı solçu cənnət. Və bu cənnətin, bu qadın həmrəyliyinin, səliqəsinin, uğurunun bircə səbəbi var - qadınların heç birinin həyatında kişi yoxdur. 

Yeniyetmə qız, gənc xala, cavan ana, ahıl nənə nə vaxtsa həyatlarında olmuş kişiləri – ərlərini, məşuqlarını, atalarını ağrıyla xatırlayırlar. Kişilər onlara yalnız ağrı, bədbəxtlik, əsəbilik narahatlıq gətiriblər. Qadının dayağı, sirdaşı, cana yananı isə ancaq qadındır.
Filmə bir evi paylaşdığımız rəfiqəmlə baxırdım. Bir az əhli-kef, bir az sərt, üstəlik məişət işlərindən də zəhləsi gedən rəfiqəmə bu filmin necə təsir eləyəcəyi mənə maraqlı idi. Amma heç nə soruşmadım. 
Rəfiqəm filmə baxdı, film bitəndən sonra da sakitcə ayağa qalxıb, mətbəxə keçdi və hərəmizə bir fincan kofe hazırlayıb gətirdi. 


MÜƏLLİF: Günel MÖVLUD

пятница, 27 мая 2011 г.

Hitler Türkiyədəni də müharibəyə qatmaq istəyib


Hitlerin 1940-cı illərdə Türkiyə Cümhuriyyətini devirərək, yerində öz istədiyi formada dövlət qurmaq üçün hazırladığı planlar 70 ildən sonra ortalığa çıxarılıb.

Araşdırmaçı-yazar Özdenin İngiltərə arxivlərində "çox gizli" dərkənarı ilə saxlanan sənədlərə vasvasılıqla baxması tarixə işıq salıb. Alman kəşfiyyatı tərəfindən hazırlanan sənədlərə görə, başında Hitler olan Almaniya, Cumhuriyyət rəhbəri İsmət İnönü və Türkiyə hökumətinin siyasətlərindən bir xeyli narahat imiş. Azadlıq mübarizəsindən qalib çıxan və yavaş-yavaş ayağa qalxmağa başlayan Türkiyə Cümhuriyyətinin məhvi üçün Almaniya plan hazırlayıbmış. Bunun üçün Türkiyənin İkinci Dünya müharibəsinə qatılmaq istəməyən rəhbəri İsmət İnönünün 1941-ci ilin öldürülməsi lazım imiş. İnönünün öldürülməsindən sonra Cumhuriyyət rejiminin asanlıqla devriləcəyini düşünən Almaniya rəhbərliyi, özləriylə tam razılıq halında işləyəcəyinə inandığı sultanlığı geri gətirməyi planlaşdırırmış. Sözügedən sənəddə, Almaniyanın Türkiyə səfiri Von Papenin, səltənətin başına Misirdə sürgündə yaşayan Osmanlı şahzadəsi Ömər Faruk Əfəndini gətirmək istədiyi aydın olur. Sənədlərdə, Almaniyanın Türkiyənin Osmanlıdan bu yana əlaqə içində olduğu bölgə ölkələrinin dəstəyini aldığı məlumatları da yer alır. 

Plana görə İran, Əfqanıstan, Ərəbistan və İraq hökumətlərinin mövzu haqqında məlumatlandırıldığı və plana qarşı çıxmadıqları da ifadə edilir. Misir kralı Faruka da, məsləhətçiləri tərəfindən baş verəcək hadisələr qarşısında səssiz qalmasının tövsiyə edildiyi məlumatları da sənədlərdə mövcuddur. Atası son Osmanlı xəlifəsi II Əbdülməcid, anası isə Şahsuvar Başkadın Əfəndi idi. Məktəbi-Sultaniyə (Qalatasaray Liseyi) oxudu, arından Almaniyada Potsdam Hərbi Akademiyasını bitirdi. Birinci Dünya müharibəsində Verdin cəbhəsində döyüşdü. Türkiyəyə döndükdən sonra əmisi oğlu Vahdeddinin qızı Sabiha Sultan ilə evləndi və bu evlilikdən Neslişah, Hanzade və Necla Sultan doğuldu. 1919-cu ildə 21 yaşındaykən "Fənərbaxça" klubunun başçısı oldu. 4 mart 1924-cü ildə Türkiyə Böyük Millət Məclisinin xilafəti ləğv etməsiylə Osmanlı xanədanı üzvü olaraq ölkədən çıxarıldı. 45 il sürgündə yaşadı. Bir daha Türkiyəyə dönə bilmədi. 28 mart 1969-cu ildə Qahirədə vəfat etdi. Ancaq ölümündən 5 il sonra, Osmanlı xanədanının üzvü olan şəxslərin ölkəyə dönmələrinə icazə verildi. İllər sonra hökumətin səssizcə nəql edilməsi şərtiylə verdiyi xüsusi bir icazəylə qəbri Türkiyəyə gətirildi və 10 mart 1977-ci ildə Cağaloğlundakı II Mahmud Türbəsinə dəfn edildi.



Sənədlərdə bu keçid müddətini sürətləndirmək üçün Almanların dövrün Türk Silahlı Qüvvələrini də plana daxil etdikləri diqqət çəkir. Çünki Türk Silahlı Qüvvələrində vəzifəli olan və Almaniyada hərbi təhsil almış bir çox zabitin də plana verdiyi dəstəkdən bəhs edilir. Hitlerlə olan yaxınlığı hər kəs tərəfindən bilinən Von Papenin bu planında sürgündəki Osmanlı xanədanı Ömər Faruk Osmanoğlu ilə görüşüb təklifini təqdim edib-etmədiyi isə göstərilmir.


MÜƏLLİF: Cavad TURAN

суббота, 21 мая 2011 г.

Hicabı oyuncaq edənlər

İki rəfiqənin söhbətindən: "Eşitmisən, Fəridə də daha hicaba keçmək istəyir.

Nədənsə dini məsələlər barəsində söhbət düşdükdə xanımların böyük əksəriyyətində dinimizin onlara hicab geyinməsini fərz buyurmasına çox vaxt düzgün münasibət olmaması faktı ortaya çıxır. Elə bunu nəzərə alaraq bu məsələnin üzərində bir qədər dayanmağı məsləhət bildik. İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmaga başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyrur:

«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömünlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir! » («əl- Əzhab» surəsi, 59)

Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu auə özündə bir cox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi. Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq « onlara əziyyət verilməməsi ücün…» deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun!
Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur:

«Mömün qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri gorünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını yerə və ya bir-birinə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız! (Mətləbinizə çatasınız!) » («ən-Nur» surəsi, 31). Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - fəcr namazını (sübh namazı) qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı» (Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456)

Ummu Atiyyə (Adı: Nuseybətu bint Kəb əl-Ənsariyyə) (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" O dedi: " Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!"» (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053) (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053)

Ayə və hədislərdən görünür ki, əl və üz istisna olmaqla bədənin bütün nahiyəsi örtülməlidir. Göründüyü kimi dinimizdə qaranlıq galan heç bir məsələ yoxdur. Ümumiyyətlə bu məsələyə Quranda bu cür yer ayrılması məsələnin ciddiliyindən xəbər verir. Allahın bu əmrinin əksinə hərəkət etməklə isə həm qadınlar həm də cəmiyyət müxtəlif problemlərlə qarşılaşır. Məsələyə psixoloci aspektdən yanaşdıqda görərik ki, hicab hər şeydən öncə elə məhz qadının özü üçün faydalıdır. Hər hansısa bir qadına məxsus görkəm, bədən quruluşu heç də hamıda eyni cür təsürat oyatmır. Digər tərəfdən də əgər qadının bədən quruluşunda hər hansı bir çatışmamazlıq varsa və bu qüsurlar qadının heç özünün xoşuna gəlmirsə o bunu ətrafdakılara nümayiş etdirməklə diqqəti özündə olan gözəl keyfiyyətlərdən, onun xasiyyətindən daha çox məhz bu qüsurların üzərinə yönəldir ki, bu da ailə qurmaq məqsədilə qadınla ünsiyət yaratmaq istəyən kişinin diqqətindən yayınmaz və kişi həmin qadının şəxsiyyətini, qabilliyətini bilmədən belə onunla ailə qurmaq fikrindən vaz keçir. Gəlin görək ən çox ziyanı kim çəkəcək? Əlbəttə ki, qadın. Elə bu səbəbdəndir ki, bir çox qadınlar uzun müddət bəzən də sonunacan ailə qura bilmir, belə olduqda da vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurur və arzuolunmaz zərbələr alır ki, bu da cəmiyyətdə tarazlığı pozur, muxtəlif əxlaqımıza zidd halların yayılması çoxalır. Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənarda qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar. Məhşur islam alimi İbn Teymiyyənin dediyi kimi: "Həsədsiz insan olmur, lakin alicənab və əxlaqlı olan onu gizlədir, alçaq və əxlaqsız isə onu büruzə verir." («Fətvalar toplusu», 10/124-125)

Hər bir qadın anlamalıdır ki,onun malik olduğu keyfiyyətlər yalnız onun əri üçündür və onlar başqalarına nümayiş etdirilməməlidirlər. Bu barədə mövzunu daha da genişləndirmək olar lakin hesab edirik ki, düşünən qadın üçün elə bunlar da kifayət edər. Gəlin Allahın əmrlərinə biganə qalaraq, oyun-oyuncaqdan başqa bir şey olmayan, bizim üçün imtahan olaraq yaradılan bu dünyanın fitnəsinə uymayaq. Gəlin «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdi», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» və sairə bu kimi sözlər soyləməklə hicab geyinmək istəyən qadınlara və qızlarımıza mane olmayaq. Gəlin bacardıqca Allahın əmirlərinə tabe olub sözün həqiqi mənasında ürəyimizi Allahla düz edək. Əsl təmizlik və düzlük Allaha itaət və Onun əmirlərini yerinə yetirməklə olur.

Hesab edirik ki, Allaha və Onunla qarşılaşağı günə inananlar bu mövzudan müəyyən nəticələr çıxaracaqlar. Allah köməyiniz olsun! 

MÜƏLLİF: Əlixan MUSAYEV

воскресенье, 15 мая 2011 г.

Seks və... seks

Seks haqqında bəzi qeydlərimi yazıram. Dağınıq qeydlərdi. Oxuyub bir yerə varacığınızı sanmayın. Sadəcə ağlıma gələnlər...



***

Fikir vermisinizsə, başlığında seks sözü olan yazılar daha çox oxunur. Seksual fotosu olan yazılara maraq daha çox olur. Əvəzində isə ciddi, intelektual, səviyyəli yazıların oxunma sayı çox aşağı olur. 

Bunun səbəbi nədir görəsən? 

Sualımın cavabını əslində bilirik. Seks populyardır. Seks maraqlıdır. Seks cəlbedicidir. Həmişə belə olub. Yəqin belə də olacaq. Dünyada heç bir inkişafın, elmi-texniki inqilabın, Facebookun, Twitterin, mədəni inqilabların seksə dəxli yoxdur. Seksi dəbdən dalmaq mümkün deyil.

Çox vaxt rejissorlar tamaşaçı yığmaq üçün seks səhnələrinin bol olmasına çalışır. Mən buna çox normal baxıram. Romanlarda da yazıçıların intim səhnələrdən istifadə etməsində pis bir şey yoxdur.

Sən film çəkir, roman yazırsansa, orda bir mesajın olmalıdır. 

O mesajını yiyələrinə çatdırmaq üçün gərək sizin filminizə baxsınlar, romanınızı oxusunlar. 

Kütləni mədəniyyətə cəlb etmək üçün bir vasitəyə çevrilir seks.

***

Bu günlərdə Markesin “Mənim sevimli fahişələrim” romanını oxuyuram. Həyatı boyu heç kimlə pulsuz yatmamış qoca qəzetçi 90 yaşında eyş-işrət etmək eşqinə düşür. Özü də 14 yaşlı bakirə qızla. Qızın yanına gedir. Lakini əlini qıza vurmur... Ömür boyu sevməyi bacarmamış, ancaq pul qarşılığında qadınları altına salmış bir adam. 90 yaşında keçmişinə baxır. Qoca başa düşür ki, seks hər şey demək deyil. 

Doğurdan da seks hər şey deməkdirmi?

Yeniyetməlik çağında olanda elə bilirdim ki, seks hər şeydir. Sonra bir az böyüdüm. Gördüm ki, filosof və psixoloq Ziqmund Freyd belə bir söz deyibmiş. Əlbəttə ki, mən Freyd kimi düşünmürdüm. Freyd qədər düşünəcək ağlım yox idi.

Daha sonra isə öyrəndim ki, Freyd insan fəaliyyətinin motivasiya edən instinktlərin ancaq seksual instinktlərdən ibarət olması haqda fikrini redaktə edib. 

I Dünya savaşı başlayanda Freyd insanların gözüaçıq ölümə getdiklərini gördü və seksin psixoanalizdəki rolunu məhdudlaşdırdı. 

***

Seksual azadlıq gərəkdir. 

Belə azadlıqlar olmayan cəmiyyətlər seksual xarakterli cinayətlər də çox olur. Namus cinayətləri ən çox belə cəmiyyətlərdə baş verir. Belə cəmiyyətlərdə zorlama hallarının sayı çox olur. Hətta yaxın qohumların da zorlanması hallarına daha çox rast gəlinir. Belə cəmiyyətlədə fahişəlik də çox yayılır. Sevgilisi ilə sevişə bilməyən gənc oğlan üz tutur fahişə yanına. Deməli fahişələrə tələbat güclü olur. Nəticədə təklif də artır.

***

Azərbaycan kimi geridə qalmış cəmiyyətlərdə seks günah sayılır. Seks utanılacaq bir şeydir burda. Mentalitet seksi “təbii ehtiyacların ödənilməsi kimi” qəbul etmək istəmir. Seks nə qədər ki, təbii bir şey kimi yox günah kimi qəbul olunacaqsa, orda seksin faciələri də çox olacaq. 

Mentalitet münasibətlərimizi qaydaya salmaqdansa şantaj vasitəsinə çevrilir. Əgər bizim sevişmə səhnələrimizi çəkib bizi şantaj etməyi bacarırlarsa, onlara bu icazəni hüquqsuzluq və bir az da mentalitet vermirmi? Mədəni cəmiyyətlərdə kiminsə seksual kadrları heç kəsə maraqlı deyil. 

Bir ara mobil telefonlarda porno videolar yayılırdı. Niyə insanlar sevişərkən bunu gizlin çəkmək ehtiyacını görürdülər? Sonra dostlarına göstərmək üçün. Uğurlu olduğunu, sekslə məşğul olduğun sübüt etmək üçün.

***

Seks haqqında köşədə yaza biləcəyim qeydlər bu qədər...

MÜƏLLİF: Elmin HƏSƏNLİ

понедельник, 9 мая 2011 г.

Homoseksual ailələr

Dünən şərq ailəsində norma sayılan çoxarvadlılıq mövzusunda axtarış apardım və yaxşı sənədli filmə baxdım. Qara örtüyün altında danışan xanımların bir tək gözləri ekranda görünsə də orda sonsuz kədər, nisgil oxunurdu. 3 uşağın anası neçə ilin evliliyinə, şəxsi biznesinin olmasına baxmayaraq özünü ikinci növ valideyn kimi hiss edirdi. Amma onun pasportunda ANA statusu aydın qeyd olunmuşdu və bunu heç kim dana bilməzdi.Amerikalılar isə deyəsən, azadlıqlarından o qədər beziblər ki, cinslər arasında olan-qalan sərhədləri də silmək fikrindədilər. 

2011-ci ilin fevralından bəri yeni alınan pasportlarda valideynlər qrafasında «ana» və «ata» əvəzinə «valideyn 1» və «valideyn 2» yazılacaq. Okeanın o tayından gələn xəbərlərin tolerantlığı və siyasi ehtiyatlılığı növbəti dəfə təəccüb doğurur. Amerikalılara valideyni rəqəmlə əvəz etmək niyinə lazımdı? Dövlət deportamentinin rəsmi izahına görə bu yenilik ona görə qəbul edilib ki, müxtəlif ailə tipləri olan zaman uşağın valideyninin cinsini göstərdikdə neytrallıq saxlanıla bilsin. Yəni ki, ailədə 2 «ana», yaxud 2 «ata» olarsa və onlar uşağı oğulluğa götürmək istəsələr pasport alarkən cinslərini uşağın pasportuna yazanda utanıb eləməsinlər. Bir az da dəqiqləşdirək: yəni ki, Amerika bir ovuc «mavilər» və «çəhrayılar»ın xətrinə neçə milyon normal ata və anaların inciməyinə razıdır.«Ailələrdə bərabərlik» cəmiyyətinin lideri Cenifer Kraysler deyir ki, uşaqlarına pasport alanda qeyri-ənənəvi ailələrdə pərtlik olmayacaq və onlar düşünməyəcəklər ki, dövlət onları ailə kimi saya salmır. Ürəyi yumşaq geylərin dəsmalla gözünün yaşını silə-silə öz duyğularından danışmasını, hətta uşaq götürüb öz balası kimi böyütmək istəməsini də anlamaq olar. Amma bu halda da onlar (yəni mavi cütlük) özlərini dağa-daşa çırpsalar uşağın nə atası, nə də anasıdırlar. Bundan sonra kimisi bir saylı valideyn, yoxsa 2 nömrəli valideyn adlandırsan da mahiyyətcə bir şey dəyişməz. Qadın hərəkətlərini imitasiya edən homoseksualın özünü «ana» adlandırması lap biədəb olardı.

Deyəsən, Amerika seksual azlıqların emosiyalarını yox, daha bir yeni biznesini düşünür. Orda hazırda homoseksual ailələrdə 300 minə qədər uşaq böyüyür. Ehtimal edilir ki, onların sayı bu yaxınlarda 1 milyona qədər artacaq. Proqnozlar təsdiqlənsə deməli Amerika oğulluğa götürmək üzrə yeni «bazar» açır və bu bazar çoxlu gəlir vəd edir. «Canlı mal»ın oğulluğa götürülməsi əlbəttə ki, havayı deyil. Yetimini gey ailələrinə satan Amerika buradan 10 milyardlarla gəlir götürəcək. Bu, hətta Amerika üçün də az məbləğ deyil. Sadəcə biznes maraqlarını güdən amerikalılar oğulluğa götürüləcək uşaqların kağızlarını qeydiyyata hazırlayan minlərlə vəkilin də cibinə xeyir gətirəcək. Bununçün adi amerikalıların sadəcə «ana» və «ata» statuslarından imtina etməsi gərəkdir. Əslində insan alveri məsələsi amerikalıların qanındadı. Atlantik okeandan bura daşınan milyonlarla qara qulları alıb-satan əcdadları kimi kimi necə və neçəyə satmağı çox yaxşı bacarırlar.Mavi cütlüklərin həyat tərzi bir yana, onların ümumiyyətlə evlənib sonra uşaq götürməsinə də normal baxmaq çətindi. Sual olunur, bəs uşaq valideyn 1 və valideyn 2-dən hansına ana, ya da ata deməlidi? Sonra bu uşağa ailədə kişinin, ya da qadının rolunu necə izah etmək olar? Bilmirəm sizdə necə, amma məndə belədi ki, kimisi saymaq istməyəndə, özümü görməməzliyə vuranda onun adını dilimə gətirmək istəmirəm. Məsələn, məndən olsaydı dövlət məmurlarını nömrələyərdim: məmur 1, məmur 2, məmur 3…. Çünki onlar mənimçün simasızdı və adıyla çağırılması onlara böyük şərəf olardı. Ona görə də uşağımın mənə 2 saylı valideyn kimi müraciət edəcəyi gündən hətta qorxuram da. Çünki okeanın o tayında əsən küləklər nədənsə Xəzərin sahilinə çox tez çatır.

MÜƏLLİF: Gülnarə RƏFİQ

воскресенье, 1 мая 2011 г.

Hicab haqda fikirlərim

Hicaba qarşıyam. Və bunu hicablı cümlələrin altında gizləmək fikrim yoxdur. Quranın ““Nur” surəsinin 31-ci ayəsini özünə həyat kredosu seçənlərə sözüm də var.


“Nur” surəsində yazılıb: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər( boyunları və sinələri) görünməsin; və s....gizlətdikləri bəzək şeylərini (xalxallarını) yerə və ya bir-birinə vurmasınlar... 


Mötərizədə yazılanlar sayın alimimizin – çevirənin şərhləridir. “Mömin qadınlara de ki, haram şeylərdən üz çevirsinlər”. Çevirmən bunu “naməhrəm” (yad kişi) kimi çözüb. Peyğəmbərin yaşadığı dövrdə Ərəbistandakı xaos, özbaşınalıq haqda hamı ucundan-qulağından bilir. Qurandan da bu aşkarca aydın olur. Hər sözün başında Allahın qadınlara olunan qadağalarından yazılır. Qapanmaqla bağlı ayə kitabın sonunda olduğu üçün aydındır ki, bu yerə qədər qadını allahla əməlli-başlı qorxudub onu ayıb yerlərini gizləməsə, allahın qəzəbinə gələcəyinə inandırmaq lazım idi. Sözü gedən dövrdə Ərəbistanda qadınlar demək olar ki, ayıb yerlərini açıq-aydın göstərirdilər. “Ayıb yerlərini qorusunlar” başqa nəyə görə yazıla bilərdi ki?! Vəziyyət o cür idi ki, qadın kişi görən kimi gizli yerlərini açıb göstərər və həmən təslim olardı. “Öz-özlüyündə görünən” fikrini hörmətli çevirmən “əl-üz” kimi yozub. Əslində öz-özlüyündə saç, boyun, əl, ayaq da görünür və yaxana taxdığın bəzək əşyası da istəmədən gözə çarpa bilər. “Zinətlərini göstərməsinlər” fikrini çevirmən baş, boyun, boğaz, qol, ayaq kimi yozub. Baş, boğaz nə vaxtdan zinətdir? Burda söhbət ərəb qadınının taxdığı kilolarla zinət əşyasından gedir. Zinət bəzək anlamını verir. Ərəb qadını əl-ayağına, saçından ayaq barmaqlarına kimi qır-qızıl taxıb. Bu vərdiş o zamanlar ər-arvad arasına möhkəm davalar salardı. “Onun qır-qızılı mənimkindən çoxdur” kimi qadınlar arasında dəhşətli rəqabətlər gedərdi. Eyni zamanda zinəti çox olsun deyə qadın onu daha çox daş-qaşa tutan kişiylə yatağa girməyə hazır idi. Bu rəqabət qadınları bir-biri ilə düşmənə çevirib. Ayağa, qola taxılan zinətlərin bir ucu da kişiləri cəlb etmək məqsədi daşıyırdı. Ayaqlarını yerə vurmaqla xalxallarını, əllərini yelləməklə qolbaqlarını şaqqıldadan qadınların kişilərə işarəsiydi bu. Son cümlə bunu təsdiqləyir. “Bəzək şeylərini bir-birinə vurmasınlar”. Hicab sonradan uydurulan vasitədir. Və o zaman məcburi xarakter daşıyırdı. Çünki ayağını üç dəfə yerə döyüb xalxal səsi salaraq kişini hayıl-mayıl etməyə alışqan qadını “olmaz” deməklə sakitləşdirmək asan deyildi. Olsa belə, kişilər getdikcə şallaqlardan, asılmaqdan, öldürülməkdən qorxan qadını tamamilə çadralayaraq ağını çıxartdılar. Qadın getdikcə köləyə çevrildi. İslam hakimiyyəti getdikcə qadını tam hüquqsuz varlığa döndərdi. Çoxarvadlılıq yayıldıqaca qadının hüquqsuzluğu ərəb kişisinin işinə yaradı. Hüququ olmayan qapalı qadınla istədiyi kimi davranmaq xoşuna gəldi. Kim istədi aldı, kimi istədi boşadı. 


Qılınc müsəlmanlığı yayılırdı. Ərəb istilası yaxın, uzaq, orta Şərqi, bütün türk dünyasını, Hindistanı, İndoneziyanı çapa-çapa Çinə qədər gedib çıxdı. hər yer qılınc gücünə müsəlmanlaşdırılırdı. Özündən əvvəlki sivilizasiyaları darmadağın edib öz taxtını qururdu. Bütün türk dünyasında qadının məzmunu dəyişməyə başladı. Bir zaman diplomatik faktura olan, siyasi, iqtisadi, mədəni, mənəvi anlam daşıyan xanım qadın dönüb olurdu heç kim. Öz qadınıyla at çapan, döyüşlərə gedən türk kişisi onu yumağa çevirib evdə kilitləyirdi. 

Quranda qadağan olunmuş ayaq döymək, əl yelləmək, sinə silkələmək türk qadınına dəxli olmayan işdir. Türk qadını siğəylə kişidən kişiyə ərə getməyib. Onun kişisi döyüşlərdə olub, türk qadını ölənə kimi kişisinin yolunu gözləyib. Qorxmaz, igid, çapqın, dəliqanlı türk kişisinin yanında qadın dostu olub. Türk qadını öz kişisinə ər (er) deyib. Ər igidlik rəmzidir, “ərmək” felindən qaynaqlanır. Qazanan, udan, zəfərə çatan anlamını verir. Türk qadını namusunu qoruduğu üçün deyil, əri ilə sona qədər çiyin-çiyinə olduğu üçün onu kimsəyə dəyişməyib. Bunun islamla, ərəblə heç bir bağlılığı yoxdur. Bu, türkün genidir. Ərəb qadını ömründə ölənə qədər ər gözləməz. Türk qadını erkək ceyran kimidir – yarını vurduqda o da silahın qarşısında dayanır ki, məni də vur. Ərəb dünyasında belə bir qayda yoxdur. Orda qadınların çoxlu siğəli kişiləri, kişilərin də xeyli arvadı olur. “Kişi kimi qadındır” misalı da genetikdir. Türkiyəlilər qadına da kişi deyir. Bu, eyni fikrin başqa cür ifadəsidir. “Əxlaqın qadını-kişisi olmaz” anlamıyla “kişi kimi qadın” eyni məna verir. Dünyada bircə inkişaf etmiş islam ölkəsi yoxdur. Türkiyəni misal gətirmək absurddur. İslama qədər Türkiyənin bir imperatorluq təcrübəsi, tarixi var. İslamdan öncəki Türkiyə ilə İslamdan sonrakı Türkiyə arasında xeyli aşırım var. Cəhalət, savadsızlıq, hüquqsuzluq, xurafat...19-20 –ci əsr Türkiyə mədəniyyət abidələrində deyək ki, ədəbiyyatda bu özünü göstərir. Rəşad Nuri Güntəkin “ Çalı quşu” romanında bütünlüklə bu cəhaləti yazır. İlk oxunuşda roman adi bir sevgi hekayəsidir. Əslində, dərin qatlardan ibarət roman Türkiyənin bütün təsvirini ortaya qoyur. Fransızlaşma, fransızdillilərin elita sayılması bir az da bizim sovet dönəmini, sovet rusdillilərini xatırladır. Qızlar məktəbində oxuyan Fəridə ömründə bircə oğlan görür – xalası oğlunu, onu da sevir. Qadın-kişi ilişgilərdindən xəbərsiz qız xəyanət iyi duyan kimi Kamranı atıb evdən gedir. Əslində, bu bir türk qızının cəsarətidir. Üst-üstə ərinin xeyli arvad almasına adi baxan qadın təfəkkürü deyil. Fəridəni Türkiyə boyu qarış-qarış gəzdirən böyük yazar bütün ölkənin rəsmini cızıb. Təhsilindən kəndinə, adamlarından əməllərinə kimi hər şeyi canlandırıb. Və bunu elə nəhəng bacarıqla sevgi romanı adı altında edib ki, heyrətə gəlirsən. Əslində, əsər boyu iki sevgili ancaq romanın başında və sonunda görüşürlər. Bütün roman tamamilə başqa şeylərdən danışır. Demək istədiyini də deyir. Və kitab oxumayan xalqın “görəsən Fəridəylə Kamranın axırı nə olacaq” marağı romanı sona qədər oxutdurur. Kəndlərdə qız uşağına ikicə dini ad – Fatimə və Aişə qoyulur. Başqa adda bircə Munisə var. Bütün kənddə bircə qadın var ki, qızına başqa ad verib. Ona da bütün kənd dəli deyib qovur. Qoca kişiyə ərə verilən cavan qadın sevmək üçün dişi canavar kimi meşədə yaşayır. 

Atatürk ona görə böyükdür – Türkiyəni özünə qaytardı. Türklüyü qaytardı. O ki qaldı Fələstinə, baxmayaraq ki, özünü cəhalətdən qurtara bilməyən bir xalqın, bir mədəniyyətin yanında olmaq anlamsızdır, yenə də gəmiyə qarşı çıxmırıq. Onsuz da beş-üç gəmiylə işlər düzəlməyəcək. İslam dünyası papağını qarşısına qoyub yenilənməlidir. İnkişaf etmək, müasirləşmək, postislam dönəminə keçmək haqda düşünməlidir. İslam ölkələrində cəhalət baş alıb gedir. Bu ölkələrdə aydının, alimin dəyəri yoxdur. Savadlanmaq, qurmaq, yaratmaq istəməyən bir ölkənin aydın nəyinə lazımdır?! Kimsənin ağlı, istedadı bu ölkələri maraqlandırmır. Rahatca otutub Avropanın beyninin hesabına yaşayırlar. Ölkəsinin, xalqının sabahı vecinə deyil. Vecinə deyilsə, aydın onun üçün hansı dəyərdə ola bilər?! Avropa uşağının uşağının da yaşayacağı cəmiyyətin proqramını tərtib edir. Və indiki dünya savaşı müsəlman aləminin sandığı islam xristian-savaşı deyil. Cahillik və aqillik savaşıdır. 

Niyə bizim tualetlər pulludur? Tualet əxlaqi yerdir. Ona görə pulludur ki, pulsuz olsa, gələn-gedən girib oranı yaman günə qoyacaq. Ərəblə türkün qanbirliyindən sonra genimizə keçən pintilikdir səbəb. Peyğəmbərləri onlara əl-üz yuduzdurmaq üçün “Gündə 4-5 dəfə dəsətmaz alın” deyib. Misirin qədim şəhəri Qahirədə olanlar bilir. O qədər çirkli, pinti bir şəhərdir ki, mat qalırsan. Amerikanın bəzəyib-düzəyib turistlər və ticarət üçün yapdığı şəhərlərdən savayı, harda ki xalq özü şəhərə cavabdehdir, harda ki ancaq özü yaşayır, dəhşətli dərəcədə çirkab var. Misirlilərin sürdüyü maşınlara bizim bomjlar minməz. Sınıq-sökük, əyiş-üyüş arabalar bir-birini sıxışdıra-sıxışdıra səhərə qədər siqnal verir. Polislər qarınsızdır, ancaq əyin-başlarına baxanda adamın ürəyi ağzına gəlir. Qadınların geydiyi qara çadralar çirkdən bozumtul rəngə çalır. Pəncərələrin, eyvanların kiri adamın üstünə gəlir. Oteldən Ehramlara qədər addımbaşı bir ərəb səndən pul istəyir. Ehramların yan-yörəsi doludur cor-cocuqla. Açıq-aydın cibə girirlər. Mənasız-mənasız danışıb səndən pound almayınca əl çəkmirlər. Xalq kütləvi dilənir. Bilmirsən kasıbçılıqdanmı, nədənmi, bu gündədir. Bir şəhərdən başqa şəhərə gedəndə keçiddə pul ödəyirsən. İlboyu yüz minlərlə adam dünyanın hər yerindən bu ölkəyə gəlir. Sərvətləri-filanı da var. O zaman niyə bu kökdədir xalq?! 

Ürəkaçan bircə şey var. Bilirsən ki, bura Misirdi. Ehramlar möhtəşəmdi. Ərəblər imkan versə, Ehramlara baxıb uzun-uzadı xəyala getmək, qədim dünyanı fikrində canlandırmaq, özünü fironlar dövründə hiss etmək olur. Sehrli, əfsanəvi bir yerdəsən. Kleopatranın böyük aşkını Sezarı qumun üstündə Kleopatrayla sevişən təsəvvür etmək istəyirsən. Böyük kişinin, böyük qadının sevgisinin torpağa, insanlara yararı ola bilərmiş düşünürsən. Musadan Məhəmmədə kimi bütün dövrlərdə olursan. Böyük İskəndərdən Osmanlı Sultanlarına qədər kimlər görməyib bu ölkə? Nələr görməyib. Necə qədim bir torpaqdasan. Az qala dünyanın yarandığı yerdəsən. Qahirə çirkli olsa da, gözəl şəhərdir. Qahirənin gözəlliyi təbiətlə bağlıdır. Vəhşi bir gözəlliyi var şəhərin. Ortasından Nil keçir. Gözəlim Nil. Səssiz-səssiz elə axır, elə bil müdrik bir qadın yavaş-yavaş yol gedir. Ucsuz-bucaqsız səhrada üstəlik Məcnun da düşür yadına. Bu an hirslənirsən. 
Nizami türk olsa da, Məcnun yüz faiz türk olmayıb. Türk kişisi öz qadınını nəyin bahasına olur-olsun əldə edərdi. Sevdiyi qızı gedib öz-özünə səhrada sevməzdi, onun uğrunda mübarizə aparardı. Ən azı Romeo kimi eyvana dırmaşar, kilsə xadimi tapıb gizlincə evlənər, uzaqbaşı götürüb qaçardı. Çünki türk oğlu türk öz yarını kimsəyə verməz. Qız qaçırmaq da bizim çooox qədim adətdi. Ən maraqlısı da odur ki, türk qadını sevgilisinə qoşulub gedərdi. Day ondan nigah müqaviləsi, nigah şəhadətnaməsi istəməzdi. Qadın bilirdi ki, sözün əsl anlamında kişiylə gedir. Bu konuda Məcnun ingiltərəli Romeoya uduzur. 

İnsanların dininə və inancına sayğılarımız var. Minillik tarixə hopmuş bir dinin hayıfını millətimizin canından almaq istəmirik. İslam ölkələrinin alimləri, siyasətçiləri, aydınları nələrsə eləməlidir ki, çamurdan çıxaq. Dini gözəl yerlərə aparıb çıxarmaq olar. Dini insanların çiyinlərində yük kimi yox, qəlblərində rahatlıq kimi yaşatmaq olar. Qoy allah bizə qaş-qabaq çatmaqdansa, gülər üz göstərsin. Könlümüz açılsın. Cəhənnəm xofunu boş verib həyatımızı yaşayaq. Tanrıyla danışaq. Türk “O”na “Tan-rı” dedi. “O” na tanınmaq hüququ verdi. Tanımaq felindən qaynaqlanır bu söz. Bizim hüquq tanımağımızın ən ilahi göstəricisidir bu. Ancaq türkün tanrısı da öz hüququnu kullanıb qadınların ağzını bərk-bərk bağlamağı buyurmadı. Hamıyla xoş davrandı. Hamı da öz xoşuyla onu tanıdı. Öz xoşunla onu tanımaq necə gözəldir. Kimsənin zoru olmadan, kimsənin qarışacağı olmadan onunla arxadaş olmaq nə yaxşıdır. Hər kəsin bildiyi kimi tanıması, tanıdığı kimi sevməsi. Professor, yanımda oturub əlimnən bərk-bərk tutan Tolstoy da onu bu cür tanıdı. Tanıdı və sevdi. İndi də mənə deyir ki, sən də tanısan sən də sevəcəksən...Bəlkə biz hicabı-filanı boş verib onun hüququnu tanıyaq?!


MÜƏLLİF: Aysel ƏLİZADƏ

четверг, 28 апреля 2011 г.

Fahişəliyin tarixi: Qədim Roma fahişələri

Bu yazı “Qərb Tarixində Fahişələr” (müəllif Nicki Roberts) kitabının "Roma Sirki - İmperatorluqda Seks Ticarəti" fəsili əsasında hazırlanıb. 

Romalı qadınların azadlığı 

Romada yüksək təbəqəyə aid nigahlı qadınlar yunan qadınlardan fərqli olaraq, ev dustağı deyildilər və ictimai həyatdan da sürgün edilməmişdilər. 

Tez-tez çıxıb gəzər, teatrlara gedər, məbədləri, məhkəmələri ziyarət edərdilər. Onlara evlərində xüsusi müəllimlərdən təhsil almaq üçün də icazə verilirdi. Romalı qadınların Yunan qadınlardan daha azad olduqları faktdır. 

Protest üçün fahişəlik 

Bu azadlığı onlara bəxş edən isə Romanın patriarxal quruluşu idi. Yunanıstanda tacir sinifi aristokratlar zümrəsini iqtidardan devirməyi bacarmışdı. Romanın hakim sinfinə isə kimsə meydan oxuya bilməzdi. Aristokrat zümrəsi də bu hökmranlıqlarına əmin olduqlarından, şəhərdə hamının riayət etməli olduğu qaydaları tətbiq etməyə başladılar. 

İlk imperator Avqust yuxarı təbəqədən olan qadınların evlənib uşaq doğmasını məcbur edən qərar verdi. Bu qərara etiraz əlaməti olaraq könüllü olaraq fahişəliyə üz tutan yüksək zümrəli qadınlar oldu. Bu ərəfədə aşağı siniflər də patriarxal ailə quruluşlarına etiraz edərək dədə-babalarının cinsi adətlərini davam etdirməyə qərar verdilər. 

Kölə fahişələr 

Romanın yürütdüyü imperialist siyasət nəticəsində şəhərə çoxlu fahişə axın etdi. Torpaqları əllərindən alınan kəndlilərin də qazanclı bir iş üçün şəhərə gəlmələri də bu axında mühüm rol oynamışdı. Hətta bu "azad" insanların bəzilərinin vəziyyəti kölələrdən də pis idi. Çünki kölələrə heç olmasa acından ölməmək üçün yemək verilirdi. İşsizlik çox geniş yayılmışdı və bu səbəbdən də insanların çoxu fahişəliyə üz tuturu. 

Mülkiyyət toxunulmazdır

Ancaq yenə də, qədim Romadakı fahişələrin əksəriyyəti kölələr idi. Romanı böyük bir imperatorluq halına gətirən də bu köləlik sisteminin mövcudluğu və möhkəmliyi idi. 

“Mülkiyyətin toxunulmazlığı” anlayışını ilk dəfə romalı hüquqçular ortaya atdılar və daha sonra bu anlayış kölələrə də tətbiq edildi. Bununla da kölələri qanuni baxımdan da əşyaya ya da mala çevirdilər.

Qullar üzərində hökmranlıq 

Kölə sahibinin haqları qədimdəki ailə başçısını xatırladırdı. Sahib istədiyini edə bilərdi və ona bu səahiyyət qanunla verilmişdi. Kölələrin qadınlardan daha çox əzilməsinin səbəbi Roma imperiyasının mahiyyətcə quldar dövləti olması idi. 

İmperatorluq ərzində kiçik bir aristokrat zümrəsi iqtidarda qaldı. Özlərini tanrı hesab edən bu güclərini əsasən kölələrdən ibarət olan aşağı sinif üstündə mərhəmətsizcə sınaqdan keçirirdilər. Romanın zalımlığı da aristokratların bütün kaprizlərini kölələr üzərində istədikləri kimi tətbiq edə bilməsində idi. 

Qəddarlığın miqyası 

…Tiberinin xələfi Kaliqula bütün bacılarıyla insest əlaqəyə girmiş və bir ayin əsnasında onlardan birinin bağırsaqlarını deşməsi ilə məşhurlaşmışdı. Arvadı Kaesonianı dostlarına çılpaq nümayiş etdirərək zövq alırdı və fahişə Mnester ilə hamıya məlum olan əlaqəyə girib imperatorluq sarayında fahişəxana da yaratmışdı… 

Fahişəlik yaxşıdır bundan

Sahiblərinin cinsi harınlıqlarına sinə gərənlər kölə və xidmətçilər sinifi idi. Bu bəxtsiz qadın və gənc oğlanlar üçün təcavüz və cinsi istismar gündəlik həyatın ayrılmaz hissəsi idi. Bəlkə də yeganə xilas yolu qaçıb, adsız fahişələr olaraq küçələrdə və ya fahişəxanalarda işləmək idi. Bu zaman heç olmasa cinsi xidmətlərinin qarşılığında pul ala bilərdilər. 

Kübarlar fahişə olmasın

Aristokratların evlənməyə və çoxalmağa həvəssiz olmalarını aradan qaldırmaq məqsədi ilə Avqust, evlilik yaşında olan subay insanlara qarşı cəza tətbiqinə başladı. Sonra bu siyasətini üçdən çox uşaq doğan evli qadınlara verdiyi silsilə mükafatlarla gücləndirdi. Ancaq aristokrat qadınların məcburi evliliyə boyun əyməkdənsə, özlərini fahişə elan etmələri Avqustun planlarını alt-üst etdi. Lakin Avqustdan sonra taxta çıxan Tiberi hakim sinifdən olan qadınların fahişə olmalarını qadağan edərək son nöqtəni qoydu. 

Fahişəxanaya gedənlərə eşq olsun! 

Romalı kişilərin fahişəliyə münasibətləri ilə yunanlıların münasibəti demək olar ki, oxşar idi. Fahişəliyin, cavanları zinadan uzaqlaşdıraraq ailələrini qoruduğuna inanardılar. 

Katon yazırdı: "Şəhvət güc gələndə fahişəxanalara gedənlərə eşq olsun". Bundan başqa tarixdə daha bir mənbə fahişəliyi sağlam evliliyin həm yoldaşı, həm də peyvəndi olaraq görür. Platus belə deyir: "Evli bir qadına, bir dula, bir bakirəyə, bir gəncə ya da azad doğulmuş bir uşağa toxunmayın… Qalanı sizin olsun." 

Rəsmiləşən fahişəlik

Romalılar, yunanlılar kimi rəsmi fahişəxanalar açıb işlətmirdilər. Ancaq fahişələri rəsmi olaraq qeydə alan ilk sistemi onlar qurdular. Bu da fahişələrin iki hissəyə ayrılmasına səbəb oldu: qeydiyyatdan keçən “meretrike”lər və qeydiyyatı olmayan “prostibula”lər. Əslində qanuna görə bütün fahişələrin “aedile” kimi tanınan rəsmi şəxsin yanında qeydiyyatdan keçmələri lazım idi. 

Yuxarı təbəqəni təmsil edən fahişələr qanuni olaraq qeydə alınmırdılar. "Əlavə iş" olaraq cinsi xidmət göstərənlərin çoxu, o cümlədən aktyorlar, rəqqaslar və musiqiçilər də qeydə alınmırdılar. 

“Aedile”lərin qeydiyyata qarşı çıxan fahişələrin zorlayırdılar. Fahişəxanalarda "nizam-intizamı" təmin etmək və qanuni iş qrafikinə uyğun gəlib-gəlmədiklərinə də nəzarət etmək kimi də onların vəzifə borcu idi. Bundan əlavə, buralarda çalışan qadınların qanunların tələbinə uyğun olaraq geyinmələri və lazımı ödənişi almalarına nəzarət etmək də onların öhdəsində idi. Bu, fahişələrə faydalı olan yeganə qanun idi. Qalan bütün qanunlar məhdudlaşdırmalar və zərurətlərdən ibarət idi. Buna görə fahişələrin çoxu qanunları hazırlayan senatorları ələ salıb, öz başlarının çarəsini axtarmağa məcbur idilər. 

Fahişələr arasında diskriminasiya 

Qanunlar, aşağı sinifdən olan fahişələrin "hörmətli" qadınlardan fərqlənmələrini təmin edirdi. Amma yenə də əksəriyyət geyim-geçim məsələsində qadağaları rədd edib qanunlarla açıq-aşkar kəllə-kəlləyə gəlirdilər. Qanunlara görə fahişələr qadın “stola”sı (Stola, Romalı qadınların kişilərin geydiyi “toga”nı xatırladan ənənəvi geyimi. Roma İmperatorluğunda kişilərin geyimi olan “toga”nı geymək heç də yaxşı hal deyildi. Bunu geyən qadınlar fahişəliklə ittiham olunurdular) əvəzinə kişi “toga”sı geyməli idilər. 

O zaman da makiyajlı idilər 

Bundan başqa bənövşəyi geyimlər, ayaqqabılar, bijuteriyalar və romalı evdar qadınların saçlarını yığmaq üçün istifadə etdikləri filələr onlara qadağan idi. Bunun əvəzinə sandal ayaqqabı və çiçəkli paltar geymələri vacib idi. 

Əksər fahişələr geyim məsələsində gözə çarpmağa çalışır, bunun üçün saçlarını sarı və ya qırmızı rəngləyərək, makiyaj edərək, şəffaf ipək ya da tüldən paltarlar geyinirdilər. Beləliklə də, həm evli qadınlardan seçilir, həm də istəklərinə uyğun olaraq gözəçarpan olurdular. 

Fahişə aktrisalar

Teatrların özlərini və qabiliyyətlərini xalqa nümayiş etdirmək üçün ən doğru məkan olduğunu bilən əksər fahişələr aktrisalıq edirdilər. Bu, həm də aşağı sinifdən olan fahişənin hörmətli bir xanıma çevrilməsinə imkan yaradırdı. Fahişələr ümumiyyətlə professional aktrisalar idilər. Bunun əksi də danılmazdır. Roma teatrı cinsəlliyi bütün çılpaqlığı ilə ortaya qoyan kəndli bayramlarından qaynaqlanırdı. Bu səbəblə də teatr ədəbsizlikdən heç uzaqlaşmırdı. 

Komediyada ən yaxşı obrazlar fahişələrlə qadın dəllalları idi. Biseksuallıqla, insest də sevilən mövzular arasında idi. Ən çox bəyənilən ənənələrdən biri də qadın komediyaçıların tamaşanın sonunda az qala çılpaq soyunmaları idi. Bir başqa maraq doğuran məqam da mifologiyan gələn erotik səhnələrin həm pantomim, həm də rəqslə oynanması idi. 

Niyə fahişə olmuşdular ki? 

Yuxarı təbəqədən olan fahişələr ümumiyyətlə təhsilli və yaxşı yetişmiş qadınlar idilər. Əksər tarixçilər bu qadınların niyə fahişə olmalarını açıqlamaqda çətinlik çəkirlər. Sanqer qadınların "şəhvət və acgözlüyünü" səbəb kimi göstərirsə, Henriques pul hərisliyini ortaya qoyur. Ancaq yuxarı təbəqədən olan bir qadının "nəzakətli" fahişə olması üçün ən əsas səbəb təbii ki, iqtisadi baxımdan azad olmaq və heç bir kişidən asılı olmamaq idi. Belə qadınlar müstəqil yaşayar, müxtəlif varlı müştərilərin dəvətlərini qəbul edərdilər. Hərdən gizlində vergitoplayan ərləri də olardı. 

Qədim Yunanıstanda olduğu kimi Romada da fahişələr özlərini qorumaq üçün mükəmməl qurulmuş həmrəyliyə arxalanırdılar. “Nəzakətli" yunan fahişələr kimi, onlar da bənzərsiz və müxtəlif mədəniyyətlər yaratmışdılar. Onlar “hörmətli” romalı qadınların məzlumluğunu qəbul etmir, heç bir kişiyə aid olmamağı üstün tuturdular. Romalı "nəzakətli" fahişələr təhsilləriylə, zəkalarıyla, gözəllikləriylə və müstəqillikləriylə qürur duyurdular. 

Hərbi fahişələr 

Roma İmperatorluğu üçün həyati əhəmiyyət daşıyan və tarix kitablarında barələrində heç bəhs edilməyən başqa bir qrup fahişə sinfi də vardı. Bunlar hərbi düşərgələrdə istismar olunan fahişələr idilər. Onlar uzun sürən səfərlərdə və uzaq sərhəd bolgələrində əsgərlərə "istirahət və əyləncə" təşkil edən məhbus qadınlar idi. Roma uzun illər boyunca iqtisadiyyatını hərbi genişlənmə ilə təmin etmişdi və əsgərlər hara gedərsə getsin, qarnizonun yanında silsilə fahişəxanalar qurulardı. 

Bu fahişəxanaların quruluşu çox sadə idi. Romadakı ucuz evlərdə olduğu kimi, burada da hər qadın üçün cəmi bir otaq var idi. Buralarda yaşayan qadınların yeganə ümidi isə bir zabit tərəfindən satın alınmaq idi. Ancaq “hərbi düşərgələrdə istismar olunan fahişələr”nın böyük əksəriyyəti üçün həyat - heç bir xilası olmadan, maksimum alçaldılma, xəstəlik və əldən düşməkdən ibarətdir.


Tarixçilər hamılıqla qədim Romanın dağılmasının səbəbi kimi nəzarətsiz cinsi əlaqələri göstərirlər. Digər tərəfdən korrupsiya hər zaman quldarlıq quruluşlarının təməl prinsipinə çevrilib. 

Qədim Romada cinsəllik və fahişəlik həyatın qəbul edilmiş həqiqətlərindən biri idi. Bunlar açıqca nümayiş olunur, istismar edilir, müzakirə olunurdu. Roma dövləti də bu ticarətdən pul qazanmaqdan utanmırdı. İmperator Kaliqula, fahişələrə vergi qoyduqdan sonra bu işdən böyük qazanc əldə etmişdi. Hər səviyyədə fahişəlik Roma iqtisadiyyatında özünəməxsus yer etmiş, nə bədənini satanlar, nə də onlara şərait yaradanlar damğalanırdılar (Bu mövzu bir az mübahisəli olsa da, həqiqət kimi görünür). Fahişəlik, "müqəddəs" imperatordan ən aşağıdakı köləyə qədər uzanan ictimai fəaliyyətlərdən biri idi. Hələ sistemdə "günah" anlayışı yaranmamışdı. Ancaq Xristianlıq hakimiyyəti ələ keçirdikdən sonra, iqtidardakı şəxslər fahişəliyin "ayıb", fahişələrin özlərinin isə pis və cəmiyyət üçün yoldan çıxardıcı bir təhdid olduğunu sözdə qəbul etməyə başlayacaqdılar.

MÜƏLLİF: Vüqar QURBANLI